Naftalan dünyanın ən gözəl
kurortlarından birinə çevriləcək
İstirahət-müalicə mövsümünün
qızğın çağıdır. Naftalana gələnlərin ardı-arası
kəsilmir. Cari ildə bu səfalı diyar qonaqları xüsusi hazırlıqla qarşılayır.
Bağların, parkların, xiyabanların
sayı xeyli artıb, yaşıllıqların
miqyası genişlənib.
Geniş
bir sahədə bayraq meydanı yaradılıb. Sosial problemlər
sistemli surətdə həll olunur. Təkcə bir faktı qeyd eləmək kifayətdir ki, çoxmərtəbəli 15 binanın
dam örtükləri təzələnib,
fasadları müasir ornamentlərlə bəzədilib,
illər boyu istifadəsiz qalan liftlər işə salınıb.
Daha 17 binada
təmir-bərpa işləri
görülür. Naftalanın iqtisadiyyatı
sürətlə inkişaf
edir.
Bütün bunlar haqqında cari ilin birinci
yarısında görülmüş
işlər və qarşıda duran vəzifələr barədə
keçirilən toplantıda
ətraflı söhbət
açıldı. Əvvəlcə şəhər icra hakimiyyətinin başçısı
Natiq Aslanovun məruzəsi dinlənildi.
Sonra ayrı-ayrı kollektivlərin
nümayəndələri görülən
işlər barədə
məlumat verdilər.
Yekdilliklə qeyd olundu ki, son illərdə Naftalan ictimai həyatın hər sahəsində sürətlə
inkişaf edir. Cari ilin altı
ayında ümumi məhsul istehsalının
həcmi ötən illə müqayisədə
69,1 faiz artmışdır. Şəhər sakinlərini narahat edən problemlər ardıcıl surətdə
həll olunur, aztəminatlı ailələrin
sosial müdafiəsi sahəsində geniş işlər görülür.
105 ailəyə ünvanlı sosial yardım verilib. 49 nəfər tənha,
ahıl və əlil vətəndaşa
xidmət göstərilib.
Ötən müddət ərzində
113 nəfər daimi işlə təmin olunub. Balaca kurort şəhəri
üçün bu o qədər də kiçik rəqəm deyil.
Ən əsası
budur ki, dövlət başçısının
qayğısı və
köməyi sayəsində
Naftalanın əvvəlki
şöhrəti bərpa
olunur. "Çinar"
və "Qaşaltı"
kimi müasir quruluşlu sanatoriya kompleksləri istifadəyə
verilib. Həm mehmanxana, həm
müalicə ocağı,
həm də istirahət mərkəzi kimi bütün şərait yaradılıb.
Daha bir yeni tikintidə
- "Qarabağ" adlı
beşmərtəbəli kompleksdə
inşaat işləri
başa çatmaq üzrədir.
Sahibkarlıq inkişaf etdikcə özəl sanatoriyaların
şəbəkəsi də
genişlənir. "Şəfa
vannaları", "Müalicə-sağlamlıq
mərkəzi", "Möcuzəli
Naftalan", "Sehrli
Naftalan
" və s. sağlamlıq-turizm
mərkəzlərində xidmət
müasir tələblərə
cavab verir.
"Azərbaycan Respublikasında
kurortların 2009-2018-ci illərdə
inkişafı üzrə
Dövlət Proqramına"
uyğun olaraq istirahət- əyləncə
müəssisələrinin yenidən qurulması ilə bağlı bir sıra tədbirlər
görülür. Dövlət başçısının sərəncamına
əsasən altı kilometr uzunluğunda Naftalan-Qaşaltı-Qaraqoyunlu avtomobil
yolu əsaslı təmir olunub, yaşıl zolaqlar salınıb və yeni yol-bəzək daşları düzülüb,
qrunt suları üçün suötürücülər
tikilib. Şəhərin səfalı guşəsində
280 yerlik körpələr
evi - uşaq bağçası istifadəyə
verilib, avtovağzal kompleksinin, polis şöbəsinin
və Naftalan bələdiyyəsinin inzibati
binalarının tikintisi
davam edir. 80 yerlik Mərkəzi
Şəhər Xəstəxanasının
inşası üçün
layihə smeta sənədləri hazırlanır.
Ən böyük
narahatlıq su sarıdan idi. İndi bu
problem də kompleks şəkildə həll olunur. Azərbaycan höküməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq
Agentliyinin birgə maliyyələşdirdiyi layihə
çərçivəsində sistemli işlər görülür. Həmin layihə
2035-ci ilə kimi perspektiv inkişaf nəzərə alınmaqla
hesablanmışdır. Bu məqsədlə Ballıqaya-Goranboy kəmərindən
səkkiz kilometr uzunluğunda magistral su xətti çəkilib,
hər birinin həcmi 3 min kubmetr olan iki anbar
tikilib. Bununla yanaşı 33 kilometr
uzunluğunda kanalizasiya
şəbəkəsi yaradılır.
İndiyə kimi həmin
şəbəkənin xeyli
hissəsində işlər
başa çatıb,
çirkab suların təmizlənməsi üçün
müvafıq qurğular
inşa edilib.
Naftalanlılar deyirlər ki, bütün bunlar regionların sosial-iqtisadi inkişafına xüsusi önəm verən dövlət başçısı
İlham Əliyevin tükənməz qayğı
və diqqətinin bəhrəsidir. Regionların sosial-iqtisadi inkişafı
dövlət proqramlarının
icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyev qeyd etmişdi ki, "biz Naftalanın keçmiş
şöhrətini bərpa
edirik. Naftalan vaxtilə Ümumittifaq
turizm mərkəzi idi. Bu gün
biz bunu beynəlxalq turizm mərkəzinə çeviririk. Artıq
iki gözəl hotel fəaliyyət göstərir,
üçüncüsü də tikilir"...
Şəhər icra hakimiyyətinin başçısı Natiq
Aslanov deyir ki, beynəlxalq səviyyədə turizm və mədəniyyət
əlaqələrinin inkişafı
məqsədilə Fransanın
Leqi və İtaliyanın Pozitano şəhərləri ilə
əməkdaşlıq edilir. Onu da qeyd edək
ki, Fransanın Bas-Normandi regionunun Orn departamentindəki Leqi şəhərinin əsası Xl əsrdə qoyulub. İtaliyanın Pozitano şəhəri
isə əfsanəyə
görə dəniz allahı Paseydon tərəfindən salınıb.
Naftalan şəhəriylə
Rusiya federasiyasının
daha bir kurort şəhəri - Yessentuki administrasiyası ilə əməkdaşlıq
və qardaşlaşma
haqqında saziş imzalanmışdır. Bu, bizdə qəti inam yaradır ki, yaxın vaxtlarda möcuzələri
ilə ölkədə
məşhur olan Naftalan dünya miqyaslı müalicə-sağlamlıq,
səyahət və turizm mərkəzinə çevriləcəkdir.
Bu günlərdə Naftalan yay mövsümünün
beş mininci
qonağını qəbul
etdi. 2010-ci illə
müqayisədə bu,
iki dəfə çoxdur. Burada istirahət etmək,
dincəlmək və
həm də müalicə almaq üçün həmişə
boş otaq, ya da bahalı
lüks nömrə tapmaq mümkündür.
Əhməd
İSAYEV,
Azərbaycan.-2014.- 24 iyul.- S.6.