Nazirlər Kabinetində Oksford Universitetinin alimləri ilə görüş keçirilib
Azərbaycan
Respublikası Nazirlər Kabinetində ölkəmizdə səfərdə
olan Oksford Universitetinin alimləri ilə görüş
keçirilib.
AzərTAc
xəbər verir ki, Baş nazirin müavini Elçin Əfəndiyev
görüşdə dünyanın ən qədim və
nüfuzlu təhsil ocaqlarından biri sayılan Oksford
Universitetində Nizami Gəncəvi adına Azərbaycan və
Qafqazşünaslıq Elmi Mərkəzinin
yaradılmasını Azərbaycan ədəbiyyatına və
mədəniyyətinə verilən ən böyük qiymət
adlandırıb. Belə bir mərkəzin
yaradılmasının elmi əhəmiyyətini vurğulayan
Elçin Əfəndiyev bu əlamətdar hadisənin Azərbaycan
dili, ədəbiyyatı, tarixi, mədəniyyəti ilə
yanaşı, gələcək nəsillərin elmi
potensialının zənginləşdirilməsi
baxımından xüsusi önəm
daşıdığını söyləyib.
M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin Bakı
filialının rektoru, AMEA-nın müxbir üzvü,
professor Nərgiz Paşayeva Oksford Universitetində
yaradılmış Elmi Mərkəzin Azərbaycan və
ölkənin yerləşdiyi Qafqaz regionunun tarixi və mədəniyyətinin
araşdırılması üzrə Böyük Britaniyada təsis
edilən ilk elmi tədqiqat ocağı olduğunu deyib. Oksford
Universiteti ilə əməkdaşlığın uğurlu nəticələrinin
olacağına inandığını qeyd edən Nərgiz
Paşayeva Azərbaycan alimlərinin, şərqşünaslarının,
türkoloqlarının əsərlərinin belə bir
müstəvidə bu ali təhsil ocağının alimlərinə
tanıdılacağından məmnunluğunu bildirib.
Oksford
Universitetinin Şərqşünaslıq İnstitutunun
professoru, Beynəlxalq Münasibətlər üzrə Kral
İnstitutu və Oksford Analitika tədqiqat mərkəzinin
üzvü Edmund Herzig, Şərqşünaslıq
İnstitutunun professoru və Nyu York Universitetinin Antik
Araşdırmalar Mərkəzinin aparıcı elmi tədqiqatçısı
Robert Hoyland, Şərqşünaslıq İnstitutunun ərəb
filologiyası və ərəbşünaslıq üzrə
müəllimi Culyan Foltles göstərilən diqqətə
görə təşəkkür ediblər. Qonaqlar Azərbaycanın
elm xadimlərinin əsərlərinin tərcümə
olunaraq geniş ingilisdilli auditoriyaya tanıdılmasını
vacib saydıqlarını qeyd ediblər.
Xatırladırıq ki, Nizami Gəncəvi
adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması professor Nərgiz Paşayevanın təşəbbüsü
ilə həyata keçmişdir və bu, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
Bakı filialının və Oksford Universitetinin birgə layihəsidir.
Azərbaycan.-2014.- 24 iyul.- S.2.