Azərbaycanın birinci
xanımı Mehriban
Əliyeva Roma
Papası Fransisk ilə görüşmüşdür
İtaliyada
səfərdə olan Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 2-də
Roma Papası Fransisk ilə görüşmüşdür.
Azərbaycan
ilə Vatikan arasında ikitərəfli əlaqələrin
yüksələn xətlə inkişaf etdiyini məmnunluqla
qeyd edən Mehriban Əliyeva bu əməkdaşlığın
mədəni irsin qorunması sahəsində daha da genişləndiyini
vurğulamışdır. Heydər Əliyev Fondu tərəfindən
Azərbaycan ilə yanaşı, dünyanın bir sıra
ölkələrində həyata keçirilən
mühüm layihələr barədə Roma Papasına məlumat
verən Azərbaycanın birinci xanımı qurumun bir
çox istiqamətlərdə, o cümlədən sosial və
humanitar sahələrdə mühüm işlər
gördüyünü diqqətə
çatdırmışdır.
Azərbaycanın birinci xanımı Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də danışmışdır.
2002-ci ildə Roma Papası II İohann Pavelin Azərbaycana tarixi səfərini xatırladan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu səfərin iki dövlət arasında mövcud əməkdaşlığa töhfə verdiyini bildirmiş və Roma Papası Fransiski də Azərbaycana səfərə dəvət etmişdir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəvətini məmnunluqla qəbul edən Roma Papası Fransisk Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti ilə bağlı məlumatlı olduğunu qeyd etmişdir. O, Fond tərəfindən həyata keçirilən layihələrdə qurumun rəhbəri Mehriban Əliyevanın şəxsi təşəbbüsü və rolunu xüsusi vurğulayaraq, bu münasibətlə Azərbaycanın birinci xanımını təbrik etmişdir.
Vatikanın Azərbaycan ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirən Roma Papası Fransisk bu istiqamətdə Mehriban Əliyevanın fəaliyyətini xüsusi vurğulamışdır. Görüşdə Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Roma katakombalarının bərpası yüksək qiymətləndirilmişdir.
Azərbaycanın birinci xanımı bu cür layihələrin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırmış, müvafiq istiqamətdə həyata keçirilən tədbirlərin digər sahələrə də şamil edilməsinə çalışacağını vurğulamışdır.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilmişdir.
Maqsud Dadaşov
AzərTAc-ın xüsusi müxbiri
Vatikan
Azərbaycan.-2014.- 3 iyun.- S.4.