Əmək və əhalinin sosial müdafiəsi naziri
Quba şəhərində
vətəndaşları qəbul etdi
Prezident
İlham Əliyevin tapşırıq və tövsiyəsinə
əsasən, mərkəzi icra hakimiyyəti orqanların rəhbərləri
bölgələrdə vətəndaşların qəbulunu
keçirir, onların müxtəlif məsələlərlə
bağlı müraciətlərinin, ərizə və
şikayətlərinin müsbət həll olunması
üçün müvafiq tədbirlər görürlər.
AzərTAc
xəbər verir ki, əmək və əhalinin sosial
müdafiəsi naziri Səlim Müslümov iyulun 21-də Quba
şəhərində Qusar, Xaçmaz, Quba, Şabran və
Siyəzən rayonlarından olan vətəndaşları qəbul
etdi.
Qəbula
gələn vətəndaşların müraciətləri
minik avtomobilləri və reabilitasiya vasitələri ilə təmin
olunmaq, dövlət hesabına mənzillə təmin edilmək
üçün növbəyə yazılmaq, əlilliyi olan
şəxslərin bərpa və müalicəsinin təşkili,
sosial xidmətə cəlb edilmək, məşğulluğun
təminatı, əmək hüquqlarının müdafiəsi
və s. məsələlərlə bağlı idi. Əvvəlki
qəbullarla müqayisədə ünvanlı dövlət
sosial yardımının, eləcə də əlillik dərəcəsinin
təyin olunması barədə müraciət edən vətəndaşların
sayı xeyli az olub.
Müraciətlərin
araşdırılaraq qanunvericilik çərçivəsində
həll edilməsi ilə bağlı tapşırıq verən
Səlim Müslümov dövlət hesabına mənzillə
təmin olunmaq istəyənlərin rayon (şəhər)
icra hakimiyyətlərində növbəyə
götürüldüyünü qeyd edərək bildirdi ki,
bu ilin ötən dövründə müxtəlif bölgələrdə
118 əlil və şəhid ailəsinə mənzil verilib.
Nazir jurnalistlərə müsahibəsində Prezident İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, cari ilin 1 yanvarınadək mənzil növbəsinə duran 5 min 731 nəfər əlil və şəhid ailəsinin 2014-2018-ci illərdə mərhələli şəkildə mənzil, yaxud fərdi evlə təmin ediləcəyini diqqətə çatdırdı. Bildirildi ki, son 3 ay yarım ərzində artıq 1100 nəfər əlilliyi olan şəxsə minik avtomobili verilib. Bu ilin əvvəlinədək növbədə olanların hamısı gələn ayın sonunadək avtomobillə tam təmin ediləcək.
Səlim Müslümov son 6 ayda 3 min 600 nəfərdən çox əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın nazirliyin tabeliyindəki 14 mərkəzdə bərpa-müalicə kursu keçdiyini, belə şəxslərin, ümumilikdə, 10 mindən çox reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edildiyini bildirdi. Qeyd olundu ki, nazirliyin əlillərin bərpa mərkəzlərində müalicə almaq, həmçinin reabilitasiya avadanlıqları ilə təmin edilmək üçün tələb olunan sənədlərin siyahıları nazirliyin rəsmi internet saytında (www.mlspp.gov.az) yerləşdirilir.
Qəbul zamanı nazir müraciətlərinə uyğun olaraq, bir sıra vətəndaşların məşğulluğunun təminatına köməklik göstərilməsi, ünvanlı yardım almaq və sosial xidmətə cəlb olunmaq hüququna baxılması, əlillik vəziyyətlərinin müəyyən edilməsi üçün müayinəyə cəlb edilməsi barədə tapşırıqlar verdi.
“Açıq qapı” şəraitində
keçirilən qəbulda sorğu xarakteri daşıyan bir
sıra müraciətlərlə bağlı müvafiq
izahatlar verildi, həmçinin
nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlər
aidiyyəti qurumlara çatdırılmaq
üçün qeydiyyata
alındı.
Azərbaycan.-2014.- 22 iyul.- S.8.