Xızıda Heydər Əliyev Mərkəzi
açılıb
Prezident
İlham Əliyevin Xızı rayonuna səfəri
İyulun
22-də Xızıda Heydər Əliyev Mərkəzi
açılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulmasında, respublikamızın hərtərəfli inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkəmizin bütün bölgələrində, o cümlədən Xızıda mühüm işlər görülür və vacib layihələr reallaşdırılır. Rayonun mərkəzində yeni tikilən Heydər Əliyev Mərkəzi Ümummilli Liderin xatirəsinə dərin ehtiramın nümunəsidir. Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar toplanıb. Burada Heydər Əliyevin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, bu böyük şəxsiyyətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, qüdrətli ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən foto, kitab və digər vəsaitlərə geniş yer verilib. Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin təbliği, Azərbaycan vətəndaşlarının dünyada gedən müasir proseslər çərçivəsində öz vətəni, milləti və xalqının taleyi ilə bağlı genişmiqyaslı layihələrdə iştirakının təmin olunması, onların arzu və niyyətlərini gerçəkləşdirmək əzminin reallaşması baxımından mühüm əhəmiyyət daşıyan Heydər Əliyev Mərkəzi həm də Azərbaycanın müasir reallıqlarını əks etdirir.
Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, Mərkəzin tikintisinə
2013-cü ilin aprelində başlanıb. Binanın ətrafında
geniş abadlıq-quruculuq işləri görülüb.
Müasir interyeri ilə diqqəti cəlb edən
Mərkəzin foyesində Ümummilli Liderin büstü
qoyulub. Mərkəzdə ulu öndər
Heydər Əliyevin həyat və fəaliyyətinə dair
tarixi sənədlərə geniş yer verilib. Burada Ümummilli Liderin həyatının
uşaqlıq, gənclik və tələbəlik illəri, həmçinin
sovet və müstəqillik dövrünə aid müxtəlif
fotoları maraqla qarşılanır. Bu
fotolarda Ümummilli Liderin istər sovet hakimiyyəti illərində,
istərsə də müstəqillik dövründə Azərbaycana
rəhbərliyinin müxtəlif məqamları əks olunub.
Bundan başqa, Mərkəzdə Ümummilli
Liderlə bağlı kitablar, sənədlər və digər
maraqlı eksponatlar sərgilənir. Binada,
həmçinin Prezident İlham Əliyevin Xızıya səfərlərini
əks etdirən fotolardan ibarət stend də maraq doğurur.
Son illərdə respublikamızda fəaliyyət
göstərən Heydər Əliyev mərkəzlərində
yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili
kimi xoşməramlı tədbirlərə də
başlanıb. Qeyd edildi ki, bu Mərkəzdə
də vətəndaşlıq vəziyyəti aktlarının
qeydiyyatı və bununla bağlı mərasimlərin təşkili
də nəzərdə tutulur.
Mərkəzin tikintisində şəhərsalma
memarlığının son nailiyyətlərindən istifadə
olunub. Burada sərgi salonu, kafe, istirahət və digər
yardımçı otaqlar var. Açıq sərgi salonunda
maraqlı rəsm nümunələri sərgilənir. Mərkəzdə elektron kitabxana, kulinariya, xalq sənətkarlığı
emalatxanası, musiqi və heykəltəraşlıq dərnəkləri
fəaliyyət göstərəcək. Bu
dərnəklər gənclərin müxtəlif sənətlərin
sirlərinə yiyələnməsinə, onların asudə
vaxtının səmərəli təşkilinə geniş
imkanlar yaradır. Mərkəzdəki
kompyuter otağı, rəsm və dizayn studiyaları, virtual
sinif də müasirliyi ilə diqqəti cəlb edir. Burada rayonun ictimai-siyasi həyatında baş verən
mühüm hadisələr və əlamətdar günlərlə
bağlı tədbirləri yüksək səviyyədə
keçirmək üçün hərtərəfli imkan
yaradılıb. Mərkəzdəki 230
yerlik akt və kiçik konfrans zallarında ictimai-siyasi və
mədəni-kütləvi tədbirlərin, o cümlədən
ulu öndər Heydər Əliyevin zəngin irsinin geniş təbliği
məqsədilə açıq dərslərin keçirilməsi
nəzərdə tutulub. Buraya gələnlər
3D kino zalından, pnevmatik tir zallarından istifadə edə
bilərlər.
Heydər Əliyev Mərkəzi ilə
tanışlıqdan sonra dövlətimizin
başçısı rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşdü.
Rayon
ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident
İlham ƏLİYEV dedi:
- Sizi
ürəkdən salamlayıram. Yenidən
Xızıda olmağımdan çox şadam. Bu, Xızıya mənim üçüncü səfərimdir.
Yadımdadır, keçən dəfə xəstəxananın
açılışını qeyd etmişik.
Bu gün də bu möhtəşəm Heydər
Əliyev Mərkəzinin açılışında bir yerdəyik. Bu gözəl
hadisə münasibətilə sizi ürəkdən təbrik
edirəm. Bu, çox gözəl Mərkəzdir,
çox gözəl binadır. Həm
xarici görünüşü, həm daxili tərtibatı ən
yüksək səviyyədədir. Çox
böyük zövqlə tikilibdir. Əminəm
ki, Xızı rayonunun sakinləri bu Mərkəzdən səmərəli
şəkildə istifadə edəcəklər. Çünki bu Mərkəzdən gənclər,
yeniyetmələr, yaşlı nəslin nümayəndələri
müxtəlif istiqamətlər üzrə istifadə edə
bilərlər. Həm funksional, həm
memarlıq baxımından çox gözəl bir yerdir.
Burada fəaliyyət göstərəcək dərnəklərdə
gərək gənclər iştirak etsinlər və bu Mərkəz
yaşamalıdır. Çünki belə
gözəl bina tikilib və əlbəttə ki, bunun
funksional tərəfi də yüksək səviyyədə təşkil
edilməlidir.
Mərkəz Ulu Öndərin adını
daşıyır və bu da təbiidir. Çünki
Heydər Əliyev müstəqilliyimizin banisidir. Məhz onun fəaliyyəti nəticəsində bu
gün Azərbaycan müstəqil dövlət kimi
yaşayır, güclənir. Ölkəmiz
üçün ən ağır dövrdə xalqın tələbi
ilə rəhbərliyə gəlmiş Heydər Əliyev
müstəqilliyi təmin edib, vətəndaş müharibəsinə
son qoyub, ölkəmizi inkişaf yoluna çıxarıb.
Bu gün biz bu siyasətə bütün istiqamətlər
üzrə sadiqik və ölkəmizin uğurlu
inkişafı bu siyasətin nəticəsidir. Bu inkişafı biz Xızı rayonunun timsalında
da görürük. Çünki
bildiyiniz kimi, Xızı o qədər də böyük rayon
deyil, əhali də 15 min civarındadır.
Buna baxmayaraq, Xızının sosial-iqtisadi
inkişafı üçün bütün lazımi tədbirlər
görülür. Biz bu tədbirləri
ardıcıllıqla görürük ki, bütün
insanları narahat edən məsələlər öz həllini
tapsın. Magistral yoldan Xızıya
gözəl bir yol çəkilib. Bu yol əvvəlki
dövrdə o qədər də yaxşı vəziyyətdə
deyildi. İndi ən gözəl
standartlara uyğundur. Burada digər yol
layihələri icra edilir. Bu yaxınlarda kənd
yollarının tikintisi üçün əlavə vəsait
ayrılmışdır. Altıağac kəndinə
qədər gedən yol əsaslı şəkildə tikiləcəkdir.
Digər yol layihələri indi həllini
gözləyir və o məsələlər də həll
olunacaqdır. Şurabad kənd yolu da
tikilməlidir. Bu məqsədlər
üçün də vəsait ayrılacaq. Yəni, yol infrastrukturu əsasdır və indi
ölkəmizin bütün yerlərində kənd yolları
prioritet kimi gündəlikdədir. Yol
olanda əlbəttə ki, rahatlıq da, inkişaf da olur.
Xızının turizm potensialı çox
böyükdür. Burada çox gözəl
təbii şərait var - gözəl dağlar, təmiz hava.
Bu gün mənə yeni layihə təqdim
olundu. Gözəl otelin tikintisi nəzərdə
tutulur. Yəni, bu sahədə əlavə
tədbirlərin görülməsi əlbəttə ki,
rayonun iqtisadi potensialını artıracaqdır. Çünki ilk növbədə yol
olmalıdır, infrastruktur layihələri icra edilməlidir.
Hər rayon üçün onun spesifikasına
uyğun olaraq iqtisadi inkişaf planı da nəzərdə tutulur,
o cümlədən Xızı üçün. Bildiyiniz kimi, üçüncü regional inkişaf
proqramında Xızı rayonunun inkişafı
üçün bütün lazımi tədbirlər nəzərə
alınıb.
Keçən dəfə burada olarkən biz xəstəxananın
açılışını qeyd etmişik. Bu, çox
gözəl tibb ocağıdır. Həm
gözəldir, həm də ki, orada quraşdırılan
bütün avadanlıq dünya klinikalarından geri
qalmır. Hesab edirəm ki, bu da
insanların sağlamlığına çox böyük
töhfədir.
Xızı rayonunda kənd təsərrüfatının
inkişafı üçün çox önəmli addım
atılmışdır. Suvarma layihəsinə start verildi və bu layihənin
reallaşması Taxtakörpü su anbarının tikintisindən
sonra mümkün olmuşdur. Taxtakörpü su
anbarının tikintisi ölkədə son vaxtlar qeyri-neft
sektorunda infrastruktur layihələri arasında bəlkə də
ən böyüyüdür, kənd təsərrüfatının
inkişafı üçün xüsusi əhəmiyyətə
malikdir. Samur-Abşeron kanalı,
Taxtakörpü su anbarı, elektrik stansiyası,
Taxtakörpü-Ceyranbatan kanalı - bu layihələr
artıq icra edilibdir. Beləliklə, biz
Samur çayının sularından istənilən həcmdə
istifadə edirik. İndi isə biz artıq
bu kanal üzərində yerləşən rayonların kənd
təsərrüfatına da ciddi diqqət göstəririk.
Siyəzən, Şabran və Xızı rayonlarında
böyük həcmdə yeni torpaq sahələri dövriyyəyə
buraxılacaqdır. Xızı rayonunda isə doqquz min hektar
torpaq su ilə təmin ediləcəkdir. Hazırda
Xızı rayonunda suvarılan torpaqların sahəsi
üç min hektardır. Yəni, indikindən
üç dəfə çox torpaq suvarılacaqdır.
Beləliklə, fermerlər üçün əlavə
imkanlar yaranacaqdır. Fermerlər gərək
o torpaqlardan səmərəli şəkildə istifadə
etsinlər. Kənd Təsərrüfatı Nazirliyi,
İqtisadiyyat və Sənaye Nazirliyi, yerli icra hakimiyyəti
birlikdə bu işlərlə məşğul
olmalıdırlar ki, biz bu torpaqlarda əkiləcək məhsulların
nomenklaturasını müəyyən edək.
Yəni, bu, kənd təsərrüfatının
inkişafı üçün çox böyük layihədir,
böyük töhfədir. Əminəm ki,
yaxın vaxtlarda artıq bütün lazımi şəbəkə
qurulacaqdır. İndi boru xətləri və
kanallar tikilməlidir ki, hazırda səhraya bənzəyən
o torpaqlar artıq gülüstana çevrilsin.
Bax, budur bizim konkret gördüyümüz işlər. Xızı
rayonunun gələcək inkişafı ilə bağlı, əlbəttə
ki, əlavə tədbirlər görüləcəkdir.
Mən bilirəm ki, problemlər də
vardır. Onların arasında birinci
problem içməli su problemidir. Bildiyiniz
kimi, indi ölkə üzrə bu problem tədricən öz
həllini tapır. Əminəm ki,
üçüncü regional inkişaf proqramının
icrası nəticəsində bizim bütün şəhərlərimizdə
içməli su layihələri təmin ediləcəkdir, o
cümlədən Xızı rayonunda.
Bilirəm ki, mənbənin müəyyən edilməsi
ilə bağlı müxtəlif çətinliklər
vardır. O məsələ
də öz həllini tapacaqdır. Yəni,
Xızı rayonuna da təmiz içməli su gətiriləcəkdir.
Çünki biz indi bu layihələrə
böyük diqqət göstəririk. Artıq
son vaxtlar bir neçə şəhərə təmiz
içməli su gətirilibdir. Eyni zamanda,
kanalizasiya layihələri də bərabər aparılır,
o cümlədən Xızıda da bu məsələ öz
həllini tapacaqdır.
Yəni, son vaxtlar aparılan işlər onu göstərir
ki, biz bütün problemləri ardıcıllıqla həll
edirik və həll edəcəyik. Misal üçün,
bu gün Xızıda qazlaşma doxsan faiz təşkil edir.
Amma vaxtilə burada qaz yox idi, yollar yox idi. Yollar tikilibdir. Xəstəxana yox
idi, xəstəxana tikilibdir. İndi
içməli su layihəsi də icra ediləndən sonra demək
olar ki, əsas infrastruktur məsələləri həll
olunacaqdır.
Suvarma
layihəsinə start verildi. Fermerlərə
güzəştli şərtlərlə kreditlər verilir.
Təkcə o qalıb ki, insanlar bu imkanlardan səmərəli
şəkildə istifadə etsinlər, işləsinlər və
öz əməyi ilə ölkəmizi daha da möhkəmləndirsinlər.
Bizim ümumi inkişafımız göz
qabağındadır. Azərbaycan öz
sürətli inkişaf dövrünü yaşayır və
ölkədə böyük quruculuq işləri
aparılır.
İqtisadiyyatımız artır, sosial məsələlər
həll olunur.
Ölkədə sabitlik və vətəndaş
həmrəyliyi hökm sürür. Bir
sözlə, bu gün Azərbaycan məhz görülən
işlərə görə dünya miqyasında diqqət mərkəzinə
çevrilib. Biz bu işləri
ardıcıllıqla görürük. Hər
bir istiqamət üzrə bu işlər konkret proqram əsasında
aparılır, o cümlədən rayonların
inkişafı və Xızı rayonunun gələcək
inkişafı ilə bağlı bizdə heç bir
şübhə yoxdur. Daha da böyük
işlər görüləcəkdir, insanlar daha da
yaxşı yaşayacaqlar.
Əminəm ki, dediyim məsələlərin reallaşması
nəticəsində biz hələ sizinlə çox
görüşəcəyik. Çünki gələcəkdə
burada yenə də böyük açılışlar
olacaqdır.
Sizi bir daha salamlayıram. Sizə ən xoş
arzularımı çatdırıram.
X X X
Azərbaycan
Prezidenti İlham Əliyevə rayon sakinlərinin təşəkkürünü
çatdıran Əməkdar Müəllim Xatirə
ŞAHGƏLDİYEVA dedi:
- Möhtərəm
cənab Prezident, Sizi xızılılar adından
salamlayıram. Xızı torpağına
xoş gəlmisiniz.
Biz müstəqil Azərbaycan dövlətinin
bugünkü inkişafına görə hər birimizin borclu
olduğu dahi şəxsiyyətin - Heydər Əliyevin
adını daşıyan möhtəşəm Mərkəzin
açılışına toplaşmışıq. Hər bir azərbaycanlı
çox gözəl bilir ki, Heydər Əliyev Vətənimizin,
insanlarımızın gələcəyi naminə
çalışıb, ömrünü Vətəninə,
xalqına həsr edib. Heydər Əliyevin
cəsarəti, uzaqgörənliyi, müdrikliyi nəticəsində
Azərbaycan ayağa qalxdı, möhkəmləndi, müstəqil
bir dövlət kimi özünü qoruyub saxlaya bildi,
iqtisadiyyatını gücləndirdi. Elə
o dövrdən bu günədək Azərbaycan bu yolla sürətlə
inkişaf edir, irəliləyir.
Qarşımızdakı bu əzəmətli Mərkəzdə
müxtəlif dərnəklər yaradılmışdır. Biz
inanırıq ki, gənclərimiz bu dərnəklərdə
müsbət yönümdə təhsil, tərbiyə
alacaqlar. Onlar maraq və istəklərinə
uyğun məşğuliyyət tapacaq, bir-biriləri ilə
informasiya, fikir mübadiləsi edəcəklər.
Yaratdığınız bu şəraitə görə
Sizə ictimaiyyətimiz adından minnətdarlığımızı
bildiririk. Ən başlıcası isə bu Mərkəzdə
gənclərimiz Heydər Əliyevin nümunəsində Vətəni
sevməyi, ona sədaqətlə xidmət etməyi öyrənəcəklər.
Biz fəxr edirik ki, Ulu Öndərimizin qurub
yaratdığı müstəqil Azərbaycan dövlətinin
sükanı bu gün etibarlı əllərdə - Sizin əllərinizdədir.
Sizin rəhbərliyinizlə ölkəmiz bu
gün çox güclü, özü-özünü hər
cəhətdən təmin edə bilən qüdrətli
dövlətə çevrilib. Onun səsi
mötəbər beynəlxalq kürsülərdən gəlir.
O öz sözünü hər bir məqamda, hər bir şəraitdə
açıq deyə bilir. Dünyanın
aparıcı dövlətləri onunla - bizim dövlətimizlə
hesablaşır. Bu, bir həqiqətdir.
Biz bununla qürur duyuruq.
İnanırıq ki, gələcəkdə də Sizin rəhbərliyiniz altında ölkəmiz
yeni-yeni zirvələr fəth edəcəkdir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımla birgə Sizin çiyin-çiyinə gördüyünüz işləri sözlə ifadə etmək qeyri-mümkündür. Cəmiyyətimiz, insanlarımız, xüsusilə gənclərimizin sağlam, savadlı, istedadlı olmaları, hərtərəfli inkişaf etmələri üçün çox önəmli layihələr həyata keçirir, çox gözəl şərait yaradırsınız. Ulu Öndər, Siz, Mehriban xanım, övladınız Leyla xanım da dövlətə sədaqətin, dövləti sevməyin nümunəsisiniz. Cənab Prezident, Siz həm gənclərimizə, həm də bütün dünyaya Vətənə sədaqətli olmağı nümayiş etdirirsiniz.
Möhtərəm cənab Prezident, heç bir şübhə yoxdur ki, Sizin bəyan etdiyiniz kimi, bizim gözəl Vətənimizin ərazi bütövlüyü bərpa olunacaq, işğaldan əzab çəkən soydaşlarımız öz ata-baba torpaqlarına qayıdacaqlar. Sizin kimi mərd, cəsarətli, rəşadətli Prezidentimizlə biz buna mütləq nail olacağıq. O müqəddəs günü biz Sizinlə səbirsizliklə gözləyirik.
Möhtərəm cənab Prezident, məktəbimdə, evimdə, ailəmdə, rayonumda baş verən dəyişikliklərin canlı şahidiyəm. Bakıya yaxın olsa da ucqar sayılan Xızı bu gün belə gözəl, müasir, abad bir şəhərə çevrilib. Mənim doğma rayonum gündən-günə sürətlə inkişaf edir, yollar, parklar salınır, yeni evlər tikilir, misli görülməmiş quruculuq, abadlıq işləri aparılır.
Cənab Prezident, bu gün hər bir azərbaycanlı öz qüdrətli ölkəsində rahat yaşayır. Gələcəyimizə isə möhkəm bir əminlik vardır. Çünki Siz həmişə Azərbaycanı irəliyə, yeni-yeni zirvələrə aparırsınız. Xalq Sizə inanır, arxanızca gedir və hər zaman gedəcəkdir. Allah Sizi qorusun!
X X X
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2014.- 23 iyul.- S.2.