Prezident İlham
Əliyevdən ermənilərə növbəti zərbə
Rəsmi Yerevan Dağlıq Qarabağ
separatçılarından imtina etməyə
məcbur oldu
Ötən həftənin əsas hadisələrindən biri Avrasiya İqtisadi İttifaqının yaradılması ilə bağlı Astana şəhərində Qazaxıstan, Belarus və Rusiya dövlət başçıları tərəfindən müqavilənin imzalanması oldu. Müqaviləyə əsasən bu birliyin iştirakçısı olan dövlətlər iqtisadiyyatın əsas sahələrində razılaşdırılmış siyasət yeritmək barədə öhdəlik götürürlər.
Lakin Astanada diqqəti çəkən ən mühüm məqam o idi ki, Avropa İttifaqı ilə əməkdaşlıqdan imtina etməyə məcbur edilən Ermənistanın Avrasiya İttifaqına gedən yolu rəsmi Yerevan üçün heç də yaxşı başlamadı. Belə ki, aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının 5 illiyinə həsr olunmuş sammitdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yerində oturdulan Serj Sarkisyan növbəti zərbəni Qazaxıstanda aldı. Düzdür, Azərbaycan Avrasiya İttifaqına qoşulmayıb və Prezident İlham Əliyev Astanada deyildi. Lakin dövlət başçısının məktubu ermənilərə növbəti zərbə, Ermənistan rəhbərliyinə isə tərs sillə oldu.
Qeyd edək ki, Astanada Qazaxıstan, Belarus və Rusiya dövlət başçılarının qapalı danışıqlarından sonra geniş tərkibdə keçirilən toplantıda müşahidəçi qismində Ermənistan və Qırğızıstan prezidentləri də iştirak ediblər. Müzakirələr zamanı Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Ermənistanın təşkilata hansı şərtlərlə üzv olacağı ilə bağlı söylədikləri xüsusilə diqqəti cəlb edib və bu, Ermənistan üçün heç də yaxşı nəticələnməyib. Rəsmi Yerevan üçün şok yaradan məsələ isə heç şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya, Belarus və Qazaxıstan liderlərinə yazdığı məktub olub. Məktubun təfərrüatları barədə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev məlumat verib. Qazaxıstan Prezidenti deyib: "Biz Azərbaycan Prezidentinin məktubunu almışıq. Bütün prezidentlər alıb. Ermənistan Ümumdünya Ticarət Təşkilatına BMT tərəfindən tanınmış beynəlxalq sərhədləri çərçivəsində üzv qəbul olunub və indi də qaydalar Ermənistan ərazisinə bu prinsiplə şamil edilməlidir". Nursultan Nazarbayev əlavə edib ki, bu şərtlərin olmaması rəsmi Bakının xoşuna gəlməyəcək. "Əks halda bu, Azərbaycandan olan bir dostumuzu qıcıqlandıra bilər" - deyə o bildirib.
Prezident Nursultan Nazarbayevin Azərbaycan dövlət başçısının məktubunu diqqətə çatdıran zaman S.Sarkisyanın və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın necə təşvişə düşmələri və pərt olmaları xüsusən nəzərləri çəkdi. Belə bir məktubun olacağını və oxunacağını gözləməyən erməni rəhbərliyinin cavab verə bilməyəcək qədər müstəqil olmadığı onların baxışlarından sezilirdi. Qazaxıstan Prezidentinin sözlərindən sonra S.Sarkisyanın baxdığı Rusiya Prezidenti Vladimir Putin də heç bir reaksiya verməyib.
Ümumiyyətlə, son vaxtlar və indinin özündə də erməni mətbuatının gündəmində olan əsas məsələlərdən biri Ermənistanın Avrasiya İttifaqına daxil olacağı təqdirdə Dağlıq Qarabağın taleyidir. Astana səfərinədək jurnalistlər S.Sarkisyana Dağlıq Qarabağın taleyi ilə əlaqədar suallar verəndə o, və komandası əminliklə deyirdi ki, Astanada Qarabağın sərhəd məsələsi ilə bağlı heç bir problemi olmayacaq. Lakin Prezident İlham Əliyevin məktubu oxunandan sonra S.Sarkisyan Astanada çox çətin və çıxılmaz vəziyyətə düşdü. Hətta cavab verməyə belə söz tapmadı.
Ermənistanın Azərbaycandan aldığı növbəti zərbə hazırda erməni mətbuatının əsas müzakirə mövzusudur. Erməni mətbuatı Azərbaycan Prezidentinin Astanaya göndərdiyi məktubu "Ermənistana nəhəng ultimatum" şəklində xarakterizə edir. "Jamanak" qəzeti yazır: "Bəs indi nə etmək olar? Avrasiya İttifaqından imtina edilməli, yoxsa Ermənistan ilə Dağlıq Qarabağ arasında nəzarət-buraxlış məntəqəsi qoymalı? Bütün bu suallara Astanada prezident Serj Sarkisyan cavab verməli idi. Amma görünür ki, o, nə danışmaq lazım olduğunu sadəcə olaraq bilməyib. Daha doğrusu, onun İlham Əliyevin tələblərinə cavabı olmayıb".
Astanada söz tapmayan və növbəti zərbə alan Ermənistan prezidenti S.Sarkisyan ölkəsinin Avrasiya İttifaqına ancaq BMT tərəfindən qəbul edilmiş indiki sərhədləri daxilində girə biləcəyinə dair Azərbaycan Prezidentinin qoyduğu şərtə, nəhayət, bir neçə gün sonra münasibət bildirməyə təpər tapıb. O, Respublika partiyasının gənclər təşkilatının toplantısında çıxışı zamanı Astanada baş verənlər və Prezident İlham Əliyevin məktubu barədə danışaraq deyib: "Birincisi, deməliyəm ki, Ermənistanın Gömrük İttifaqına üzvlüyü üçün heç bir maneə yoxdur. İki-üç məsələ qalır, onlar da sırf texniki məsələlərdir və bizim ticarət əlaqələrimizə aiddir. O ki qaldı Nazarbayevin dediklərinə, birincisi, əvvəlcədən sərhədlər haqqında danışmaq düzgün deyil. Biz hansı sərhədlər haqqında danışırıq? Qarabağ məsələsi Gömrük İttifaqında həll olunmur. Kim demişdi ki, biz Gömrük İttifaqına Qarabağla birlikdə girəcəyik? Belə şey olmayıb və ola da bilməz".
Beləliklə, yeni yaranan Avrasiya İttifaqına yönləndirilən Ermənistan elə ilk andaca Azərbaycandan və eləcə də ümid bəslədiyi dayaqlarından zərbə aldı. Elə bu zərbənin təsiri altında rəsmi Yerevan Dağlıq Qarabağ separatçılarından imtina etməyə məcbur oldu. Əslində Ermənistanın başqa çıxış yolu da yox idi. Rəsmi Bakının təzyiqi və təsiri altında proseslərin axarı elə bu cür olmalı idi. Astanada baş verənlər Ermənistanın Dağlıq Qarabağ diplomatiyasını və separatçı rejimi müstəqil dövlət kimi tanıtmaq siyasətini növbəti dəfə uğursuzluğa düçar etdi. Ən əsası, bu hadisə Prezident İlham Əliyevin timsalında Azərbaycanın Ermənistana növbəti diplomatik zərbəsi olmaqla işğalçı ölkəni daha da sıxışdırdı.
Onu da qeyd edək ki, Ermənistan Avropa İttifaqı ilə əməkdaşlıqdan imtina etməyə məcbur olduqdan sonra ciddi qınaqlarla üzləşən S.Sarkisyan ölkəsinin Avrasiya İttifaqının həmtəsisçisi olmasına çalışırdı. Erməni prezidentinin fikrincə, bununla həm özünün imicini müsbətə doğru artırar, həm də Ermənistanın söz sahibi olan bir ölkə olduğunu göstərərdi. Lakin Azərbaycanın həyata keçirdiyi siyasətin, Prezident İlham Əliyevin yüksək liderlik kefiyyətlərinin nəticəsi olaraq Rusiya, Belarus və Qazaxıstan kimi ölkələr Avrasiya İttifaqında Ermənistanı həmtəsisçi kimi görmək istəmədilər.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2014.- 3 iyun.- S.6.