Ağ damların həsrəti
21 il əvvəl - 1993-cü il iyul ayının 23-də Ermənistan silahlı qüvvələri qədim yaşayış yerlərini - Xıdırlı, Sarıcalı, Qiyaslı və Muradbəyli kəndlərini işğal edərək Ağdam şəhərini ələ keçirdilər. Sonrakı döyüşlərdə Ağdamın daha üçdə ikisi - 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılaraq məhv edildi. Mənəvi itkiləri nəzərə almasaq, təkcə bu işğal nəticəsində dövlətimizə milyard manatlarla ziyan dəydi.
Ağ damların tarixi
1930-cu ildə inzibati mərkəz kimi təşkil olunan Ağdam rayonu respublikamızın Ağcabədi, Bərdə, Tərtər rayonları ilə Dağlıq Qarabağla həmsərhəd idi. İşğal nəticəsində bu bölgələr arasında minillər boyu formalaşmış münasibətlər, əlaqələr də tamamilə itib getdi. Ağdamın işğalı xalqımızın Dağlıq Qarabağ ətrafında Laçın və Kəlbəcərdən sonra ən böyük itkisi oldu.
Hazırda Ağdamdan olan 130 minə yaxın məcburi köçkün Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində oturub Ağdamın azad olunmasını səbirsizliklə gözləməkdədir. Ağappaq damları ilə göz oxşayan Ağdam şəhəri, demək olar ki, tamamilə dağıdılıb. Uçuq divarların, yaralı məscid qüllələrinin gözləri göylərə dikilib. Onların iman yerinə, güman yerinə çevrilib göylər. Bu möhtəşəm rayonun inzibati mərkəzi isə Quzanlı kəndinə köçüb. Əlimizdə qalan 247 kvadratkilometrlik ərazisində Ağdam rayonunun 60 mindən artıq sakini məskunlaşıb. Qalan 100 min nəfər isə respublikanın 50-dən çox rayonunda müvəqqəti yaşamaqdadır. Qarabağ savaşında ən böyük itki də bu rayonun payına düşür: bu döyüşlərdə 6 mindən artıq ağdamlı şəhid, minlərlə insan şikəst oldu. Azərbaycanın cəsarət rəmzi olan bu qala-şəhərin - Ağdamın süqutu da hər kəsə bir çağırış, bir haray idi.
"Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında qarabağlı Pənahəli xanın bu şəhərdə özü üçün ağ daşlardan imarət tikdirmək barədə verdiyi qərar onun şərəfli tarixinin güzgüsünə çevrildi. Həmin imarət tikildikdən sonra uzun müddət nəinki ətraf kəndlərin sakinləri, eləcə də bütün Qarabağ üçün bir nişana - oriyentirə çevrildi. Bu mənada Ağdam hər bir azərbaycanlının yaddaşında həm də günəş şüaları ilə nurlanan işıqlı, yaraşıqlı, ağ evləri ilə yaşamaqdadır. Yaxşı ki, heç olmasa, şəhərləri, kəndləri yandırmaq, evləri uçurmaq mümkün olsa da, insanların yüzillərə söykənən yaddaşını uçurmaq, dağıtmaq, pozmaq, yenidən yazmaq mümkün deyil. Bu mənada Ağdam Azərbaycanın qədim və çox böyük tarixə malik şəhərlərindən biridir. Respublikamızın həyatında Ağdam rayonu həm iqtisadi, mədəni, elmi potensialına, həm də insanların fədakarlığına görə həmişə fərqlənib və bölgənin ictimai-siyasi həyatında həlledici söz sahibi olub.
Respublikanın ən inkişaf etmiş, güclü sənayesi və kənd təsərrüfatı, böyük iqtisadi potensiala malik rayonlarından biri olan Ağdamın işğalaqədərki ərazisi 1094 kvadratkilometr, əhalisi 160 min nəfərdən çox idi. Rayonda 36 kolxoz və sovxoz, 12 sənaye, 196 mədəni-maarif, 158 səhiyyə obyekti, 103 məktəb var idi. Ağdamda dəzgah avadanlıqları, aerokosmik və rabitə cihazları, metiz-furnitur, traktor və avtomobil təmiri, konserv, tikinti materialları zavodu, ət kombinatları, iki dəmiryol vağzalı və aeroport, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi zavodu vardı. Ü.Hacıbəyli adına Musiqi Texnikumu və Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı fəaliyyətlərini davam etdirməkdədir. Milli-mənəvi yaddaş kimi sözü, sənəti, səsi, çox şükür ki, bu insanların əlindən almaq heç zaman mümkün olmayıb.
Ağ damlara yağan qar
İqlimi əsasən mülayim-isti, quraq-subtropik olan Ağdam torpaqlarından Qarqar və Xaçın kimi qədim çaylar axar, min hektarlarla pambıq sahələrinə, üzüm bağlarına can verər, yaylaqlara sığmayan mal-qarasını gen-bol bəslərdi. Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlar idi. Yazda yağışı, qışda qarı sevindirərdi insanları.
Bu dəfə Qarabağa başqa bir "qar" yağdı. Zaman çox dəyişmişdi, ya nədən, bu dəfə onun soyuğuna dözən az oldu. O "qar" bütün Qarabağı, Ağdamı, onun tariximizin şahidi olan saysız-hesabsız memarlıq abidələrini görünməz etsə də, tarixi dəyişmək, saxtalaşdırmaq mümkün deyil. Xındırıstan kəndindəki Üzərliktəpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələr (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), digər türbələr və məscidlər (XVIII əsr), Qarabağ xanı Pənahəli xan və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), Şahbulaq qalası və s. memarlıq abidələri bu yurdun qədim Azərbaycan torpağı olduğunu təsdiq edən sənədlər, danılmaz faktlardır. Onlar şahidlik edə bilər ki, Azərbaycanın bütün dövrlərində Qarabağın, eləcə də Şuşanın, Ağdamın ayrıca yeri olub. Bu şəhərlərsiz Qarabağın, o cümlədən bütöv Azərbaycanın tarixi natamamdır, mümkünsüzdür. XVIII əsrdə Qarabağ xanlığının təşəkkül tapmasında, inkişafında, regionda güc sahibinə çevrilməsində də hər iki şəhərin - Şuşanın və Ağdamın əvəzsiz rolu vardı. 1918-1920-ci illərdə erməni-rus təcavüzünə qarşı mübarizədə də hər iki şəhər bir-birinin yanında idi.
Ağ damların qisası
1918-ci il sentyabrın 15-də Bakını erməni-bolşevik qüvvələrindən təmizlədikdən sonra hərbi hissələr dərhal Qarabağa üz tutdu. Həmin vaxt Nuru paşa Ənvər paşaya teleqramla bildirirdi ki, Qarabağ məsələsini üç həftə ərzində həll etməyə çalışacağıq. Əməliyyata birbaşa rəhbərlik etmək üçün oktyabrın 1-də Nuru paşa özü Ağdama gəlmişdi.
O vaxtlar "Azərbaycan" qəzeti Qafqaz İslam Ordusu hissələrinin Şuşaya daxil olduğunu xəbər verirdi: "Məhərrəm ayının 1-də qoşunlar şəhərə yaxınlaşdılar. Onları qarşılamaq üçün qara çərkəzi geyimdə olan yerli gənclərdən ibarət 30 nəfərlik fəxri qarovul göndərildi. Şəhərin girişində məktəblilərdən ibarət orkestrlə bərabər yerli könüllü hissələr dayanmışdı. Birinci zəfər qapısı yanında isə ruhanilər və beynəlmiləl komitə üzvləri əllərində şəhərin açarlarını tutmuşdular. Səhər saat 10-da qoşunlar aşağıdakı tərkibdə şəhərə daxil oldu: qabaqda süvarilər, arxasınca topçular və pulemyotçular. Qoşunların arxasınca isə Qaladərəsi qəhrəmanları Sultan bəy və İldırım bəy Qarabağ süvariləri ilə hərəkət edirdilər".
Vaxt dəyişmişdi və ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağın Bakıdan - ali hakimiyyətdən əli üzülən şəhərləri - Şuşa, Laçın, Xocalı, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər vuruşurdu, döyüşürdü, bir-birinin ardınca işğal olunurdu. Amma onların hamısı Bakıdan daha çox Ağdamdan kömək gözləyirdi. Axı Ağdamı onlara yaxın edən təkcə məsafə yaxınlığı deyildi...
Sonra hələ də araşdırılıb başa çatmayan müxtəlif hadisələr oldu, çoxlu günahsız qanlar axdı və indi də inanılası mümkün olmayan bir faciə yaşandı: 23 iyul 1993-cü ildə Şuşanın, Laçının ardınca Ağdam da işğal olundu. Bu həm də taleyini bu şəhərə bağlayan yüz minlərlə insanın ümid, güman, pənah yerinin işğalı idi...
Bu işğal nəticəsində on minlərlə insan doğma yurd-yuvasından perik düşdü, yurdlar, yuvalar xarabazara çevrildi. Bu, statistik məlumatlardır, bəlkə də öz-özlüyündə çox söz deməyəcək. Amma bu soyuq rəqəmlərin arxasındakı faciələri də görüb bilməyimiz vacibdir: beş ildən artıq davam edən döyüşlərdə 5897 nəfər şəhid, 3531 nəfər əlil oldu, 1871 nəfər uşaq yetim qaldı, 126 min nəfər isə doğma yurd-yuvasından didərgin düşdü.
Bu, artıq heç bir şərhə və düzəlişə ehtiyacı olmayan həqiqətlərdir.
Ağ damların intizarı
Bu sözləri ötən il - Ağdamın işğalının 20-ci ilində yazmışdıq. Onu yenə yazmalıyıq. Ta o yerlərə qayıdana kimi. Çünki indi yağı düşmənin əlinə fürsət düşüb, işğalda olan ərazilərimizdə qazıntılar aparır, özlərinə aid "tarixi faktlar" toplayır, Pənah xanın, Natəvanın, Qasım bəy Zakirin, Üzeyir bəyin, Əhməd bəy Ağaoğlunun, Xanın, Bülbülün... - o dahilərin, müqəddəslərin gözəl şəhərinə indi "Tiqranakert" adı qoyublar. Amma həm də qorxurlar. Güclənən ordumuzu, ruhlanan gəncliyimizi görüb narahat olurlar. Qorxduqları üçün də daha çox qorxutmağa çalışırlar. Ölkə başçısı İlham Əliyevin bu münaqişə ilə bağlı söylədiyi fikirlər, hər bir ağdamlı, şuşalı, kəlbəcərli kimi, hamıya belə bir ümid aşılayır ki, ermənilər özləri dayanmasalar, onları durduran olacaq. Bir sözlə, ağ damların intizarı çox çəkməyəcək: "Biz müharibə istəmirik. Biz çalışırıq ki, məsələ sülh yolu ilə həll edilsin. Ancaq görürük ki, iyirmi il ərzində bu məsələ öz həllini tapmır. Bu məsələni dondurulmuş vəziyyətdə saxlamaq istəyən qüvvələr, əfsuslar olsun ki, öz niyyətlərinə, öz məqsədlərinə nail olurlar. Biz isə bu vəziyyətlə barışmaq istəmirik və barışmayacağıq. Biz sülh istəyirik. Amma, eyni zamanda, biz torpaqlarımızı, haqq-ədalətin bərpasını istəyirik. Bizim tələbimiz əsaslıdır. Bizim tələbimiz tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı Dağlıq Qarabağda və bu gün işğal altında olan digər yerlərdə memarlıq əsərləri yaratmışdır. Binalar, şəhərlər salmışdır, infrastruktur yaratmışdır. Dağlıq Qarabağda bütün yer adları, kəndlərin adları Azərbaycan mənşəli adlardır. Bu, bizim əzəli torpağımızdır. Bu, həmişə belə olub, bu gün belədir və sabah da belə olacaqdır. Beynəlxalq aləm Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Heç kim heç vaxt qondarma Dağlıq Qarabağ respublikasını tanımayacaq və Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Bu, bizim prinsipial mövqeyimizdir. Biz bu mövqedən bir addım kənara çəkilməyəcəyik".
Bəxtiyar QARACA,
Azərbaycan.-2014.- 24 iyul.- S.3.