Xızı rayonunun sosial-iqtisadi inkişafının

 sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında Xızı rayonunda nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi nəticəsində bir sıra mühüm əhəmiyyətli sosial məsələlər öz həllini tapmış, təhsil, səhiyyə, mədəniyyət obyektləri, inzibati binalar inşa edilmiş, iri infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən yol təsərrüfatının yenidən qurulması, suvarma sistemlərinin yaradılması istiqamətində müəyyən işlər görülmüş, sahibkarlığın inkişafına güclü təkan verilmiş, yeni iş yerləri açılmışdır.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Xızı rayonu üzrə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Xızı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən Xızı şəhər tam orta məktəbin yeni binasının tikintisi məqsədi ilə Xızı Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 23 iyul 2014-cü il

Azərbaycan.-2014.- 24 iyul.- S.1.