Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva Vatikan
Apostol Kitabxanası ilə tanış olmuşdur
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva iyunun 2-də Vatikan Apostol Kitabxanası ilə
tanış olmuşdur.
Vatikan
Apostol Kitabxanasının direktoru Jan Lui Bruqes məlumat verərək
bildirmişdir ki, dünyada tanınan ən qədim
kitabxanalardan olan Vatikan Apostol Kitabxanasının əsası
1475-ci ildə qoyulmuşdur. Burada tarixin müxtəlif
dövrlərinə aid 1 milyondan artıq kitab
saxlanılır. 2007-ci ilin iyulunda bağlanan kitabxana 2010-cu
ilin sentyabrında yenidən ziyarətçilər
üçün açıq elan olunmuşdur. 2014-cü ilin
martından kitabxanada olan 3 mindən artıq nüsxənin rəqəmsallaşdırılmasına
başlanılmışdır. Bu prosesin dörd il ərzində
həyata keçirilməsi nəzərdə tutulur.
Mehriban
Əliyevaya kitabxananın fəaliyyəti və texniki
imkanları, Heydər Əliyev Fondu ilə birgə həyata
keçirdiyi layihələr barədə ətraflı məlumat
verilmişdir. Diqqətə
çatdırılmışdır ki, kitabxanada mövcud olan
bir çox əlyazmalar, o cümlədən Azərbaycana və
regiona aid müxtəlif əlyazmalar Fondun dəstəyi ilə
bərpa olunmaqdadır. Birinci mərhələdə 48, ikinci
mərhələdə 16 əlyazma bərpa olunur.
Üçüncü mərhələdə isə 11 əsərin
bərpası həyata keçiriləcəkdir.
Azərbaycanın
birinci xanımına 50-yə yaxın qədim əlyazmanın
bərpa olunmuş variantları təqdim edildi.
Kitabxananın
tərkib hissəsi olan Vatikan Məxfi Arxivi XVII əsrin əvvəllərində
kitabxanadan ayrılaraq, müstəqil bir qurum kimi fəaliyyət
göstərməyə başlamışdır. Arxivdə
150 min nüsxə mövcuddur. 2012-ci ildə Vatikanın Məxfi
Arxivində saxlanılan Azərbaycana aid sənədlərin
surəti ölkəmizə təqdim olunmuşdur.
Respublikamıza gətirilən sənədlər Elxanilər,
Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və
Qacarlar dövlətlərinin hökmdarlarının Roma
papalarına yazdıqları və onlara göndərilmiş
cavab məktublarından, müxtəlif missionerlərin Azərbaycandakı
siyasi cərəyanlarla bağlı gizli hesabatlarından ibarətdir.
Ümumilikdə, Vatikanın Apostol Kitabxanasında Azərbaycana
aid 60 qədim əlyazma aşkar olunmuşdur. Bu sənədlər
IX əsrdən XVIII əsrədək olan dövrü əhatə
edən çox nadir əlyazmalardır. Onların arasında
Nizaminin, Füzulinin, Nəsiminin və digər dünya
şöhrətli Azərbaycan şair və mütəfəkkirlərinin
nadir əlyazmaları, eləcə də indiyədək
ölkəmizdə məlum olmayan bir çox orta əsr alimlərinin
elmin müxtəlif sahələrinə aid qiymətli əsərləri
vardır.
Azərbaycanın
birinci xanımı Xəzər dənizi regionu və Orta
Şərq bölgəsini əhatə edən xəritələrə
də baxdı. Bildirildi ki, bu xəritələr
kitabxananın qiymətli nümunələri
sırasındadır.
Sonra
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və
Vatikan Apostol Kitabxanasının direktoru Jan Lui Bruqes
“2015-2016-cı illərdə yeni əlyazmaların bərpa
edilməsi və onların rəqəmsallaşdırılması”na
dair yeni müqavilə imzaladılar.
Vatikan
Apostol Kitabxanasının direktoru Jan Lui Bruqes bu təşəbbüsə
görə Azərbaycanın birinci xanımına minnətdarlığını
bildirdi və gələcəkdə əməkdaşlığın
daha da dərinləşəcəyinə ümidvar
olduğunu söylədi.
Heydər
Əliyev Fondunun qədim əlyazmaların bərpası
işinə məmnunluqla dəstək verdiyini qeyd edən Azərbaycanın
birinci xanımı qədim əlyazmaların ümumbəşəri
dəyərlər olduğunu vurğuladı.
Sonda
qarşılıqlı hədiyyələr təqdim edildi.
Maqsud Dadaşov
AzərTAc-ın xüsusi
müxbiri
Vatikan
Azərbaycan.-2014.- 3 iyun.- S.4.