Azərbaycan Respublikası vətəndaşlarının
2014-cü il iyulun 1-dən
30-dək müddətli həqiqi hərbi xidmətə
çağırılması və müddətli həqiqi hərbi
xidmət hərbi qulluqçularının ehtiyata
buraxılması haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı
bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi
xidmət haqqında” Azərbaycan Respublikası Qanununun
12.3-cü və 40.1-ci maddələrinə uyğun olaraq və
Azərbaycan Respublikasının Silahlı Qüvvələrini
və Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri
şəxsi heyətlə komplektləşdirmək məqsədi
ilə qərara alıram:
1.
1996-cı ildə doğulmuş və
çağırış gününədək (həmin
gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə
1979-1995-ci illərdə doğulmuş, yaşı 35-dək
olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində
və Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə
müddətli həqiqi hərbi xidmət keçməmiş,
müddətli həqiqi hərbi xidmətə
çağırışdan möhlət hüququ olmayan və
ya müddətli həqiqi hərbi xidmətə
çağırışdan azad edilməmiş Azərbaycan
Respublikasının vətəndaşları 2014-cü il
iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə
çağırılsınlar.
2. “Hərbi
vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə
tutulmuş xidmət müddətini keçmiş müddətli
həqiqi hərbi xidmət hərbi qulluqçuları
2014-cü il iyulun 1-dən 30-dək ehtiyata buraxılsınlar.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamın
icrası üçün qanunvericilikdə nəzərdə
tutulmuş tədbirləri görsün.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 2 iyun
2014-cü il.
Azərbaycan.-2014.- 3 iyun.- S.1.