Qaçqınların və məcburi köçkünlərin problemlərinin

 həlli dövlətin daim diqqət mərkəzindədir

 

Müsahibimiz Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli HƏSƏNOVdur

 

- Əli müəllim, müstəqilliyin ilk illərində ölkəmiz çox böyük qaçqın və məcburi köçkün problemi ilə üzləşdi. Həmin dövrdə yenicə müstəqillik əldə etmiş dövlətimizin iqtisadi cəhətdən zəif olmasına baxmayaraq, bu kateqoriyadan olan soydaşlarımızın problemlərinin həlli dövlətin daimi diqqət mərkəzində olmuşdur. İstərdik ki, bu haqda fikirlərinizi bizimlə bölüşəsiniz.

- Ümumiyyətlə, XX əsrdə Azərbaycan xalqı bir neçə dəfə qaçqınlıq və məcburi köçkünlüklə üzləşmişdir. Azərbaycanın geostrateji mövqeyi, zəngin təbii sərvətləri regionda maraqları olan qüvvələri azərbaycanlıların öz tarixi torpaqlarından zorla köçürülməsinə sövq etmiş,  ermənilərin daha çox torpaq əldə etmək cəhdləri isə  bir əsrdə 4 dəfə azərbaycanlıların öz doğma yurdlarından didərgin salınması ilə nəticələnmişdir.  

Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində tarixən bu ərazidə yaşamış 250 min  azərbaycanlı  öz doğma yurdlarından zorla qovularaq   Azərbaycana  pənah gətirdi, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20  faizi - Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olundu, 700 min nəfərədək azərbaycanlı  öz doğma yurdunda məcburi köçkünə çevrildi.

Beləliklə, hazırda Azərbaycanda son 20 ildəki təbii artımla 1 milyon 200 min nəfərə  yaxın qaçqın, məcburi köçkün və "qaçqın"  statusu almaq niyyətində  olan (sığınacaq axtaran) şəxs vardır.

Doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın bütün qayğıları, problemləri Azərbaycan dövlətinin gündəlik qayğısına çevrilmişdi.

Gərgin rejiminə və dövlət idarəçili

yi sahəsində nəhəng fəaliyyət sferasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş bir milyonadək soydaşımızın qayğıları, sosial problemləri, münaqişənin siyasi cəhətdən həlli məsələsi müasir Azərbaycan dövlətinin qurucusu və xalqımızın ümummilli lideri Heydər Əliyevin gündəlik qayğısına çevrilmişdi.

Ümummilli lider Heydər Əliyev dünyanın müxtəlif dövlət başçıları ilə keçirdiyi çoxsaylı görüşlərdə, beynəlxalq və yerli qurumların tədbirlərində mütləq şəkildə məhz bu problemə toxunaraq onu ölkəmizin bir nömrəli problemi adlandırırdı və onun  ən böyük arzusu zəbt olunmuş torpaqlarımızın işğaldan azad edilməsi idi. O, bunun üçün  var qüvvəsi ilə çalışırdı.

Məhz Heydər Əliyevin diplomatiyası sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, Azərbaycanın haqq səsi dünya ictimaiyyətinə çatdırıldı, Ermənistanın təcavüzkar siyasəti ifşa edildi. 1993-cü ildə BMT  Təhlükəsizlik Şurasının  münaqişənin siyasi həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına  qaytarılması ilə bağlı beynəlxalq hüquq normalarına uyğun 4  qətnaməsi qəbul edildi. 1994-cü ildə atəşkəsə nail olundu. ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dincsiyasi yollarla həlli istiqamətində tədbirlər görüldü, ABŞ Konqresinin müstəqil Azərbaycana birbaşa yardım göstərilməsini qadağan edən Azadlığa Dəstək Aktına ədalətsiz 907-ci düzəlişin icrası dayandırıldı.

* 1998-ci il iyunun 27-də xalqımızın ümummilli lideri Heydər Əliyevin  sədrliyi ilə ümumrespublika müşavirəsi keçirildi;

* 2000-ci il mayın 18-də ümummilli lider Heydər Əliyevin iştirakı ilə "İnkişaf Problemləri və Strateji İstiqamətlər" mövzusunda beynəlxalq konfrans keçirildi;

* 1998-ci ildə Biləsuvar rayonu ərazisindəki çadır düşərgələrinə səfər etdi;

* 1999-cu ildə Biləsuvar rayonu ərazisindəki çadır düşərgələrində müvəqqəti məskunlaşmış  4  məcburi köçkünün toy mərasimində iştirak etdi;

* 2002-ci il 13 sentyabir tarixdə  Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Ermənistan Respublikasından olan qaçqınlar və Xocalıdan olan məcburi köçkünlər  üçün salınmış yeni qəsəbənin açılış mərasimində iştirak etdi.

Xalqımızın ümummilli lideri Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistan  Prezidenti ilə 25, ATƏT rəhbərliyi, Minsk qrupunun təmsilçiləri ilə 200-dən və 80 ölkənin dövlət başçıları ilə 500-dən çox, həmçinin əraziləri işğal olunmuş rayonların ictimaiyyət nümayəndələri,  qaçqın və məcburi köçkünlərlə 20-dən çox görüş keçirmişdir.

1998-ci ildə "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında", 1999-cu ildə "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlar qəbul edilmişdir.

Dövlət aliorta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin  təhsil haqqının, həmçinin kommunal və digər xidmətlərin ödənişindən azad edildilər. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi 1993-2003-cü illər arasında 90 dəfə, yemək xərcləri üçün müavinət 60 dəfə, kommunal xidmət xərcləri 120 dəfə artırıldı. Şübhəsiz, ümummilli liderin neft strategiyası olmasaydı, bütün bunlar mümkünsüz olardı.

"İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində,   köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri  bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir" deyən xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu neft strategiyası öz bəhrəsini verməyə başlayan andan  əldə edilən ilk vəsait məhz qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi, çadır düşərgələrinin ləğvinə başlanıldı.

Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına  18 şəhər və rayonda bütün zəruri sosial-texniki infrastruktura malik 32  qəsəbə, 400 min kvadratmetr mənzil sahəsi olan 6411 fərdi yaşayış evi, 3174 yerlik 18 məktəb, 6 musiqi məktəbi, 576 yerlik 18 uşaq bağçası, 2 xəstəxana, 10 klub, 11 rabitə evi, 14 inzibati bina, 16 tibb məntəqəsi tikildi, 197 km uzunluğunda asfalt yol, 170 km su xətti, 350 km hava elektrik  xətti, 22 artezian quyusu, 133 km irriqasiya sistemi, 73 su anbarı və s. sosial obyektlər istifadəyə verildi.

Nəticədə 1330 qaçqın və 5081 məcburi köçkün ailəsinin (32 min nəfər) mənzil şəraiti yaxşılaşdırıldı və 2003-cü ildə respublikamızda mövcud olan 12 çadır düşərgəsindən Biləsuvar rayonundakı 5-i ləğv edildi.

Bütün bunlar bir daha əyani şəkildə sübut edir ki, qaçqın və məcburi köçkünlərin problemi daim ümummilli lider Heydər Əliyevin  gündəlik diqqət mərkəzində olmuşdur.

Ulu öndərin öz yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət, qayğı, himayədarlıq siyasəti onun siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Cənab Prezident 2003-2014-cü illərdə qaçqın və məcburi köçkünlərlə bağlı keçirilən müxtəlif tədbirlərdə 33 dəfə, o cümlədən yeni salınmış yaşayış qəsəbələrinin və məhəllələrinin böyük əksəriyyətinin açılışında şəxsən iştirak etmiş, həmçinin problemə həsr olunmuş bir beynəlxalq konfransiki geniş müşavirə keçirilmiş, bir dövlət proqramı və ona 2 əlavə təsdiq edilmişdir.

Yeni salınmış qəsəbələrin açılışlarında cənab Prezidentin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsən iştirak etməsi və məcburi köçkünlərlə səmimi söhbətləri soydaşlarımızın həyatında unudulmaz, xoş xatirələrə çevrilmişdir.

Cənab İlham Əliyev 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən ölkədə bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını bəyan etmişdi.

2006-cı ildə Bərdə (3 çadır düşərgəsi)  və Ağcabədi (1 çadır düşərgəsi) rayonlarındakı 4 çadır düşərgəsinin, 2007-ci ilin dekabrında isə Saatlı və Sabirabad rayonları ərazisindəki 3 çadır düşərgəsinin ləğvi də təmin edilərək, ölkə  Prezidenti cənab İlham Əliyevin tapşırığı vaxtından bir il əvvəl yerinə yetirilmişdir.

Eyni zamanda, ölkədə olan, istismar müddəti başa çatmış 16 fin tipli qəsəbədən 12-si ləğv edilmiş, orada müvəqqəti məskunlaşmış  4400 məcburi köçkün ailəsi yeni  salınmış qəsəbələrə köçürülmüşlər. Qalan  4 fin tipli qəsəbədə, ayrı-ayrı şəhər və rayonlardakı məktəb binalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün həmin qəsəbələrin yerləşdiyi ərazilərin yaxınlığında elektrik enerjisi, su təchizatı, təhsil, mədəniyyət, səhiyyə və digər zəruri sosial-texniki infrastrukturu olan qəsəbələrin salınması və ya çoxmərtəbəli binaların tikilməsi məqsədilə torpaq sahələri ayrılmış və müvafiq layihə-smeta sənədlərinin hazırlanması işləri həyata keçirilir.

Ötən dövr ərzində Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 saylı Sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı", 2004-cü il 1 iyul tarixli 298 saylı Sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" təsdiq edilmiş, 2007-ci il 31 oktyabr tarixli 2475 saylı, 2011-ci il 21 fevral tarixli 1346 saylı sərəncamlarla  isə 2004-cü il 1 iyul tarixli 298 saylı sərəncamla təsdiq edilmiş  dövlət proqramına  əlavələr edilmişdir.

Ötən müddətdə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı beynəlxalq normalara uyğun tam hüquqi baza yaradılmış, ölkə Prezidenti tərəfindən 95 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti 357 qərar və sərəncam, Milli Məclis isə 33 qanun qəbul etmişdir.

Dövlət proqramları və əlavələr qaçqın və məcburi köçkünlərin sosial müdafiəsində, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasında mühüm rol oynamışdır və  onlar uğurla icra edilir.

Ümumiyyətlə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,5  milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınmış, 40 min ailənin (180 min nəfər qaçqın və məcburi köçkünün) mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.

Yeni salınmış yaşayış məntəqələrində 139 məktəb, 6 musiqi məktəbi, 51 uşaq bağçası, 55 tibb məntəqəsi, 45 mədəniyyət mərkəzi, 2 olimpiya idman kompleksi tikilmiş, 648 kilometr yol, 815 kilometr su, 1412 kilometr hava elektrik, 333  kilometr qaz xətti çəkilmiş, 715 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılmışdır.

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün ümumilikdə indiyədək 5,5 milyard dollar vəsait sərf edilmişdir. Həmin vəsaitin 2,5 milyard dolları büdcə vəsaiti,  1,9 milyardı Dövlət Neft Fondunun,  1,1 milyardı isə beynəlxalq maliyyə qurumları və  ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir.

Müxtəlif maliyyə mənbələrindən ayrılmış vəsait hesabına məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 220 yataqxana təmir edilmiş, nəticədə bundan 68 min nəfər məcburi köçkün faydalanmışdır.

Məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə, Dövlətqaçqınkomun illik büdcəsi isə 5,5 dəfə artmışdır.

Əmək qabiliyyətli 380 min məcburi köçkündən 161 min nəfəri daimi işlə təmin edilmiş, 200 min nəfəri isə mövsümi işlərə cəlb edilmişdir.

Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə son 10 ildə 1841 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 37,2 milyon manat, həmçinin yeni texnologiyalara əsaslanan 3 investisiya layihəsinə 9,3 milyon manat məbləğində güzəştli kredit verilmişdir.

Dünya Bankı və Azərbaycan hökuməti arasında bağlanılmış kredit sazişi ("Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi") üzrə Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 10,8 min nəfər məcburi köçkünə 7,7 milyon manat məbləğində mikrokredit verilmişbu proqramlardan 46 min məcburi köçkün faydalanmışdır.

Həmin Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən son 10 ildə 310 min nəfərin faydalandığı (bunun da 83%-i məcburi köçkündür) və dəyəri 30 milyon manat təşkil edən 520 müxtəlif növ mikrolayihə icra edilmişdir.

2013-cü ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 1100 manat təşkil etmişdir ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir.

Məcburi köçkünlər arasında yoxsulluq həddi son 10 ildə 75 faizdən 15 faizədək azalmışdır.

Vaxtilə büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə yerlərindən məhrum olmuş və işlə təmin olunmayan 11 min nəfərədək məcburi köçkünə orta aylıq əməkhaqqının ödənilməsi davam etdirilir.

Respublikanın şəhər və rayonlarına təhkim edilmiş 78 nazirlik, komitə, şirkət, konsern, səhmdar cəmiyyəti və digər mərkəzi təşkilatlar tərəfindən bayramlar ərəfəsində məcburi köçkünlərə müxtəlif yardımlar göstərilir.

- İlkin vaxtlarda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllində beynəlxalq təşkilatların rolu  yüksək olmuşdur. Bəs hazırda bu sahədə vəziyyət necədir?

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurdlarından didərgin düşmüş bir milyon nəfərədək qaçqın və məcburi köçkünün sosial problemlərinin həllində ayrı-ayrı donor ölkə və beynəlxalq humanitar  inkişaf  təşkilatlarının  rolu böyük olmuşdur.

Biz həmişə böyük minnətdarlıqla qeyd edirik ki, münaqişənin ilk illərində - dövlətimizin iqtisadi vəziyyətinin ağır olduğu dövrdə qaçqın və  məcburi köçkünlərin sosial problemlərinin həllində donor ölkələrin,  beynəlxalq təşkilatların köməyi əvəzsiz olmuşdur. Bu yardımlar olmasaydı, ölkəmiz həmin illərdə humanitar fəlakətlə üzləşə bilərdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü ilin fevral ayında keçirilmiş, beynəlxalq humanitar təşkilatların fəaliyyətinin 10 illiyinə həsr edilmiş beynəlxalq konfransda qeyd etdiyi kimi, imkanların məhdud olduğu dövrdə, xüsusən müstəqilliyin bərpasından sonrakı ilk illərdə göstərilən fövqəladə humanitar yardımın çox böyük əhəmiyyəti olmuş,  yaranmış  humanitar fəlakətdən çıxmaqda respublikada fəaliyyət göstərən beynəlxalq, yerli humanitarinkişaf təşkilatları əvəzsiz rol  oynamışdır.

Müsbət haldır ki, donor ölkələrin,  beynəlxalq təşkilatların bu sahədə fəaliyyəti bu gündavam etdirilir. Hazırda fəaliyyətləri Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilən 49 beynəlxalq, 43 yerli humanitarbu sahədəki inkişaf təşkilatlarının xətti ilə qaçqın, məcburi köçkün və aztəminatlı əhalinin sosial problemlərinin həlli ilə əlaqədar müxtəlif layihələr həyata keçirilir.

Eyni zamanda, dünyanın heç bir yerində həmin təşkilatlar Azərbaycandakı qədər uzun müddət fəaliyyət göstərmir. Bunun isə bir səbəbi var ki, o da həmin təşkilatların tam sərbəst, azad və şəffaf fəaliyyətləri üçün nümunəvi şəraitin yaradılmasıdır. Bu, beynəlxalq maliyyə qurumları, donorlar, humanitar təşkilatların rəhbərləri tərəfindən səsləndirilən rəydir.

Bununla yanaşı, 32 dövlət orqanı, 14 beynəlxalq təşkilatdan alınan müvafiq təkliflər əsasında beynəlxalq maliyyə qurumları, BMT agentlikləri, xüsusən BMT QAK-la və digər beynəlxalq humanitar təşkilatlarla birlikdə "Böyük Repatriasiya (Böyük Qayıdış)" proqramının layihəsinin hazırlanması istiqamətində aparılan  işlər davam etdirilir. Bu həm  işğal olunmuş ərazilərə dəymiş ziyanın dəqiq hesablanmasına, həm ərazilər işğaldan azad ediləndən dərhal sonra bərpa və yenidənqurma işlərinə başlamağa imkan verəcək, həm də beynəlxalq maliyyə qurumlarında və təşkilatlarda tərtib olunmuş proqramın düzgünlüyünə inam yaradacaqdır.

Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasətin təqdirəlayiq nəticəsi olaraq, Azərbaycan 2012-ci il 26 aprel tarixində daha bir nüfuzlu beynəlxalq təşkilata - BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə tamhüquqlu üzv seçilmişdir.

Azərbaycan hökumətinin ölkədə olan qaçqın və məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılması üzrə həyata keçirdiyi tədbirlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir. Belə ki,  BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş, BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri Ceyms Morris, BMT Baş  katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin ölkəmizə son səfərləri zamanı qeyd etmişlər: "Azərbaycan Prezidentinin ölkədəki bütün qaçqın və məcburi köçkünlər üçün, o cümlədən beynəlxalq humanitar təşkilatlar üçün gördüyü işlər dünyanın oxşar problemlə qarşılaşan əksər ölkələri üçün nümunədir. Azərbaycan hökuməti ilə əməkdaşlığımız çox yüksək səviyyədədir".

Yeri gəlmişkən qeyd edək ki, BMT-nin İnsan Hüquqları Şurasının məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani Azərbaycan hökumətinin dəvəti ilə mayın 18-dən 24-dək ölkəmizdə məcburi köçkünlərin insan hüquqları ilə bağlı vəziyyətinin qiymətləndirilməsi, bu sahədə əldə olunmuş tərəqqinin nəzərdən keçirilməsi, eyni zamanda qarşılıqlı fikir mübadiləsi şəraitində müvafiq tövsiyələrin verilməsi və digər maraq doğuran məsələlərin müzakirəsi məqsədilə Azərbaycanda səfərdə olmuşdur.

BMT-nin xüsusi məruzəçisi səfər proqramına uyğun olaraq bir sıra əhəmiyyətli görüşlər keçirmiş, ağır şəraitdə və yeni salınmış qəsəbə və məhəllələrdə məcburi köçkünlərin həyat şəraiti ilə yaxından tanış olmuşdur.

Məcburi köçkünlərin bütün sahələrdə dövlət tərəfindən dəstəklənməsini olduqca müsbət hal və yaxşı nümunə kimi dəyərləndirən Çaloka Beyani sürətli tərəqqi dinamikasına malik Azərbaycanın qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində uğurlu siyasət aparan və müsbət nəticələr əldə edən bir dövlət olduğunu, ölkəmizə səfəri zamanı bunun bir daha şahidi olduğunu bildirmişdir.

Eyni zamanda, BMT-nin xüsusi məruzəçisi Çaloka Beyaninin ölkəmizə səfərinin nəticələri ilə bağlı Cenevrədə verdiyi bəyanatında məcburi köçkünlərin problemlərinin köklü şəkildə həllinə nail olmaq üçün Azərbaycanda sülhün bərqərar və məcburi köçkünlərin hüquqlarının tam bərpa edilməsi, xüsusilə onların öz torpaqlarına təhlükəsiz şəkildə və ləyaqətləri qorunmaqla könüllü olaraq dönmələrinin təmin olunması üçün sülh sazişinin əldə edilməsi təkidlə vurğulanır və beynəlxalq ictimaiyyət bu məsələyə dəstək verməyə çağırılır.

Həmçinin Çaloka Beyani bəyanatında bildirir ki, Azərbaycanda artıq 20 ildən çoxdur davam edən bu uzadılmış məcburi köçkünlük durumunun aradan qaldırılması üçün sülh sazişinə təcili olaraq nail olunması vacibdir. Sülh və məcburi köçkünlərin problemlərinin köklü həllinə inkişaf hüquqlarının təminatına yönəlmiş yanaşma birlikdə addımlamalıdır və onlardan biri olmadan digərinə nail olmaq mümkün deyil. Bu baxımdan da Azərbaycandan məcburi köçkünlərin problemlərinin köklü həllinə inkişaf hüquqları yönümlü yanaşma təcili olaraq sülhə nail olunmasını tələb edir.

Xüsusi məruzəçi Azərbaycan dövlət orqanlarının həm şəhər, həm də kənd yerlərində ümumilikdə bütün əhalinin və xüsusilə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əldə etdikləri ciddi nailiyyətləri alqışladı. O, 2010-cu ildə özündən əvvəlki müstəqil ekspertin sonuncu səfərindən sonra baş vermiş dəyişiklikləri qeyd etdi və məcburi köçkünlərin hüquqlarına hörmət edilməsi istiqamətində yeni səylərə və üzərinə götürdüyü öhdəliyə görə hökumətin işini müsbət qiymətləndirdi.

Məlumat üçün qeyd edim ki, xüsusi məruzəçi özünün yekun hesabatını 2015-ci ilin iyun ayında İnsan Hüquqları Şurasına təqdim edəcəkdir.

- Hazırda paytaxtda və digər bölgələrdə məcburi köçkunlərin yeni mənzillərlə təmin olunması prosesi davam edir. Bu baxımdan ötən ildə böyük tikinti işləri aparılmışdır və yaxın gələcəkdə nə kimi yeniliklərin şahidi olacağıq?

- Bildiyiniz kimi, ölkəmizdə hələ də müxtəlif məskunlaşma obyektlərində ağır şəraitdə yaşayan yüz minlərlə soydaşımız var və təbii ki, ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin bütün problemlərinin həlli, onların həyat şəraitinin tam yaxşılaşdırılması bilavasitə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllindən asılıdır. Bu baxımdan qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpa olunması, onların doğma ocaqlarına qaytarılması istiqamətində hələ çox görülməlidir ki, Azərbaycan dövləti də bu baxımdan fəaliyyətini beynəlxalq hüquq normalarına uyğun qurmaqla problemin həllini gündəlik diqqət mərkəzində saxlayır və bütün bunların nəticəsidir ki, bu gün ölkədəki qaçqın və məcburi köçkünlər dövlətin tam himayəsi ilə təmin olunmuşlar.

Ötən il ərzində 292  min kvadratmetr sahəsi olan 6 yeni yaşayış kompleksi  salınmış, 2736 şagird yerlik 5 məktəb inşa edilmiş, həmçinin  incəsənət məktəbi ilə birlikdə 500 yerlik Mədəniyyət sarayı, 4 uşaq bağçası, 5 tibb məntəqəsi, 4 klub - icma mərkəzi, 4 inzibati bina tikilib istifadəyə verilmiş, 30,7 kilometr yol, 54,0  kilometr su xətti, 117,0 kilometr elektrik xətti, 42,0 kilometr qaz xətti, 8,0 kilometr istilik xətti, 25,0 kilometr kanalizasiya xətti  çəkilmiş, müxtəlif həcmə malik 18 su anbarı, 9 nasos stansiyası, 18 komplekt transformator yarımstansiyası inşa edilmiş, 22 ədəd yüksəkgərginlikli transformator quraşdırılmışdır.

Beləliklə, 2013-cü ildə  5.741 ailə və ya 28.700  nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır ki, bu da 2012-ci  ilə nisbətən 1.188 ailə və ya 5.935 nəfər çoxdur.

2014-cü ildə də məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə  10 şəhər və rayonda bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə 7 qəsəbə və məhəllənin salınması, təxminən 4,5 mindən çox ailənin və ya 25 min məcburi köçkünün yeni mənzillərə köçürülməsi nəzərdə tutulmuşdur.

Belə ki, Bakı şəhəri, Qaradağ rayonu "Ümid" qəsəbəsində  500 ailəlik məhəllə üzrə 1-ci mərhələdə 200 ailə üçün  yaşayış binalarının, Hacıqabul rayonunda 101, Saatlı rayonunda 230 (birinci mərhələdə 89), Ağdam rayonunda 632,  Bərdə rayonunda 1700 (birinci mərhələdə 588), Mingəçevir şəhərində 1500 (birinci mərhələdə 594),  Göygöl rayonunda 600 və Beyləqan rayonunda 320 məcburi köçkün ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması  üçün qəsəbələrin tikintisinə başlanılmışdır.

Sabunçu rayonunda 800, Pirallahı rayonunda 330, Füzuli rayonunda 400,  Sabirabad rayonunda 440, Qazax rayonunda 300, Beyləqan rayonunda 146 ailəlik yaşayış komplekslərinin salınması məqsədilə layihə-smeta sənədlərinin hazırlanması üzrə işlər davam etdirilir.

Bakı şəhərindəki yataqxanalarda və digər obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədilə Abşeron rayonunun Qobu bələdiyyəsinin ərazisindən ayrılmış  500 hektar torpaq sahəsində məcburi köçkünlər üçün yaşayış massivinin salınması ilə bağlı texniki şərtlər alınmış, kompleksin baş planı ilə birlikdə müfəssəl planının hazırlanmasına dair layihə tapşırıqları, layihə-axtarış işləri üçün smeta sənədləri hazırlanmış və birinci mərhələnin layihə işləri ilə bağlı müqavilə bağlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli  Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət  Proqramı"nda, həmin dövlət proqramına Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş əlavələrdə nəzərdə tutulan məsələlər, ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələr və verilmiş tapşırıqlar bundan sonra da vaxtlı-vaxtında və uğurla həyata keçiriləcəkdir.

 

(Ardı var)

 

Müsahibəni apardı:

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 23 iyul.- S.5.