Bakıda III «Azərbaycan Plastik
Cərrahiyyə Günləri
və ISAPS kursu» beynəlxalq
konfransı keçirilir
Mayın 31-də Bakıda III "Azərbaycan Plastik Cərrahiyyə Günləri və ISAPS kursu" beynəlxalq konfransı öz işinə başlamışdır.
Konfrans Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyi, Azərbaycan Tibb Universiteti (ATU) və Beynəlxalq Plastik Cərrahiyyə Cəmiyyətinin (ISAPS) birgə təşkilatçılığı ilə baş tutmuşdur.
ATU-nun Tədris-Cərrahiyyə Klinikasında keçirilən konfransda Fransa, Rusiya Federasiyası, İran və Türkiyənin aparıcı plastik cərrahları ilə yanaşı, yerli mütəxəssislər də iştirak edirlər.
Konfransın əsas məqsədi ölkəmizdə plastik cərrahiyyənin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.
Konfransın işinə uğurlar arzulayan ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov xalqımızın ümummilli lideri Heydər Əliyevin səhiyyə siyasətinin məntiqi davamı olaraq Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət ayırmasının ölkəmizdə plastik və rekonstruktiv cərrahiyyənin inkişafına səbəb olduğunu vurğulamışdır. "İnanıram ki, III "Azərbaycan Plastik Cərrahiyyə Günləri və ISAPS kursu" plastik və rekonstruktiv cərrahiyyənin inkişafına töhfələr verəcəkdir. Bakıda keçirilən bu tipli konfranslara beynəlxalq aləmin diqqətinin artması isə bizim doğru yolda olduğumuzun göstəricisidir" - deyə Ə.Əmiraslanov bildirmişdir. Qeyd edilmişdir ki, konfransın proqramı hazırlanarkən plastik və rekonstruktiv cərrahiyyə sahəsindəki mübahisəli problemlərə daha çox yer ayrılmışdır.
Rektor demişdir ki, konfrans zamanı ISAPS kursunun təşkili isə xüsusilə gənc həkimlərə çox faydalı olacaqdır. Eyni zamanda, iki gün davam edəcək konfrans azərbaycanlı həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə tibbin bu sahəsinin son nailiyyətlərini müzakirə etmək imkanı verəcəkdir.
Plenar iclasda isə ISAPS kursunun rəhbəri Nazım Çerkeş çıxış edərək Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf etdiyini, xüsusilə ATU-nun ən müasir avadanlıqlarla təchiz olunmuş klinikalarının onda xoş təəssürat yaratdığını bildirmişdir.
Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin sədri professor Vaqif Qələndərov isə ölkəmizdə səhiyyəyə göstərilən dövlət qayğısından danışmışdır. Qeyd etmişdir ki, dövlət başçısının diqqət və qayğısı sayəsində əsaslı təmirdən çıxmış və ya yeni tikilmiş 500-dən artıq tibb müəssisəsinin ən müasir avadanlıqlarla təchiz olunması Azərbaycanda plastik cərrahiyyənin inkişafı üçün də geniş imkanlar açır.
Konfrans işini bölmə iclaslarında davam etdirmişdir. Bölmələrdə üzün cavanlaşdırılması, burun plastikası, dərinin müəyyən hissələrində liftinq, habelə üz dərisinin təbii yolla cavanlaşdırılması, mammoplastika, plastik cərrahiyyədə son elmi nailiyyətlər və problemlərlə bağlı məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.
III "Azərbaycan Plastik Cərrahiyyə Günləri və ISAPS kursu" iyunun 1-də başa çatacaqdır.
AzərTAc
Azərbaycan.-2014.- 1 iyun.- S.6.