Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri
ilə görüşmüşdür
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva iyunun 2-də Roma Papasının Müqəddəs
Arxeologiya üzrə Şurasının sədri, kardinal
Can-Franko Ravazi ilə görüşmüşdür.
Azərbaycana
səfəri zamanı ölkəmizdə yüksək qonaqpərvərliklə
qarşılandığını deyən kardinal Can-Franko
Ravazi bunun Azərbaycan xalqına xas ənənə
olduğunu qeyd etmişdir. Kardinal ölkəmizə səfəri
zamanı Prezident İlham Əliyevin Azərbaycan
Respublikası ilə Vatikan Dövləti arasında mədəni
əlaqələrin inkişafında xidmətlərinə
görə onu “Dostluq” ordeni ilə təltif etməsini məmnunluqla
xatırlatmışdır. Vatikan ilə Azərbaycan
arasında əlaqələrin inkişafına verdiyi töhfələrə
və Müqəddəs Roma katakombalarının bərpasına
görə Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevaya minnətdarlığını bildirən
Can-Franko Ravazi Fond tərəfindən görülən
işləri yüksək qiymətləndirmişdir.
Vatikanda
olmaqdan məmnunluğunu ifadə edən Azərbaycanın
birinci xanımı səfər çərçivəsində
Roma Papası ilə keçirilən görüşün
dövlətlərarası münasibətlərə töhfə
verəcəyinə əminliyini ifadə etmişdir. Kardinal
Can-Franko Ravazinin Azərbaycanın dostu olduğunu deyən
Mehriban Əliyeva dövlətimizin başçısı
İlham Əliyevin salamlarını çatdırmış
və onu yenidən ölkəmizə səfərə dəvət
etmişdir.
Birgə
layihələrin uğurla reallaşdırıldığını
bildirən Heydər Əliyev Fondunun prezidenti ümumilikdə
Fondun dünyanın müxtəlif ölkələrində
ümumbəşəri əhəmiyyət daşıyan abidələrin
bərpası işinə töhfələr verdiyini diqqətə
çatdırmışdır. Vurğulamışdır ki,
Müqəddəs Roma katakombalarının bərpası ilə
yanaşı, digər layihələr də həyata
keçirilə bilər. Bu istiqamətdə Vatikan ilə əməkdaşlıq
davam edəcəkdir.
Sonra
görüşdə Heydər Əliyev Fondunun dəstəyi
ilə Müqəddəs Roma katakombalarının bərpası
ilə bağlı aparılan işlərin birinci mərhələsi
barədə məlumat verilmişdir.
Sonda
qarşılıqlı hədiyyələr təqdim
edilmişdir.
Maqsud Dadaşov
AzərTAc-ın xüsusi
müxbiri
Vatikan
Azərbaycan.-2014.- 3 iyun.- S.4.