Şeyxülislam müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açıb

 

 Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində iştirak

 

İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.

İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başladı.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür PAŞAZADƏ mərasimdə çıxış edərək dedi:

- Bismillahir-rəhmanir-rəhim!

Möhtərəm Prezident İlham Əliyev həzrətləri!

Hörmətli məclis iştirakçıları, əziz qonaqlar!

Ənənəvi iftar süfrəmizə verdiyiniz şərəfə, burada iştirakınıza görə sizə “Xoş gəlmisiniz” deyir və xoş arzular diləyirəm.

Allah-Təalanın bizə bəxş etdiyi Quranın nazil olduğu bu mübarək Ramazan ayında iftar süfrəmizə təşrif gətirdiyinizə, bu müqəddəs aya hörmətinizə görə sizə xoş arzularımı çatdırır, təşəkkürümü bildirirəm.

İftar süfrəsi arxasında sizinlə görüşmək bir ənənəyə çevrilmişdir. Bu ənənənin bünövrəsini qoyan əziz dostum, qardaşım ulu öndər Heydər Əliyev həzrətləri olmuşdur. Allah-Təala Ulu Öndərimizə və ömür-gün yoldaşı Zərifə xanıma rəhmət etsin, qəbirləri nurla dolsun, inşallah! Həm də bu iftar süfrəsi başına toplaşmağımız qardaşlıq, dostluq, dinlər, millətlər arasında dialoq, vicdan azadlığı və tolerantlıq deməkdir. Mən Rəbbin dərgahına şükür edirəm ki, Allah-Təala bu görüşün səadətini və bu ayın nemətini bizə nəsib etdi.

İftar süfrəsi arxasında bu görüş əlbəttə biz müsəlmanlar üçün çox xoşdur. Ötən iftar süfrəsindən keçən bir il ərzində ən mühüm hadisələrdən biri və ən önəmlisi Zati-aliləri İlham Əliyev həzrətlərinin Allahın istəyi və xalqın dəstəyi ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi olmuşdur. Həmin dövrlərdə zəvvarlarımız Məkkədə, müqəddəs Kəbə evində Allaha dua edib Azərbaycanın bu gününə və sabahına səs verdilər. Bu gün də dindarlarımız həmin səsverməni Allahın lütfü hesab edirlər.

Siz gözəl bilirsiniz, həmin dövrü yaşamısınız. Mən də həmin dövrü yaşamışam. Bir vaxtlar Azərbaycan parçalanmaq, dağılmaq ərəfəsində idi. Müstəqilliyimiz şübhə altında idi. Xalqın çağırışı ilə ulu öndər Heydər Əliyev həzrətləri yenidən hakimiyyətə qayıtdı. Nəinki Azərbaycanı parçalanmaqdan xilas etdi, yeni və daha gözəl bir Azərbaycan yaratdı.

Heydər Əliyev böyük siyasət xadimi, müdrik insan idi. Bu gün bir çox dövlətlərin rəhbərlərində məhz Heydər Əliyev siyasətinin çatışmazlığı görünür. Əgər onlar Heydər Əliyev siyasi məktəbindən öyrənsəydilər, bu gün dünyada baş verən hadisələr başqa məcrada inkişaf edə bilərdi. Bu gün ulu öndər Heydər Əliyev həzrətləri cismən olmasa da, ruhən bizimlədir, yaşayır və həmişə də yaşayacaqdır. Onun bizə göstərdiyi yol, bizim üçün miras qoyduğu dövlətçilik məktəbi, həyat verdiyi müstəqillik yaşayır və yaşamaqdadır.

Özü qədər inandığı İlham Əliyev həzrətləri Heydər Əliyev siyasətini şərəflə uca tutur. Bu gün Azərbaycan heç də 1990-cı illərin Azərbaycanı deyil. İndi Azərbaycan regionda möhkəm, iradəli, inkişaf etmiş lider dövlətdir. Azərbaycan bir çox mötəbər təşkilatların üzvüdür və onlara sədrlik edir. Bu il Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edir və həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Azərbaycan dünyada baş verən qlobal və regional məsələlərdə yaxından iştirak edir və onların həlli yollarını tapır. Əlbəttə bu, bizi çox sevindirir.

Heydər Əliyevin, - Allah rəhmət etsin, - müəllifi olduğu “Əsrin müqaviləsi” əgər Azərbaycan dövlətinin birliyinə yönəlmişdisə, Zati-aliləri, Sizin müəllifi olduğunuz XXI əsrin müqaviləsi – “Şahdəniz-2” qaz layihəsi Azərbaycanın inkişafı, bu günü və sabahı üçün atılan bir addımdır.

Azərbaycan dövləti və rəhbərliyi yalnız siyasi-iqtisadi məsələlərə deyil, həm də milli mənəvi dəyərlərə böyük önəm verir. Azərbaycanda dinindən, dilindən asılı olmayaraq hər bir vətəndaşa öz dini etiqadını yerinə yetirmək üçün bütün şərait yaradılmışdır. Azərbaycanda din xadimlərinə, dini ibadət yerlərinə dövlətimizin başçısı tərəfindən yüksək diqqət və qayğı göstərilir. Buna görə bir ağsaqqal kimi mən bütün dindarlar adından, Zati-aliləri, Sizə təşəkkürümü bildirirəm.

Azərbaycanda keçirilən beynəlxalq humanitar forumlar, din-dövlət məsələləri, millətlərarası, dinlərarası dialoqlar, dünya dini liderlərinin Azərbaycanda görüşü, patriarxların, İslam dini liderlərinin tez-tez Azərbaycana gəlməsi və Zati-aliləri ilə görüşməsi bizim üçün fəxarətdir.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyinin, Dini Mədəniyyətin İnkişaf Fondunun yaradılması bir daha göstərir ki, Azərbaycanda hərtərəfli inkişaf gedir.

Əlbəttə, burada Heydər Əliyev Fondunun da gördüyü çox böyük işlər vardır. Fondun prezidenti Mehriban xanım Əliyeva öz zərif çiynində Azərbaycan qədər böyük milli mənəvi dəyərlərimizə əvvəl həyat verdi, yaşatdı, onu dünya miqyasına qaldırdı və bütün dünyada təbliğ etdi.

Bu gün Azərbaycanı yalnız nefti, qazı, qaz kəmərləri ilə deyil, həm də mədəniyyəti, dünyagörüşü, mənəviyyatı, tolerantlığı ilə tanıyırlar. Ona görə də biz Heydər Əliyev Fondunun prezidenti Mehriban xanıma, Fondun vitse-prezidenti Leyla xanıma və bütün işçilərinə Allah-Təaladan xeyir dualar diləyirik.

Heydər Əliyev həzrətlərinin Təzəpirdən, Bibiheybətdən başladığı mənəviyyat yolu bu gün uğurla davam edir. Bakıda Əjdərbəy, Şamaxıda ən qədim Cümə məscidlərinin yenidən inşa olunması, Gəncədə İmamzadə kompleksinin əsaslı şəkildə yenidən qurulması, ən mühümü isə Binəqədi rayonunda yeni, gözəl, ən böyük bir məscidin tikilməsi ilə bərabər, həm də sinaqoqların, kilsələrin, katolik və udin kilsələrinin bərpa edilib və tikilib dindarların istifadəsinə verilməsi bunun əyani təsdiqidir.

Mən bir məsələni də qeyd etmək istərdim ki, bayaq dediyim kimi, əgər Azərbaycanda Binəqədi məscidinin 95 metrlik minarəsi ucalırsa, bununla bərabər həm də dünyada ən hündür bayraq Azərbaycan üzərində dalğalanır. Bu da hərtərəfli inkişaf deməkdir. Amma mən çox heyfsilənirəm ki, bunu gözü götürməyən qüvvələr də vardır. Açığı bizdə də məzhəblər arasında nifaq salmaq, dinlər arasında iğtişaş yaratmaq istəyirlər.

Zati-aliləri, mən Sizi əmin edirəm ki, dinindən, dilindən asılı olmayaraq Azərbaycan vətəndaşları öz Vətəninə, torpağına, dədə-baba adətinə sadiqdirlər və heç bir qüvvə onları bu yoldan döndərə, başqa yollara apara bilməz. Çünki bu dövlətin, din-dövlət əlaqələrinin bünövrəsini ulu öndər Heydər Əliyev həzrətləri qoymuşdur. Ulu öndər Heydər Əliyev həzrətləri deyirdi ki, müstəqilliyimiz həmişəyaşardır, əbədidir, inşallah. Amma buna inanmayan, ola bilsin şübhə ilə yanaşan bəzi qüvvələr varsa onlar Şəhidlər xiyabanına getsinlər, - Allah bütün şəhidlərə rəhmət etsin, Zati-aliləri, Qarabağ torpaqlarımızın tezliklə azad olunmasını da Sizin rəhbərliyinizlə bizə nəsib etsin, - gözləri ilə görsünlər orada uyuyan, canından, qanından keçən qardaşlarımız, oğullarımız, o dövrdə heç soruşurdular ki, kim hansı millətdəndir? Orada Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələri uyuyur. Bəs onları birləşdirən amal nə idi? Onları birləşdirən Vətən, torpaq, sevgi, qardaşlıq idi.

Bizim qurum - Qafqaz Müsəlmanları İdarəsi Heydər Əliyevə, onun siyasətinə, onun vəsiyyətlərinə həmişə sadiq olmuşdur. Allah-Təala bizə ömür versin. Ömrümüzün axırına qədər bu əqidədə qalacağıq. Əlbəttə, Heydər Əliyev çox böyük şəxsiyyət, dahi siyasət xadimi, həm də vəfalı dost, sözünə, əməlinə sadiq bir insan idi.

Zati-aliləri, Sizin bu iftar süfrəsində bizimlə birlikdə olmağınızı mən bu sədaqətin, bu vəfanın davamı hesab edirəm. Ona görə də öz adımdan, ailəm adından, dindarlar adından Sizə minnətdarlığımı bildirirəm. Mən bilirəm ki, Siz də Mehriban xanım da çox işləyirsiniz. Bəzən yorğunluq olur. Sizin gözəl nəvələriniz vardır. Onları yanınıza gətirirlər, onlarla görüşəndən beş-on dəqiqə sonra yorğunluğunuz yaddan çıxır.

Bu gecələr duaların qəbul edildiyi əhya gecələridir. Zati-aliləri, mən dua edirəm ki, Allah-Təala Sizə və Mehriban xanıma oğlunuzdan nəvə nəsib etsin, inşallah. Onunla bərabər olasınız, görüşəsiniz və bütün bu yorğunluqlar yaddan çıxsın.

Allah-Təaladan arzu edirəm ki, Sizin ailənizi xoşbəxt etsin. Bütün Azərbaycan xalqına xoşbəxtlik arzu edirəm. Allah-Təala xəstələrə şəfa versin, dualarımızı, ibadətlərimizi qəbul etsin, növbəti iftarı da bizə nəsib etsin, inşallah.

Bir daha “Xoş gəlmisiniz” deyirəm.

Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!

 

X X X

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri ALEKSANDR çıxış edərək dedi:

- Hörmətli cənab Prezident.

Hörmətli şeyx həzrətləri.

Möhtərəm din xadimləri.

Xanımlar və cənablar.

Sizinlə birlikdə din xadimləri ilə dünyəvi insanların görüşü kimi nadir bir hadisənin şahidiyik. Biz birlikdə, bir masa arxasında ünsiyyət saxlayır, dünyəvi insanları dini həyatla, dindar insanları isə dünyəvi siyasət və iqtisadiyyatın inkişafı ilə bağlı narahat edən məsələləri müzakirə edə bilərik.

Bu nadir imkan bizə dini mərasimlər, Ramazan ayı sayəsində qismət olur ki, bu ay ərzində iftar süfrəsi açmaq kimi gözəl dini adət vardır. Biz ilk dəfə deyildir ki, bu gözəl evdə toplaşırıq. Mənə belə gəlir ki, hər kəs bu görüş, dindarlarla dünyəvi insanlar arasında belə gözəl şəraitdə ünsiyyət imkanı ilə dərindən maraqlanır. Demək istərdim ki, bizdə, Azərbaycanda həqiqətən heyrətamiz bir imkan mövcuddur. Bununla əlaqədar keçən il baş vermiş bir hadisəni xatırlamaq istərdim. Noyabrın 15-də Bakıda Pravoslav Dini-Mədəni Mərkəzinin açılışı oldu. Cənab Prezident də açılış mərasiminə təşrif gətirmişdi. Cənab Prezident bu mərasimdə din xadimlərinə müraciətlə bizim multikulturalizm adlandırdığımız anlayış barədə çox əhəmiyyətli, deyərdim ki, proqram xarakterli nitq söylədi. Biz tolerantlıq barədə, onun imkanları, nailiyyətləri, uğursuzluqları haqqında çox danışmışıq. Lakin indi yeni bir termin yaranıb – multikulturalizm. Cənab Prezident bu anlayışı açıqlayaraq, onun mahiyyətini və ölkəmizdəki vəziyyəti təhlil edərək çox dəyərli sözlər dedi. O bildirdi ki, müxtəlif dinlərin nümayəndələri arasında qardaşlıq və dostluq münasibətləri ölkələrin gələcək inkişafının əsasıdır. Burada qloballaşma problemləri, identikliyin itirilməsi problemi də vardır. Məhz multikulturalizm sayəsində, xüsusən gənclər üçün cəmiyyətin mənəvi və ənənəvi əsasları qorunub saxlanılır. Multikulturalizm problemi gələcək nəsillərin öz identikliyini qoruyub saxlamasına imkan verir.

Multikulturalizm anlayışının təhlili çox vacibdir. Qeyd etməliyəm ki, multikulturalizm heç də hər yerdə müsbət nəticələr vermir. Burada da cənab Prezident bizim diqqətimizi ona yönəltdi ki, müxtəlif xalqların, müxtəlif mədəniyyətlərin, müxtəlif dinlərin nümayəndələri arasında bu cür münasibət yuxarıdan zorla qəbul etdirilməyib, bir tərəfdən insanların çətin vəziyyətdən çıxış yolları tapmaq cəhdi, ümumi dil tapmaq və ümumi gələcəyi qurmaq istəyi varsa, - onu da deyim ki, biz hamımız buna məhkumuq, - bizim ümumi gələcəyimiz olmalıdır, dövlət hakimiyyət orqanları bu meyli dəstəkləyirsə, onda, əlbəttə, multikulturalizm problemləri müsbət nəticələr verir, müsbət qərarlar qəbul edilir.

Cənab Prezidentin çıxışını özüm eşitsəm də onu bir neçə dəfə təkrar-təkrar oxumuşam. Birmənalı şəkildə deməliyəm ki, Azərbaycanda formalaşmış uğurlu model, deyərdim ki, xoşbəxt model bizim hökumətimiz tərəfindən, ölkəmizin rəhbərliyi tərəfindən bütünlüklə dəstəklənir.

Cənab Prezident, şəxsən öz adımdan və dindar qardaşlarım, din xadimləri adından Sizə dərin minnətdarlığımı bildirmək istərdim ki, Siz Azərbaycan Respublikasının daxili həyatının bu istiqamətini dəstəkləyirsiniz. Düşünürəm ki, multikulturalizm anlayışı ilə əlaqədar Azərbaycanın daxili siyasətində çox məqamlar daha aydın, daha anlaşıqlıdır və əlbəttə, hamı bunu alqışlayır. İstərdim ki, ölkəmizin ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş inkişaf yolunda daha böyük uğurlar diləyim.

Diqqətinizə görə hamınıza təşəkkür edirəm.

 

 

X X X

 Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix YEVDAYEV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli şeyx həzrətləri, qonaqlar.

Mübarək Ramazanın gəlişi İslam aləmi üçün böyük bir sevincdir. Çünki müqəddəs Qurani-Kərim bu ayda nazil olub. Xeyir-bərəkət də bu ayın kəramətinə yazılıb. Orucluq İslam dininin, imanımızın kamillik zirvəsidir. Bütün insanlarda Adəm övladının hər bir əməli özü üçün olduğu halda, oruc Allah üçündür. Allah da əvəzini verir. Allah-Təaladan arzu edərdim ki, tutduğunuz oruclar, etdiyiniz dualar Allahın dərgahında qəbul olunub, əvəzində isə Sizə, bütün xalqımıza, Azərbaycana xoş günlər, firavan həyat və əmin-amanlıq bəxş etsin. Biz - əsrlər boyu bu torpaqda yaşamış dağ yəhudiləri bu xalq ilə doğmalaşıb, qardaşlaşmışıq. Bu qardaşlığın rəmzidir ki, bu xalq bizi həmişə, uzun əsrlər boyu bütün bəlalardan hifz edib, bizə həmişə arxa-dayaq, həyan olub. Ona görə də deyirlər:

Qardaş arxalanar ancaq qardaşa,

Bu dünya durduqca firavan yaşa.

Sən ey qollarımın qüvvəti qardaş,

Daima dizimin taqəti qardaş.

Deməli, qardaş qardaşa ancaq bunları arzu edə bilər.

Bu məqamda mən gözəl bir kəlamı da xatırlatmaq istərdim ki, ulu öndərimiz, türk dünyasının dahi oğlu Heydər Əliyev cənabları demişdir: “Xalqın və Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir”. Bəli, bu gün Azərbaycanda yaşayan bütün xalqların taleyi gözəl Azərbaycanın taleyinə çevrilmişdir. Ona görə də biz həmişə Azərbaycanın kiçik bir parçasıyıq, bizi heç vaxt Azərbaycandan ayırmaq mümkün deyildir. Harada yaşamağımızdan, harada olmağımızdan asılı olmayaraq biz həmişə azərbaycanlıyıq.

Yaxşı deyiblər:

Sudan ayrılınca, candan ayrılaq,

Eşqi balıqlardan öyrənmək gərək.

Bizi də heç vaxt Azərbaycandan ayırmaq mümkün deyil. Ona görə də, möhtərəm Prezident, şeyx həzrətləri, bu əziz gündə Sizi, bütün Azərbaycan xalqını, bütün dünya müsəlmanlarını bizim xalqın adından, ümumiyyətlə bütün dünya yəhudiləri adından təbrik edir və hamınıza böyük ailə səadəti, xoş günlər, İbrahim peyğəmbər ömrü arzulayıram. Deyirlər həyatda iki yaraşıq var - evin yaraşığı uşaqlar, məclisin yaraşığı qonaqlardır. Həmişə belə məclislərin, xoş məclislərin yaraşığı olasınız. Ona görə də Allah-Təala cəmi şəhidlərimizə də rəhmət etsin, onların ruhu şad olsun, qəbirləri nurla dolsun. Allah-Təala bizə qismət etsin ki, yaxın zamanlarda Azərbaycanın dövlət bayrağı gözəl Qarabağımızda dalğalansın.

Şeyx həzrətləri, icazə verin sizə müraciətlə deyim:

İlham qonağındır, ellər var olsun,

İlhama hər zaman Allah yar olsun,

Evində həmişə toy-bayram olsun,

Bilsinlər qızıldır, incidir, ləldir İlhamım.

Sağ olun.

X X X

 Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində çıxış etdi.

 

X X X

 

Şeyxülislam Allahşükür PAŞAZADƏ dedi:

- Zati-aliləri, minnətdarlığımı bildirirəm.

Aleksandr Ata da gözəl danışdı, Milix Yevdayev də gözəl şeir dedi.

Cənab Prezident, Sizin mənə verdiyiniz önəmə görə bir daha minnətdarlığımı bildirirəm. İnşallah, Sizin rəhbərliyinizlə Azərbaycan çiçəklənəcək və xoşbəxt olacaq. Sizə cansağlığı arzu edirəm.

Buyurun, “Bismillah” deyib iftar süfrəsinə başlayaq.

İftar süfrəsinə xoş gəlmisiniz.

 

Azərbaycan.-2014.- 19 iyul.- S.2.