Şirvan şəhərinin sosial-iqtisadi inkişafının

 sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla yerinə yetirilməsi sahəsində Şirvan şəhərində əsaslı infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən şəhərin sukanalizasiya sistemi yenidən qurulmuş, "Cənub" İstilik Elektrik Stansiyası inşa edilmiş, Olimpiya İdman Kompleksi, Müalicə Diaqnostika Mərkəzi, təhsil, mədəniyyət və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, avtomobil yolları çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmış, sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər görülmüşdür.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Şirvan şəhəri üzrə nəzərdə tutulmuş əlavə tədbirlərin həyata keçirilməsi, o cümlədən şəhərin Bayramlı qəsəbəsində inşa edilən 2 mərtəbəli 12 mənzilli yaşayış binasının tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Şirvan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və Bayramlı qəsəbəsində inşa edilən yaşayış binasının tikintisinin başa çatdırılması məqsədi ilə Şirvan Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 1,0 (bir) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 18 iyul 2014-cü il

Azərbaycan.-2014.- 19 iyul.- S.1.