İsveçrə Prezidenti Didye Burkhalter Milli Məclisdə olmuşdur
İsveçrə
Prezidenti Didye Burkhalterin Azərbaycana rəsmi səfəri
İyunun
2-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan
Respublikasında rəsmi səfərdə olan İsveçrə
Konfederasiyasının Prezidenti Didye Burkhalter ilə
görüşmüşdür.
AzərTAc
xəbər verir ki, Oqtay Əsədov Azərbaycan-İsveçrə
əlaqələrindən, ölkələrimizin müxtəlif
sahələrdəki əməkdaşlığından
danışmışdır. Bildirilmişdir ki, Azərbaycanda
40-a yaxın İsveçrə şirkəti fəaliyyət
göstərir. Xüsusi vurğulanmışdır ki, bu
şirkətlərin böyük əksəriyyəti
qeyri-neft sektorunda çalışır. Azərbaycan çox
sürətlə inkişaf edir və artıq ölkəmiz
İsveçrənin enerji sektoruna investisiya qoymağa
başlamışdır.
Milli
Məclisin sədri Azərbaycan ilə İsveçrə
arasında əməkdaşlığın möhkəmləndirilməsində
dövlət başçılarının
qarşılıqlı səfərlərinin və parlamentlərarası
əlaqələrin mühüm rol oynadığını
vurğulamışdır. Oqtay Əsədov bu səfərin əlaqələrimizin
inkişafına yeni təkan verəcəyini demişdir.
Azərbaycan-İsveçrə
siyasi, iqtisadi əlaqələrinin yüksək səviyyədə
olduğunu qeyd edən Milli Məclisin sədri diqqətə
çatdırmışdır ki, indiyədək ölkələrimiz
arasında əməkdaşlığa dair 26 sənəd
imzalanmışdır və 7 sənəd imzalanma ərəfəsindədir.
O.Əsədov demişdir ki, yüksək səviyyəli səfərlər
və görüşlər zamanı aparılan
danışıqlar, əldə olunmuş razılaşmalar,
imzalanmış sənədlər əməkdaşlığımızın
hərtərəfli inkişafı üçün möhkəm
hüquqi baza yaradır. O vurğulamışdır ki, hər
iki ölkə bir çox beynəlxalq təşkilatlarda
uğurla əməkdaşlıq edir.
Bildirilmişdir
ki, Azərbaycan ATƏT Parlament Assambleyasının 23-cü
sessiyasına ev sahibliyi edəcəkdir. Eyni zamanda, ölkəmiz
6 ay müddətində Avropa Şurası Nazirlər Kabinetinə
sədrliyi həyata keçirir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə toxunan
O.Əsədov bildirmişdir ki, ATƏT-in Minsk qrupu problemin həlli
ilə məşğul olsa da hələ ki, bu istiqamətdə
heç bir nəticə yoxdur. Eyni zamanda, BMT Təhlükəsizlik
Şurası münaqişəyə dair dörd qətnamə
qəbul etmişdir. Lakin Ermənistan bu qətnamələrə
məhəl qoymur və hələ də
torpaqlarımızın 20 faizini işğal altında
saxlayır. Milli Məclisin sədri demişdir ki, ATƏT-in
Minsk qrupunun bu məsələ ilə bağlı daha fəal
olması üçün imkanlar yaradılmalıdır.
Prezident
Didye Burkhalter Azərbaycan ilə İsveçrə
arasında əlaqələrin yüksək səviyyədə
olduğunu bildirmişdir.
Azərbaycana
eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədri kimi səfərə
gəldiyini deyən ali qonaq Prezident İlham Əliyev ilə
görüşündə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
geniş fikir mübadiləsinin aparıldığını
bildirmişdir. İsveçrə Prezidenti qeyd etmişdir ki, tərəflərin
fikirlərini dinləmək və məlumatlı olmaq
çox vacibdir. Prezident Didye Burkhalter növbəti iki gün ərzində
Gürcüstanda və Ermənistanda olacağını və
bu səfərlərin Dağlıq Qarabağ münaqişəsinin
həlli prosesini intensivləşdirməyə töhfə verəcəyinə
ümidvar olduğunu demişdir.
Görüşdə
gələcək əməkdaşlıq imkanları,
qarşılıqlı maraq doğuran digər məsələlərə
dair müzakirələr aparılmışdır.
Azərbaycan.-2014.- 3 iyun.- S.3.