«Uyğunluğun qiymətləndirilməsi
sahəsində akkreditasiya haqqında» Azərbaycan
Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli
Qanununun tətbiqi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. beş ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.3. həmin qanunun 5.4-cü maddəsinə uyğun olaraq, həmin qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.4. həmin qanunun 6.3-cü maddəsinə uyğun olaraq, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya attestatının nümunəsini və uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya nişanının formasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.5. həmin qanunun 6.4-cü maddəsinə uyğun olaraq, akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların reyestrinin aparılması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.6. həmin qanunun 7.2-ci maddəsinə uyğun olaraq, apelyasiya şurasının əsasnaməsini təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.7. həmin qanunun 8.2-ci maddəsinə uyğun olaraq, akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından istifadə qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.8. həmin qanunun 9.2-ci maddəsinə uyğun olaraq, xarici ölkənin uyğunluğu qiymətləndirən qurumunun Azərbaycan Respublikasının ərazisində uyğunluğu qiymətləndirmə fəaliyyətini razılaşdırma qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.9. həmin qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının və normativ xarakterli aktların "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1. "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikası Qanununun 5.4-cü və 6.3-cü maddələrində, 6.4-cü maddəsinin ikinci cümləsində, 7.2-ci maddəsinin ikinci cümləsində, 8.2-ci maddəsində, 9.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
3.2. həmin qanunun 1.0.5-ci və 13.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
4. Bu fərmanın icrası ilə əlaqədar qəbul ediləcək normativ-hüquqi və normativ xarakterli aktlar "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi gündən tez olmayaraq qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 11 iyul 2014-cü il
Azərbaycan.-2014.- 17 iyul.- S.4.