Azərbaycan Prezidenti İlham Əliyev
“Norm”
sement zavodunun
açılışında iştirak edib
İyulun
21-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Bakının Qaradağ rayonunun ərazisində yerləşən
“Norm” sement zavodunun açılışında iştirak
edib.
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və sənayenin əsaslı şəkildə inkişaf etdirilməsi dövlətin böyük önəm verdiyi prioritet sahələrdən birinə çevrilib. Məhz buna görə də dünyada maliyyə və iqtisadi böhranın davam etdiyi bir şəraitdə Azərbaycan iqtisadiyyatı sürətlə artır, bütün sahələrdə yüksək tərəqqi müşahidə olunur. Son illər qeyri-neft sektorunu əhatə edən yeni istehsal sahələrinin yaradılması, mövcud müəssisələrin isə fəaliyyətinin genişləndirilməsi bu sahənin daha da inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. Bakının Qaradağ rayonunda “Norm” sement zavodunun inşası Azərbaycanda son dövrlərdə iqtisadi əhəmiyyəti ilə seçilən müəssisələrin sayının xeyli artdığını aydın nümayiş etdirir. Zavod ümumilikdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və rəqabətqabiliyyətli məhsul istehsal etmək baxımından mühüm əhəmiyyətə malikdir.
Müəssisədə inşaat işlərini Çinin “CNBM” korporasiyasının “CTİEC” tikinti şirkəti həyata keçirib. Zavodun tikintisi ilə yanaşı, müəssisənin yerləşdiyi ərazidə əsaslı infrastruktur yaradılıb, üçmərtəbəli inzibati bina, yeməkxana və tibb məntəqəsi tikilib. Bu istehsal müəssisəsinin ərazisindən Bakı-Salyan şosesinə birləşən 10 kilometr uzunluğunda asfalt yol inşa edilib, yeni elektrik, su və qaz xətləri çəkilib. Bundan başqa, seldən mühafizə bəndləri, həmçinin zavodun elektrik təchizatının etibarlı təminatı üçün yarımstansiyası inşa olunub.
Dövlətimizin başçısı İlham Əliyev 2014-cü ili “Sənaye ili” elan edib. Belə müasir istehsal müəssisəsinin məhz bu il işə düşməsi “Sənaye ili” çərçivəsində qarşıya qoyulan məqsədlərə çatmaq baxımından müstəsna əhəmiyyətə malikdir.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlətimizin başçısına müəssisədə görülən işlər barədə məlumat verdi.
Qeyd edildi ki, “Norm” sement zavodu nəinki Azərbaycan, ümumilikdə Cənubi Qafqazda sement istehsalı ilə məşğul olan ən böyük müəssisədir. Zavodun konsepsiyası işlənib hazırlanarkən onun uzun illər boyu məhsuldar və səmərəli istismarını təmin etmək məqsədilə müasir avadanlıq və texnologiyalardan istifadə edilib. Dünya miqyasında zəngin təcrübəyə malik mütəxəssislər və məsləhətçilərin iştirakı ilə bu sahədə ən son innovasiyalar araşdırılıb və mühəndis-layihələndirmə işləri nəticəsində zavodun iqtisadi səmərəliliyi təsdiqlənib.
Müəssisədə əsas istehsal nöqtələrində quraşdırılan kameralar vasitəsilə bütün prosesə mərkəzdən nəzarət olunur. İstehsal xətti boyu xüsusi avadanlığın tətbiqi və işıqlandırıcı cihazların örtüklə təmin edilməsi səs və işıq kimi təsirlərin qarşısının alınmasını təmin edir. Texnoloji avadanlığın soyudulması üçün istifadə edilən texniki su zavodda quraşdırılmış qurğularda təmizlənərək təkrar istifadə olunur ki, bu da suya qənaəti təmin edir. Bu müəssisənin işə düşməsi həm də yeni iş yerlərinin açılması baxımından böyük əhəmiyyət kəsb edir. Hazırda müəssisədə 350 nəfər çalışır. Daha 150 nəfər isə xammal yataqlarında və digər köməkçi sahələrdə işlə təmin olunub.
Zavodun inzibati binasında ulu öndər Heydər Əliyevin həm sovet dönəmində, həm də müstəqillik illərində hakimiyyəti dövründə Azərbaycanda istifadəyə verilən sənaye müəssisələrinin açılışlarında iştirakını, həmçinin dövlətimizin başçısı İlham Əliyevin bu sahəyə göstərdiyi diqqətdən bəhs edən fotostendlər quraşdırılıb.
Bildirildi ki, zavodun laboratoriyaları ən yüksək
standartlara cavab verir. Burada dünyanın tanınmış
şirkətlərinin avadanlığı
quraşdırılıb. Sement-beton
laboratoriyasında yaradılan şərait xammalın və məhsulun
keyfiyyətini araşdırmağa hərtərəfli imkan
verir. Zavodda quraşdırılmış əsas
texnoloji avadanlıq Avropanın bu sahədə
ixtisaslaşmış və dünyada böyük nüfuza
malik qabaqcıl şirkətlərinin istehsalıdır.
Bu, yüksək keyfiyyətli məhsul əldə
etməyə imkan verir.
Müəssisənin idarəetmə mərkəzində
Prezident İlham Əliyevə ölkənin sement
bazarındakı ümumi vəziyyət və zavod haqqında
məlumat verildi.
Qeyd edildi
ki, ötən il Azərbaycanda sement satışının həcmi
4,3 milyon ton təşkil edib ki, bunun da 40
faizi yerli istehsalçı olan “Holcim Azərbaycan”ın
payına düşür. Tələbatın
digər hissəsi isə idxal və klinkerdən istehsal edilən
sement hesabına ödənilib. Proqnozlara
görə, ölkədə sement istehsalı artmaqda davam edəcək
və ilin sonunadək daxili tələbat tamamilə yerli
istehsal hesabına ödəniləcəkdir. İllik
gücü 2 milyon ton olan “Norm” zavodunun fəaliyyətə
başlaması ilə yerli sement istehsalının həcmi 5,2 milyon tona çatacaqdır. “Norm”
sement zavodunun istehsal gücü gündə 5 min ton klinker və
ildə 2 milyon ton sement təşkil edir. Müəssisənin
istehsal gücünü 4 milyon tona çatdırmağa imkan
vardır. Zavodda neft sənayesi
üçün Azərbaycanda indiyədək istehsal olunmayan
və xaricdən idxal edilən “API” standartlarına uyğun
quyu-tamponaj sementi də istehsal ediləcək. Hazırda zavodda üç çeşiddə sement
istehsalı planlaşdırılır. Yaxın
gələcəkdə isə məhsulun çeşidinin
artırılması nəzərdə tutulur. Əsas xammal Qaradağda əldə edilir, qatqı
materialları isə Şəmkir, Goranboy, Ağstafa və
Tovuz rayonlarından gətirilir. Burada
istehsal zamanı “quru üsul” texnologiyasından istifadə
edilir. Sement istehsalında bu müasir
texnologiyanın üstünlüyü ondan ibarətdir ki, məhsulun
yüksək keyfiyyəti tam təmin edilir. Bu
texnologiyanın tətbiqi sayəsində xammalın
üyüdülməsində sudan istifadə
edilmir və demək olar ki, istehsal prosesində iki dəfəyə
yaxın az yanacaq istifadə olunur. Bu isə
öz növbəsində məhsulun maya dəyərini
aşağı salır. Bundan əlavə,
bu üsul sobadan çıxan qazların və tozun həcminin
kəskin azalmasını təmin edir ki, bu da öz növbəsində
sobanın məhsuldarlığını artırır.
Xammalın üyüdülməsi
üçün zavodda qurutma və üyütmə məhsuldarlığı
yüksək olan, enerjiyə maksimum qənaət edən dəyirman
da quraşdırılıb. Zavoddakı
texnoloji proseslər avtomatlaşdırılıb və insan
müdaxiləsi demək olar ki, minimuma endirilib. Burada fiber-optik kabellər vasitəsilə
bütün parametrlər üzrə məlumatlar idarəetmə
mərkəzinə ötürülür. Müəssisədəki müasir
avtomatlaşdırılmış idarəetmə sistemi sayəsində
texnoloji proseslərə və fiziki-mexaniki sınaqlara nəzarət
etməklə yanaşı, parametrlərin avtomatik tənzimlənməsinə,
həmçinin qurğuların məsafədən idarə olunmasına
imkan yaranır.
Prezident İlham Əliyev zavodu işə saldı.
Zavodun qabaqcıl avadanlıq və texnologiyalarla təchiz
olunması onun yüksək məhsuldarlığını və
istismar zamanı ekoloji standartlara cavab verməsini təmin edir. Zavodun
yaradılması prosesində ətraf mühitin mühafizəsi
məsələsinə xüsusi diqqət yetirilib. Bu məqsədlə müəssisənin istehsal xətti
boyu müasir toz süzgəcləri
quraşdırılıb. Bu avadanlıq qazın tərkibində
tozun miqdarının az olmasını təmin
edir ki, bu da dünyada qəbul olunan standartların tələblərinə
cavab verir. Əsas toz mənbələrində
havanın keyfiyyəti, həmçinin sobadan və xammal dəyirmanından
atmosferə atılan qazların miqdarı isə xüsusi
optik cihazlar vasitəsilə mütəmadi nəzarətdə
saxlanılır.
Bildirildi ki, “Norm” şirkətinin beynəlxalq əlaqələri
də genişdir. Şirkət Almaniya Sement
İstehsalçıları Assosiasiyası ilə sıx əməkdaşlıq
edir. Assosiasiya mütəxəssisləri tərəfindən
zavodda texnoloji prosesin monitorinqi aparılır. Hazır məhsul və xammal nümunələri
Assosiasiyanın Düsseldorfdakı laboratoriyasında mütəmadi
sınaqdan keçirilir. Zavodda istehsal
olunan bütün məhsullara Almaniya Sement
İstehsalçıları Assosiasiyasının
sertifikatı verilib. Bundan əlavə,
“Norm” şirkəti Avropa Sement Tədqiqatları
Akademiyasının həqiqi üzvüdür.
Beləliklə, qeyri-neft sektorunda həcminə görə
ən iri layihələr sırasında olan və təxminən
350 milyon dollara başa gələn “Norm” sement zavodu Azərbaycan
iqtisadiyyatının daha da qüdrətlənməsinə
töhfəsini verəcəkdir.
Zavodun fəaliyyəti ilə tanışlıqdan sonra
dövlətimizin başçısı kollektivlə
görüşdü.
Azərbaycan
Prezidenti İlham ƏLİYEV dedi:
- Əziz dostlar, bu gün ölkəmizin həyatında
çox əlamətdar bir gündür. Biz Bakıda,
Qaradağ rayonunda yeni sement zavodunun
açılışına toplaşmışıq. Sizi bu münasibətlə ürəkdən təbrik
edirəm.
“Norm” sement zavodu ən müasir standartlara cavab verir. Bu zavodun fəaliyyətə
başlaması sement istehsalında bütün hədəflərimizə
çatmaq üçün bizə imkan yaradır. Çünki bizim əsas məqsədimiz ondan ibarət
idi ki, bu sahədə idxaldan
asılılığımızı aradan götürək
və nəinki özümüzü tam şəkildə təmin
edək, eyni zamanda, kifayət qədər böyük ixrac
potensialının yaradılması da bizim hədəfimiz idi.
Zavodun inşasına 350 milyon dollar sərmayə
qoyulmuşdur.
Bu, son illər ərzində Azərbaycanda tikilən
ən böyük sement zavodudur. Bu zavodun fəaliyyətə
başlaması, eyni zamanda, 500 yeni iş yerinin
yaradılmasına imkan verir. Əslində
zavodun yaradılmasında Azərbaycanda iqtisadi sahədə və
sənaye sahəsində bütün dövlət siyasəti
öz əksini tapır. Çünki
bizim siyasətimiz ondan ibarətdir ki, Azərbaycanda yerli
istehsal genişlənsin, idxalı əvəzləyən
istehsal yaradılsın. Qeyri-neft sektorunun
inkişafı bizim prioritetimizdir. Bildiyiniz kimi, bu il Azərbaycanda “Sənaye ili” elan edilib və sənaye
istehsalının yaradılması, genişləndirilməsi
bizim əsas məqsədimizdir.
Yəni, dövlət siyasətimizin bütün istiqamətləri
bu zavodda demək olar ki, öz əksini tapıb. Çox
şadam ki, hazırda Azərbaycanda bir neçə sement
zavodu fəaliyyət göstərir. Yadımdadır, bir
neçə il bundan əvvəl sadəcə
olaraq, yalnız Qaradağ sement zavodu işləyirdi. O da
ekoloji normalara uyğun deyildi. Orada böyük
yenidənqurma işləri aparılmışdır və
ötən dövrdə “Holcim” zavodunun fəaliyyətə
başlamasını qeyd etmişik. Qazaxda,
Naxçıvanda, Sumqayıtda sement zavodları vardır. Hazırda bu zavodun - ən böyük “Norm” zavodunun
fəaliyyətə başlaması Azərbaycanda sement
istehsalını 5 milyon tona çatdırır, bəlkə
ondan da bir qədər çox. Tələbat isə 4,5 milyon tondur. Yəni, biz
artıq fikirləşməliyik ki, ilk növbədə,
daxili bazarımızı qoruyaq. Bu məqsədlə
İqtisadiyyat və Sənaye Nazirliyi təklifləri
hazırlayır. Çünki artıq bu
zavodun fəaliyyətə başlamasından sonra xaricdən
sementin gətirilməsi məqsədəuyğun deyildir.
Eyni zamanda, biz öz sementimizlə, ixrac məhsulumuzla
yeni bazarlara çıxmalıyıq. Əslində
bizim ixrac potensialımızın gücləndirilməsi
artıq təmin edilir. Nəzərə
alsaq ki, bu zavodda istehsalı artırmaq üçün
imkanlar var, hesab edirəm, gələcəkdə yeni bazarlara
çıxdıqca Azərbaycanın bütün sement
zavodları öz fəaliyyətlərini genişləndirə
bilər.
Zavodun tikintisində ən müasir avadanlıqdan istifadə
edilib, Avropa istehsalı olan avadanlıq
quraşdırılıbdır. Zavodun tikintisini isə
baş podratçı kimi Çin şirkəti icra edib və
bu da Azərbaycanın iqtisadi sahədə beynəlxalq əlaqələrinin
güclü olduğunu göstərir. Bizim
tərəfdaşlarımız arasında Avropa, Asiya şirkətləri
yer tutur və bu gün Azərbaycanda fəaliyyət göstərmək,
işləmək üçün bizə çoxlu müraciətlər
daxil olur. Azərbaycanda son illərdə
müşahidə olunan iqtisadi inkişaf, sənayeləşmə
prosesi, geniş infrastruktur layihələrinin həyata
keçirilməsi, əlbəttə ki, ölkəmizə
beynəlxalq biznes qurumlarının diqqətini artırır.
Eyni zamanda, bizim uğurlu inkişafımıza
da böyük inam vardır. Çünki
bu gün bizim həm maliyyə, həm iqtisadi vəziyyətimiz
kifayət qədər möhkəmdir, sabitdir. Bizim iqtisadi siyasətimiz dəqiq proqram əsasında
icra edilir. Hazırda üçüncü
regional inkişaf proqramı icra edilir və bu proqram 2018-ci ilə
qədər ölkəmizin əsas infrastruktur layihələrinin
icrasına xidmət göstərəcəkdir.
Əlbəttə, bizim xarici tərəfdaşlarımız
da bütün bu məlumatları əldə ediblər və
bilirlər ki, Azərbaycanda həm dövlət
investisiyaları, eyni zamanda, özəl investisiyalar
böyük həcmdə qoyulur. Dövlət
investisiyaları daha çox infrastruktur layihələrinə,
sosial infrastruktur layihələrinə yönəldir və
eyni zamanda, büdcədən özəl sektora kredit şəklində
güzəştli şərtlərlə vəsait
ayırır. Özəl sektor isə Azərbaycanın
sürətli inkişafından istifadə edərək öz
sərmayələrini bax, belə gözəl müəssisələrə
yönəldir və beləliklə, Azərbaycanda dövlət
və özəl tərəfdaşlıq ən yüksək
səviyyədə təmin edilir. Son
vaxtlar Azərbaycanda yaradılan sənaye müəssisələri,
infrastruktur layihələrinin icrası, sənayeləşmə
ilə bağlı atılan addımlar əminəm ki, gələcəkdə
daha da gözəl nəticələrə gətirib
çıxaracaqdır.
Bu gün biz ölkəmizdə gedən sənaye və
iqtisadi prosesləri istiqamətləndiririk və burada əsas
məsələ bu sahədə təhlükəsizliyi tam
şəkildə təmin etməkdir. İlk növbədə
enerji təhlükəsizliyidir ki, Azərbaycanda bu, artıq
100 faiz səviyyəsində təmin edilib və hətta biz
başqa ölkələrin enerji təhlükəsizliyinə
öz töhfəmizi veririk.
Azərbaycanda
nəqliyyat təhlükəsizliyi təmin edilir və son
vaxtlar icra edilən və icrada olan layihələr –
Bakı-Tbilisi-Qars dəmir yolu, Gəmiqayırma zavodu, Ələt
Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, digər
layihələr nəqliyyat təhlükəsizliyimizi tam təmin
edəcəkdir. Coğrafi vəziyyətimiz elədir
ki, əgər biz müasir infrastrukturla bu coğrafi
üstünlükləri zənginləşdirsək Azərbaycan
ərazisindən böyük həcmdə yüklərin
keçirilməsi mümkün olacaqdır.
Ərzaq təhlükəsizliyi təmin edilir. Biz yaxın zamanlarda özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz təmin edəcəyik. Hazırda Azərbaycanda inşaat materiallarının istehsalı istiqamətində böyük işlər görülür. Sement sahəsində biz bunu artıq tam şəkildə təmin etmişik, böyük metallurgiya kompleksinin tikintisi artıq başlamışdır.
Qaradağ rayonunda və digər bölgələrdə bir çox sənaye müəssisələri fəaliyyət göstərir. Bir sözlə, özümüzü 100 faiz təmin etməliyik və xarici bazarlara keyfiyyətli məhsulla çıxırıq və çıxmalıyıq. Belə olan halda ölkəmizin uzunmüddətli dayanıqlı inkişafı təmin ediləcək, iş yerlərinin yaradılması prosesi davam etdiriləcək və ölkəmizdə qeyri-neft sektoru daha da böyük paya malik olacaqdır. Hazırda ümumi daxili məhsulumuzda qeyri-neft sektoru 55 faiz təşkil edir. Baxmayaraq ki, biz indi böyük qaz layihələrini icra etməyə başlayırıq və əlavə böyük qaz hasilatı gözlənilir, əminəm, yaxın illərdə qeyri-neft sektorumuz ümumi iqtisadiyyatda daha da böyük paya malik olacaqdır.
Bu zavodun fəaliyyətə başlaması məni çox sevindirir. Çünki bir daha demək istəyirəm ki, mən burada dövlət siyasətimizin təzahürünü görürəm. O siyasət ki, bu gün Azərbaycanda böyük inkişafa səbəb olmuşdur. Ölkəmizin inamlı, uzunmüddətli dayanıqlı inkişafını təmin edən bizim siyasətimizdir - daxili siyasət, siyasi sahədə atılan addımlar, iqtisadi islahatlar. Təsadüfi deyil ki, dünyanın aparıcı maliyyə və iqtisadi qurumları Azərbaycanda iqtisadi sahədə görülən işlərə çox böyük qiymət verir. Rəqabətqabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 39-cu yerdədir. Belə zavodların işə düşməsi nəticəsində bizim yerimiz daha da yüksək olacaqdır. Mən sizi bu zavodun fəaliyyətə başlaması münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizə uğurlar arzulayıram. Sağ olun.
X X X
Sonra dövlətimizin başçısı müəssisənin tikinti işlərini aparan Çin şirkətinin nümayəndələri ilə söhbət etdi.
Şirkətin nümayəndəsi Sun JİANAN: Azərbaycan çox gözəl ölkədir.
Prezident İlham ƏLİYEV: Mən bu yaxınlarda Çində olmuşam, Prezidentlə görüşmüşəm. Çox yaxşı görüşümüz olubdur.
Çin-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Şadam ki, sizin şirkətiniz belə gözəl layihəni icra edib. Bu, hər halda Azərbaycanda birinci layihənizdir, elədirmi?
Sun
JİANAN: Bəli, Azərbaycanda birincidir. Amma
ümid edirik ki, gələcəkdə yenə layihələr
olacaqdır.
Prezident
İlham ƏLİYEV: Gələcəkdə mütləq yenə
də layihələr olacaq.
Şirkətin
nümayəndəsi Ma MİNQLANQ: Bu zavod çox
yaxşı, keyfiyyətli sement istehsal edir.
Prezident İlham ƏLİYEV: Bu, nəinki Azərbaycanda, bütün bölgədə bir nömrəlidir. Çox yaxşı, sizə uğurlar. Sağ olun.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan.-2014.- 22 iyul.- S.1-2.