Prezident İlham
Əliyev Böyükşor gölünün və
ətraf ərazilərin ekoloji vəziyyətinin
kompleks
bərpası işləri ilə
tanış olub
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 24-də
Böyükşor gölünün və ətraf ərazilərin
ekoloji vəziyyətinin kompleks bərpası ilə
bağlı görülən işlərlə tanış
olub.
İqtisadiyyat
və sənaye naziri Şahin Mustafayev görülən
işlər barədə dövlət başçısına
ətraflı məlumat verdi.
Bu
layihə Prezidentin 2014-cü il 17 yanvar tarixli Sərəncamı
ilə təsdiq edilmiş “2014-2016-cı illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na və
“Böyükşor gölünün ekoloji vəziyyətinin
yaxşılaşdırılması, mühafizəsi və
istifadəsi sahəsində əlavə tədbirlər
haqqında” Fərmanına uyğun olaraq həyata
keçirilir. İlk Avropa Oyunlarına aid tədbirlərin
böyük əksəriyyəti Böyükşor
gölünün şərq sahilində, hazırda tikilməkdə
olan Bakı Olimpiya Stadionu kompleksində keçiriləcək.
Burada çoxsaylı qonaqların, idmançıların və
turistlərin qəbul edilməsi gözlənilir. Bu
baxımdan gölün və ətraf ərazilərin ekoloji vəziyyətinin
kompleks bərpası və Böyükşor bulvarının
yaradılması xüsusi əhəmiyyət kəsb edir.
Qeyd
edildi ki, gölün ekoloji bərpası layihəsi iki mərhələdə
həyata keçiriləcək. 2014-2015-ci illəri əhatə
edən birinci mərhələdə işlər uğurla
davam etdirilir. Gölün Olimpiya Stadionunun
yaxınlığında yerləşən 300 hektara yaxın
ərazisi bərpa olunur. Bu mərhələdə
gölün şimal hissəsinin tarixən neftlə
çirklənmiş sahəsinin bənd vasitəsilə sahil
xəttindən ayrılması nəzərdə tutulurdu.
Artıq bəndləmə işləri yekunlaşıb.
Bununla da neftin, çirklənmiş suyun və üzən
tullantıların axınının qarşısı
alınıb.
Göl
üzərində ərazinin qərb sərhədini müəyyən
edən səkkiz xətli magistral şose şəklində
layihələndirilmiş bənd bir tərəfdən Ziya
Bünyadov prospekti, digər tərəfdən Balaxanı-Binəqədi
yolu ilə birləşdiriləcək. Bu da öz növbəsində,
şəhərin yol infrastrukturuna düşən yükü
azaldacaq. Torpaq bəndin inşası cədvəl üzrə
davam etdirilir və işlərin növbəti ilin ilk
rübündə başa çatdırılması
planlaşdırılır. Eyni zamanda yüz ildən artıq
müddətdə göl dibinə yığılmış
çirkli çöküntülərin
çıxarılması və zərərsizləşdirilməsi
işləri görülür. Layihə üzrə ilkin mərhələdə
2,8 milyon kubmetr həcmində çöküntünün 100
min kubmetrdən çoxu təmizlənib. Gölün
mühafizə zonası da daxil olmaqla, ciddi mühafizə
işi təşkil edilib, göl və sahil xətlərinin məişət
və tikinti tullantıları ilə çirklənməsinin
qarşısı tamamilə alınıb. Böyükşor
gölünün cənub sahilində geniş
abadlıq-quruculuq işləri aparılır, 16 hektara
yaxın ərazidə park və yaşıllıq
salınır. Gələn ilin birinci yarısında şərq
sahil xətti boyunca Böyükşor bulvarının bir
kilometrədək hissəsi salınacaq və buradan stadion ərazisinə
keçid təmin olunacaq.
Bildirildi
ki, Böyükşor gölünün tam bərpası
üzrə ikinci mərhələ 2015-2020-ci illəri əhatə
edəcək. Bununla da göl öz təbii tarixi məcrasına
qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və
ekosistem bərpa olunacaq. Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə
əsasən Böyükşor gölü dünyada ən
mürəkkəb çirklənmiş göllərdən
hesab edilir. Qısa müddətdə görülmüş
işlər nəticəsində suyun keyfiyyət göstəricilərinin
dinamikası müsbətə doğru dəyişib.
Prezident
İlham Əliyev layihənin ekoloji əhəmiyyətini
yüksək qiymətləndirdi, müvafiq tapşırıq
və tövsiyələrini verdi.
Azərbaycan.-2014.- 25 iyul.- S.2.