Uyğunluğun qiymətləndirilməsi
sahəsində akkreditasiya haqqında
Azərbaycan
Respublikasının Qanunu
Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasında uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən qurumların akkreditasiyasının hüquqi və təşkilati əsaslarını müəyyən edir.
Maddə 1. Əsas anlayışlar
1.0. Bu qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:
1.0.1. uyğunluğun qiymətləndirilməsi - malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun müəyyənləşdirilməsi;
1.0.2. uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya (bundan sonra - akkreditasiya) - qurumun uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərməsi üçün akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən təsdiqlənməsi;
1.0.3. uyğunluğu qiymətləndirən qurum - malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsini təmin edən təşkilatlar, hüquqi və fiziki şəxslər;
1.0.4. akkreditasiya tələbləri - akkreditasiyanın yerinə yetirilməsi üçün texniki normativ-hüquqi aktlarda müəyyən olunmuş tələblər;
1.0.5. akkreditasiya orqanı - akkreditasiyanı həyata keçirən müvafiq icra hakimiyyəti orqanı;
1.0.6. akkreditasiya attestatı - uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata keçirmək səlahiyyətini təsdiq edən və akkreditasiya nişanından istifadə üçün əsas olan sənəd;
1.0.7. akkreditasiya nişanı - uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunduğunu bəyan etmək məqsədi ilə istifadə etdiyi nişan;
1.0.8. sınaq - malın (xidmətin, işin), prosesin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş göstəricilərə uyğunluğunun təyin edilməsi üzrə texniki əməliyyat;
1.0.9. sertifikatlaşdırma - uyğunluğu qiymətləndirən qurum tərəfindən malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin, işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun kağız üzərində yazılı və ya elektron formada təsdiqi;
1.0.10. inspeksiya orqanı - malın (xidmətin, işin), prosesin, işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu rəy verməklə müəyyən edən qurum;
1.0.11. idarəetmə sistemi - konkret məqsədə çatmaq üçün istifadə olunan prosedur və proseslərin məcmusu. Bu qanuna görə, idarəetmə sistemi keyfiyyətin, ətraf mühitin, əməyin mühafizəsinin və sağlamlığın, qida və informasiya təhlükəsizliyinin və sosial məsuliyyətin idarəetmə sistemlərini əhatə edir;
1.0.12. etalon material istehsalçısı - istehsal və ya təchiz etdiyi etalon materialların xassələrinin təyin edilməsinə görə cavabdeh olan subyekt;
1.0.13. uyğunluğu qiymətləndirən qurumların reyestri - akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlara dair məlumat toplusu.
Maddə 2. Qanunun tətbiq dairəsi
2.1. Bu qanun uyğunluğu qiymətləndirən aşağıdakı qurumlara şamil olunur:
2.1.1. sınaq laboratoriyaları;
2.1.2. malın (xidmətin, işin) sertifikatlaşdırılmasını aparan qurumlar;
2.1.3. idarəetmə sistemlərinin
sertifkatlaşdırılmasını aparan qurumlar;
2.1.4. işçi heyətinin sertifikatlaşdırılmasını
yerinə yetirən qurumlar;
2.1.5. inspeksiya orqanları;
2.1.6. etalon material istehsalçıları;
2.1.7.
"Ölçmələrin vəhdətinin təmin edilməsi
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq, ölçmələrin vəhdətinin təmin
edilməsi üzrə işləri yerinə yetirmək və
(və ya) xidmətlər göstərmək üçün
akkreditasiyası tələb edilən qurumlar.
2.2. Texniki
reqlamentdə və digər normativ-hüquqi aktda
uyğunluğunun məcburi qiymətləndirilməsi tələb
olunan malın (xidmətin, işin), prosesin və işçi
heyətinin uyğunluğunun qiymətləndirilməsi fəaliyyəti
ilə məşğul olan qurumların və
"Ölçmələrin vəhdətinin təmin edilməsi
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq ölçmələrin vəhdətinin təmin
edilməsi üzrə işləri yerinə yetirmək və
(və ya) xidmətlər göstərmək üçün
akkreditasiyası tələb edilən qurumların
akkreditasiyası məcburidir.
Maddə 3. Akkreditasiya haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi
Akkreditasiya
haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, bu qanundan, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən və Azərbaycan
Respublikasının akkreditasiya sahəsini tənzimləyən
digər normativ-hüquqi aktlarından ibarətdir.
Maddə 4. Akkreditasiyanın prinsipləri
4.0.
Akkreditasiya aşağıdakı prinsiplərə əsaslanır:
4.0.1. qanunçuluq;
4.0.2. qərəzsizlik;
4.0.3. şəffaflıq və ictimaiyyətə
açıqlıq;
4.0.4. fəaliyyətdə müstəqillik;
4.0.5. kommersiya sirrinin qorunması;
4.0.6. peşəkarlıq;
4.0.7. ictimai marağın təmsil olunması;
4.0.8. marağı olan tərəflərin təmsilçiliyi;
4.0.9. beynəlxalq akkreditasiya qaydalarına
uyğunluq;
4.0.10. eyni zamanda akkreditasiya və uyğunluğun qiymətləndirilməsi
sahələrində fəaliyyətin yolverilməzliyi.
Maddə 5. Akkreditasiyanın aparılması
5.1.
Akkreditasiya, bu qanunun tələbləri nəzərə
alınmaqla, akkreditasiya qaydaları əsasında
aparılır.
5.2.
Akkreditasiya aşağıdakı mərhələləri əhatə
edir:
5.2.1. uyğunluğu qiymətləndirən qurumun
müraciəti;
5.2.2. uyğunluğu qiymətləndirən qurumun
akkreditasiya tələblərinə cavab verməsinin
akkreditasiya orqanı tərəfindən qiymətləndirilməsi;
5.2.3. akkreditasiya orqanı tərəfindən yekun qərarın
qəbul edilməsi.
5.3.
Uyğunluğu qiymətləndirən qurum akkreditasiyanın
aparılması üçün akkreditasiya orqanına
kağız üzərində yazılı və ya elektron
formada müraciət edir. Müraciətə bu qanunun 5.4-cü maddəsinə
uyğun akkreditasiya qaydalarında nəzərdə tutulmuş
sənədlər əlavə edilir.
5.4. Bu
qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş
uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri
üzrə akkreditasiya qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir və
akkreditasiya orqanının internet informasiya ehtiyatlarında yerləşdirilir.
5.5.
Akkreditasiya barədə müraciət akkreditasiya orqanına təqdim
edildiyi gün qeydiyyata alınır.
5.6.
Akkreditasiya orqanı uyğunluğu qiymətləndirən
qurumun akkreditasiya barədə müraciətini 10 iş
günündən çox olmayan müddətdə
araşdırır. Bu qanunun 5.3-cü maddəsinə uyğun
olaraq, akkreditasiya qaydalarında nəzərdə tutulmuş sənədlər
və ya məlumatlar uyğunluğu qiymətləndirən qurum tərəfindən
təqdim olunmadıqda, akkreditasiya orqanı həmin sənədlərin
və ya məlumatların təqdim olunmasını tələb
edir.
5.7. Bu
qanunun 5.6-cı maddəsində nəzərdə tutulmuş
halda əlavə sənədlərin və ya məlumatların
təqdim edilməsi üçün təyin edilən
müddət 20 iş günündən çox
olmamalıdır.
5.8.
Əlavə sənədlərin və məlumatların təqdim
olunması üçün müddət təyin edilən
gündən müraciətə baxılma müddətinin
axımı dayandırılır. Əlavə
sənədlər və ya məlumatlar akkreditasiya orqanına
təqdim edilən andan müddətin axımı bərpa
olunur.
5.9. Qiymətləndirmə
mərhələsində, ilk növbədə, akkreditasiya
üçün təqdim edilmiş sənədlər əsasında,
bu qanunun 5.4-cü maddəsində nəzərdə
tutulmuş akkreditasiya qaydalarına əsasən akkreditasiya tələblərinə
uyğunluq qiymətləndirilir. Qiymətləndirmənin
növbəti mərhələsində sahəyə xas texniki
meyarlara uyğunluğun qiymətləndirilməsi
aparılır.
5.10.
Çatışmazlıqlar və onların aradan
qaldırılmasına dair düzəliş tədbirləri
daxil olmaqla, qiymətləndirmənin nəticəsinə dair
hesabat tərtib edildiyi gündən 5 iş günü
müddətində ərizəçiyə təqdim edilir. Qiymətləndirmə hesabatında düzəliş
tədbirləri üçün müddət aşkarlanan
çatışmazlığın mahiyyətindən
asılı olaraq təyin edilir.
5.11. Bu
qanunun 5.10-cu maddəsinə uyğun olaraq düzəliş tədbirləri
üçün müddət təyin edilən gündən
müraciətə baxılma müddətinin axımı
dayandırılır. Düzəliş tədbirləri
təmin olunan andan müddətin axımı bərpa edilir.
5.12. Bu qanunun 5.8-ci və
5.11-ci maddələrində nəzərdə tutulmuş
hallarda, akkreditasiya orqanı müddətin axımının
dayandırılması və bərpası barədə qərar qəbul edir.
5.13.
Düzəliş tədbirlərinin təmin edilməməsi
uyğunluğu qiymətləndirən qurumun
akkreditasiyasından imtina barədə qərarın qəbulu
üçün əsasdır.
5.14. Bu
qanunda nəzərdə tutulmuş tələblərə və
akkreditasiya tələblərinə uyğun olduğu halda,
akkreditasiya orqanı uyğunluğu qiymətləndirən
qurumun akkreditasiyası barədə qərar qəbul edir.
5.15.
Akkreditasiya barədə qərarın qəbulu da daxil olmaqla,
akkreditasiyanın ümumi müddəti, bu qanunun 5.7-ci və
5.10-cu maddələrinə uyğun olaraq təyin edilən
müddət nəzərə alınmadan, 60 iş
günündən çox ola bilməz.
Maddə 6. Akkreditasiya attestatı və akkreditasiya nişanı
6.1.
Akkreditasiya barədə qərar qəbul edildiyi gündən
2 iş günü müddətində uyğunluğu qiymətləndirən
quruma akkreditasiya attestatı təqdim edilir.
6.2.
Akkreditasiya attestatı verildiyi tarixdən 3 il
müddətində etibarlıdır.
6.3.
Akkreditasiya attestatının nümunəsi və akkreditasiya nişanının
forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
6.4.
Akkreditasiya attestatı akkreditasiya orqanı tərəfindən,
akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən
qurumların reyestrinə daxil edilir. Akkreditasiya
edilmiş uyğunluğu qiymətləndirən qurumların
reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 7. Şikayət hüququ
7.1. Bu
qanunda nəzərdə tutulmuş akkreditasiya
qaydalarının pozulmasından, o cümlədən
akkreditasiyadan imtina barədə qərardan və ya
uyğunluğu qiymətləndirən qurumunun
uyğunluğun qiymətləndirilməsi sahəsində
faktiki xarakterli hərəkətindən (hərəkətsizliyindən)
şikayət inzibati qaydada və ya məhkəmə
qaydasında verilir.
7.2. Bu qanunun 7.1-ci maddəsində
nəzərdə tutulmuş hallarda inzibati şikayət
akkreditasiya orqanının bu
qanunun 4-cü maddəsinin tələbləri
əsasında yaratdığı apelyasiya şurasına
kağız üzərində yazılı və ya elektron
formada verilir. Apelyasiya şurasının əsasnaməsini
müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
7.3.
Apelyasiya şurası şikayətə 15 iş günü
müddətində baxır və akkreditasiya attestatının
olduğu kimi saxlanılması, akkreditasiya sahəsinin məhdudlaşdırılması
və ya akkreditasiya attestatının ləğvi barədə
rəy verir.
Akkreditasiya orqanı apelyasiya şurasının rəyi əsasında
qərar qəbul edir.
7.4. Bu qanunun 7.1-ci maddəsində
nəzərdə tutulmuş hallarda inzibati şikayətin
verilməsi və həmin şikayətə baxılması
qaydası "İnzibati icraat haqqında" Azərbaycan
Respublikasının Qanunu ilə tənzimlənir.
7.5.
Akkreditasiya sahəsində inzibati mübahisələrin məhkəmə
qaydasında həlli Azərbaycan Respublikasının
İnzibati Prosessual Məcəlləsi ilə tənzimlənir.
Maddə 8. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən
qurumun fəaliyyətinə dair ümumi tələblər
8.1.
Uyğunluğu qiymətləndirən qurum fəaliyyətində
bu qanunun, akkreditasiya üzrə milli və beynəlxalq
standartların, texniki reqlamentlərin tələblərinə
əməl etməlidir.
8.2.
Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən
qurum akkreditasiya nişanından müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada, fəaliyyət
sahəsinə uyğun istifadə etməlidir.
8.3.
Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən
qurum öz fəaliyyətində bu qanunun tələblərini
ödəyə bilmədiyi və ya fəaliyyətində dəyişiklik
baş verdiyi hallarda müvafiq qərarın qəbul edilməsi
üçün akkreditasiya orqanını dərhal məlumatlandırmalıdır.
Maddə 9. Xarici
ölkələrin uyğunluğu qiymətləndirən
qurumlarının Azərbaycan Respublikasında
akkreditasiyası. Azərbaycan Respublikasının ərazisindən
kənarda akkreditasiya
9.1. Xarici
ölkələrin uyğunluğu qiymətləndirən
qurumları Azərbaycan Respublikasının ərazisində
uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata
keçirmək üçün Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə başqa hal nəzərdə
tutulmayıbsa, bu qanuna uyğun olaraq akkreditasiya olunurlar.
9.2.
Akkreditasiyanın nəticələrinin
qarşılıqlı tanınması haqqında Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun olaraq, xarici
ölkənin uyğunluğu qiymətləndirən qurumu Azərbaycan
Respublikasının ərazisində uyğunluğun qiymətləndirilməsi
fəaliyyətini müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada akkreditasiya orqanı ilə
razılaşdırır. Xarici ölkənin
uyğunluğu qiymətləndirən qurumu bu qanuna uyğun
olaraq akkreditasiya edildiyi halda fəaliyyəti akkreditasiya
orqanı ilə razılaşdırılmış hesab
edilir.
9.3. Azərbaycan Respublikasında təsis edilmiş
uyğunluğu qiymətləndirən qurum beynəlxalq səviyyədə
tanındığı halda, Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdə digər hal nəzərdə
tutulmayıbsa, bu qanuna uyğun olaraq Azərbaycan
Respublikasında akkreditasiya olunmalıdır.
9.4. Xarici
ölkənin uyğunluğu qiymətləndirən qurumu bu
qanuna uyğun olaraq akkreditasiyadan keçdikdə və ya fəaliyyətini
razılaşdırdıqda Azərbaycan Respublikasında həyata
keçirdiyi fəaliyyətində
milli akkreditasiya nişanından istifadə edir. Milli
akkreditasiya nişanı ilə yanaşı, həmin qurum
xarici akkreditasiya nişanından istifadə etməkdə sərbəstdir.
Maddə 10. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən
qurumun fəaliyyətinə nəzarət
10.1.
Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən
qurumun akkreditasiya tələblərinə uyğunluğuna nəzarət
akkreditasiya orqanı tərəfindən ildə bir dəfə,
habelə qurumun fəaliyyəti barədə şikayət
daxil olduğu hallarda həyata keçirilir.
10.2.
Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə
cavab vermədiyi aşkar edildikdə, akkreditasiya orqanı tərəfindən
akkreditasiya attestatının qüvvəsinin müvəqqəti
dayandırılması barədə qərar qəbul edilir və
quruma nöqsanların aradan qaldırılması
üçün müddət təyin edilməklə,
yazılı bildiriş təqdim olunur (göndərilir).
10.3. Nöqsanların bildirişdə göstərilən müddətdə aradan qaldırılmaması, nöqsanın xarakterindən asılı olaraq, akkreditasiya sahəsinin məhdudlaşdırılması və ya akkreditasiya attestatının ləğvi üçün əsasdır.
Maddə 11. Akkreditasiya sahəsində beynəlxalq əməkdaşlıq
Akkreditasiya sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir.
Maddə 12. Qanunun pozulmasına görə məsuliyyət
Bu qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.
Maddə 13. Keçid müddəaları
13.1. Bu qanun dərc edildiyi gündən 3 ay sonra qüvvəyə minir.
13.2. Bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanı tərəfindən uyğunluğu qiymətləndirən quruma verilmiş akkreditasiya attestatı, qüvvədəolma müddəti başa çatanadək, etibarlıdır.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 30 may
2014-cü il
Azərbaycan.-2014.- 17 iyul.- S.4.