Avropaya səs salan
Azərbaycan mədəniyyəti
Heydər
Əliyev Fondunun təşkilatçılığı
ilə Fransanın Kann şəhərində
bu gün də uğurla davam edən
"Azərbaycan günləri" dünyanın diqqət mərkəzinə
çevrilib
Son illər Azərbaycan mədəniyyəti və incəsənətinin səsi, sorağı müxtəlif tədbirlər formatında dünyanın inkişaf etmiş ölkələrinin möhtəşəm saraylarından gəlir. Belə tədbirlərdən biri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu günlərdə dünyanın mədəniyyət beşiyi hesab olunan Fransada keçirilir. Fondun həyata keçirdiyi uğurlu layihələr hesabına son illər Fransa ilə Azərbaycan arasında humanitar əlaqələr yeni səviyyəyə yüksəlmişdir.
Bu gün Fransanın ali məktəblərində yüzlərlə azərbaycanlı tələbə təhsil alır, bəzi Fransa universitetlərində Azərbaycan dili və tarixi tədris olunur. Eyni zamanda, Azərbaycanın paytaxtı Bakıda fransız liseyi fəaliyyət göstərir. Azərbaycan dövləti Luvr muzeyinin İslam İncəsənəti Departamentinin bərpasında iştirak edib, Heydər Əliyev Fondunun köməyi ilə Strasburqun Kafedral kilsəsi, Fransanın digər rayonlarında tarixi-memarlıq abidələri bərpa olunub.
Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın paytaxtında və iyirmi şəhərində Azərbaycanın mədəniyyətini təmsil edən sərgilər, konsertlər və digər tədbirlər keçirilir. Parisdə dahi Azərbaycan şairləri - Nizami Gəncəvi və Məhsəti Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş elmi konfranslar keçirilib. Bu yaxınlarda Miluz şəhərinin Yuxarı Alzas Universitetinin filologiya fakültəsinin konfrans zalı Heydər Əliyev Fondunun dəstəyi ilə tamamilə yenidən qurularaq Məhsəti Gəncəvinin adı verilib. Bütün bunlar xalqlarımızı və ölkələrimizi bir-birinə daha yaxın edib, daha sıx dostluq əlaqələri yaranıb. Bu əlaqələrin davamı kimi bu günlərdə Kann şəhərində böyük təntənə ilə keçirilən Azərbaycan mədəniyyəti günlərinin xüsusi yeri və dəyəri var.
Tədbirlər çərçivəsində Azərbaycan bayraqları və banerləri ilə bəzədilən Kann şəhəri yerli sakinlərə və qonaqlara ölkəmizlə yaxından tanışlıq əlaqəsi yaratmışdır. Bir neçə ildir Heydər Əliyev Fondunun dəstəyi ilə Aralıq dənizinin mirvarisi olan Kann şəhəri ilə Xəzərin qoynunda boy atan qədim Bakı arasında dostluq əlaqələri getdikcə genişlənir. Tədbirin ilk günü Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Kann şəhərinin meri Devid Lisnard ilə görüşmüş, ölkəmizin mədəni dəyərlərini Kann şəhərində təqdim etməkdən məmnunluğunu bildirmişdir.
Bu şəhərdə Azərbaycan günlərinin açılışına "Azərbaycan cazı" konsert proqramı ilə start verilmişdir. Proqramda 2015-ci ilin yayında ilk Avropa Oyunlarının Bakıda keçiriləcəyi ilə əlaqədar idmanla bağlı tədbirlər çoxluq təşkil edir. Bu sıradan Bakıda 2015-ci ildə keçiriləcək I Avropa Oyunlarının ölkədən kənarda təqdimatı ilə əlaqədar Kann şəhərinin məşhur Kruazett bulvarında keçirilən atəşfəşanlıq yaddaqalan olmuşdur. Gecədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak etmişdir. Konsertdə Azərbaycan cazının tarixini və müasir improvizasiyalarını əks etdirən kompozisiyalar təqdim olunmuşdur. Gecədə iştirak edən qonaqlara Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Azərbaycanın tarixini, milli və modern musiqi ənənələrini əks etdirən kitablar təqdim olunmuşdur.
Azərbaycan mədəniyyəti çərçivəsində şəhərdə "Bakı Avropa Oyunları-2015"in təntənəli təqdimatı da maraqlı keçmişdir. Şəhər əhalisi və burada istirahət edən minlərlə turist Azərbaycanla bağlı tədbirlər haqqında məlumatlandırılmışdır. Bu zaman tamaşaçılar ölkəmizin tarixi, musiqisi, ədəbiyyatı, klassik və modern incəsənəti ilə daha geniş formada tanışlıq imkanı əldə etmişlər. Tədbirdə "Azərbaycan zəngin mədəni dəyərlərə malikdir" - deyən Kann şəhərinin meri Devid Lisnard əminliklə bildirmişdir ki, gələn il ilk Avropa oyunları Bakıda yüksək səviyyədə təşkil olunacaq.
Mərasimdə "Bakı-2015 Avropa Oyunları" ilə bağlı videotəqdimatda ötən dövrdə görülən işlər, tikilən idman obyektləri, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən toplantılar barədə geniş məlumatlar öz əksini tapmışdır. Fransa Olimpiya və İdman Komitəsinin prezidenti Deni Masseqliya 2015-ci ildə ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini böyük hadisə adlandırmışdır. O, əminliklə bildirmişdir ki, Bakı Avropa Oyunlarına uğurla ev sahibliyi edəcək.
Kannda Azərbaycan mədəniyyəti günləri çərçivəsində Festivallar və konqreslər sarayında bir neçə sərgini özündə birləşdirən "Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi" sərgisinin açılış mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir. Mərasimdə çıxış edən Kannın Festivallar və konqreslər sarayının direktoru Kler-Ann Reks bildirmişdir ki, artıq ikinci ildir Azərbaycan Kannda uğurlu təqdimatlarla çıxış edir və bu da şəhərin həyatında mühüm hadisə kimi qiymətləndirilir. Kler-Ann Reks şəhərə gələn çoxsaylı turistlərin də bu tədbirlərə böyük maraq göstərdiklərini bildirmişdir.
Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Monsel demişdir ki, assosiasiyanın üzvlərinin sayı getdikcə artır və bu da Fransada Azərbaycana olan maraqdan irəli gəlir. Hər il minlərlə turistin ziyarət etdiyi Kannda "Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi" sərgisi tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Sərgidə rəssamlar Xalidə Səfərova və Kamil Nəcəfzadənin əsərləri yer almışdır. 50-dən çox rəsm əsərinin toplandığı ekspozisiya Fransaya həsr edilmişdir. "Fransa Azərbaycan rəssamlarının gözü ilə" adlı bölmədəki əsərlər fransızların daha çox diqqətini çəkmişdir. Sərgidə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi də təqdim olunmuşdur. Rəngbərəng ilmələrdən toxunan zərif, bənzərsiz naxışlarla bəzədilən xalçalar ilk baxışdan, sadəcə, gözəl əl işi kimi görünsə də, əslində, özündə bir dünyalıq sirr gizlədir. Hər naxışın, hər rəngin öz mənası, öz tarixçəsi var. Xalqımızın qürur mənbəyi olan, nəsillərdən-nəsillərə yadigar qalan xalçaçılıq sənəti həm də incəsənətimizin dünya mədəniyyətinə inteqrasiyasında bir vasitədir.
Azərbaycan mədəniyyəti günləri zamanı Kann şəhərinin sakinləri və çoxsaylı qonaqlar qədim misgərlik nümunələrimizlə də tanış olmuşlar. Bu sənətin əsrlərdən bəri sevilə-sevilə yaşadılması təsdiqləyir ki, Azərbaycanda qədim xalq sənəti növlərindən biri olan misgərlik çox erkən dövrlərə təsadüf edir və ölkəmiz onun inkişaf edən mərkəzlərindən biri olmuşdur. Azərbaycanlıların maddi mədəniyyətini, onlara xas olan xüsusiyyətləri əks etdirən milli geyimlərimiz də sərgiyə gələn hər kəsin diqqətini çəkmişdir. Xalqımızın tarixi, mədəniyyət və mənəvi dünyasından xəbər verən milli musiqi alətlərimiz tamaşaçılar tərəfindən son dərəcə maraqla qarşılanır. Ölkəmizin və onun mədəniyyətinin təbliğinə xidmət edən kitablara, bukletlərə və bu qəbildən olan digər nəşrlərə də maraq güclüdür. Azərbaycan mədəniyyəti günləri çərçivəsində Kannda gənc cazmen İsfar Sarabskinin Festivallar və konqreslər sarayında, açıq səma altında keçirilən konserti dinləyicilərdə xoş əhval-ruhiyyə yaratmışdır. Dünya şöhrətli modelyer Renato Baletranın Azərbaycan milli geyimlərinə həsr olunmuş "Müasir dəbdə Azərbaycan cazibəsi" adlı moda nümayişi olduqca maraqla qarşılanmışdır. Layihənin məqsədi Azərbaycanın milli ənənə və dəyərlərini yaşatmaq, milli ornamentlərin müasir dəbə təkan vermək, eyni zamanda, Şərq və Avropa mədəniyyətləri arasında vəhdət yaratmaqdır.
İyulun 8-dən 31-nədək "Azərbaycan günləri" adı altında düzənlənən möhtəşəm tədbirlər barədə Fransa mətbuatı, bu ölkənin televiziya kanalları hər gün Avropa ölkələrinə geniş məlumat verirlər. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günləri ölkəmizin tarixini, mədəniyyətini, ədəbiyyatını və incəsənətini Avropaya tanıtmaqda davam edir.
Rəhman SALMANLI,
Azərbaycan.-2014.- 18 iyul.- S.5.