Vətən, səndə nəyim qalıb
Ağdamın işğalından
21 il keçir
Bayatılar
da canlı varlıqlar kimidir...
Yaranır,
yaşayır, bəzən unudularaq uzun müddət yada
düşmür, hərdən isə sanki təzədən
doğulur...
Bu da bir
tale yazısı, bir qismətdir!
"Qarabağ
şikəstəsi"ndə yarandığı gündən
qəribə nisgil, həsrət dolu notlar var!
Bəlkə
də bu müqəddəs kədər harayı orada oxunan
bayatılarla bağlıdır:
Əzizinəm,
Qarabağ,
Şəki,
Şirvan, Qarabağ,
Aləm cənnətə
dönsə,
Yaddan
çıxmaz Qarabağ!
Qəribədir,
bu şikəstə, bayatı yarananda Qarabağ bizə, biz
Qarabağa həsrət deyildik!
Birlikdə
yaşayırdıq!
Bəs bu
uzaqgörən "bəstəkar" və
"şair" haradan bilirdilər ki, uzun illərdən sonra
ayrı düşəcək, bir-birimizə həsrətlə
baxacaq, kədərimizi musiqi ilə ovundurmağa, həsrətimizi
isə bayatı ilə söndürməyə
çalışacağıq?!
Hardan idi bu öncəgörmə?!
Bu
görünən Ağdamdı,
Ağ damdı, qara damdı.
Yollarına
baxmaqdan
Gözlərimə
qan damdı!
Bu bayatı isə daha sonralar, artıq həsrətimizin
21 ilini qeyd etdiyimiz Ağdamın işğalından sonra yaranıb.
Qəribə
ayrılıqdır...
Uzaqdan
baxanda Ağdamın dağıdılmış və
yandırılmış evlərini, xaraba qalmış kəndlərini
görürsən...
Amma gedə
bilmirsən...
Həyət-bacalarda
qurumuş ağaclar, qanqal basmış bağ-bağça
aydın görünür...
Amma nə
ağaclara su verə bilirsən, nə də ot-ələfi təmizləməyə
əlin çatır!
Vaxtilə
ürəyin atlana-atlana getdiyin yolları toz-torpaq basıb...
Amma
yaxın dura bilmirsən! Çünki yağı düşmən
minalayıb!
Gözlə
gördüklərinə əlin çatmır...
Amma həsrət
ürəyini sızıldadır, qəzəbdən dişin
bağırsağını kəsir!
Bu nə tale, bu nə qismət?!
Məsləhətinə
şükür, İlahi!
***
Müstəqil
Azərbaycan bizim üçün çox əzizdir, qiymətlidir!
Onunla daim qürur duyur, xarici ölkəyə gedəndə
ondan ötrü darıxırıq! Azərbaycanın hər
uğuru bizi sevindirir, onunla bağlı hansısa narahatlıq
doğuran hadisə baş verəndə hər birimiz bu
narahatlığı canımızdan keçiririk!
Azərbaycan
bizim üçün böyük vətəndir, müqəddəs
məkandır!
Amma bu vətən
doğulduğumuz evdən, eldən-obadan başlayır!
Doğulduğumuz məkana bizi daha çox tellər
bağlayır.
Orada doğmalarımız, əzizlərimiz
yaşayıb, orada dostlarımız, ilk dəfə
addımladığımız küçələr, su
içdiyimiz bulaqlar, oxuduğumuz məktəb qalıb.
Orada bizim
uşaqlıq illərimiz, yeniyetməlik
çağlarımız, ilk arzularımız qalıb!
Orada bizim
ömrümüzün bir parçası, xatirələrimiz
qalıb!
Orada bizim
doğmalarımızın və əzizlərimizin məzarları
qalıb!
Onlarsız
ömür tam olmur!
Bəzən
insan doğulduğu evdə olmağa, "köhnə"
küçələrdə gəzməyə, birinci sinfə
getdiyi məktəbə baş çəkməyə ehtiyac
duyur...
Bəzən
insan uşaqlıq və keçmiş xatirələrini yenidən
canlandırmaq istəyir...
Bəzən
insan qəbir üstünə gedərək ürəyini
boşaltmaq istəyir...
Fəqət
onların hamısı tikanlı məftillərin
arxasında, səngərlərin o tayında qalıb!
O
cansız varlıqlar da erməni işğalında qalaraq əsirlik
əzablarını yaşayır!
Yasin səsinə
həsrət, baş və sinə daşları oğurlanaraq
dağıdılmış, ərazisini kol-kos basmış qəbiristanlıqlar
da bizdən kömək istəyirlər!
Ancaq nə
əlimiz yetir, nə dadlarına çata bilirik!
Ayıran
elə ayırmayıb: göz görür, ürək istəyir,
məsafə yaxın!
Get
görüm gedə bilirsənmi?!
***
Heç kim el-obasını, ev-eşiyini tərk edəcəyini
ağlına belə gətirmirdi!
Heç kim doğma yurdundan bu qədər ayrı
düşəcəyini yuxuda da görməzdi!
Amma hərdən
insanın ağlına gəlməyən, yuxusuna girməyən
gerçək həyatda başına gəlir!
Çaş-baş qalan insanlar kütləvi psixoz,
şok vəziyyətinə düşmüşdü.
Heç
nəyə inam və ümid qalmamışdı: nə
dövlət vətəndaşının harayına
çatırdı, nə də ordu vardı ki, onu
düşməndən və işğaldan qorusun!
Silah-sursatı olsaydı, yəqin ki, torpaqlarını
birtəhər saxlayardı. Belədə isə
gümanı özünə, daha doğrusu, canını
götürüb getmək üçün ayaqlarına
qalırdı.
Həm də
zənn edirdi ki, qısa zamanda geriyə dönmək
mümkün olacaqdı...
Gücləri çatan, yerləri imkan verən qədər
"yük" götürdülər.
Ağdamın Yevlaxa yaxın kəndlərinin ərazilərinə
pənah gətirdilər.
Qaçan
çox, yer az idi!
Yol kənarlarına, əkin sahələrinə
tökülüb qaldılar. "Düşmən Ağdama
girib-çıxacaq" adı ilə buraxılan məqsədli
şayiə sayəsində insanlar özlərini
inandırmağa çalışdılar ki, bəlkə
müharibə bununla bitə!
Adamlar
real kömək görməyəndə şayiələrə
inanmağa başlayırlar!
Yerdəkilərdən
yardım ala bilməyəndə üzlərini göyə
tuturlar!
Beləliklə,
hamı dolu ev-eşiyini, abad və rahat həyət-bacasını
Allaha əmanət qoyaraq və Allahı köməyə
çağıraraq hələ bələd olmadıqları
və bu qədər çəkəcəyini bilmədikləri
məcburi köçkün həyatına qədəm
doydular!
Bu zaman itirilənlər isə təkcə Allahın
verdiyi (və sonradan geri aldığı) maddi nemətlər
deyildi.
***
MƏNƏVİ İTKİLƏR daha böyük
ağrı-acı doğururdu.
Ağdamda hər ailənin yaxşı
dolanışığı, zəhmətlə qurduğu
güzəranı vardı. İnsanların bir
qismi alış-verişlə, indiki dillə desək, bizneslə
məşğul olurdu. Qarabağın
qeyri-rəsmi mərkəzi sayılan Ağdam həm də ətraf
rayonlar üçün bazarlıq yeri idi. Sovet
dövrünün qıtlığı və mal
çatışmazlığı Ağdamda hiss olunmurdu. Qoçaq adamlar SSRİ-nin hər tərəfindən
aztapılan malları daşıyıb Ağdamın
bazarına və mağazalarına tökürdülər.
Adamlar bir-birini yola verərək
dolandırırdı.
Müharibənin
ən çətin günlərində və məqamlarında,
Ağdamın "qrad" mərmiləri ilə atəşə
tutulduğu vaxtlarda da Ağdam bazarı açıq olmuş,
azdan-çoxdan alver getmişdi!
Əslində, bazar rayonun, hətta bölgənin
barometri sayılırdı.
Onun fəaliyyətinin dayanması Ağdamın
işğalının reallaşmasından xəbər
verirdi.
İnsanlar, ailələr heç zaman təkbaşına,
özünə qapılaraq yaşamırlar. Qohum,
qonşu, dostlar və doğmalarla daim təmasda olurlar.
Belə əlaqələr Ağdamda daha güclü idi! Yerli əhali qonaq getməyi və qonaq
qarşılamağı çox sevirdi və buna həmişə
xüsusi hazırlıq görülür, gen-bol bazarlıq
edilirdi.
İşğal ərəfəsində müharibənin
ağrıları insanları daha da mehribanlaşdıraraq
bir-birinə yaxınlaşdırmışdı. Hərə
eşidib bildiyini danışaraq dərdləşir, vəziyyətdən
necə çıxacaqları, hara üz tutacaqları barədə
məsləhətləşirdilər.
Qaçqınlıq həyatı isə daim bir-biri ilə
təmasda olan insanları dərbədər saldı, hərə
bir tərəfə səpələndi. Uzun illər boyu ünsiyyətdə
olmuş, çətində-darda bir-birlərinə əl
uzatmış insanların ayrılaraq pərən-pərən
düşməsi müəyyən mənəvi
boşluğun yaranmasına da səbəb oldu!
Bu proses kənd
yerlərində xüsusilə ağrılı keçdi.
Adətən, hər kəndin öz ağsaqqalları,
ziyalıları, sənətkarları, köməksizi və
tənhaları olur.
Bir-birlərilə daim qaynayıb-qarışan, qohumluq əlaqələri
olan insanlar xeyirdə-şərdə iştirak edir, bir-birini
yola verir, lazım gələndə əl tutub, arxa dururlar.
Neçə nəsil tərəfindən yaradılaraq
saxlanılan bu qaydaların müxtəlif kəndlərdən,
hətta rayonlardan qaçqın şəhərciklərinə
və yataqxanalara toplaşmış insanlar tərəfindən
"icrası" dayandırıldı. Yeni yaranan "kənd"
"köhnə kənd" olmadığından
ağsaqqal, ziyalı, köməyə möhtac insanlar "təzə
sakinlər" tərəfindən
"tanınmadığından" bu pərsəng də
pozuldu!
Təzə "qaydalarda" isə mərhəmətdən
və hörmətdən çox ehtiyac və daha tez
yardım almağın "elementləri"
üstünlük təşkil etməyə başladı.
"Hamıdan
qabaq" və "yaxşısını" ala bilmək
istəyi insanları bir-birindən ayırır, hətta az qala rəqibə çevirirdi!
İtirilən
və unudulan "kənd ənənələrini" qorumaq
çətin olduğu kimi, geriyə qayıdanda təzədən
bərpası da müşkül görünür! Bəlkə
də bu gün onların "geri qaytarılaraq"
(şübhəsiz, yeni və müvəqqəti
yaşayış məntəqələrində) qorunub
saxlanılması heç də təzə mənzil
tikintisindən az əhəmiyyətli məsələ
deyil!
Hamı bir yerdə yaşayanda insanlar bir-birinin xeyrinə-şərinə
yarayır, qonşu qonşusunun harayına hamıdan tez
çatır, qohum-əqrəba qolunu çırmalayıb məclislərdə
əl-ayaq edirdi. İndi hərə bir yanda, 63 rayonun və
bir paytaxtın ağlagəlməz ünvanlarında qərar
tutub.
Yas xəbəri
gəlib çatanacan ölənin yeddisi də
çıxır!
Toy
siyahıları isə çoxdan tarixin arxivinə verilib! Daha
heç kim "getmişəm, gələcək"
demir. Çünki zaman da, məkan da fələyin əli ilə
dəyişib!
Bu
qaçhaqaçda qazanılan təkcə "məcburi
köçkün" adı və bir də bu ada görə
göz dikdiyi, ilk vaxtlar aşağılayıcı saysa da,
heç cür imtina edə bilmədiyi dövlət
yardımları oldu!
***
MADDİ İTKİLƏRİN hesablanmasına
başlanılıb. Bu işə beynəlxalq ekspertlər cəlb
edilib.
Hər
şey nəzərə alınacaq: dağılan dövlət
obyektlərinin, yol infrastrukturunun, mühəndis-kommunikasiya
qurğuları və elektrik xətlərinin dəyərləri,
kolxoz və sovxozlara, onların əmlakına (həmin
dövrdə ölkəmizdə özəlləşdirmə
aparılmamışdı) vurulan ziyanın məbləği,
ötən müddətdə idarə və müəssisələrin
işləməməsindən, habelə torpaqların əkilməməsindən
dəyən zərər və s. hesablanacaqdır!
Vətəndaşların
da itkiləri unudulmayacaqdır! Ağdamda
bir-birindən gözəl və yaraşıqlı
çoxsaylı fərdi evlər, hər bir şəraiti və
rahatlığı olan məhəllələr, mənzillərdə
mebel dəstləri, elektrik-məişət
avadanlıqları vardı. Saysız-hesabsız
bu varidatın böyük hissəsini müxtəlif səbəblər
üzündən aparmaq mümkün olmadı.
Nə qədər nişanlı və ərgən
qızların hələ bir dəfə belə işlənməmiş
mebel dəstləri, qab-qacaqları yer dərdindən
götürülməyərək Allahın ümidinə
qaldı.
Bəs fərdi həyətlərdəki meyvə
ağacları? Hər il insanlar bu hesaba nə qədər
gəlir götürürdülər! Onları kökündən
çıxararaq aparmaq ki olmazdı! Bağçaların
gül-çiçəyi necə oldu? İndi Ağdam
ruhlar şəhərinə, qanqalların adam
boyundan yuxarı qalxdığı məkana çevrilib!
Kənd həyətlərində saxlanılan
toyuq-cücə, bəslənilən cins mal-qara? Hamısı tələm-tələsik
kəsilərək tələf edildi, qapıların
damazlığı yox oldu!
Bütün
bunları maddi hesabatlarda əks etdirmək, hər birinə
aid sənəd toplayıb təqdim etmək mümkün
deyil! Digər tərəfdən, ikili
standartların hökm sürdüyü dünyada
hesablanmış zərərin əvəzini almaq həmin
mal-mülk sahiblərinə qismət olacaqmı?
Axı
ömür keçib gedir!
Üstəlik,
onu kim və hansı mənbədən
ödəyəcəkdir?!
Hər
halda bu vacib məsələ müvafiq qaydada aparılaraq
başa çatdırılmalı və beynəlxalq təşkilatlar
qarşısında qaldırılmalıdır!
***
Elə
yaralar var ki, nə sağalır, nə də unudulur!
İnsan doğmalarını, ən yaxın
dostlarını itirəndə ömrünün sonunadək
onun sızıltısını duyur. Doğrudur, zaman belə
ağrıları bir qədər azalda bilər. Amma
tamam yox etmir!
Vətən itkisi isə ən ağır, ən dəhşətli
yaradır.
Onun ağrısı heç zaman azala bilməz! Ola bilər
ki, sonrakı nəsillər görmədikləri,
yaşamadıqları vətənin ağrısını az duysunlar. Amma gen yaddaşı heç zaman
pozulmadığından vətən sevgisi də azala bilməz!
Nənələri
və babaları özlərini "müvəqqəti dəfn
etdirmiş" və "torpaq geriyə qaytarılanda məni
çıxarıb dədə-baba qəbiristanlığına
apararsınız" vəsiyyətini etmiş insanların nəvələri
vətəni heç zaman yaddan çıxarmazlar!
Hətta
yaşadıqları yer cənnətə dönsə belə!
Bəli, bu gün dövlət normal yaşaması,
övladlarını oxutdurması, müəyyən fəaliyyətlə
məşğul olaraq başqalarından əskik
dolanmaması üçün məcburi köçkünə
öz köməyini mütəmadi şəkildə göstərir.
Amma
bunların hamısı müvəqqətidir!
Yaxında
olsa da, əlimiz çatmayan vətəndə hər şey
dağılıb, yerlə yeksan edilib!
Biz
hökmən ora qayıtmalı, oraları da Azərbaycanın
digər yerləri kimi yenidən tikib-quraraq
abadlaşdırmalıyıq!
Və
bunu hökmən edəcəyik!
Allah-Taala bəzən insanlara "göz
dağı" ilə cəza verir. Məsələn, bəzən
xəstə və imkanlı insan nazü-nemətlə dolu
süfrənin kənarında oturub yeməklərə həsrətlə
baxır.
Əli
çatsa da, dadına belə baxa bilmir! Çünki elə
dərdə düçar olub ki, boğazı tikilib! Yesə
də, həzm edə bilməyəcək!
Bax beləcə,
göz dağı çəkə-çəkə
dünyasını dəyişir!
Biz məcburi köçkünlər də indi belə
vəziyyətdəyik.
Müstəqil, günbəgün inkişaf edərək
daha da gözəlləşən, dünyada hörmət və
nüfuz sahibi olan Azərbaycanda yaşayırıq. Hər bir ölkə vətəndaşı
istədiyi sahədə çalışa, özünə
biznes qura bilir! Kəndlərdə və şəhərlərdə
tikilən yaraşıqlı şəxsi mənzillərin
sayı-hesabı yoxdur! O qədər insan özünə
avtomobil alıb ki, küçə və yollarda tıxac səbəbindən
hərəkət çətinləşib!
Dövlətin dəstəyi sayəsində məcburi
köçkünlər hər cür çətinliyi arxada
qoyaraq özlərinə yenidən güzəran qurmuş,
yeni qəsəbələrə və mənzillərə
köçmüşlər.
Vətənin
abad, gözəl və yenidən qurulmuş hissəsində
oturaraq düşmən işğalında qalan
xarabalığa çevrilmiş hissəsinə isə ürək
ağrısı ilə baxırsan!
Əl
uzatsan çatar, amma gedə bilmirsən!
Düşmən
evləri sökür, dəmir və taxta materiallarını
"dostlarımıza" satır, bir söz deyə bilmirsən!
Yüz
illərin meşələri, çöl-çəmən
yandırılaraq məhv edilir, dünyanın bir qurumu ekoloji
fəlakət harayı salmır!
İyirmi
ildən çoxdur ki, mülkiyyət, istədiyin yerdə
yaşamaq, sevdiyin peşənlə məşğul olmaq
hüququn pozulur, amma "Amnesty International", "Freedom
House", "Human Rights Watch" kimi "obyektiv"
hüquq müdafiə təşkilatları ağzına su
alıb durur!
ATƏT həmsədrləri
hər dəfə Ağdamın xarabalıqlarından
keçib Azərbaycana gələndə
torpaqlarımızı kimin işğal altında
saxladığını gözləri ilə görür,
amma bir dəfə işğalçı Ermənistanı
öz adı ilə çağırmır!
Ordumuzun qüdrəti ilə torpaqları azad edə bilərik, amma hamı nəticəsiz sülh danışıqlarının davam etdirilməsinə təkid göstərir!
Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi və qətiyyəti birmənalıdır:
Azərbaycan bir qarış torpağını da heç kəsə güzəşt etməyəcəkdir!
Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz!
Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, Azərbaycan bayrağı Xankəndidə və Şuşada dalğalanacaqdır!
Azərbaycan Ermənistanın blokada vəziyyətindən çıxarılmasına yol verməyəcəkdir!
Münaqişənin tezliklə həlli erməni xalqının da xeyrinədir!
Azərbaycan torpaqları işğal olunduqdan sonra düşmənin əli ilə xarabalığa çevrilmişdir!
Ermənistan isə öz ağılsız siyasətçilərinin "fəaliyyəti" sayəsində əhalisi tərəfindən tərk edilən yoxsullar və perspektivsizlər ölkəsinə çevrilir!
Biz öz torpaqlarımıza qayıdacağıq! - Buna şübhə etmirik!
Ermənistan heç zaman Azərbaycan torpaqları hesabına Qarabağda ikinci erməni dövləti yarada bilməyəcəkdir. - Bu, reallıqdır!
Allah bizə səbir, düşmənlərimizə isə ağıl versin!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2014.- 23 iyul.- S.8.