«YAY!» Qalereyasında iranlı rəssamın
fərdi sərgisi açılmışdır
"YARAT" Müasir İncəsənət Məkanının "YAY!" Qalereyasında İranın konseptual rəssamı Mahmud Bəxşinin "TalkCloud" adlı fərdi sərgisi açılmışdır.
Sərginin kuratoru Londonda yaşayıb-yaradan sənətşünas, incəsənət nəzəriyyəçisi Darya Kirsanovadır.
2012-ci ilin sentyabrında
təsis olunan
"YAY!"
Qalereyası müasir Azərbaycan
incəsənətinin yerli
və beynəlxalq səviyyədə dəstəklənməsi
və inkişaf etdirilməsi üzrə
"YARAT" Müasir İncəsənət
Məkanının daha
geniş fəaliyyət
təşəbbüsünün bir hissəsidir.
Qalereya kommersiya
əsaslı olsa da, mənfəət əldə etmək məqsədi daşımır. Burada nümayiş
olunan incəsənət
əsərlərinin satışından
əldə edilən bütün gəlir
"YARAT" Müasir İncəsənət
Məkanının təşəbbüslərinin
dəstəklənməsi və
rəssamların təminatı
üçün istifadə
olunur.
Rəssam
Mahmud Bəxşi öz
əsərlərini İran
İslam inqilabından
(1979-cu il) sonra ölkədə geniş vüsət almış vizual estetika üslubunda yaradır. O, İran İslam Respublikasının
rəmzlərini keyfiyyətcə
yeni kontekstə salaraq, ölkə tarixində baş vermiş son olaylar haqqında dərindən fikirləşir və həmin hadisələri İran mənliyinin mühitinə uyğunlaşdırmaq
məqsədilə qədimdən
məlum olan tarixi və ənənəvi nümunələri
nümayiş etdirir.
"Talk
Cloud" əsəri daxildən
işıqlandırılan heykəlləri, şəkilləri
və hazırda istehsalda olan videoçarxları birləşdirən
fənlərarası layihədir.
Bu ilin əvvəlində
layihə Tehranın
"Niaravan" mədəniyyət
mərkəzində və
Londonun "Narrative Gallery" məkanında nümayiş
olunmuşdur.
Rəssamın layihəsinin konseptual məğzini incəsənət
ilə İranda və digər ölkələrdə hökm
sürən idarəçilik
sistemi arasında mövcud olan çoxməqamlı və
müxtəlif səviyyəli
münasibətlər təşkil
edir. Bu münasibətlər
Mahmud Bəxşini uzunmüddətli
incəsənət araşdırmaları
aparmağa sövq edir. Yeni yaradılan əsərdə
rəssam "incəsənətdə
siyasi iştirakçılıq"
adlı kateqoriyanın
mənşəyini aşkar
etməyə çalışır.
Lakin
Mahmud Bəxşi sadəcə
siyasi hakimiyyətlə
kifayətlənmir. O, həmçinin incəsənət
ilə hakimiyyət uğrunda mübarizənin
əsas iştirakçısı
sayılan kapital arasındakı münasibətlərdən
bərk narahatdır.
Daxildən işıqlandırılan heykəllər
şərti olaraq ənənəvi İran xəttatlıq sənətini
əks etdirir. Lakin bu heykəllərdə dörd
sətirli rübailər
əvəzinə incəsənətin
sosial rolunu təsvir edən tanınmış şəxslərin
ifadələri yazılmışdır.
Rəssam öz əsərində
İran İslam və Böyük Oktyabr inqilablarının rəhbərlərinə (Xomeyniyə
və Leninə) məxsus sitatları yerləşdirmişdir. Bundan əlavə,
əsərdə İranın
hazırkı Ali Dini rəhbəri Seyid Əli Xamneyinin, "incəsənət iştirakçılığının"
və sosialist realizm üslubunun ideoloqu Anatoli Lunaçarskinin və Endi Uorholun ifadələri
də əks olunmuşdur.
İncəsənətin sosial roluna diqqəti
çəkən ifadələrin
məzmunu və süslənmiş bəzək
şəklində həmin
ifadələrin təqdimat
tərzi arasındakı
ziddiyyət konsepsiyalarla
zəngin olan paradoksu formalaşdırır. Həmçinin əsərlərin ərsəyə
gəlməsində istifadə
olunan sənaye malları Mahmud Bəxşinin
qaba estetika və "Arte Povera" üslubunun maddiliyi ilə məftun olmasını bir daha vurğulayır.
"Mənim torpağım,
meridian ...° - ...°, orbit ...° - ...°, Yasnaya istinad, şlyapa 46" adlı səkkiz panelli əsər ilk dəfə olaraq
2004-cü ildə yaradılmışdır. Bu əsər 2013-cü ildə
yeni tərzdə düzəldilmiş və
bu zaman hər panelə Yasnadan istinadları və coğrafi koordinatları əks etdirən dəmir çərçivə əlavə
olunmuşdur. Səkkiz panel hazırkı İran ərazisinin səkkiz istiqamətini əks etdirir və tarixən şiddətli döyüşlərin və
ciddi münaqişələrin
baş verdiyi məkanlara istinad edir. Ölkəni tamamilə dəyişən
hadisələr insan şüurunda tarixi "bu hadisələrdən əvvəl" və
"bu hadisələrdən
sonra" mərhələlərinə
bölünmüşdür.
Həmin kontekstdə Zərdüşt
adının qeyd olunması fərqli bir anlam səviyyəsinə
işarə verir. Bu sitat insanın keçmişi və vətəni ilə qurduğu nostalji,
sentimental münasibətlərdən bəhs edir. Sərgidə nümayiş olunan
əsər incəsənətin
sosial rolunu daha geniş, tarixi və fəlsəfi nöqteyi-nəzərdən
araşdırır.
"Sənəd forması"
adlı şəkillər
silsiləsi 2012-ci ildə
başlanan layihədir. Bu silsilədə istifadə
olunmuş rəngli mürəkkəblə çəkilmiş
rəqəmsal şəkillər
İran-İraq müharibəsi
şəhidlərinin adını
əbədiləşdirən təbliğat plakatlarına
bənzəyir. Mahmud Bəxşi konseptual metamorfozu işlək vəziyyətə gətirmək
məqsədilə həmin
obrazları dəyişdirərək
sadə, uşaqcasına
sadəlövh surətlərə
çevirmişdir. O, həmin simvolları daim mövcud olduqları kontekstdən, qələbə əhval-ruhiyyəli,
özünəməxsus səltənətdən
qopararaq yeni, sxematik, mücərrəd
qrafikalı rəmzlər
şəklində təqdim
etmişdir.
Mahmud Bəxşi 1977-ci ildə Tehranda anadan olmuşdur. O, Amsterdamın
Vizual İncəsənətin
Kral Akademiyasında ixtisasartırma kurslarında
oxuyur. Rəssam 2006-cı ildən etibarən dünyanın çoxsaylı sərgilərində
iştirak edir. Onların sırasında
"Buludla söhbət"
("Niaravan" mədəniyyət
mərkəzi, Tehran, eləcə
də Londonun
"Narrative Gallery" məkanı,
2014), "Gələcəyi xatırlayarkən: inqilabdan
sonra İran incəsənəti" ("Bruney"
sərgi salonu, Şərqşünaslıq və
Afrika Tədqiqatları
Məktəbi, London Universiteti),
"Love Me, Love Me Not: Azərbaycan və qonşu ölkələrin müasir
incəsənəti" (Bakı,
Heydər Əliyev Mərkəzi, 2014, həmçinin
55-ci Venesiya Biennalesi,
2013), "Fəlakət", ("Taddeus Ropak" sərgi salonu, Paris, Panten, 2013),
"Dəyişdirilmiş təsəvvür", ("Teyt
Modern" sərgi salonu,
London, 2012), "Sənəd Forması", (Art Kvandcu Festivalı, 2012) və digər məşhur sərgiləri qeyd etmək olar.
"YAY!" Qalereyasında Mahmud Bəxşinin fərdi sərgisi iyulun 30-dək davam edəcəkdir.
AzərTAc
Azərbaycan.-2014.- 1 iyun.- S.7.