Böyük sənətkarın ilk əsərləri
Cəfər Cabbarlı-115
Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin təşəkkülündə və təkamülündə müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq, nasir, şair, jurnalist, tərcüməçi, kinossenarist, tənqidçi, teatrşünas, yaşın və yaradıcılığın nisbəti baxımından fenomenal təfəkkür sahibi, qüdrətli sənətkardır. Onun zəngin və təkrarsız ədəbi irsi, məzmunlu sənətkar ömrü, mübariz və parlaq şəxsiyyəti zaman-zaman ədəbi tənqidin, oxucu və tamaşaçı auditoriyasının diqqət mərkəzində unudulmaz izlər qoymuşdur. Böyük sənətkarın ədəbi-bədii yaradıcılığı, elmi bioqrafiyası dövrün və zamanın ziddiyyətləri fonunda tam, sistemli, əhatəli, konyunkturdankənar araşdırılmamış, kifayət qədər obyektiv şəkildə tədqiq edilməmişdir. "Sosializm realizminin banisi", "Azərbaycan sovet dramaturgiyasının banisi" kimi epitetlərlə onun istiqlal məfkurəsi üzərinə qalın kölgə salınmışdır. Cəfər Cabbarlının geniş yaradıcılıq panoramını sosializm ideologiyasının dar və tutqun pəncərəsindən müşahidə və dərk etmək müşkül və mümkünsüzdür. XX yüzilliyin sonuncu onilliyində Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etdikdən sonra bu böyük sənətkarın epoxasını, mühitini, həyat və yaradıcılığını istiqlal işığında araşdırmaq, ədəbi tənqidin Cabbarlı irsini dəyərləndirmə meyarlarını obyektiv elmi prinsiplər müstəvisində nəzərdən keçirmək zərurəti yaranmışdır. Dramaturqun mübarizələrlə zəngin, eyni zamanda qısa və mənalı ömür yolu, ədəbi-bədii irsinin nəşrlərdən kənarda qalan nümunələri, rəmzlər sistemi, düşüncə qatları ilə milli istiqlalçılıq, yurdçuluq və azərbaycançılıq məfkurəsinin gizli, örtülü tərəfləri, bu yolda "qazandığı" əzab, işgəncə və məhrumiyyətlər barədə arxiv materialları əsasında araşdırmalar üzə çıxarılaraq böyük maraqla qarşılanmaqdadır.
Danılmaz faktdır ki, ədibin qısa və məzmunlu həyatı, coşqun və ehtiraslı yaradıcılıq mühiti XX yüzilliyin mürəkkəb, kəşməkəşli dövrünə, ictimai-siyasi hadisələrin təlatümlü, sarsıntılı zamanına təsadüf etmişdir. Həmin ictimai ehtiyacdan yaranan, milli şüurun inkişafına təkan verən zəngin və çoxşaxəli ədəbi-bədii irsi, təəssüf ki, sənətkarın sağlığında toplanıb tərtib edilərək kitab şəklində işıq üzü görməmiş, xüsusilə ilk əsərlərinin yazılma və nəşr tarixinə dair müəyyən təfərrüatlar müəmmalar içində görünməz olmuşdur.
İlk mətbu şeirləri
Cəfər Cabbarlının bədii nümunələrinin yazı tarixi onun mətbu əsərlərinin nəşri tarixindən, şübhəsiz ki, xeyli əvvələ təsadüf edir. Hələ ibtidai məktəb illərindən "Abdulla Şaiqin məsləhəti ilə duzlu şeirlər yazan" (Ə.Mustafayev) Cəfərin mövzusu həyatda, yaşadığı mühitdə müşahidə etdiyi hadisələr idi. Görkəmli pedaqoqlardan Abdulla Şaiq, Əliməmməd Mustafayev hələ S.S.Axundovun müdirlik etdiyi ibtidai məktəbdə dərs dedikləri dövrü yada salaraq xatırlayırdılar ki, Cəfər "7-ci rusi və müsəlmani" məktəbində oxuyarkən (1905-1908-ci illər - A.R.) şeirlər yazır, "şeirlərinin üzərində daha səylə çalışırdı".
C.Cabbarlı yaradıcılığının görkəmli tədqiqatçısı, akademik Məmməd Arif Dadaşzadə ədibə həsr etdiyi irihəcmli monoqrafiyasında yazırdı: "Cabbarlının ilk əsərinin harada çap olunması hələ indiyədək yaxşı tədqiq edilməmişdir".
Sankt-Peterburq şəhərindəki Saltıkov-Şedrin adına kitabxananın şərq şöbəsində araşdırma nəticəsində məlum olmuşdur ki, XX yüzilliyin əvvəllərində Mirzə Cəlal Yusifzadənin Bakıda nəşr etdirdiyi "Həqiqəti-əfkar" qəzetinin 5 noyabr 1911-ci il tarixli 2-ci nömrəsində Cəfərin "Şücaətim" satirik və "Eşidənlərə" lirik şeirləri dərc edilmişdir.
"Şücaətim" satirik şeiri altı
misradan ibarətdir. Burada özünü "Ustadi-kamil"
adlandıran bir lovğanın obrazı
yaradılmışdır.
Həqiqət naminə onu da qeyd etmək lazımdır
ki, "Şücaətim" satirasında natamamlıqla
yanaşı, sənətkarlıq baxımından
qeyri-peşəkarlıq da özünü büruzə
verirdi. Bütün bu xüsusiyyətlərə baxmayaraq,
12 yaşlı Cəfərin ilk mətbu satirik şeiri kimi
"Şücaətim" diqqəti cəlb edir.
"Eşidənlərə" isə on beytdən ibarət
lirik şeirdir. Bu əsər sərlövhəsi ilə səsləşdiyi
kimi, üslubu və mövzusu ilə də C.Cabbarlının
1916-cı ildə yazdığı "Bilənlərə"
şeirinə yaxındır.
1915 və 1917-ci illərdə çap etdirdiyi "...Sən
də bir" və "Novruz bayramına hazırlaşan
müsəlmanlara töhfə" şeirlərini yada salmaq,
müqayisələr aparmaq maraqlıdır.
C.Cabbarlı
yaradıcılığının ilk dövrü
üçün xarakterik olan zəmanədən şikayət,
giley, bədbin əhvali-ruhiyyə, haqsızlığın və
ədalətsizliyin baş alıb getdiyi bir ölkədə
milləti oyanışa çağırış bu şeirlərin
də beyt və misralarında öz əksini
tapmışdır:
Əşki-çeşmimdir
buludlardan yağan əmtarlər!..
Dudi-ahımdan
dürər şəmsin şüai-hiddəti!..
("Eşidənlərə").
Ağla
qan, ey qəmli könlüm,
pürğübar ol sən də bir,
Zövqi-ləzzət, eyşi-işrətdən kənar
ol sən də bir.
("...Sən
də bir").
Ağla,
ağla, ey yetim, imdadə səslə milləti!
("...Müsəlmanlara
töhfə").
Göründüyü kimi, mənzumələrdə
xalqın düşdüyü bəlalardan nicat yolu ərbabların,
kaşanə sahiblərinin mərhəmətində, elmin, mədəniyyətin
inkişafında, dumanlı da olsa, "dövrani-aləm"in
fırlanıb "novbahar" olmasında görülür.
Və nəhayət,
Cəfərin 1911-ci ildə "Həqiqəti-əfkar" qəzetində
işıq üzü görən "Şücaətim"
və "Eşidənlərə" şeirləri onun
"Məktəb" jurnalında çap olunan və ədibin
ilk mətbu əsəri sayılan "Bahar" mənzuməsindən
üç il əvvəl dərc edilmişdir.
İlk
pyesi necə yarandı
1912-ci ilin baharında Cəfər Cabbarlı III
Ali-ibtidai məktəbin 3 v sinfində oxuyurdu. Yaxın dostu
və sinif yoldaşı Hacı Cabbarzadə Hacınskinin
teatra böyük marağı onun da bu sahəyə
şövqünü, həvəsini artırırdı.
Cəfər Hacıya qəmli-kədərli bir
hadisənin motivləri əsasında pyes yazmaq fikirində
olduğunu bildirdi. "Məktəb"
jurnalının aprel-may nömrələrində Rəcəb
Əfəndizadənin "Axır çərşənbə"
adlı ikipərdəli uşaq pyesinin çap edilməsi
onları bu işə bir az da həvəsləndirdi.
Cəfər qənaətlə
topladığı qəpiklər hesabına bir qələm,
qalın və təkcızıq vərəqli, yığcam
bir cib dəftərçəsi aldı. Öncə
birinci səhifənin yuxarı hissəsindən yazdı:
"İştirak edən şəxslər". Yeni səhifənin əvvəlində iri hərflərlə
"Bismillahir-Rahmanir-Rahim!" yazdı. Sonrakı
çap nüsxələrindən fərqli olaraq, pyesin remarka
hissəsini bir səhifə həcmində təsvir etdi.
Yenidən oxuduqda lüzumsuz təfsilata
vardığını hiss edib səhifənin yarıdan
çoxunu pozdu. Bütün nəşrlərdə öz əksini
tapmayan bu cümlələrlə pyesini başladı: "Mən
hər zülmə dözüb əhdimə vəfa edirəm.
Neyçün məni yaddan
çıxardın? Neyçün mənim
halımdan xəbərdar olmaq istəmirsən? Biz ki bir-birimizə söz vermişdik; hər cürə
əziyyətə, məşəqqətə, hətta
ölümə də razı olub da,
ayrılmağımıza razı olmayaq" (C.Cabbarlı.
Vəfalı Səriyyə. Azərbaycan MEA M.Füzuli adına Əlyazmalar İnstitutu, Arxiv-20).
"Vəfalı Səriyyə"nin son mətni dörd pərdə olsa da, ilkin
variant iki məclisdən ibarətdir. Birinci və ikinci pərdələr
birinci məclisdə, üçüncü və
dördüncü pərdələr isə ikinci məclisdə
bir yerdə verilmiş,
sonralar isə müəllif tərəfindən mətn
üzərində əlavələr, düzəlişlər
edilərək təkmilləşdirilmişdir.
Cəfər
Cabbarlı irsini tədqiq edən alimlərin böyük əksəriyyəti
"Vəfalı Səriyyə"nin
1915-ci ildə yazıldığını güman edir.
Təbii ki, bu tarix təsadüfən
vurğulanmır. Tədqiqatçıların pyesin
yazılma vaxtı ilə əlaqədar yekdilliklə qəbul
etdikləri qaynaq, elmi mənbə haqqında akademik Məmməd
Arif fikrini belə əsaslandırırdı: "Pyesin əlyazması
Azərbaycan Elmlər Akademiyası yanında Respublika
Əlyazmalar Fondunda (inv. N6543) saxlanmaqdadır.
Əlyazmasının üzərində Tiflis Mətbuat Komitəsinin
9 mart 1916-cı il tarixli icazəsi
vardır. Əsərin ilk səhifələrindəki
gerb markalarının üzərində "30. XII-1915" rəqəmləri
yazılmışdır ki, bu da pyesin 1915-ci ildə
yazıldığını göstərir".
Göründüyü
kimi, bu tarix əsərin
səhnədə oynanılmasına icazə almaq
üçün Tiflis Senzura İdarəsinə göndərilən
əlyazmanın üzərinə Bakıdakı poçt məmurunun
vurduğu gerb markasında öz əksini tapmışdır.
Bu isə, akademik Məmməd Arifin qeyd etdiyi
kimi, "pyesin 1915-ci ildə yazıldığını"
iddia etməyə tam əsas vermir. Əsərin son, təkmilləşdirilmiş
variantından fərqli olaraq, ilk əlyazma nüsxəsində
"Vəfalı Səriyyə"nin
yazılma tarixini nişan verən müəllif qeydləri
vardır: "1912, noyabrın 1-də, Qurban ayının 3-də"
(yenə orada, səh.58).
Əsərin yazılma tarixini müəyyənləşdirmək
üçün müəllif əlyazmasından daha
etibarlı, daha səhih qaynaq, mənbə, arqument istisna təşkil
edir. Deməli,
Cəfər Cabbarlı "Vəfalı Səriyyə"
pyesini tədqiqatçıların indiyədək xüsusi
vurğuladığı "30.XII-1915"-ci ildə yox,
özünün qeyd etdiyi kimi, "1912, noyabrın 1-də,
Qurban ayının 3-də" bitirmişdir. Başqa
sözlə desək, böyük dramaturq ilk dram əsərini
13 yaşlı məktəbli ikən yazmışdır.
Beləliklə,
Cəfər Cabbarlı "Vəfalı Səriyyə"ni,
Hacı Cabbarzadə isə "Qanlı intiqam" pyesinin əlyazmasını
səhnədə tamaşaya qoyulmasına razılıq almaq
üçün poçt vasitəsilə 1915-ci il dekabrın
30-da Bakıdan Tiflis Mətbuat Komitəsinə göndərirlər.
Əsərlərə rəsmi münasibət 1916-cı il
martın 9-da bildirilsə də, ilk dəfə "Yeni
iqbal" qəzeti martın 30-da ədəbi ictimaiyyətə
özünün "Bakı xəbərləri" daimi
rubrikası altında xeyli gec də olsa bəyan edirdi: "Tazə
pyesələr. Cəfər Cabbarzadə tərəfindən qələmə
alınmış 4 pərdəli "Vəfalı Səriyyə",
Hacı Cabbarzadə-Hacınski tərəfindən
yazılmış 5 pərdəli "Qanlı intiqam"
adlı pyesələrin Qafqasiya dairəsində
mövqeyi-tamaşaya qoyulmasına canişin həzrətləri
tərəfindən icazə verilmişdir" ("Yeni
iqbal" qəz., Bakı, 1916, 30 mart, səh.2).
Cəfər Cabbarlı ilə Hacı Cabbarzadə-Hacınskinin
dostluq və yaradıcılıq əməkdaşlığı
Hacınskinin vəfatına qədər davam etmişdir.
"Kazım
bəy" romanı
C.Cabbarlının ilk əsərləri onun
yazıçı məsuliyyətinin
ağırlığını çox erkən dərk
etdiyini, uğurlu nəticəyə nail olmaq üçün
daim çalışdığını, seçdiyi
mövzunu geniş miqyasda araşdırdığını,
bitkin struktura və kompozisiyaya nail olduğunu göstərir. Bunun
üçün o, müəllimlərinin məsləhətlərindən,
tövsiyələrindən, qeydlərindən səmərəli
faydalanmağı bacarırdı. İlk qələm
təcrübələrini tanınmış ziyalılara, ədiblərə,
tənqidçilərə təqdim edən Cabbarlı ən
sərt tənqidlərdən belə çəkinmir, iradlar
üzərində yorulmadan işləyirdi. Dövrün
görkəmli tənqidçisi Seyid Hüseyn Kazımoğlu
Cəfər Cabbarlı ilə ilk görüşünü
xatırlayaraq yazırdı: "1913-cü ildə mən
mürəttiblikdən mühərrirliyə keçərək,
Orucovların "İqbal" qəzetində müdir və
baş mühərrir işləməyə başladım.
Bir gün ... bir oğlan tərəddüdlü addımlarla
mənə yaxınlaşdı...
-
Bağışlayın, bir məqalə yazmışam,
mümkün olarsa...
O,
cümləsini bitirə bilmədi. Mənə
bir dəftər uzatdı. "Mümkün olarsa..."
Nə etməli idim? Mən
onun dəftərini aldım. Bu, bir-birinə
rəbt edilmiş iki məktəbli dəftəri idi. Vərəqlərinin
hər iki üzü karandaşla yazılmış uzunca bir
şey idi...
Məqalə adlandırdığı bu yazı
böyükcə bir hekayə idi. Lakin çox ibtidai bir
şəkildə idi. Onu o şəkildə
qəzetə buraxmaq mümkün deyildi. Buna
baxmayaraq, üslub və ifadəsində bir canlılıq
duyulurdu. 13-14 yaşlı bu çocuqda
istedad müşahidə olunurdu".
Müəllifin
təvazökarlıqla "məqalə", Seyid Hüseyn
Sadıqzadənin isə "böyükcə bir hekayə"
adlandırdığı əsər, çox güman ki, tənqidçinin
ciddi iradlarından sonra yarımçıq qalmış
"Kazım bəy"dır. Əsərin ilk
əlyazma nüsxəsi oxunaqlı vəziyyətdə
bugünümüzə gəlib çatsa da, təəssüf
ki, indiyədək çap edilməmişdir. Sərlövhəsiz bu əlyazma janr etibarilə
romandır. Əsərin baş qəhrəmanı
Kazım bəy maraqlı və macəravari süjet xəttinin
mərkəzində dayanır və bütün epizodlar onunla
birbaşa bağlıdır. C.Cabbarlının
əksər əsərlərinin sərlövhəsi baş qəhrəmanın
adı ilə eyni olduğu üçün bu romanı da tədqiqatçılar
şərti olaraq "Kazım bəy"
adlandırmağı məqsədəuyğun hesab edirlər.
Əsərin əlyazması ərəb əlifbası
ilə yazılmış və 167 səhifədən ibarətdir.
"Vəfalı Səriyyə"də olduğu kimi, müəllif
əlyazmanın 81 və 127-ci səhifələrinin
başlanğıc hissələrində:
"Bismillahir-Rahmanir-Rahim!" yazmışdır. Eləcə də 80-81-ci səhifələrdə
Kirill əlifbası ilə "Mirzə Bala" qeydlərinə
təsadüf edilir ki, bu da, sözsüz, müəllifin dostu
və sinif yoldaşı Mirzə Bala Məhəmmədzadəyə
işarədir. Görünür, Cəfər
"Kazım bəy"i yazdıqca ayrı-ayrı hissələri
dostu Mirzə Balaya oxumuş və onun məsləhətlərini
dinləmişdir. Əlyazmanın sonuncu ağ
vərəqində 1940-1950-ci illərdə muzey əməkdaşları
tərəfindən bir qeyd verilmişdir:
"C.Cabbarlının həyat yoldaşı Sona
xanımın dediyinə görə, Cabbarlı bitirmədiyi
bu romanını təxminən 1914-cü ildə, 15
yaşında ikən yazmışdır".
"Kazım bəy" romanı uzun illər muzey əməkdaşlarının
əlləri altında olsa da, görünür, onlar bu nadir əlyazmanın
məzmunundan və mahiyyətindən xəbərsiz idilər. Doğrudur,
müəllifin "xətti çox pozuq" (S.Hüseyn)
olduğu üçün onu oxumaq da asan deyildi. Hər halda, əsər diqqətlə ən azı
vərəqlənsəydi, əlyazmanın yazılma tarixi
haqqında müəllif qeydlərinə, şübhəsiz
ki, rast gəlinərdi.
Xatırladıldığı kimi, roman yuxarı hissəsində
tarix yeri qoyulmuş və rus dilində çap edilmiş
blanklar üzərində yazılmışdır. Əlyazmanın 61-ci səhifənin
yuxarıdan sağ tərəfində gün və il yerində rus dilində müəllif qeydi
var: "1912-ci il, 21 yanvar günü". Əsərin sonuna yaxın - 165-ci səhifəsində
isə Cəfər öz xətti ilə yazmışdır:
"3 ay - 2 gün kəm". Birinci tarix əsərin
yazıldığı ili göstərirsə,
ikinci rəqəmlərin əlyazma üzərində iş
prosesinin müddətini müəyyənləşdirdiyi
şəksiz-şübhəsizdir. Beləliklə,
bütün arqumentlərdən tutarlı hesab edilən müəllif
qeydləri Cəfər Cabbarlının "Kazım bəy"
romanını 1912-ci ilin birinci rübündə
yazdığı qənaətinə gəlməyə əsas
verir.
Sona
xanım Cabbarlı gənc müəllifin romanı hansı
şəraitdə və necə işlədiyini bir rəssam
müşahidəsi ilə vizual təsvir etmişdi: "Cəfər
gündüzlər bizi evdən çıxarır,
özü otaqda tək qalıb yazırdı. Evimizdə stol olmadığından o, yerdə oturub
arxasına 2-3 balış dayaq verər, dizlərinin
üstünə karton qoyub işlərdi. O zaman
yazdığı 120-130 səhifəlik bir əsər
hazırda C.Cabbarlı adına Respublika
Dövlət Teart Muzeyindədir. İki gəncin
sevgi macərasına həsr olunmuşdur. Nədənsə
o, sonralar bu əsəri tamamlamaq istəməmiş (bəlkə
də unutmuş), heç ona ad da qoymamışdır".
"Kazım bəy" romanı müəllifin ilk qələm
təcrübələrindən olsa da, dövrün və
mühitin tipik cizgiləri, yaddaqalan insan xarakterləri, hadisələrin
dinamik və əlaqəli cərəyanı, yumoristik mənzərələr
ustalıqla verilmişdir. Əsərin çap
olunmadığını nəzərə alaraq müsəlman
hamamında baş verən bir görüntünü təqdim
etməyi zəruri sayırıq. Burada məktəbli
Cəfərin ifadə tərzi, müşahidə qabiliyyəti,
tənqidi ironiyaları özünü qabarıq büruzə
verir.
"...Kazım
bəy xəcalətindən qıpqırmızı
qızarıb həmamın içinə girdi. Həmam, nə
həmam! Öylə qoxu verirdi ki, nəinki Kazım bəyi, bəlkə,
sağ adamı da məst ediyordu. Bu nə səyaq qoxu
olduğun təmam müsəlman hamamına gedənlərə
məlum ola gərəkdir. Həmamın
içi bir bəzəkli gəlin kimi rəngbərəng
görünürdü... Sabun parçası,
fitə cırığı, yumurta qabığı,
qarpız kəsigi, qərəz, dünyadə nə şey
istəsən, həmamda var idi. Hər nə
rəng istəsən, görünürdü. Kazım bəy güc ilə biixtiyar irəliləyordu.
Birdən-birə Kazım bəyin
ayağını tiyə kəsdi, ayağı sancdı.
Əgilib baxa nə? Ayağından
çay kimi qan axdığını gördü. Həmamda olan kişilər bunun yanına
yığılıb, ayağından bir zorba, iti İran
bıçağının tiyəsinə oxşar bir
şüşə çıxardılar ki, əgri
olduğundan iki yerdən Kazım bəyin ayağına
batmışdı. Bu da istəkan
sınığı idi. Bunu da
çayçı çay gətürəndə
yıxılıb sındırmışdı. Qərəz,
iki adam Kazım bəyin əlindən tutub
xəzinə tərəfə sürüyordu. Çünki
qeyri yerdə su soyux idi. Xəzinədə
hovuzlar var idisə də, lakin bunların heç birində su
yox idi. Kazım bəyin ayağından qan
Balaxanıda neft fontan vuran kimi fontan vururdu. Bir cavan
oğlan: "Bunun ayağını qıraqda yuyunuz. Bu səyaq ilə xəzinəyə
aparmayınız". O birilər mömin adamlar idi:
"Eybi yoxdur, xəzinə kürdür, murdar olmaz", - deyə
Kazım bəyi xəzinəyə buraxdılar. Xəzinə o qədər isti idi ki, termomiz
qayıranlar hərarətin ən axırıncı dərəcəsini
bilmək istəsəydilər, bura gəlməli idilər.
Kazım bəy girməmiş su qara idi. Xalis suyun
nişanələrinin hamısı bu suda tapılırdı.
Rəngi kömürdən bir o qədər də
qara deyildisə də, ləgən hər halda kömürdən
qara olduğu aşikar-sübutsuz görünürdü.
Qoxusu, iyləndiyini həmamda olub, yaxud xəzinədə
çimənlərdən başqa heç kəs belə bilməz.
Suda da heç bir şey görünmüyordu.
Hadisə də su qara olduğundan məlum eyləmişdi.
Ancaq suyun üzündə, bozbaş suyunun yanında olan kimi,
bir qara şit yağ çimənlərin bədənini
örtürdü ki, bədənləri həmişə
yumuşaq qalsın və yaxa qır-zad olanda piy-zad sürtmək
gec olur deyə piysiz bədəni avutdurmaq və... su hər nə isə
pək gözəl idi. Kazım bəyin
ayağından axan qan suyun rəngin aşikar ağardır,
qan ilə qırmızı bir yerə qatışıb
ağumtul bir rəng verirdi. Kazım bəy xəzinədə
olan vəqtdə 10-15 adam girib, sələvat
çevirib, ağızlarında bir-iki söz
danışıb, suyun dibinə getmiyordular.
Çıxan-çıxan:
- Davay, bişdim - deyə bağırırdı. Kazım bəy
bu hərarəti hiss edirdisə də, lakin bayıra
çıxa bilmiyordu və çıxanlara "Məni də
çıxaruz" deməgə ixtiyarı yox idi. Odun kimi biixtiyar suya çırpıldı, yenə
axırıncı gücünü yığıb suyun
üzünə çıxdı. Nəfəsinin
daraldığını görüb nə qədər
çalışdısa da, nəfəsin düzəldə
bilmədi. Boğazına bir şeyin
sarındığını hiss edirdi. Kazım
bəy bunun suilanı olduğunu anladı. Uşaqlıqdan suilanından qorxduğu
üçün daha da çalışıb, bağrı
çatlamağa qədər qorxdu. Boğazından
çıxarmaq istəsə də, taqətsiz olduğundan
ağzın da aça bilmədi. Kazım
bəy ayağın götürmək istəyordusa da,
ayağı qalxmayordu. Palçığa
batana kimi xəzinənin dibinə yatan lökməyə
batmışdı. Həm özü taqətsiz
olduğundan tərpənə bilmiyordu. Cansız bir yerdən
Sitarənin firaqi: "Məndən ötrü nə bəlalara
düşəcəginizi bilsöüz, mənim dalımca gələrmisüz"
kəlmələri, evdə anası ilə olan xəcalət,
kişilərin yanında papaqdan ötəri xəcalət
çəkmək, hamamın qoxusu, qanın çox
axmağından olan biixtiyarlıq, xəzinə qoxusu, suyun
istiliyi, ayağının lökməyə batmağı...
Hərçənd
Kazım bəy oxumuş adam idi və hər
şeyə inanmıyordu. Lakin, müsəlmanların
sözünə görə, əcinnələr adamın
ayağını tutur. O da bu halda inanmalıydı. Bunun
darıxması, suilanının boğazına
sarılması, ələlxüsus nəfəsinin təngiməsi,
xəzinədə qalmaq qorxusu...
Bu qədər hadisə ilə də insan
özünü toxtada bilərmi? Bunları bilə-bilə
Kazım bəy burnunda "Məndən ötrü nə bəlalara
düşəcəginizi bilsöüz, mənim dalımca gələrmisüz"
kəlmələrini arabir söylüyordu. Kazım bəy bihuş suya yıxılmaq istiyordu.
Bu halda həmamda bir səs göyə qalxdı.
Həmamçı dovşan kimi xəzinə pillələrini
qalxub:
- Adə,
bayıra çıx!
Kazım bəy danışa bilməyüb, biixtiyar
baxurdu və özündə bir ümid oyandı ki, imdi bunu
buradan çıxararlar.
- Adə,
bayıra çıx demirəm sənə!
Genə Kazım bəy danışmaq istiyor, bacarmıyor...
- Adə, həyasız oğlu, heyvan oğlu,
it oğlu, bayıra çıx! Cəhənnəmə olsun sənin bir abbasın! Yəhudi
balası, bayıra çıx də!
Kazım
bəy mat və mütəhəyyir baxır. Həmamçı
xəzinənin qapısını vurub, qıfıllayıb
gedir. Kazım bəy çıxmağından naümid
olub suya yıxılırE"
Gənc Cəfər
Rusiya imperiyasının Romanovlar sülaləsinin siyasi hakimiyyətə
gəlişinin 300 illik yubileyini təntənəli bayram etməyə
hazırlaşdığı bir ərəfədə ictimai həyatın
təmizlik rəmzi, paklıq ocağı sayılan hamamda
(oxu: siyasi həyatın haqq-ədalət paytaxtı hesab edilən
"Qış sarayı"nda - A.R.) üfunətin,
çirkabın, durğunluğun, nizamsızlığın,
ədalətsizliyin, özbaşınalığın, biganəliyin,
mənəviyyatsızlığın çamurdan boy göstərən
portretini böyük sənətkar məharəti ilə
yaratmışdır. Təqdim olunan
yığcam lövhədə mühitdəki ləngliyə,
köhnəliyə, çürüklüyə,
bürküyə kəskin münasibət, ciddi mövqe ortaya
qoyulmuşdur. Hamam və onun köhnə
xülya ilə yaşayan sahibi cəmiyyətin səviyyəsinə
və tələblərinə cavab vermək iqtidarında
deyildir. Xalqın idarə olunmasında
zorakılıq, söyüş və hədə vasitələrinə
müəllif ironiyası yaxınlaşmaqda olan siyasi
qasırğanın ilk sindromları idi.
C.Cabbarlının ilk əsərləri vətənini və
millətini sevən istedadlı bir gəncin ədəbiyyata gəlişindən
və bu sahədə ilk kövrək addımlarını
atmasından xəbər verirdi. Onun indiyədək çap olunmayan
lirik şeirlərindən "Gözəllik və sevda",
"Göz aç sən...", "Böyük türk
şairi Tofiq Fikrətə", "Qaçqın çocuq
və yaxud sail" və digər 1917-ci ildə qələmə
alınan əsərləri gənc müəllifin narahat qəlbinin
döyüntüləri, səmimi poeziya nümunələridir.
Asif
RÜSTƏMLİ,
filologiya üzrə
elmlər doktoru, professor
Azərbaycan.-2014.- 3 iyun.- S.10.