Azərbaycan ilə İsveçrə arasında

 əlaqələrin inkişafından məmnunluq ifadə edilmişdir

 

İyunun 2-də Azərbaycanda rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalter xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafından məmnunluq ifadə olunmuşdur.

İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin rotasiya qaydalarına uyğun olaraq ATƏT-in fəaliyyətdə olan sədri funksiyasını da daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası ilə ATƏT arasında mövcud əməkdaşlıq və ATƏT-in gündəliyində duran aktual məsələlər üzrə müzakirələr aparılmışdır.

Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyini bildirmişdir. Nazir sədrlik dövründə Azərbaycanın irəli sürdüyü prioritetlər haqqında məlumat vermişdir. O, müvafiq olaraq Azərbaycanın Avropa Şurasına, İsveçrənin isə ATƏT-ə sədrlik etdiyini nəzərə alaraq, qarşılıqlı maraq doğuran aktual məsələlər üzrə əməkdaşlığın və birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü diqqətə çatdırmışdır.

Təhlükəsizliyin bölünməzliyinin ATƏT-in təməl prinsipi olduğunu deyən nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək, münaqişənin həlli üçün, ilk növbədə, Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.-2014.- 3 iyun.- S.5.