Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə layiqincə ev sahibliyi edir

 

ATƏT PA-nın Bakı sessiyası qurum tarixində ən effektiv tədbirlərdən biri oldu

 

İyunun 28-dən iyulun 2-dək paytaxt Bakıda daha bir mötəbər konfrans - ATƏT Parlament Assambleyasının "Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru" devizi altında iyirmi üçüncü illik sessiyası keçirildi. Bu, Azərbaycanın qlobal məsələlərin müzakirə məkanına çevrildiyini göstərən növbəti əlamətdar hadisə oldu. Mədəniyyətlər, sivilizasiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan belə formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir. Odlar yurdu adlanan bu diyar tolerantlıq məkanı, millətlərin və dinlərin dostluq və qardaşlıq şəraitində dinc yanaşı yaşadığı bir ölkədir. Azərbaycan mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu, əməkdaşlıq və dostluq üçün çox gözəl bir məkandır. 

Öncə onu qeyd edək ki, bəziləri bu toplantının Bakıda keçirilməsini adıçəkilən qurumun daxili nizamnaməsinə uyğun rotasiya qaydasında baş tutduğunu iddia etdilər. Ancaq ATƏT PA-nın nizamnaməsində belə bir bənd yoxdur. Quruma üzv olan ölkələrin yalnız özlərinin təşəbbüsü ilə hansısa sessiyanın həmin ölkədə keçirilməsi barədə qərar verilə bilir. Azərbaycan hökuməti isə ATƏT PA rəhbərliyinə bir il öncə yazılı və şifahi müraciət etmişdi. Çünki Azərbaycan kiçik bir ölkə olsa da, ATƏT-in bərabərhüquqlu üzvüdür və neçə ildir bu qurumda iştirakı ilə öz töhfələrini verməkdədir. Bakı sessiyası isə ölkəmizin nəyə qadir olduğunu bir daha təsdiqlədi. Bakı daha bir mötəbər konfransa ev sahibliyi etdi.

Bakı toplantısında mühüm qərarlar və sənədlərə əlavələr qəbul olundu. Bakı qrupu yaradıldı və Bakı Bəyannaməsi qəbul edildi.

Bu toplantıda da torpaqlarımızı işğal altında saxlayan, bu gün dinc əhaliyə güllə atıb günahsız uşaqların ölümünə səbəb olan Ermənistanın da nümayəndələri iştirak etdilər. İki həftə öncə Bakıda keçirilən NATO PA-nın 86-cı "Rose Roth" seminarına qatılıb və təxribata can atan erməni deputatların digər həmkarları nədənsə ATƏT PA-nın sessiyasında analoji addım atmadılar. Düzdür, bəzi məsələlərdə iddialı danışmaq istəsələr də, Azərbaycan nümayəndə heyətinin verdiyi cavablardan başqa digər ölkələrdən gəlmiş parlamentarilərin Ermənistanın işğalçılıq siyasəti ilə bağlı söylədikləri fikirlər onların iddialarına tutarlı cavablar oldu. Əgər bir ölkənin 1 faiz  olsun torpağı işğal edilibsə, onun vətəndaşları öz yurdundan didərgin düşübsə bu, tam olaraq işğal faktıdır. Ermənistan isə nəinki torpaq işğal edib, hətta soyqırımı aktı həyata keçirərək tarixi faciə törədib. Bu faktları Bakıya gələn Ermənistan nümayəndə heyəti çox gözəl anladığı üçün əksər məsələlərdə susmağa üstünlük verdilər. Hətta Bakını tərk edərkən onlar təşkilati işlər və təhlükəsizliyə görə Azərbaycana təşəkkür də etdilər.

Bir xatırlatma edək. Keçən ilin iyul ayının 4-də Moldova Respublikasının Ombudsmanı Aureliya Qriqoriu Ermənistan parlamentində keçirilən "Dondurulmuş münaqişə ərazilərində insan hüquqlarının qorunması" adlı beynəlxalq konfransda bu ölkənin Azərbaycana qarşı təcavüzünün 25 ildən çoxdur davam etdiyini və Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini cəsarətlə söylədi. Xanım ombudsmanın bu fikirlərindən sonra həm Ermənistanda, həm də doğma ölkəsində başına gəlməyən oyun qalmadı. Ölümlə təhdid edildi, ailəsi qorxuya düşdü və hər gün təlaş içində xoşagəlməz mesajlar aldı. Ancaq ötən ay NATO PA-nın Bakıda keçirilən 86-cı "Rose Roth" seminarında ermənipərəst hüquq müdafiəçisi Leyla Yunus Ermənistan nümayəndə heyəti ilə birgə əyləşərək ölkəmizin əleyhinə təxribatçı hərəkətlərə əl atdı. Ölkəmizə qarşı aparılan çirkin kampaniyaya dəstək oldu. Amma heç kim onu ölümlə hədələmədi. Hətta Azərbaycan polisini belə təhqir etməkdən çəkinməyən "hüquq müdafiəçisi" bu gün həmin çirkin fəaliyyətini davam etdirir.

Digər bir arzuolunmaz hal isə AXCP sədri Əli Kərimli ilə bağlı oldu. Guya partiya sədri kofe içmək üçün ATƏT PA-nın sessiyası keçirilən hotelə təşrif buyurmuşdu, lakin ona qarşı guya haqsızlıq edilmişdi. Dərhal açıqlama verərək bu hadisəni ona qarşı aparılan kampaniyanın tərkib hissəsi olduğunu iddia etdi. Hələ üstəlik, bütün seminar boyu "ağzına su alıb oturan", sanki Bakıya gəzməyə gələn danimarkalı deputat müzakirələr zamanı bununla bağlı bəyanat verdi. Sən demə, onlar görüşüb dərdləşməli imişlər. Elə danimarkalı deputatın da Bakıya nə məqsədlə gəlməsi buradan tam aydınlaşır. Çünki bu "siyasətçilər" istəsəydilər dərdləşmək üçün Bakıda ayrı bir məkan seçərdilər. Paytaxtımızda yüzlərlə gözəl restoran, hotel var. Deməli danimarkalı parlamentari toplantıya gələrkən təlimatlanıb və Əli Kərimli də ona burada dəstəkçi rolunda çıxış edib.  Əli Kərimli çox gözəl bilir ki, ATƏT-in tədbirləri keçirilən məkanlara giriş yalnız qurumun rəhbərliyinin razılığı əsasında baş verir. Azərbaycan hökumətinin ATƏT PA-nın toplantısı ilə bağlı yalnız təhlükəsizlik, təşkilatçılıq öhdəliyi var. Onların məqsəqi sadəcə bu mötəbər toplantıya ləkə salmaq, qurumun işinə hansısa əngəl yaratmaqdan ibarət idi.    

Azərbaycan tolerantlıq məkanı, dinindən, inancından asılı olmayaraq millətlərin dostluq şəraitində yaşadığı Odlar yurdudur. Təəssüflə qeyd etməliyik ki, bu ölkədə yaşayaraq müqəddəs torpağına ayaq basan, havasını udub suyunu içərək düşmənə xidmət edənlər də var. Belə insanlar yalnız xalqın nifrətini qazanırlar. ATƏT PA-nın Bakıda keçirilən 23-cü sessiyasında çıxış edən Prezident İlham Əliyev də bu məsələyə xüsusi olaraq toxunmuşdur: "Bu gün Azərbaycan funksional demokratik təsisatlara malik olan ölkədir. Biz demokratiyanın və qanunun aliliyinin inkişaf etdirilməsi, eləcə də fundamental azadlıqların təmin edilməsi üçün bir çox səylər göstəririk. Hesab edirəm ki, bu istiqamətdə böyük müvəffəqiyyətlər qazanmışıq. Azərbaycanda bütün fundamental azadlıqlar - toplaşmaq, təşkilatlanmaq, ifadə, media azadlıqları təmin edilir... Məqsədimiz isə müasirləşmədir. Biz olduqca qısa vaxtda müasir, özünə arxalanan ölkə qurmuşuq".

Dövlət başçısının bu qətiyyətli fikirləri bir daha Azərbaycanın artan nüfuzunu, dünyadakı mövqeyini göstərir və bəzi hallarda ikili standartlara yol verilsə də, Azərbaycanın bu münaqişənin həlli istiqaməti üzrə apardığı uğurlu xarici siyasət, hücum diplomatiyası yaxın zamanlarda öz bəhrəsini verəcək.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 17 iyul.- S.8.