«Prezident İlham Əliyev torpaqların

 qaytarılmasını və qələbəni bəyan edəcək»

 

Bunu deyən erməni analitik ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda məğlub olacağını etiraf edir

 

"Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması qətiyyən mümkün deyildir. Əlbəttə ki, Azərbaycan dövləti buna heç vaxt imkan verməyəcək və heç bir ölkə qondarma "Dağlıq Qarabağ respublikasını" müstəqil qurum kimi tanımayacaqdır... Məsələnin həlli ölkəmizin ərazi bütövlüyü çərçivəsində olacaqdır. Başqa variant yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir! Biz sadəcə olaraq istəyirik ki, bunu nə qədər mümkündürsə tez edək. Ancaq edəcəyik".

Bu fikirləri iyulun 7-də Prezident İlham Əliyev Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində söyləmişdir. Diplomatlara yeni fəaliyyət istiqamətləri ilə bağlı ciddi tapşırıqlar verən dövlət başçısı eyni zamanda vurğulamışdır ki, xalqımız bütün tarixi torpaqlara qayıdacaq, qayıtmalıdır.

Tarixi torpaqlarımızı işğal edib öz məkrli siyasətini davam etdirən və heç bir danışıq masasına əyləşməyən Ermənistan artıq dalana dirənib. Çünki Cənubi Qafqazın lider dövləti kimi öz müstəqil siyasəti ilə hazırda dünyanın inkişaf etmiş ölkələri sırasında adı çəkilən Azərbaycan bu gün işğalçı ölkəni regionda bütün iqtisadienerji layihələrindən təcrid edib. Buna görə isə bəzi dairələr Azərbaycanı əsassız şəkildə tənqid edirlər. Ölkəmizin 20 faiz torpağını işğal edən, xalqımıza qarşı soyqırımı aktı həyata keçirən və 1 milyona yaxın soydaşımızı qaçqın və məcburi köçkün vəziyyətinə salan bir terrorçu dövlətlə Azərbaycan hansı formada əməkdaşlıq etməlidir ki? Əlbəttə ki, bu ölkə ilə heç bir əməkdaşlıqdan söhbət gedə bilməz. Vasitəçilərin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli sürdükləri hər hansısa bir təklifə razılıq verməyən Ermənistanın hansısa layihədə iştirakına Azərbaycan yalnız öz maraqları çərçivəsində razılıq verə bilər. Bu da işğal olunmuş torpaqlardan Ermənistan silahlı qüvvələrinin tamamilə çıxarılmasıdır.

Regionda iqtisadi layihələrdən təcrid olunan Ermənistan bu gün açınacaqlı vəziyyətdədir. Çox kiçik daxili bazarı və ixrac imkanları sıfıra bərabər olduğu üçün Ermənistanın inkişaf potensialı yoxdur. Özlərinin rəsmi statistikasına görə, bu ilin birinci rübündə 40 min erməni ölkəni tərk edib. Çox güman ki, real rəqəmlər ondan da böyükdür. Getdikcə isə bu rəqəm daha da artacaq. Bəllidir ki, işğalçı ölkəni bir qədər ayaqda saxlayan xarici yardım və diaspordur. Lakin onların da tükənən zamanı yetişəcək və işğalçı ölkə məcburən danışıqlar masasına əyləşmək məcburiyyətində qalacaq. Bu günlərdə erməni mətbuatına açıqlama verən bu ölkənin analitiki Maykl Mensoyan da bildirib ki, Ermənistanın danışıqlar aparmağa razılıq verməsi Azərbaycanın qələbəsi ilə nəticələnəcək: "Azərbaycan torpaqlarını geri alacaqQarabağ erməniləri öz müstəqilliklərini itirəcək" deyən analitik hesab edir ki, münaqişənin həllinə dair danışıqlar Azərbaycanın xeyrinə qərarın çıxarılması ilə nəticələnəcək. Çünki danışıqlar masasına gətirilən Madrid prinsipləri Ermənistanın və Dağlıq Qarabağın maraqlarına uyğun deyil. Artıq Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulması iddiası öz təsdiqini tapmağa başlayır.

Onun fikrincə, dünya münaqişənin sülh yolu ilə həll edilməsinin əhəmiyyətini vurğulayır. Bölgədə sülh əldə olunarsa, Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrini beynəlxalq sülhməramlı qüvvələr əvəzləyəcək: "Nəticədə Prezident İlham Əliyev haqlı olaraq torpaqların qaytarılmasını və qələbəni bəyan edəcək. Bu an bizim edə biləcəyimiz bir şey qalmayacaq".

Maykl Mensoyanın bu açıqlaması Ermənistanda səs-küyə səbəb ola bilər, ancaq bizdə heç bir təəccüb doğurmur. Azərbaycanın apardığı məqsədyönlü siyasətin sonu cənab İlham Əliyevin haqlı qələbəsini bəyan etməklə nəticələnəcək. Dünya artıq Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulduğunu qəbul edirbütün beynəlxaq toplantılarda münaqişə ilə bağlı Azərbaycanın iddiaları öz təsdiqini tapmağa başlayır. Dünyada gedən proseslərin inkişafı onu göstərir ki, Azərbaycan hər il, hər ay öz məqsədinə yaxınlaşır. Diplomatlarla keçirilən görüşdə dövlət başçısı xüsusi olaraq bir daha bu məsələyə toxundu: "Məqsədimiz ərazi bütövlüyümüzü bərpa etmək, Azərbaycan bayrağını Şuşada, Xankəndidə qaldırmaqdır. Budur bizim əsas vəzifəmiz və bu məqsədə çatmaq üçün nəinki diplomatlar, bütün cəmiyyət öz səylərini birləşdirməlidir, birləşdiribdir. Bu, bizim milli məsələmizdir. Azərbaycanda bundan vacib məsələ yoxdurbu məqsədə çatmaq üçün biz hər gün çalışırıq və çalışacağıq".

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 22 iyul.- S.8.