İsmayıllı inkişaf tempini artırır

 

Ötən ilin avqust ayında ölkəmizin şimal-qərb bölgəsinə səfəri çərçivəsində İsmayıllı rayonunda olarkən mövcud layihələrdən və sosial məsələlərdən söz açan Prezident İlham Əliyev rayonun yeni rəhbərliyinin qarşısında duran vəzifələrə də toxunmuşdu: "Biz İsmayıllının müasir şəhərə çevrilməsinə nail olmalıyıq. Burada böyük abadlıq, quruculuq işləri aparılır, yollar genişlənir, gözəl binalar tikilir. Bu hələ görülən işlərin birinci mərhələsidir. Əminəm ki, bu yüksək templər saxlanacaq və yaxın zamanlarda İsmayıllı ölkəmizin qabaqcıl rayonlarından birinə çevriləcəkdir".

Ölkə rəhbərinin həmin səfərindən sonra İsmayıllıda çox görülüb. Rayon icra hakimiyyəti qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün işgüzar mühitin formalaşmasına nail olub. İndi İsmayıllı şəhəri geniş tikinti-quruculuq meydanına bənzəyir. Yeni infrastruktur layihələri həyata keçirilir, yollar genişləndirilərək asfalt döşənir, hasarlar milli memarlıq üslubunda yenilənir, küçələr, səkilər abadlaşdırılır, geniş tikinti işləri aparılır.

Həmişəki kimi, bu dəfə də rayon mərkəzinə Bakı-Qəbələ avtomobil magistralından Heydər Əliyev prospektinə dönüb getmək istədik. Amma yol bağlı idi. Soruşmağa ehtiyac qalmadı - prospektdə yenidənqurma işləri gedirdi. Yaxınlaşıb fəhlələrə uğur arzuladıq, sakinlərlə söhbət etdik. Görülən işlərdən razılıqlarını bildirərək söylədilər ki, tezliklə İsmayıllı müasir bir şəhərə çevriləcək. Söhbət zamanı insanların yüksək əhval-ruhiyyəsi, işgüzar ovqatı, qurub-yaratmaq əzmi də diqqətimizi çəkdi.

Yaxşı haldır ki, görülən işlər İsmayıllı şəhəri ilə məhdudlaşmır, rayonun kəndlərini də əhatə edir. İsmayıllı Tikiş Fabriki, avtovağzal, Göyçay çayının Sumağallı kəndi ərazisindən axan hissəsindəki su-elektrik stansiyasının istifadəyə verilməsi yeni görülən işlər sırasındadır. Bunlardan əlavə, şəhərin su-kanalizasiya sisteminin, İsmayıllı-İvanovka-Hacıhətəmli avtomobil yolunun yenidən qurulması da diqqətçəkən məqamdır. Dövlətin yüksək qayğısı sayəsində yol, təbii qaz, içməli su çəkilişi geniş miqyasda davam edir.

İsmayıllı şəhəri ərazisində irili-xırdalı 89 küçə var. Son dövrlərə qədər, demək olar, heç biri nəqliyyatın və sakinlərin istifadəsi üçün elə də yararlı olmayıb. İndi mənzərə tamam dəyişib. Hazırda 37 küçə abadlaşdırılıb, 14 küçəyə asfalt döşənib. Həmin küçələrdə evlərin dam örtükləri, darvazalar dəyişdirilir, qədimlik və müasirlik uyğunlaşdırılır.

Rayon icra hakimiyyətinin inzibati binası əsaslı şəkildə təmir edilərək yenidən qurulub, bütün otaqlarda lazımi şəraiti yaradılıb. Statistika idarəsinin, DSMF rayon şöbəsinin, həmçinin təhsil şöbəsinin inzibati binaları əsaslı təmir edilib, bir sıra küçələrdəki yaşayış binalarında da yenidənqurma işləri görülüb.

Rayonda sakinlərin tikinti-quruculuq, abadlıq işləri ilə bağlı arzu və təkliflərinə həssaslıqla yanaşılır. Bu baxımdan RİH başçısının səyyar qəbullarının qarşılıqlı söhbət şəklində keçməsinin əhəmiyyəti böyükdür. Hələ 2013-cü ildə RİH başçısı Mirdamət Sadıqovun Qalınçaq kəndində səyyar qəbulu zamanı sakinlər məktəb binasının darısqallığından, tibb məntəqəsinin olmamasından gileylənmişdilər. Artıq Qalınçaqda 360 şagird yerlik yeni məktəb binası tikiliro, yeni dərs ilinədək istifadəyə verilməlidir. Əvvəlki məktəb binasında isə həm tibb məntəqəsi, həm də digər müvafiq qurumlar yerləşdiriləcək. Rayonda daha 3 yeni məktəb binasının tikildiyiniqeyd etməliyik.

Aldığımız məlumata görə, aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, İsmayıllıda 6000-dən çox bağça yaşlı uşaq var. Bu uşaqlardan cəmi 300 nəfəri uşaq bağçalarına gedir. Artıq RİH rəhbərliyinin təşəbbüskarlığı ilə ilk addımlar atılıb. Şəhərdə müasir standartlara uyğun 140 yerlik uşaq bağçası binasının tikintisində son tamamlama işləri görülür. Mican məhəlləsindəki 40 yerlik yeni uşaq bağçası isə artıq öz "sakin"lərini qəbul edir. Bunlardan əlavə, daha iki uşaq bağçası inşa olunur.

Erməni işğalçılarının torpaqlarımıza təcavüzü nəticəsində məcburi köçkün həyatı yaşamalı olan soydaşlarımızın İsmayıllıya pənah gətirmiş bir qismi məktəb binalarında yerləşdirilmişdi. Artıq onlar üçün yeni qəsəbə salınıb və 45 məcburi köçkün ailəsi həmin qəsəbədə məskunlaşıb.

Onu da qeyd edək ki, yaxın keçmişdə çox könülləri bulandırmış məşum "Çıraq hotel"in yerində 2 beşmərtəbəli yaşayış binası tikilib. Ətraf ərazidəki köhnə tikililərin əvəzinə də yeni binaların inşası planlaşdırılır.

Rayon Mərkəzi xəstəxanasının əsaslı təmiri, uşaq elektron kitabxanasının yaradılması, YAP rayon təşkilatı üçün inzibati binanın, "3d" formatda kinoteatrın, yeni bazarın - "Yaşıl market"in, "Yaşıl teatr"ın tikintisi də 2014-cü ilin ünvanına yazılıb. Göytəpə-Qalınçaq-Ruşan yolunun çəkilişi də həmçinin.

Şəhər mədəniyyət evi tikildiyi 1975-ci ildən bu yana bir dəfə də əsaslı təmir edilməmişdi. Artıq mədəniyyət sarayı adlanan bu bina klassikmodern üslubların sintezi əsasında yenidən qurulub. Burada müasir teatr tamaşaları, konsert və əyləncəli proqramlar üçün hər cür şərait yaradılıb.

Bəli, İsmayıllı sürətlə dəyişir, Uca Yaradanın bəxş etdiyi gözəllikləri insanlar daha da zənginləşdirirlər. Hər kəs bir daha əmin olur ki, gözəl yerdə gözəl yaşamaq insanın ən böyük rahatlığıdır. Elə dövlətimiz də bu gözəlliyi yaratmaq üçün heç bir qayğısını əsirgəmir.

 

T.MƏMMƏDOV,

Azərbaycan.-2014.- 23 iyul.- S.10.