Ölkədə sənayeləşmənin coğrafiyası getdikcə genişlənir

 

Nazirlər Kabinetinin ilin birinci yarısına həsr

 olunmuş iclasında bu məsələ xüsusi qeyd edilmişdir

 

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkənin sənayeləşməsi məsələsinə xüsusi toxunmuşbu sahədəki mövcud vəziyyət, perspektivlər barədə öz tapşırıq və tövsiyələrini vermişdir. Cari ilin "Sənaye ili" elan edildiyi xatırladılmış, ölkənin sənayeləşməsi istiqamətində görüləcək işlər barədə geniş fikir mübadiləsi aparılmışdır.

Sənayeləşmə prosesini uğurla həyata keçirmək üçün "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası qəbul edilib. Bu dövlət proqramında ölkədə sənayeləşmənin bütün parametrlər üzrə həyata keçirilməsi və regionların əhatə edilməsi nəzərdə tutulub. Artıq bu proqrama uyğun olaraq işlərin müəyyən hissəsi həyata keçirilib. Lakin görüləsi işlər də çoxdur. Çünki bu proqram uzunmüddətlidir, onun həyata keçirilməsi də mərhələli olmalıdır.

Azərbaycanda polad istehsalına geniş imkanlar olsa da, bu sahədən lazımi qaydada istifadə edilmirdi. Hansı ki, sənayenin inkişafında metallurgiya sahəsinin xüsusi əhəmiyyəti var. Bu məqsədlə yuxarıda qeyd edilən dövlət proqramına uyğun olaraq, "Azərbaycan Polad İstehsalı Kompleksi"nin qurulması ilə bağlı məsləhət xidmətinin göstərilməsinə dair müqavilə imzalanıb, kompleksin yaradılması, mövcud istehsal sahələrinin fəaliyyətinin səmərəli təşkili, sağlamlaşdırılması və maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər uğurla həyata keçirilir.

Sənaye nəhənglərindən olan Sumqayıt Texnoparkının məhsulları nəinki ölkəmizdə, eləcə də xarici bazarda özünə daimi müştərilər tapa bilib. Yəni texnoparkda istehsal edilən məhsullar dünya standartlarının tələbinə tam cavab verir. Burada istehsal olunan məhsulların çoxu əvvəllər xaricdən idxal edilirdi və onların dəyəri də çox yüksək idi. İndi həmin məhsullar ölkəmizdə keyfiyyətlə istehsal olunureyni zamanda onun qiyməti də daxili bazarda olan alıcılar üçün sərfəlidir.

Dövlət yeni texnoparkların fəaliyyətində maraqlıdır, bu məqsədlə də investor kimi çıxış edir. Yəni ilkin olaraq əraziləri təmizləyir, burada müxtəlif infrastruktur vasitələri yaradır. Hazırda Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən rezidentlər tərəfindən poladpolietilen boruların istehsalına başlanılıb, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqların, polipropilen və yüksək sıxlıqlı polietilenin istehsalının təşkili işləri həyata keçirilir. Qeyd edək ki, belə məhsullara ölkə daxilində böyük tələbat var. Məhsul istehsalına başlandıqdan sonra biz daxili tələbatı ödəməklə xarici bazara çıxmaq imkanı da qazanacağıq. Çünki müasir dövrdə belə məhsullara dünya bazarında da böyük tələbat var. Texnoparkda gələcəkdə inşaat, əczaçılıq, aqrokimya, müxtəlif sahələr üçün kimya məhsullarının istehsalı nəzərdə tutulub.

Daha bir sənaye nəhəngimiz olan Balaxanı Sənaye Parkında qeydiyyata alınmış rezident şirkətlər tərəfindən tullantı yağlarından 120 adda müxtəlif növ məhsul istehsalının və plastik məmulatların təkrar emalının təşkilinə başlanılıb. Bu texnoparkın fəaliyyəti yeni növ məhsul istehsal etməklə yanaşı, ekologiyanın qorunmasına da böyük töhfə verəcək. Çünki Balaxanı Sənaye Parkının əsas xüsusiyyəti təkrar emal nəticəsində məhsul istehsalıdır.

Dövlətin həyata keçirdiyi siyasətin məqsədlərindən biri də sənayeləşmənin coğrafiyasını genişləndirməkdir. Hazırda Mingəçevir və Gəncə Sənaye parklarının yaradılması ilə bağlı hüquqi bazanın formalaşdırılması məqsədilə müəyyən işlər görülür. Gələcəkdə digər regionlarda da sənaye texnoparklarının tikilməsi nəzərdə tutulub. Belə hal ölkənin sənayeləşməsi və hərtərəfli  inkişafına təkan verən amil olacaq.

Son dövrlərdə yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması nəticəsində bir sıra məhsullar üzrə idxaldan asılılıq azalıb, tələbatın yerli istehsal hesabına ödənilməsinə başlanılıb. Hazırda tikinti sənayesində istifadə olunan bir çox məhsullar yerli xammal hesabına formalaşır. Bir faktı qeyd edək ki, yerli sement istehsal edən zavodların istismara verilməsi sayəsində tikinti materiallarının istehsalı 16,8, sement istehsalı isə 39 faiz artmışdır. Beləliklə, sementə olan tələbat ilin sonunadək daxili istehsal hesabına tam ödəniləcək.

Nazirlər Kabinetinin iclasında çıxış edən Prezident İlham Əliyev ölkənin sənayeləşməsinə toxunaraq demişdir: "Bu il "Sənaye ili"dir. Əlbəttə ki, sənayenin inkişafı diqqət mərkəzindədir. Həm xaricdən, həm daxildən investisiyaların cəlb edilməsi müsbət haldır. Biz investisiyaları, xüsusilə sənaye istehsalının artırılmasına yönəldirik, yönəldəcəyik və bu məqsədlə yeni struktur islahatları göz qabağındadır. Texnoparklar yaradılır, dövlət burada da öz üzərinə böyük məsuliyyət götürür, böyük maliyyə töhfəsini verir. Çünki texnoparkların yaradılması, orada təmizlik işlərinin aparılması, infrastrukturun qurulması, yollar, xətlər və sair - bütün bunlar dövlət hesabına olan məsələlərdir. Biz bunu dövlət büdcəsi hesabına özəl sektorun fəaliyyəti üçün edirik. Yəni biz özəl sektora qayğı göstəririk, real praktik addımlar atırıq. İnanmıram ki, indi hansısa bir ölkədə dövlət bu məsələlərlə bu qədər məşğul olsun".

Ölkədə qeyri-neft sənayesinin inkişafı istiqamətində görülən tədbirlər öz müsbət nəticəsini verib. Cari ilin birinci yarısında qeyri-neft sektorunda 7 faiz artım qeydə alınıb. Bu da ölkədə həyata keçirilən sənayeləşmə siyasətinin doğruluğunu bir daha sübut edir.

 

Rüstəm KAMAL,

Azərbaycan.-2014.- 20 iyul.- S.3.