5. SEÇKİ, yoxsa SÜNGÜ:
müxalifət
hakimiyyətə gəlmək üçün sonuncuya
üstünlük verir
Demokratik inkşafın Azərbaycan
nümunəsi
"Azərbaycanda fəaliyyəti mövsümi xarakter daşıyan, heç bir sosial bazası olmayan siyasi qrupların cəmiyyətə deməyə sözü yoxdur. İqtidarın uğurları onları çox məyus edir, hakimiyyət ehtiraslarının qarşısına keçilməz sədd çəkir. Buna görə də onlar faktiki olaraq hakimiyyətə qarşı deyil, dövlətə, xalqa qarşı müxalifətçilik yolunu tutmuşlar.
Azərbaycanda bəzi siyasi qruplar mahiyyət etibarilə dağıdıcılıq fəaliyyəti göstərir, insanlar arasında süni narazılıq yaratmağa, ictimai-siyasi sabitliyi pozmağa, dövlət məmurlarına şər atmağa, onları şantaj etməyə və hörmətdən salmağa, hakimiyyət strukturları və vəzifəli şəxslər arasında qarşıdurmalar yaratmağa, rəsmi orqanların fəaliyyətinə qara yaxmağa cəhdlər göstərirlər. Üstəlik, onlar öz dağıdıcı fəaliyyətini demokratiya şüarları ilə pərdələməyə çalışırlar".
Akademik Ramiz MEHDİYEV
Fakt göz önündədir: müxalifətin məqsədi xalqın dəstəyini qazanıb seçki yolu ilə hakimiyyətə yiyələnmək deyil! Əslində, onlar iqtiadara gəlmək uğrunda heç mübarizə də aparmırlar. Tam əksinə, onları hakimiyyətə gətirəcək xarici qüvvəni axtarıb tapmaq, ona sadiqliyini göstərmək, dəstəyini qazanmaq və sonra da süngüləri altında iqtidara yiyələnmək - 1920-ci ildə XI Ordunun qatarı ilə Bakıya gələn bolşeviklər tək, yaxud da 1992-ci ildə 9 dövlətin xeyir-duası ilə tank üstündə Prezident Administrasiyasına yürüyən elə özləri kimi...
Beşinci kolon
Bu analogiyanı təsəvvürə gətirərkən son aylarda Azərbaycanın az qala siyasi trendinə çevrilən bir ifadə dərhal xatırlanır: beşinci kolon. Mahiyyətində "xəyanətkar dəstə" mənasını verən bu sözün etimologiyasına nəzər salaq. 1936-cı ildə İspaniyada vətəndaş müharibəsi zamanı franksistlərin generalı Emilio Mola Madrid üzərinə hücum edərkən paytaxt əhalisinə müraciətlə bildirir ki, onun tabeliyində 4 ordu kolonundan əlavə, həm də şəhərdə onu müdafiə edən gizli təşkilatlanmış qrup da var. Bu qrupu "beşinci kolon" adlandıran general həlledici anda bu qüvvənin sakinlərə arxadan zərbə vuracığını qeyd edir və onları təslim olmağa çağırır. Həmin dövrdən etibarən "beşinci kolon" termini siyasi leksikonda mütəmadi işlənir.
Azərbaycanın müasir siyasi tarixinə nəzər salarkən də radikal müxalifətin "beşinci kolon"a çevrilməsini təsdiqləyən yetərincə faktı görmək mümkündür. Bu düşərgənin sıralarında zaman-zaman gizli agentlər, diversantlar, sabotajçılar, casuslar, təxribatçılar olub və hazırda da var.
"Beşinci kolon" o vaxt da var idi, əfsuslar olsun ki, bu gün də vardır. Onların sayı çox azdır, amma vardır. Bu gün də müstəqil ölkəyə zərbə vurmaq, ölkəmizi ləkələmək, ölkəmizin imicinə xələl gətirmək onların peşəsidir. Antimilli qüvvələr qınaq obyektinə çevrilir. Azərbaycan cəmiyyəti bu qüvvələri rədd edir və biz heç vaxt imkan vermərik ki, Azərbaycanın müstəqilliyinə, suveren inkişaf haqqına kimsə müdaxilə etsin" - Prezident İlham Əliyevin bu fikirləri "sapı özümüzdən olan baltalara" ən ali dərəcədə verilən siyasi qiymətdir.
"Beşinci kolon"un sıralarında müxalifət partiyaları ilə yanaşı, qeyri-hökumət təşkilatları xüsusi fəallıq göstərir. Uzun illərdir ki, xaricdən qrant adı ilə maliyyəşən (çox hallarda qanunsuz) və bütün fəaliyyətləri yalnız Azərbaycanın daxilində gərginliyin yaradılmasına, ölkəmizin beynəlxalq nüfuzuna zərər gətirilməsinə yönələn bu qüvvələr artıq dünya erməniliyi ilə də təkzibedilməz əməkdaşlığa malikdirlər.
Onların aldıqları vəsaitlər on milyonlarla
ölçülür. Məsələn, bir müddət öncə Prezident
Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev mətbuata
açıqlamasında bəyan etmişdi ki, ABŞ-ın
IREX, ABA, NDI, Revenue Watch Institute, USAID, NED kimi qeyri-hökumət
təşkilatlarının Azərbaycandakı filialları və
nümayəndəlikləri yerli QHT-lərə təqribən
25 milyon dollar məbləğində qrantlar
ayırmışlar. Soros Fondu və onunla əlaqədar
təşkilatlar isə Azərbaycan QHT-lərinə təqribən
50 milyon dollar vəsait göndəriblər.
Bunlar hələ rəsmi ödənişlərdir və
QHT donorlarının bir qismini əks etdirir. Ancaq
araşdırmalar göstərir ki, bu donorların
siyahısı qat-qat artıqdır və onların rəsmi
ödənişləri qanunsuz ayırmalardan dəfələrlə
azdır. Həm də bu maliyyə prosesində
çoxsylı korrupsiya faktları da məlum olmuşdur.
Ümumiyyətlə isə xaricdəki
donorların sayı 30 civarında olsa da, onların
hamısı, demək olar ki, zəncirvari halqayla bir-birinə
bağlıdır və əslində, iki-üç məlum
şəbəkənin törəmələridirlər.
Bu şəbəkələr isə antiazərbaycan
qüvvələrin özəyini təşkil edir və Azərbaycanın
neytrallaşdırılması ssenarisində faktiki olaraq
dünya erməniliyilə təbii müttəfiqlik
formalaşdırılır. Beləliklə,
məlum antiazərbaycançı şəbəkənin və
dünya erməniliyinin ölkəmizdə həyata
keçirməyə çalışdığı
bütün qəsdlərin icraçıları da məlum
QHT və müxalif təsisatlar olur.
Antiazərbaycançı
şəbəkənin formalaşması prosesi belədir: məlum
meqa-holdinqlərin, transmilli şirkətlərin, həmçinin
fövqəldövlətlərin iqtisadi maraqlarının
ödənməsində, xüsusən də enerji və logistik
məkanda ambisiyalarının realizəsində ən
böyük zərbələrdən biri də məhz
müstəqil Azərbaycandan, onun suveren enerji və iqtisadi
siyasətindən gəlir. Beləliklə, Azərbaycanı
zərərsizləşdirmək üçün
böyük güc mərkəzi formalaşır. Həmçinin Azərbaycanı ümumilikdə bir
dövlət kimi məhv etməyi qarşısına həlledici
məqsəd kimi qoyan dünya erməniliyi də bu şər
ittifaqına qoşulur.
Fəaliyyətləri isə artıq hər kəsə
məlumdur. Qərəzli
beynəlxalq təftişlərdən siyasi təzyiqlərədək,
Prezidenti hədəf götürən rəzilliklərdən
ölkəmizin təcrid cəhdlərinə qədər
bütöv bir məkr kampaniyası... Bu cəhdlərin
uğursuz olduğunu dərk edən şər ittifaqı onu
da anlayır ki, güclü Azərbaycanın təminatçısı
məhz mövcud iqtidardır və ona olan ümummilli
etimaddır. Bu baxımdan da əsas hədəf,
təbii ki, iqtidardır. Hakimiyyətlə xalq
arasında olan bağlılığı pozmaq və
iqtidarı zəiflətmək niyyətinin həyata
keçirilməsində isə "beşinci kolon"un xidmətlərindən istifadə olunur.
Prezident
Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin təbirincə
desək, məlum qüvvələr "gözaltı
etdiyi" ölkələrdə öz agentlərinə
mövcud hakimiyyətdən necə yaxa qurtarmaq, onları qane
etməyən hakimiyyəti hansı üsullarla devirmək, necə
inqilab etmək barədə təlimatlar verir. Lakin
"beşinci kolon" fəaliyyətə başlayan kimi bu
şəbəkə dərhal özünün bütün təbliğat
arsenalını onun nəzarət etdiyi dağıdıcı
qrupların dəstəklənməsinə səfərbər
edir.
Barseqyanın
əsirinə çevrilən müxalifət
Dəqiq
qiymətdir və bu proses Azərbaycan siyasətində mütəmadi
olaraq özünü büruzə verir. Məsələn,
ölkəmizdə antiazərbaycançı şəbəkənin
əsas kolonlarından olan Leyla Yunus məsələsində
bunu aydın görürük. Məlum dairələrdən
gələn qrantları tam olaraq monopoliyasına alan və onu istədiyi QHT-lərə istədiyi
həcmdə paylayan, hesabı yalnız özü soran bu
qadınla bağlı ən adi bir məsələ dərhal
ajiotaja səbəb olur və gündəmdə süni yolla
saxlanılır. Vətənə xəyanət
motivi ilə açılan cinayət işində adı
keçən və buna görə də istintaqa cəlb
olunan bu şəxsin dünya erməniliyi ilə əməkdaşlığı
yalnız ailəsinin milli mənsubiyyəti (həyat
yoldaşı erməni əsillidir) ilə məhdudlaşmır.
Və o, bu əməkdaşlığı
heç danmır da.
Hələ
AXC-Müsavat hakimiyyəti dövründə Müdafiə
Nazirliyinin Analitik-informasiya idarəsinin rəisi vəzifəsində
çalışarkən məxfi hərbi sirləri erməni
kəşfiyyatına ötürməkdə
vaxtaşırı ittiham edilən bu qadın son 20 ildir həm
də "xalq diplomatiyası" adı altında erməni
xüsusi xidmət orqanlarının əməkdaşları
ilə birgə "layihələr" həyata keçirir.
Mütəmadi olaraq Ermənistana səfər
edir, eyni zamanda Avropa və digər MDB ölkələrində
erməni casusları ilə görüşür, intensiv təmasda
olur. Şübhəsiz ki, ətrafına
yığdığı qrant düşkünü olan
"hüquq müdafiəçilərini", müxalifət
funksionerlərini və jurnalistlərini də
aldığı təlimatların ölkəmizdə realizəsi
üçün səfərbər edir.
Bu adamlar
indiyədək 1 milyon qaçqın və məcburi
köçkün həmvətənimizin
hüquqlarının müdafiəsi, onlara sosial yardımla
bağlı bir layihə belə həyata keçirməyiblər,
onların dözülməz durumlarını və total şəkildə
pozulan hüquqlarını beynəlxalq təşkilatların
qarşısında qaldırmayıblar. Əksinə, vətənə
xəyanətdə, separatçılıqda, ermənilərə
casusluqda, dövlətçilik əleyhinə qəsdlərdə,
terrorçuluqda günahlandırılan cinayətkarların fəal
müdafiəçisinə çevrilmiş, onların
"hüquqlarının" müdafəsi ilə
bağlı Avropadan ABŞ-adək döymədikləri
qapı, qışqırmadıqları kürsü, dil
tökmədikləri kabinet qalmayıb. Bir
sözlə, "beşinci kolon" açıq antimilli fəaliyyət
yürüdərək, antiazərbaycançı şəbəkənin
bütün tapşırıqlarını icra edib.
Ən
böyük paradoks budur ki, ölkəmizdə beynəlxalq tədbirlərdə
iştirak üçün gələn 2-3 erməniyə
görə günlərlə etiraz aksiyası keçirən,
bu barədə silsilə qəzəb bəyanatları yayan
müxalifət təşkilatları Leyla Yunusun və onunla
işbirliyində olan şəxslərin məlum fəaliyyətini
- ermənipərəst mövqeyini pisləməyə özlərində
cəsarət tapmırlar! Əksinə,
böyük həcmli korrupsiya maxinasiyalarının
başında dayanan bu qadını müdafiə etməyə
məcburdular. Çünki Barseqyan ailəsinin
gəlininin bir sözü ilə milyonlardan məhrum
olacaqlarını anlayırlar və xaricdən
aldıqları qrantların vasitəçisi olan bu şəxsin
qarşısında gözükölgəlidirlər.
Elə ötən gün Baş Prokurorluğun və
Milli Təhlükəsizlik Nazirliyinin birgə yaydıqları
məlumatda bu şəbəkənin erməni xüsusi xidmət
orqanları ilə əməkdaşlığı bir daha
aşkar edildi.
Aparılan əməliyyatlar nəticəsində məlum olub
ki, Ermənistan kəşfiyyatı və onun nəzarəti
altında fəaliyyət göstərən mərkəzlər,
emissarlar yerli qeyri-hökumət təşkilatları
arasında, kütləvi informasiya vasitələri sahəsində
dünyagörüşləri və siyasi baxışları
onları cəlb edən Azərbaycan vətəndaşlarını
müxtəlif fondların maliyyə yardımı ilə
üçüncü ölkələrin ərazisində təşkil
olunan konfranslara dəvət edərək əlaqələr
yaratmağa çalışıblar və buna nail olublar.
Bunda əsas məqsəd bu adamları kəşfiyyat-pozuculuq
fəaliyyətinə cəlb etmək, maddi maraq zəminində
ölkəmizdəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət,
iqtisadi layihələr, Dağlıq Qarabağ problemi ilə
bağlı yürüdülən siyasətdə baş verə
biləcək dəyişikliklər barədə məlumatlar
toplamaqdır. Və ermənilər bu məlumatları azərbaycanlılardan
alıblar da...
Şübhəsiz
ki, erməni kəşfiyyatının bu sahədə də əsas
rezident-əlaqələndiricisi məhz Barseqyan ailəsinin məlum
təmsilçi qadını idi...
Qrant vasitəçilərinin
faizləri və "siyasi mühacir" alveri
Qrant
korrupsiyasında müxalifət partiyalarının rəhbərlərinin
də öz "faizləri" var. Belə ki, xaricdən
ötürülən vəsait məlum inhisarçılar tərəfindən
böyük "faiz" miqdarında geri qaytarılmaq şərtilə
müxalifət partiyalarının rəhbərlərinə və
funksionerlərinə təklif edilir. Onlar da
inhisarçının "şirinliyini" ödədikdən
sonra öz "faizlərini" də götürərək
qalan vəsaiti yaxın ətrafının adına olan QHT-lərə
"bataqlıqların qurudulmasına yardım",
"çöl quşlarının mühafizəsi",
"təbiəti qoruyaq", "ağac əkək"
tipli "layihələr" üçün yönləndirirlər.
Şübhəsiz, nə bataqlıqlar qurudulur, nə də sərçələrə
dən verilir, heç ağac da əkilmir, sadəcə,
milyonlar yeyilir!
Elə bu həftə qrant maxinasiyaları ilə
bağlı əlavə bir fakt da məlum oldu. ABŞ Beynəlxalq
İnkişaf Agentliyi - USAİD-in Azərbaycanda müstəqil
medianın inkişafı məqsədilə
ayırdığı 2,4 milyon ABŞ
dollarlıq qrant müsabiqəsi ilk mərhələdən
ciddi şübhələr yaratdı. Elan veriləndən
cəmi 1 həftə sonra müsabiqəyə yekun
vuracağını bildirən təşkilat bununla da şəffaflıq
prinsipini pozaraq qaliblərin əvvəlcədən müəyyənləşdiyini
və bu müsabiqənin formal xarakter
daşıdığını dolayısı ilə bəyan
etdi. Çünki heç bir QHT belə
qısa müddət ərzində belə böyük həcmli
layihəni hazırlayaraq təqdim edə bilməz.
Bununla yanaşı, elə ilk gündən məlum şəbəkənin
media dayaqlarının dərhal müsabiqəyə layihə
təqdim etmələri onu deməyə əsas verir ki, bu dəfəki
"qaliblər" də məhz "beşinci kolon"un
media-tribunaları olacaq. Göründüyü
kimi, ABŞ Azərbaycan mediasından xəbərsiz Azərbaycan
mediasının "inkişafı" üçün vəsait
ayırır.
Azərbaycanda qrant maxinasiyaları artıq geniş miqyas
alıb və bu, birbaşa cinayətdir. Mövzu ilə bağlı
Prezident Administrasiyasının rəhbəri akademik Ramiz
Mehdiyevin söylədiyi fikirlər bu qrantların əslində,
Azərbaycana yönəlmiş ciddi təhlükə
olduğunu aydınlaşdırır: "Bəzi xarici QHT
nümayəndələrinin vaxtaşırı öz
hesablarından iri məbləğdə nağd pul
çıxarmaları ilə ölkədə baş verən
hadisələr arasında sinxron bağlılıq
müşahidə olunur. Bu çıxarışların həm
də aylıq xarakter daşıması ayrı-ayrı beynəlxalq
QHT-lərin həmin vəsaitləri müxalifətə
aylıq maaş şəklində
payladıqları barədə şübhələr
yaradır. Sosial şəbəkələr vasitəsilə
gənclərin dünyagörüşü
radikallaşdırılır, onlar təşkilatlandırılır,
pul hesabına qanunsuz tədbirlərdə iştiraka
stimullaşdırılırlar. Belə təşkilatların
bəzi nümayəndələri əvvəllər işlədikləri
ölkələrdə vətəndaşları kütləvi
iğtişaşlara təhrik etdikləri üçün
oradan xaric edilmişlər. Hazırda isə
qərəzli fəaliyyətlərini Azərbaycanda davam
etdirirlər".
Müxalifət partiyalarının bir gəlir sahəsi
də "siyasi mühacir" alveridir. Xaricə
köç edib, burada məskunlaşmaq istəyən şəxslərə
(onlar, adətən, siyasətdən, ümumiyyətlə,
anlayışı olmayanlardır) müxalifətçi vasitəçilər
başa salırlar ki, hər hansı bir Avropa ölkəsində
təhlükəsiz yaşama və davamlı müavinət
almalarının yolu onların qurduqları şəbəkədən
keçir. Beləliklə, müxalif işbazlar xaricə
köç etmək istəyənləri əvvəl
müxalif partiyaya (AXCP, Müsavat, ADP və s.) üzv
yazdırır və onları hər kvartalda bir dəfə
keçirilən qanunsuz aksiyaya dəvət edir, burada onlara
polisə müqavimət göstərməyi və bu prosesi
çəkən fotoqrafa düzgün poza verməyi
tapşırırlar. Növbəti gün şəkillər
qəzetlərdə dərc olunur və dərhal da
"müxalifətçinin hüquqlarının
pozulması və ailə üzvlərinin təqib
olunması" barədə arayışla birgə məlum
xarici QHT-lərə göndərilir. Bir ay
sonra isə "siyasi mühacirlərin" siyahısına
yeniləri əlavə olunur. Deyilənə
görə, müxalifətçilərin bu vasitəçilik
missiyası ölkədən asılı olaraq 5-20 min manat
arası qiymətləndirilir.
"Beşinci
kolon"a antiazərbaycançı şəbəkənin
böyük təlabatı var və görünən odur ki,
onların xidmətindən hələ uzun illər istifadə
etməyə maraq göstəriləcək. Şübhəsiz,
bu antimilli fəaliyyətin qarşısının
alınması üçün hüquqi prosedurlarla
yanaşı, ictimai etiraz da kütləvi hal almalıdr.
(Ardı var)
İxtiyar
HÜSEYNLİ,
Azərbaycan.-2014.- 18 iyul.- S.4.