«Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında» Azərbaycan
Respublikasının 2014-cü il 2 may tarixli 952-IVQD nömrəli
qanununun tətbiqi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 952-IVQD nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial Innovasiyalar üzrə Dövlət Agentliyinin təklifləri əsasında "ASAN ödəniş" sistemi haqqında əsasnamənin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 429-3.1-ci maddəsinin birinci cümləsində, 429-3.2-ci maddəsində, 429-3.4-ci maddəsinin ikinci cümləsində, 429-4.1-ci maddəsində, 429-4.2-ci maddəsinin üçüncü cümləsində, 429-5.4-cü maddəsinin birinci cümləsində, 429-5.5-ci maddəsinin üçüncü cümləsində, 429-5.6-cı maddəsinin üçüncü cümləsində, 429-6.1-ci maddəsində, 429-7.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi" dedikdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur;
3.2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 429-3.1-ci maddəsinin ikinci cümləsində, 429-6.1-ci maddəsində, 429-6.2.1-ci maddəsində, 429-6.2.2-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi" dedikdə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN ödəniş" sistemi nəzərdə tutulur;
3.3. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 429-5.1-ci maddəsinin ikinci və üçüncü cümlələrində, 429-6.3-cü maddəsinin ikinci cümləsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur.
4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bir ay müddətində:
4.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 429-6.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların toplanaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə yerləşdirilməsini təmin etsin;
4.2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 429-6.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların verilməsi və həmin məlumatlar dəyişdikdə onların yenilənməsi üçün, habelə inzibati xəta haqqında protokoldan vəsatətin və ya inzibati xəta haqqında iş üzrə qərardan şikayətin verilməsi üçün müvafiq elektron xidmətlər göstərilməsini təşkil etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 26 may 2014-cü il
Azərbaycan.-2014.- 1 iyun.- S.2.