Ulu öndər Azərbaycan
multikulturalizminin siyasi banisidir
"Dövlət, ölkə nə
qədər çox xalqı birləşdirsə, bir o qədər
zəngin olur, çünki onların hər biri...
ümumdünya mədəniyyətinə və
sivilizasiyasına öz töhfəsini verir".
Heydər ƏLİYEV
Multikulturalizm Azərbaycanda əsrlərdən bəri
formalaşan, eyni zamanda ictimai-bədii, psixoloji-mənəvi
müstəvidən kənara çıxmayan dəyərlər
toplusu kimi, xüsusilə sovet ideologiyasının
hökmranlıq etdiyi illərdə kifayət qədər
sistemsiz və spontan mahiyyətə malik idi. Onun sanki
bütün vacib özəllikləri mövcud idi. Tolerantlıq və mənəvi potensial, dini
loyallıq və milli özünəməxsusluq, psixoloji səbat
və bəşəri dəyərlərə
açıqlıq Azərbaycan insanını multikultural bir
rejimin içinə salmağa hazır idi. Bu və bu kimi xüsusiyyətlər Azərbaycan ədəbi-bədii
düşüncə müstəvisində həm tarixən,
həm də bu gün kifayət qədər
görümlü və təsiredicidir.
"Kitabi-Dədə Qorqud" dastanından, şifahi və
yazılı ədəbiyyatımızdan keçən bariz
nümunələr uzaq keçmişdən
bugünümüzədək multikultural ənənələrin
mövcudluğunu aşkar şəkildə sübut edir. Bunun fonunda müasir
dövrdə həllini tapası yalnız bir əsas məsələ
qalırdı: hüquqi və siyasi müstəvidə
multikulturalizmin yerini müəyyən etmək. Və
bunu ulu öndər Heydər Əliyev etdi. O, Azərbaycanın
gələcək uğurlu inkişafı üçün dəqiq
ideoloji hədəf seçdi və öz uzaqgörən,
müdrik siyasəti ilə əsrlər boyu
formalaşmış çoxmədəniyyətlilik ənənəsini
inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə
qaldırdı. Bu mərhələ siyasi mərhələ
idi. Əslində, ulu öndər Azərbaycan
multikulturalizminin siyasi banisi oldu.
Ulu öndər Heydər Əliyev bununla ilk növbədə
multikulturalizm siyasi modelinin assimilyasiya və izolyasiya kimi digər
mümkün siyasi modellərdən üstün olduğunu
bütün dünyaya nümayiş etdirdi. "Azərbaycan
əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir,
üstünlüyümüzdür. Biz
bunu qiymətəndiririk və qoruyub saxlayacağıq" deyən
ulu öndər bütün sonrakı siyası fəaliyyətini
bu sərvətin əbədi olması istiqamətinə
yönəltdi.
Azərbaycanın multikultural ənənələrinin
dövlət tərəfindən qorunması işində ən
vacib olanı ümummilli lider Heydər Əliyevin təşəbbüsü
və göstərişi ilə bu məsələnin
hüquqi sənədlərdə, o cümlədən Azərbaycan
Respublikasının Konstitusiyasında əks
olunmasıdır. Belə ki, multikulturalizm siyasətinin əsasını
təşkil edən tolerantlıq (dözümlülük)
prinsipi Azərbaycan Respublikası Konstitusiyasının bir
sıra maddələrində aydın şəkildə təsbit
edilmişdir. Bununla bağlı "Bərabərlik
hüququ" (maddə 25, bənd 3), "Milli mənsubiyyət
hüququ" (maddə 44, bəndlər 1, 2), "Ana dilindən
istifadə hüququ" (maddə 45, bəndlər 1, 2) və
başqa maddələri göstərmək
mümkündür.
Ulu öndər haqlı olaraq multikulturalizm siyasətini
ölkənin demokratik inkişafının tərkib hissəsi
hesab edirdi. O,
Azərbaycan ərazisində yaşayan milli azlıqların
hüquq və azadlıqlarının, o cümlədən
etnik-mədəni, dini dəyərlərinin qorunmasını
demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və
azadlıqları kontekstində görürdü. Ulu öndərin rəhbərliyi ilə, nəhayət
ki, dönüşü olmayan demokratik inkişaf yoluna
çıxmış Azərbaycan Respublikası, onun qeyd
etdiyi kimi, "dinindən, dilindən, irqindən asılı
olmayaraq Azərbaycanın bütün vətəndaşlarının
eyni hüquqlara malik" olmalarını təmin etməli
idi.
Təbii olaraq, ulu öndər etnik millətçiliyə
alternativ kimi bütövlükdə Azərbaycan
xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan
dövlətçiliyinin yüksəlişini şərtləndirən
və multikulturalizmin əsas mənəvi bazası olan azərbaycançılıq
prinsipini milli ideologiya kimi irəli sürdü. O qeyd etdi ki, etnik millətçilik,
nəhayət etibarilə, etnik separatizmə, xalqlar arasında
münaqişəyə gətirib çıxarır. Azərbaycançılıq ideologiyası isə
dinindən, dilindən, irqindən asılı olmadan ölkədə
yaşayan bütün vətəndaşları birləşdirir.
Ulu öndərin dediyi kimi, həqiqətən də
"Azərbaycan onun ərazisində yaşayan bütün
millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi
də, avar da, kürd də, talış da, udin də,
kumık da, başqası da - bütünlükdə
hamısı azərbaycanlıdır". Bu sözlər
bu gün də son dərəcə əhəmiyyətlidir və
belə bir aydın siyasi həqiqəti
aktuallaşdırır: biz, yəni Azərbaycanda yaşayan
bütün xalqlar məhz bir yerdə, məhz azərbaycanlı
olaraq dünya üçün maraq kəsb edə bilərik.
Biz ayrı-ayrılıqda heç kim
üçün maraqlı deyilik!
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi
altında ölkəmizdə Azərbaycan xalqının
multikultural ənənələrinin qorunması və
inkişaf etdirilməsi sahəsində həyata keçirilən
siyasi istiqamət yeni mərhələdə onun layiqli
davamçısı Prezident İlham Əliyev tərəfindən
uğurla inkişaf etdirilir. Multikulturalizmi Azərbaycan Respublikasının
dövlət siyasəti, xalqımızın həyat tərzi
kimi dəyərləndirən Prezident İlham Əliyev bu
siyasətin həyata keçirilməsində BMT, ATƏT,
Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq
Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla
əməkdaşlığa xüsusi önəm verir. O, daima
ölkəmizin bu təşkilatlar tərəfindən qəbul
edilən milli azlıqların hüquq və
azadlıqlarının müdafiəsi ilə bağlı
konvensiyalara qoşulmasının vacibliyini qeyd edir. Məhz bu
siyasi xəttin nəticəsi kimi Azərbaycan Prezidentinin
göstərişi ilə ölkəmizin 26 noyabr 2009-cu il
tarixli qanunla "Mədəni özünüifadə
formalarının müxtəlifliyinin qorunması və təşviqinə
dair" UNESCO Konvensiyasına qoşulmasını göstərmək
olar.
Azərbaycanın mənəvi-siyasi yüksəlişində
son dərəcə vacib məqamlardan biri isə Prezident
İlham Əliyevin təşəbbüsü və
iştirakı ilə 2011-ci ildən bəri mütəmadi
olaraq Bakıda Beynəlxalq Humanitar Forumun keçirilməsidir. Artıq ənənəyə
çevrilmiş bu forumun son açılışı
zamanı etdiyi çıxışında Prezident İlham
Əliyev multikulturalizmi "alternativi olmayan, gələcək
inkişaf üçün ən məqbul variant" kimi dəyərləndirməklə
təkcə Azərbaycanda deyil, müasir dünyada
multikulturalizm meyillərinin gücləndirilməsinin
vacibliyini xüsusi olaraq qeyd etmişdir.
Belə
bir siyasi kontekstdə Prezident İlham Əliyev 28 fevral
2014-cü il tarixli sərəncamı ilə
Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
dövlət müşavirinin xidmətini yaratdı. Bu gün bu xidmət ölkənin ideoloji həyatının
önəmli istiqamətlərini əlaqəli şəkildə
öyrənən, obyektiv səbəbdən özünü
göstərən müəyyən boşluqların
doldurulmasını təmin edən vacib bir orqan kimi fəaliyyətini
qurmaqdadır.
Prezident
İlham Əliyevin multikulturalizm siyasətinin növbəti əhəmiyyətli
addımı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
yaradılmasına dair 15 may 2014-cü il
tarixində imzaladığı fərman oldu. Bu
mərkəzin yaradılmasının əsas məqsədi
ölkəmizdə əsrlər boyu formalaşmış
tolerantlığın, etnik-mədəni, dini müxtəlifliyin
qorunmasını və çiçəklənməsini təmin
etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi
kimi tanıtmaq və mövcud multikultural modellərini tədqiq
və təşviq etməkdir. Dünyanın
multikulturalizm sahəsində aparıcı mütəxəssislərinin,
görkəmli ictimai və siyasi xadimlərinin Bakıda beynəlxalq
səviyyədə belə bir mərkəzin açılmasını
son dərəcə təbii və işgüzar şəkildə
qəbul etmələri məhz Azərbaycanın bu gün
dünya multikulturalizminin mərkəzinə çevrilməsi
reallığını aydın şəkildə
nümayiş etdirir.
Bu gün Azərbaycanda multikulturalizm sahəsində
bir-birini tamamlayan, sistemli xarakter daşıyan siyasi iradə və
onun gerçəkləşməsi proqramı uğurla həyata
keçirilir.
Prezident İlham Əliyevin multikulturalizmə,
tolerantlığa verdiyi siyasi dəyərin dünya
miqyasında real elmi, mədəni, sosial müstəvilərə
köçürülməsi işində Heydər Əliyev
Fondunun böyük xidmətləri danılmazdır. Bu gün Azərbaycan
multikultural ənənələrinin qorunub saxlanması, təbliği
ilə bağlı Heydər Əliyev Fondu olduqca əhəmiyyətli,
möhtəşəm layihələr həyata keçirir.
Bu layihələr Azərbaycan multikulturalizminin
bir ölkə çərçivəsində qapalı
inkişafını deyil, dünya çərçivəsində
dinlərin və mədəniyyətlərin müxtəliflikləri
rejimində fəaliyyət göstərməsini
reallaşdırır.
Fondun düşünülmüş, sistemli fəaliyyətində
multikulturalizmin mühüm aspektlərindən biri olan mədəniyyətlərarası
əlaqələrin möhkəmlənməsi istiqaməti
xüsusi yer tutur. Fondun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə keçirilən
"Mədəniyyətlərarası dialoqda qadınların
rolunun genişləndirilməsi", "Qloballaşma şəraitində
mədəniyyətlərin rolu", "Çoxmədəniyyətli
dünyada sülh şəraitində birgə yaşama",
"Azərbaycan - tolerantlıq məkanı" layihələrini
xüsusi qeyd etmək olar. Tərəqqipərvər
dünya ictimaiyyəti, görkəmli şəxsiyyətlər
və sıradan insanlar bu qəbildən olan tədbirlərin
keçirilməsini, orada mədəniyyətlərarası
dialoqun inkişafına həsr olunmuş məsələlərin
müzakirə olunmasını və ən əsası,
gerçəkləşdirilməsini böyük rəğbətlə
qarşılayır.
Müasir dövrdə Azərbaycan özünün
multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi
nailiyyətlərlə dünya dövlətlərinə, o
cümlədən bu sahədə tarixən öz zəngin təcrübəsi
ilə tanınan Qərb ölkələrinə nümunə
olmaqdadır.
Məlum olduğu kimi, bir sıra Qərb ölkələri,
o cümlədən Böyük Britaniya, Fransa, Almaniya uzun illər
apardıqları multikulturalizm siyasətindən bu gün rəsmi
şəkildə imtina edirlər. İmtinanın əsas
səbəbini ümumi şəkildə Böyük
Britaniyanın Baş naziri Devid Kemeron 5 fevral 2011-ci il tarixində Münhendə təhlükəsizlik
üzrə keçirilən konfransdakı
çıxışında Böyük Britaniyada məskunlaşmış
əcnəbilərin yaşadıqları cəmiyyətə
inteqrasiya etmək istəməmələri ilə izah
etmişdir. Bəlkə də və çox
güman ki, bu, siyasi bəhanədir. Bəlkə
də ölkələrdə iflasa uğrayan multikulturalizm
siyasətçilərinin özlərinə bəraət
qazandırmaq cəhdidir. Və bunun fonunda təzahür
edən, inkişafda olan multukulturalizmin Azərbaycan təcrübəsinin
bütün dünyaya siyasi cəsarətlə nümayişi
ona gətirib çıxarmışdır ki, bu gün
artıq Yer kürəsinin hər yerində ədalətsevər
insanlar ölkəmizi sarsılmaz multikultural dövlət imici
əldə etmiş mərkəz kimi tanıyır. Qətiyyətlə demək olar ki, Azərbaycan
multikulturalizmi ölkəmizin siyasi simasının əsas
cizgilərindən birinə çevrilmişdir. Azərbaycan multikulturalizminin siyasi banisinin
arzularından biri də elə bu idi.
Kamal ABDULLAYEV,
Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə dövlət
müşaviri, AMEA-nın həqiqi üzvü
Azərbaycan.-2014.- 23 iyul.- S.7.