AzərTAc-ın Naxçıvan bürosu “Facebook”da
ermənilərin
səhifəsini bağlatdırdı
İyulun
23-də - Ağdamın işğalının 21-ci
ildönümü günündə AzərTAc-ın
Naxçıvan Muxtar Respublikasındakı bürosu ermənilərin
ən çox istifadəçisi olan “Facebook” sosial şəbəkəsində
Azərbaycan Respublikasına ərazi iddialarını qondarma
faktlarla əsaslandırmağa çalışan “Nakhichevan
belongs to Armenia” səhifəsinin bağlanmasına nail oldu.
AzərTAc
xəbər verir ki, ermənilər həmin səhifədə
Naxçıvanın guya qədim Ermənistan torpağı
olduğu barədə ingilis dilində
saxtalaşdırılmış məlumatlar yayır, bu məsələyə
dair üzdəniraq erməni “tarixçilərinin” ortaya
atdıqları qondarma faktları yayırdılar. Məlumatların
inandırıcı olması üçün onlar səhifəyə
Naxçıvan Muxtar Respublikası ilə bağlı
videosüjetlər də yerləşdirir, guya qədim Azərbaycan
diyarının ərazisində ermənilərin tarixi abidələrinin
dağıdılması, erməni qəbirlərinin yox edilməsi
barədə əsassız informasiyalar paylaşırdılar.
Bununla
bağlı sosial şəbəkənin əksər azərbaycanlı
istifadəçiləri “Facebook”a səhifənin
bağlanması tələbi ilə çoxsaylı şikayət
ünvanlasalar da bir nəticə hasil olunmamışdı.
AzərTAc-ın
Naxçıvan Muxtar Respublikasındakı bürosu ermənilərin
təxribat xarakterli addımlarının
qarşısını almaq üçün “Facebook” sosial
şəbəkəsinin rəhbərliyinə müraciət
ünvanlamışdır. Müraciətdə konkret faktlar əsasında
bu səhifənin fəaliyyətinin beynəlxalq hüququn
normaları ilə daban-dabana ziddiyyət təşkil etdiyi və
tarixi saxtalaşdırmaq məqsədi
daşıdığı tam dolğunluğu ilə əksini
tapmışdır.
Bu əsaslandırılmış
müraciətə operativ reaksiya verən “Facebook” rəhbərliyi
şikayəti dərhal araşdırıb və “Nakhichevan
belongs to Armenia” səhifəsinin bağlanmasına dair qərar
qəbul edib.
Bununla
bağlı “Facebook” rəhbərliyinin AzərTAc-ın
Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri
Rauf Əliyevə göndərdiyi məktubda deyilir: “Şikayətinizlə
əlaqədar “Nakhichevan belongs to Armenia” səhifəsinin
saxlanılması barədə əvvəllər qəbul
etdiyimiz qərarı dəyişməli olduq. Müraciətiniz
əsasında ermənilərin açdıqları səhifə
ilə bağlı bütün məsələləri ciddi
araşdırdıq və sosial şəbəkə
standartlarımızın tələblərini kobud surətdə
pozduğu üçün həmin səhifəni ləğv
etdik. Haqlı tələbinizə görə təşəkkür
edirik”.
Azərbaycan.-2014.- 25 iyul.- S.6.