Mətbuatın vətənpərvərlik
missiyası
"Azərbaycan" qəzeti Naxçıvan MR-in əməkdar rəssamı Məhəmmədəli Ələkbərovun "Yaddaş" silsiləsindən "Xocalının harayı" adlı əsərini müəllifin xahişi ilə Quba Soyqırımı Memorial Kompleksinə təqdim etdi.
Bəzən adi bir məqalə də güclü rezonans doğura bilir, oxucunu düşündürür, münasibət bildirməyə sövq edir. Bu il fevral ayının 18-də qəzetimizdə dərc olunan "Quba Soyqırımı Memorial Kompleksinin tarixi missiyası" sərlövhəli yazı da bu baxımdan oxucu marağına səbəb olmuşdu. Redaksiyamıza edilən zənglərdə, elektron poçtumuza daxil olan məktublarda oxucular yazını bəyəndiklərini, memorial komplekslə erməni faşistlərinin vəhşiliklərini ifşa edən bir abidə kimi öyündüklərini bildirirdilər.
Ən maraqlı məktublardan birini Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Məhəmmədəli Ələkbərovdan aldıq. "Yaddaş" silsiləsindən "Xocalının harayı" tablosunu Quba Soyqırımı Memorial Kompleksinə hədiyyə kimi çatdırmağı redaksiyadan xahiş edirdi.
Məktub barədə qəzetin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqova məlumat verdikdə o, Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevlə telefon əlaqəsi saxladı, rəssamın qərarını dəstəklədiyini qeyd etdi. Bildirdi ki, "Azərbaycan" qəzeti bu nəcib təşəbbüsü bir müjdə kimi alqışlayır, eyni zamanda, digər rəssamları da belə vətəndaş mövqeyindən çıxış etməyə dəvət edir.
Biz rəsm əsərini təqdim etmək üçün Qubaya yola düşdük. Bir neçə saatdan sonra əsrarəngiz qədim bir şəhər qollarını açıb bizi ağuşuna aldı. Bu gün ölkəmizin bölgələrindəki ayrı-ayrı şəhərlərin mədəniyyət, folklor və gənclər paytaxtı kimi seçilməsi hər hansı bir layihənin, ideyanın həyata keçirilməsindən daha çox Azərbaycanda aparılan ciddi islahatların zəminində boy verib ucalan reallıqdır. Bu sırada Azərbaycanın şimalında yerləşən Qubanın da istisna olmadığını gördük.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevlə görüşdük, qısa da olsa rəssam M.Ələkbərov haqqında məlumat verdik ki, o, ali rəssamlıq təhsilini ulu öndərin milli kadrlarından biri kimi ötən əsrin 80-ci illərində Moskvada alıb. Doğma Naxçıvana qayıdan rəssam burada uzun illər çalışdıqdan sonra 3 ilə yaxın Türkiyədə işləyib, sonda yenə vətənə dönüb. Naxçıvanda, Bakıda və Türkiyədə fərdi sərgiləri təşkil olunub. Əsərləri müxtəlif dövlətlərdə dünyanın bir sıra məşhur kolleksionerlərinin şəxsi qalereyalarında saxlanılır.
Mübariz Ağayev bu dəyərli təşəbbüsə görə "Azərbaycan" qəzetinə və onun rəhbərliyinə təşəkkürünü bildirdi:
- Bu əsl qəzetçilikdir, mətbu sözünün nüfuzunu artıran və həmçinin insanları yaxınlaşdıran, vətənə bağlayan addımdır. Ölkədə yetərincə söz, mətbuat azadlığı mövcuddur, yüzlərlə qəzet, jurnal nəşr olunur, saytlar fəaliyyət göstərir. Təəssüf ki, qəzetçilik missiyasına sadiq nəşrlərə həmişə rast gəlmək olmur. Ölkədə misilsiz dəyişikliklər gedir, müstəqilliyin 20 ilində Azərbaycan əsrlərə bərabər inkişaf yolu keçib. Biz iğtişaşların, rəngli inqilabların girdabında boğulan dövlətlərin acınacaqlı aqibətini yaşamadıq. Əksinə, bu gün Azərbaycana rəhbərliyinin 45 illiyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyev kimi, müasir dünya düzənində siyasi təlatümlərə soyuq təfəkkürlə yanaşan, Azərbaycan adlı bir gəmini məharətlə dalğalardan, burulğanlardan qoruyub sabitliyə, inkişafa doğru istiqamətləndirə bilən İlham Əliyev kimi səriştəli və uzaqgörən siyasətçilərin qətiyyəti sayəsində çoxlarının qibtə etdiyi zirvələri fəth etmişik. Ona görə də bu gün hadisələrə düzgün qiymət verə bilən, dərin analitik təfəkkürə, hadisələrin inkişafını və perspektivləri dərk edib düzgün qənaətə gələ bilən jurnalistlərə daha böyük ehtiyac var. Naxçıvanlı rəssamın memorial kompleksə göndərdiyi əsəri isə adi bir tablo kimi qiymətləndirmirəm. Bu, yaradıcı bir rəssamın minlərlə sıravi insanla, bütün ölkə ilə birlikdə dərdi yaşamaq, erməni vəhşiliklərini tarixə həkk etmək, ittiham etmək bacarığıdır. Bu addımı yalnız alqışlaya bilərik.
İcra hakimiyyəti tərəfindən rəssamın tablosunun memorial kompleksə təqdim edilməsi üçün elə həmin gün iki saat ərzində tədbir təşkil edildi, rayonun bir sıra idarə və təşkilatlarının rəhbərləri, ağsaqqal və gənclərin nümayəndələri yerli və regional mətbuatın, telekanalların əməkdaşları mərasimə dəvət edildi. Tədbir gözlədiyimizdən də mənalı və təsirli alındı.
Quba Soyqırımı Memorial Kompleksinin böyük ərazisinə ayaq basanda insanın daxilində bir nigarançılıq, hüzn qarışıq kədər baş qaldırır. Memar təxəyyülü təxminən 100 il əvvəl erməni faşistlərinin törətdikləri vəhşiliklərin qəddarlığını, ağlasığmazlığını bəşəri bir hüznlə, faciənin fəlsəfi məzmununu istənilən xalqın nümayəndəsinin dərk edə biləcəyi tərzdə öz görkəmində ehtiva edən abidə ucaldıb. Memorial kompleksin binasına daxil olanda gücünə bələd olmadığın bir qüvvə göz qırpımında səni dünyadan təcrid edir, ötən əsrin əvvəllərinə aparır. Burada kədərin bağırtısını, bir xalqın dünyanın hələ də dərk etmək gücündə olmadığı faciəsinin harayını duyursan. Xatirə dəftərində diplomatların, səfirlərin, dünyanın və ölkəmizin nüfuzlu və məşhur simalarının ürək sözlərini oxuduqca faciənin də ürəkləri sarsıdan kəlmələrlə pöhrələndiyini anlayırsan.
Sanki yerin altında bir əsr əvvəl qətlə yetirilən günahsız uşaqların, qadın və qocaların yanındasan. Düşüncən zamanı geri vərəqləsə, ağır-ağır üstünə çökən sükutun dilini və zamanın müdhişliyini anlayacaqsan. "Ən qədim xalq və əzabkeş millət" kimi əsrlər boyu özünü bəşəriyyətə sırıyan erməni cəlladlarının Qubada silahsız, dinc insanları necə amansızlıqla qətlə yetirdiyini, kimsəyə rəhm etmədiyini görürsən. "Mən bura sovet hökumətini qurmağa yox, ermənilərin qisasını almağa gəlmişəm!!!" - deyən Amazaspın vəhşi surəti göz önündə canlanır.
Biz rəssam M.Ələkbərovun tablosunu muzeyə təqdim etdik. Tədbirdə iştirak edənlər əsərin muzeyin ruhuna uyğun olduğunu vurğuladılar. Rayon ağsaqqallar şurasının sədri Həsən Günəşli isə Qubada belə məzarlıqların bir neçə yerdə olduğunu dedi.
Ölkənin birinci xanımının təşəbbüsü və Azərbaycan Prezidentinin sərəncamı ilə ucaldılan bu möhtəşəm kompleks həm də müstəqilliyimizin, azadlığımızın rəmzlərindən biridir. Əsrlər boyu bizə qadağalar qoyuldu. Erməni cəlladlarının vəhşiliklərini üzə çıxaran sənədlərin bir qismi məhv edildi, ölkədən daşındı, ya da arxivlərdə məxfilik möhürü ilə damğalanaraq gizlədildi. Biz yalnız azadlığımızı elan etdikdən sonra həqiqətlərə işıq sala bildik.
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev son illərdə erməni yalanlarını daha israrla və daha qətiyyətlə müxtəlif səviyyələrdə ifşa edir. Dünya ictimaiyyətinin İrəvanın qədim Azərbaycan torpağı olduğunu, hətta bütünlükdə Ermənistan dövlətinin Azərbaycan ərazilərində qurulduğunu bilmədiyini vurğulayır. Erməni tarixi, onların Qafqaza köçürülməsi, erməni faşistlərinin törətdikləri vəhşiliklər və işğal etdikləri ərazilər barədə yeni araşdırmaların aparılıb dünya ictimaiyyətinə çatdırılması üçün bütün vacib addımları atır.
Biz haqqa, faktın müqəddəsliyinə, ümumbəşəri ədalətə söykənirik, erməni millətçiləri isə yalanı, uydurmaları və arzuladıqlarını reallıq kimi təqdim etməyə vərdişli olublar. Bizim faciələrimiz başımıza gələn müsibətlərə söykənir, soyqırımı uydurmaları isə xəstə millətçi təxəyyülünün məhsuludur. Ona görə də planetdə nə qədər ermənipərəst qüvvələr olsa da, nə qədər erməni hıçqırıqlarına züy tutan tapılsa da, bizim haqqa və real faktlara söykənən faciələrimiz gec-tez erməni faşizmini ifşa edəcək. Erməni yalanları artıq sahiblərini məğlubiyyətin uçurumlarına sürükləyir.
Quba Rayon Ağsaqqallar Şurasının sədri Həsən Günəşli rəssamın tablosunun təqdimat mərasimində həyəcanını gizlətmədi:
- Bu Xocalı faciəsinə həsr olunan əsər olsa da, rənglərin ruhunda bir Qarabağ harayı var. Əsəri diqqətlə nəzərdən keçirəndə onun simvolik olduğunu, bütün faciələrimizin kətana hopdurulmuş ağrısını sezməmək mümkün deyil.
Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşı Səidə Abasova çıxışında heç vaxt Qubada olmayan, memorial kompleksi yalnız efirdə görən, onunla bir qəzet yazısında tanış olan rəssamın hədiyyəsini qeyri-adi saydı:
- Bizim memorial kompleksə gəlib-gedən insanların sayı minlərlədir. Lakin biz birinci dəfədir ki, erməni vəhşiliklərinə həsr edilmiş bədii əsəri hədiyyə kimi qəbul edirik. Onu ən diqqət çəkən yerlərdən birində daim nümayiş etdirəcəyik. Eyni zamanda, "Azərbaycan" qəzetinin təklifini də bəyənirik. Ürəyi vətən üçün yanan hər bir yaradıcı rəssam əlbəttə ki, Məhəmmədəli Ələkbərov kimi hərəkət edə bilər.
Biz Bakıya dönəndə artıq qaranlıq düşürdü. Rahat geniş yola bir-birinin arxasınca düzülən maşınların işıq seli qaranlıqdan keçən işıq tunelinə bənzəyirdi. Bütün qaranlıqların sonunda bir işıq, ümid var, zülmətin dağılması var.
Bahadur İMANQULİYEV,
Akif ƏLİYEV,
Azərbaycan.-2014.- 16 iyul.- S.9.