Azərbaycan Prezidenti İlham Əliyev Bakı Olimpiya
Stadionunda tikinti işlərinin
gedişi ilə tanış olub
İyulun
24-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Bakı Olimpiya Stadionunda tikinti işlərinin
gedişi ilə tanış olub.
Artıq
neçə illərdir ki, Azərbaycan dünyada idman ölkəsi
kimi tanınır. Ölkəmizdə bu sahənin daha da
inkişaf etdirilməsi istiqamətində görülən tədbirlər
nəticəsində Azərbaycan beynəlxalq əhəmiyyətli
idman yarışlarının keçirilməsi
üçün əlverişli məkana çevrilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən strategiyaya uyğun olaraq bu gün idman ölkəmizdə
dövlət siyasətinin prioritet istiqamətlərindən
birini təşkil edir. Azərbaycanda yeni idmançılar nəslinin
yetişdirilməsi də diqqət mərkəzindədir. Dövlətimizin
başçısının idmanın inkişafına
göstərdiyi diqqət və qayğı
idmançılarımızın beynəlxalq
yarışlarda yüksək nəticələr
qazanmalarına gətirib çıxarır.
2015-ci
ildə Azərbaycan daha bir mötəbər idman
yarışına ev sahibliyi edəcək. Birinci Avropa
Oyunları ilk dəfə olaraq Bakıda keçiriləcək.
Avropa Olimpiya Komitəsinin bununla bağlı qərarı beynəlxalq
idman ictimaiyyətinin ölkəmizin Olimpiya hərəkatında
oynadığı rola, idmanın inkişafına göstərdiyi
yüksək dəstəyə verdiyi önəmin ifadəsidir.
Bakının
Avropa Oyunlarının keçirilməsi üçün
böyük potensiala malik olmasını beynəlxalq idman təşkilatları
da təsdiqləyib. Güclü idman infrastrukturu olan Azərbaycan
eyni zamanda beynəlxalq yarışları keçirmək təcrübəsinə
də malikdir. Birinci Avropa Oyunlarına bir ilə yaxın vaxt
qalmasına baxmayaraq, ölkəmizdə bu mötəbər tədbirə
hazırlıqla bağlı işlər yüksək səviyyədə
həyata keçirilir. Bakıda Su İdmanı Növləri
Sarayı, Atıcılıq Mərkəzi və digər
mükəmməl infrastruktur obyektlərinin inşası davam
etdirilir. Milli Gimnastika Arenası artıq istifadəyə
verilib. Ölkədə idman infrastrukturunun daha da gücləndirilməsi
ilə bağlı həyata keçirilən tədbirlərin
mühüm tərkib hissəsi olan Bakı Olimpiya Stadionunda da
işlər sürətlə və yüksək keyfiyyətlə
davam etdirilir.
Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Rövnəq Abdullayev görülən işlərlə
bağlı Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi
ki, 2011-ci ilin iyununda təməli qoyulan stadionda tikinti işləri
başa çatmaq üzrədir. Stadionun tammiqyaslı
tikintisinə 2012-ci ilin noyabrında başlanılıb və
işlərin gələn ilin fevralında yekunlaşması nəzərdə
tutulur. Ümumi layihə üzrə işlərin
böyük əksəriyyəti başa çatıb.
Stadionun svay işləri bütünlüklə, torpaq və
dəmir-beton işlərinin 95 faizi yerinə yetirilib. Dam
konstruksiyası yerinə qoyulub və polad konstruksiya işlərinin
böyük bir hissəsi yekunlaşıb. Artıq fasad
örtüyünün vurulmasına başlanıb və
interyer-tamamlama işləri sürətlə davam edir. Bununla
yanaşı, köməkçi məşq sahəsində
ot örtüyünün və qaçış
zolağının salınmasına başlanılıb.
Yaxın zamanlarda əsas stadionda da bu işlərə start
veriləcək. Landşaft üçün infrastruktur işləri
davam edir. Əsaslı yaşıllaşdırma işlərinə
sentyabrda başlanacaq.
Qeyd
edildi ki, paytaxtda müasir memarlıq üslubu, xüsusi
gözəlliyi ilə seçiləcək, 69 minə yaxın
tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunun bu
tipli idman qurğuları sırasında özünəməxsus
yeri olacaq. Beynəlxalq standartlara tam cavab verəcək stadionda
müxtəlif funksiyalı tribunalar, qaçış
zolağı və digər infrastruktur inşa ediləcək.
Təqribən 50 hektar ərazidə tikilən altımərtəbəli
stadion 62 metr hündürlüyündədir. İnşaat
işləri Beynəlxalq Tikinti Standartına, FİFA və
UEFA standartlarına uyğun aparılır. Əsas və
köməkçi stadionlardan, həmçinin mexaniki binadan
ibarət olacaq stadionda VIP, CIP, media, habelə əlil
tamaşaçı bölmələri nəzərdə
tutulub. Oyun meydançasına 4, tribunalara isə 26 qapıdan
giriş olacaq. Olimpiya normativlərinə əsasən
insanların stadiona daha çox piyada, ictimai nəqliyyatla gəlmələri
nəzərdə tutulub ki, bunun üçün də 3103
yerlik avtomobil parkı inşa edilir. Stadionun ətrafında
ümumilikdə 82 min kvadratmetr yaşıllıq sahəsi
salınacaq. Bununla da orijinal layihə əsasında inşa
edilən Bakı Olimpiya Stadionu dünyanın möhtəşəm
və nadir idman qurğularından biri olacaq.
Prezident İlham Əliyev tikinti
işlərinin yüksək səviyyədə başa
çatdırılması ilə bağlı
tapşırıq və tövsiyələrini verdi.
Azərbaycan.-2014.- 25 iyul.- S.1.