Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi ilə Rusiyanın İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır

 

İyunun 2-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycanın Rusiya ilə əlaqələrin genişləndirilməsinə önəm verdiyini bildirmişdir. Nazir qonşu ölkələr olan Rusiya ilə Azərbaycan arasında siyasi əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırmışdır.

Qeyd edilmişdir ki, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulmuş Azərbaycan-Rusiya əlaqələrinin inkişafında dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında siyasi sahədə olduğu kimi, iqtisadi sahədə də əməkdaşlıq genişlənir, son illər ərzində Azərbaycan-Rusiya ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur. İki ölkə arasında, ümumilikdə, 160-dan çox, o cümlədən iqtisadi sahədə indiyədək 30-dan artıq sənəd imzalanmış, möhkəm müqavilə-hüquq bazası yaradılmışdır.

Diqqətə çatdırılmışdır ki, hazırda Azərbaycanda 570 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyanın müxtəlif regionlarında uğurla çalışırlar.

Qarşılıqlı investisiyaların əhəmiyyətini qeyd edən nazir Şahin Mustafayev, Rusiya Federasiyası tərəfindən Azərbaycana 1,8 milyard dollar, Azərbaycan tərəfindən isə Rusiyaya yatırılmış birbaşa investisiyaların həcminin 1 milyard ABŞ dollarından artıq olduğunu vurğulamışdır.

Görüşdə ticarət-iqtisadi əməkdaşlığın inkişafı perspektivləri, həmçinin iqtisadi sahədə hüquq-müqavilə bazasının daha da genişləndirilməsi məqsədilə sənəd layihələrinin - Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş, Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Ümumrusiya Sərgi Mərkəzinin ərazisində Azərbaycan Respublikasının Sərgi-Ticarət Mərkəzinin yaradılması haqqında Saziş barədə müzakirələr aparılmışdır.

Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli iqtisadi əməkdaşlığın inkişafında əhəmiyyətli olacağını vurğulamışdır.

Görüşdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Sənəddə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin inkişafı, hər iki ölkə sahibkarları arasında əməkdaşlığın təşviqi və yeni əlaqələrin yaradılması məsələləri əksini tapmışdır.

Səfər çərçivəsində Rusiya Federasiyasının nümayəndə heyəti bir sıra görüşlər keçirəcək, Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə tanış olacaqlar.

 

Azərbaycan.-2014.- 3 iyun.- S.6.