Festivalın növbəti günündə
tanınmış bəstəkarların əsərləri səsləndirilib
Heydər
Əliyev Fondunun təşkilatçılığı ilə
keçirilən və Azərbaycanın milli musiqi mədəniyyəti
tarixində yeni bir ənənənin təməli sayılan,
beynəlxalq mədəni əlaqələrin genişləndirilməsində,
zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə
çatdırılmasında mühüm rol oynayan VI Qəbələ
Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.
AzərTAc
xəbər verir ki, iyulun 25-də festivalın proqramına
uyğun olaraq “Qafqaz Resort” otelində təqdim edilən
növbəti kamera konsertində tanınmış Avropa bəstəkarlarının
əsərləri səsləndirilib.
Konsertdə
müxtəlif nüfuzlu festivalların
iştirakçısı və beynəlxalq müsabiqələr
laureatları, pianoçular – Aslan Aslanov, Müşfiq Quliyev,
Alfred Corto adına Paris Musiqi Məktəbinin tələbəsi,
klarnet ifaçısı Səddam Novruzbəyov, Madrid
Kraliça Sofiya adına Ali Musiqi Məktəbinin tələbəsi,
skripka ifaçısı Kamran Quliyev çıxış
ediblər. Musiqiçilər gözəl
çıxışları ilə dinləyicilərin qəlbinə
yol tapıblar.
Konsertdə
İoqannes Bramsın, Frits Kreyslerin “Sevgi iztirabları”,
“Reçitativ və skerzo”, Arnold Malkolmun sonata, Sergey Raxmaninovun
əsərlərindən parçalar səsləndirilib.
Avqustun
1-dək davam edəcək musiqi bayramında Azərbaycan və
xarici ölkələrdən görkəmli musiqiçilər,
bədii kollektivlər və solistlər çıxış
edəcəklər.
Azərbaycan.-2014.-26 iyul.-S.7.