Prezident İlham
Əliyev Bakı Olimpiya Stadionu
ətrafında inşası davam etdirilən
yol-nəqliyyat infrastrukturunun tikintisi ilə tanış olub
İyulun
24-də Azərbaycan Prezidenti İlham Əliyev Bakı Olimpiya
Stadionu ətrafında inşası davam etdirilən yol-nəqliyyat
infrastrukturunun tikintisi ilə tanış olub.
Nəqliyyat
naziri Ziya Məmmədov dövlətimizin
başçısına məlumat verdi ki, Həsən
Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya
Stadionu avtomobil yolunun birinci hissəsində tikinti işləri
qrafik üzrə davam etdirilir. Layihə çərçivəsində
işlərin böyük hissəsi görülüb. Çəkilən
yolun ümumi uzunluğu 17 kilometrdir və onun hərəkət
hissəsi 4-6 zolaqlı olacaq. Növbəti mərhələdə
3 körpünün inşası nəzərdə tutulur.
Qeyd
edildi ki, birinci körpünün uzunluğu 205 metr, ikinci
körpünün uzunluğu 162 metr, piyadalar üçün
nəzərdə tutulan üçüncü
körpünün uzunluğu isə 115 metr olacaq. Bundan
başqa, ərazidə uzunluğu 900 metrə yaxın olan
piyada keçidi inşa ediləcək, yol üzərində
iki tunel tikiləcək.
Dövlət
başçısına Həsən Əliyev küçəsi-Ziya
Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunun ikinci hissəsində
görüləcək işlərlə də bağlı məlumat
verildi. Diqqətə çatdırıldı ki, layihə
çərçivəsində ümumi uzunluğu 5 kilometrə
yaxın olan yol çəkiləcək. Bu yol üzərində
bir körpü və iki tunel tikiləcək. Tuneldən
keçən yollar Bakı Olimpiya Stadionu ilə Olimpiya şəhərciyini
birləşdirəcək.
Sonra
Prezident İlham Əliyevə 18 kilometrlik Bilgəh-Novxanı-Şamaxı-M4
birləşməsi avtomobil yolunun yol qovşaqlarının və
piyada keçidlərinin tikintisi barədə məlumat
verildi.
Azərbaycan
Prezidenti inşaat işlərinin yüksək səviyyədə
aparılması ilə bağlı
tapşırıqlarını verdi.
Azərbaycan.-2014.- 25 iyul.- S.2.