Fransa Respublikasının Prezidenti Zati-aliləri cənab Fransua Ollanda
Hörmətli cənab Prezident,
Fransa Respublikasının milli bayramı münasibətilə
Sizə və Sizin simanızda
bütün xalqınıza
şəxsən öz
adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi
və xoş arzularımı yetirirəm.
Bu gün Azərbaycan-Fransa
münasibətləri öz
zəngin tarixi ənənələrinə uyğun
olaraq müvəffəqiyyətlə
inkişaf etməkdədir. Ölkələrimiz arasındakı yüksək
səviyyəli siyasi təmaslar, iqtisadi sahədə daim genişlənən qarşılıqlı
faydalı əməkdaşlığımız,
çoxşaxəli və
davamlı humanitar, mədəni əlaqələrimiz
Azərbaycan-Fransa münasibətlərinin
səciyyəvi cəhətlərindəndir.
Sizin bu yaxınlarda Azərbaycana səfəriniz, apardığımız
danışıqlar, imzalanan
sənədlər, şübhəsiz
ki, ikitərəfli münasibətlərimizin inkişafına
mühüm təkan vermişdir.
Biz Fransanın Cənubi
Qafqazda sülh və əmin-amanlığın
bərqərar olmasında
marağından məmnunluq
duyuruq. Eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzünün, ərazilərimizin
20 faizinin işğal
olunması, soydaşlarımızın
qaçqın və məcburi köçkün
vəziyyətinə düşməsi
ilə müşayiət
olunmuş münaqişənin
ağır nəticələrinin
beynəlxalq hüquq normaları əsasında,
tezliklə və ədalətli həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın və şəxsən Sizin, cənab Prezident, səylərinizdən
gözləntilərimiz böyükdür.
Sizə
möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost Fransa xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 10 iyul 2014-cü il.
Azərbaycan.-2014.- 15 iyul.- S.4.