Cavabları bəlli və
məlum olmayan suallar
"Bizə saxta təbəssümlər lazım deyil. Bizə səmimi
tərəfdaşlar lazımdır. Biz öz dostluğumuzu dəfələrlə
sübut etmişik və səfir Morninqstar bunu yaxşı
bilir. Azərbaycan
xalqı adekvat münasibət gözləyir". - Bu
sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
rəhbəri, akademik Ramiz Mehdiyev ABŞ-ın Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri
Riçard Morninqstarın
"Azadlıq" radiosunun müxbirinə verdiyi
müsahibəyə münasibət bildirərkən demişdir.
Adıçəkilən
müsahibədə bir sıra mətləblərə toxunularaq
aydınlıq gətirilmiş, Azərbaycandakı mövcud vəziyyət,
dövlət siyasətinin vacib məqamları, müstəqil xarici siyasətin
başlıca prinsipləri, dost ölkələrlə əlaqə
və münasibətlər, dostluq və əməkdaşlıqdan gözləntilərimiz
və digər məsələlər əksini tapmışdır.
Səfir
Morninqstarın fikirləri nə qədər qərəzli, Azərbaycanın daxili
işlərinə
müdaxilə cəhdi,
hadisələrə qeyri-obyektiv yanaşma və öz
maraqları nöqteyi-nəzərində qiymətləndirmə istəyindən
doğursa, akademik Ramiz Mehdiyevin cavablarında bir o qədər
real faktlara arxalanma, baş verənləri qanunların aliliyi və
hüquqi cəhətdən təhlil
və qiymətləndirmə, üstəlik, strateji əməkdaşlığa
əsaslanan dostluq münasibətlərinin də tərəflərin bir-birinə
köməyinin konkret misallar əsasında şərhi və
dəyərləndirilməsi
niyyəti öndə dayanır.
***
Deyirlər
siyasətdə səmimiyyət olmur!
Qətiyyən
razılaşmıram!
Baxır həmin siyasəti kimin müəyyənləşdirib,
necə həyata keçirilməsinə.
Digər
tərəfdən, əgər siyasətdə məkr və
saxtalıq varsa, səmimiyyətin də mövcudluğu vacibdir. Yoxsa fəlsəfənin əksliyin
vəhdəti və mübarizəsi qanunu işləməzdi.
Bütün
hallarda Azərbaycan öz daxili və xarici siyasətində
müstəqil, səmimi və dövləti maraqları əsas
tutandır. Və bunu həmişə
açıq şəkildə bildirib.
Əgər
ona münasibətdə kimsə belə deyilsə, bu daha Azərbaycanın
təqsiri sayılmır!
***
Azərbaycanın xarici siyasətinin əsasını da
Heydər Əliyev siyasi kursu təşkil edir. Bu kursun mahiyyətində Azərbaycanın
müstəqilliyini qoruyub möhkəmləndirmək, ərazi bütövlüyünə nail
olmaq, xalqın arzu və istəklərini gerçəkləşdirərək
maraqlarını təmin etmək
əsas yer tutur. Azərbaycan dövləti heç zaman bu istəklərini
gizlətmir! Qonşuları ilə dost münasibətləri
saxlamağa çalışır, heç bir dövlətin
daxili işlərinə müdaxilə etmir və başqalarının da onun
işinə qarışmasına yol vermir!
Qarşılıqlı maraqları təmin edən ikitərəfli münasibətlərin
inkişafını üstün tutur.
Sözü ilə əməli bir olan, dediklərini yerinə
yetirən Azərbaycan səmimiyyət göstərməklə
bərabər, heç zaman dostları üçün əlindən
gələni əsirgəməyib. ABŞ-da 11 sentyabr terroru baş verəndə
dərhal öz köməyini təklif edərək
Amerikanın yanında
olduğunu göstərib.
Akademik
Ramiz Mehdiyevin AzərTAc-a verdiyi müsahibədə səfir Morninqstarın ölkəmizlə
bağlı baş verən hadisələrə qərəzli
yanaşmasını ifşa edərək cavablandırması çərçivəsindən
kənara çıxmaqla dünyada Azərbaycanın yeri, mövqeyi və yeritdiyi siyasətlə
bağlı çox dəyərli fikirlər də səsləndirilmişdir.
Həmin
fikir və arqumentlər oxucuda və hər bir vətənpərvər
Azərbaycan vətəndaşında
qürur doğurmaqla bərabər, müəyyən suallar da
yaradır. Odur ki, səfirə (və onun kimi düşünənlər
varsa, onlara da) bir sıra suallar ünvanlamaq istərdik. Təbii ki, həmin
suallar hər iki müsahibədə toxunulan mövzular və məsələlərlə
bağlıdır.
***
Akademik
Ramiz MEHDİYEV:
"Bu müsahibənin kontekstindən
çıxış edərək deyə bilərəm ki, səfir
əndazəni aşmışdır. O, özünü Azərbaycanda
qarışıqlıq salmaqla hökmranlıq edən bir
qubernator zənn
etmişdir".
"Biz yalnız bərabərhüquqlu
və qarşılıqlı hörmətə əsaslanan
dialoq aparmaq əzmindəyik
və buna hazırıq, dövlətlərarası münasibətlərin
başqa formaları bizim üçün qəbuledilməzdir".
Sual:
1.
ABŞ-da və Qərbi Avropada icazəsiz mitinq və
küçə yürüşü keçirənlərlə
necə rəftar
olunur? (Hələ Quantanamoda baş verənləri
demirik).
2.
İqtidarı tənqid etmək, yaxud fikrini bildirmək
üçün ancaq mitinq və küçə yürüşləri
keçirilməlidir? Məgər söz deməkdən
ötrü çap, elektron mediası və sosial şəbəkə
azlıq edir?
3.
Doğrudanmı "molotov kokteyli" ilə küçə
yürüşünə çıxmaq istəyənlərin
qarşısı
alınmalı deyil? Şüar səsləndirməklə
zorakılıq və iğtişaş törətmək, vətəndaşların
və dövlətin
əmlakına ziyan yetirmək başqa-başqa şeylər
deyilmi?
Akademik Ramiz MEHDİYEV:
"Azərbaycan
torpaqlarının 20
faizini işğal etmiş Ermənistan təkcə
Azərbaycanın ərazi
bütövlüyü üçün başlıca təhlükə
deyil, həm də regionda barıt çəlləyidir.
ABŞ-da bu barədə narahat olmalıdırlar, nəinki
bizim qonşumuzun kim olması barədə.
Erməni
işğalçıları bizim torpaqları tərk
edib getməyincə regionda hərbi münaqişənin başlanması təhlükəsi
qaçılmazdır".
"Yaxud,
nə üçün ABŞ Ermənistana təsir göstərmir
ki, o Azərbaycanın işğal olunmuş torpaqlarını tərk
etsin? Axı, elə hallar məlumdur ki, ABŞ-ın mənafeyi
bunu tələb
edəndə dərhal praktiki fəaliyyətə
başlayıb".
Sual:
1. Nə
vaxtadək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsindən söz düşən kimi "tərəfləri
öz aralarında razılığa gəlməyə"
çağıracaqlar? Belədə ATƏT-in Minsk qrupu nədən ötrü
yaradılıb?
2.
Haçanadək işğal edənlə işğala məruz
qalan fərqləndirilməyəcək,
işğalçıya heç bir təzyiq göstərilməyəcək?
Məgər hüquqda oğru ilə malı oğurlanan bərabər
tutulur, quldur ilə
zərərçəkən məsələni "öz
aralarında" həll edirlər?
3.
ATƏT-in Minsk qrupu həmsədrlərinin mənasız
görüşləri, nəticəsiz
danışıqları, turist səfərləri nə
zamanadək davam edəcək? Məcburi köçkünlər
daha nə qədər
gözləməlidirlər?
Akademik
Ramiz MEHDİYEV:
"ABŞ Konqresi Dağlıq Qarabağ
separatçılarına hər il maddi yardım göstərir.
Müxtəlif məlumatlara görə, 1988-ci ildən bəri
bu tanınmamış rejimə 83 milyon dollar məbləğində maddi
yardım ayrılmışdır. Faktiki yardımın həcmi
isə 40 milyon dollar
olmuşdur. Bundan əlavə, 1992-ci ildən bu
günə qədər ABŞ Ermənistana 2 milyard dollardan artıq maliyyə
yardımı göstərmişdir".
"Keçən
il ABŞ Konqresinin Alt Komitəsi qondarma "Dağlıq Qarabağ
Respublikası"na maliyyə yardımının
həcmini artıraraq 2 milyon dollardan 5 milyon dollara çatdırmağı təklıf
etmişdi".
Sual:
1. Niyə
ABŞ hər il Dağlıq Qarabağdakı
separatçı rejimə və işğalçı Ermənistana
yüz milyonlarla
dollar yardım ayırır?
2. Niyə
bu qondarma rejimin ABŞ-da nümayəndəliyi var?
3. Niyə
terrorçu rejimin başçılarının ildə bir
neçə dəfə Amerikada marafon keçirməsinə və
milyonlarla dollar pul yığılmasına şərait
yaradılır?
4.
Bütün bunlar ATƏT-in Minsk qrupunun həmsədri kimi
ABŞ-ın imicinə kölgə salmırmı?
Akademik
Ramiz MEHDİYEV:
"Ukrayna
hadisələri ilə əlaqədar ABŞ-ın Cənubi
Qafqazda diplomatik fəallaşması barədə səfirin
sözləri təəccüb doğurmaya bilməz. O, elə
belə də deyir: Ukrayna böhranından sonra
Dağlıq Qarabağ probleminin həlli məsələsində
bizim mövqeyimiz daha əhəmiyyətli
olmuşdur. Beləliklə, o etiraf edir ki, ABŞ Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli üçün
indiyə qədər lazımınca səy göstərməmişdir".
"Qərb
birdən-birə ayılmışdır ki, Ukraynanın ərazi
bütövlüyü məsələsində beynəlxalq prinsipə
riayət edilməlidir. Azərbaycana münasibətdə bu
prinsip, eləcə də "təcavüzkar" ifadəsi
nədənsə bütün beynəlxalq sazişlərdən
və beynəlxalq təşkilatların sənədlərindən
pozulur".
Sual:
1. Azərbaycan Ukrayna hadisələrini təhlil edərək
düzgün nəticə çıxarmalı deyilmi?
2. Rəngli
inqilablar və "ərəb baharları" hansı
dövlətə və xalqa xoşbəxtlik gətirdi? "Beşinci kolonlar"ın köməyi ilə törədilən belə
inqilablara yol vermək olarmı?
3.
Hazırda Azərbaycanın öz problemlərinin həllində
özündən başqa güvənə biləcəyi bir
qurum, "etibarlı dostu" varmı?
Akademik
Ramiz MEHDİYEV:
"Qeydiyyatdan
keçmiş beynəlxalq təşkilatlarla yanaşı,
qeydiyyatdan keçməmiş təşkilatlar da fəaliyyət
göstərir. Təbii ki, onların fəaliyyəti
şübhə doğurur".
"Qeydiyyatdan keçmiş beynəlxalq QHT-lərin
maliyyə hesabatı
praktiki olaraq yoxdur.
Xarici donorlardan alınan qrantların və ianələrin
çox hissəsinin nəyə xərclənməsi əslində məlum deyildir.
Bu məsələdə
şəffaflıq yoxdur".
"Qüvvədə
olan qanunvericiliyə görə, yerli və xarici QHT-lərin gəlirləri
və xərcləri barədə
informasiya dövlət sirri və ya kommersiya sirri ola bilməz.
Onlar hər il
Maliyyə Nazirliyinə
müvafiq hesabat təqdim etməli, nazirlik isə qanunun tələblərinin
yerinə yetirilməsinə
ciddi nəzarət etməlidir. Bütün sivil
ölkələrdə bu cür qayda vardır".
Sual:
1. Nəyə
görə bəzi beynəlxalq QHT-lər öz fəaliyyətlərini
şəffaf qurmurlar və maliyyə yoxlamalarından qorxurlar?
2. Nəyə
görə bəzi beynəlxalq QHT-lər aldıqları
qrantın və əlavə vəsaitlərin məbləğini gizlədir və müvafiq
qaydada vergi ödəməkdən yayınırlar?
3. Niyə
görə bəzi QHT-lər dövlət əleyhinə
yönələn casusluq fəaliyyəti göstərəndə buna göz yumulmalı və
qarşısı alınmamalıdır? Bunun demokratiyaya dəxli
varmı?
Akademik Ramiz
MEHDİYEV:
"Azərbaycanda
korrupsiyaya qarşı mübarizə sistemli xarakter
daşıyır, o cümlədən də səhiyyə və təhsil
sahələrində "ASAN xidmət"in yaradılması
buna sübutdur. Bu,
dövlət orqanlarının fəaliyyətində
şəffaflığın təmin edilməsi və
korrupsiyaya qarşı
mübarizə sahəsində son onilliyin ən əhəmiyyətli
institusional islahatıdır. O, Qərbin özü üçün də
nümunə ola bilər".
"Azərbaycan
ABŞ Prezidenti Barak Obamanın təşəbbüsü ilə
yaradılmış Açıq Hökumət Tərəfdaşlığına
qoşulmuş birinci ölkədir. İqtisadi Əməkdaşlıq
və İnkişaf
Təşkilatı, "Transparency
İnternational" kimi ixtisaslaşdırılmiş beynəlxalq təşkilatların əksəriyyəti Azərbaycanda korrupsiyaya
qarşı mübarizə sahəsində fəaliyyəti yüksək qiymətləndirmişdir".
"Preventiv
tədbirlərə gəldikdə isə, təkcə 2013-cü ildə korrupsiya ilə bağlı 201
iş, 2014-cü ilin ilk beş ayı ərzində isə 66
iş məhkəməyə verilmişdir.
Gördüyümüz kimi, bu məsələdə də səfirin
rəyi qərəzlidir".
Sual:
1. Azərbaycandan
başqa hansı dövlətdə nazirlər hər ay
ardıcıl olaraq vətəndaşların ayağına gedərək
bölgələrdə qəbul keçirirlər?
2. Elektron
müraciətlərin qəbulu məmur-vətəndaş təmasının
qarşısının alınmasına, beləliklə, rüşvətxorluğun və
korrupsiyanın aradan qaldırılmasına kömək
etmirmi?
3.
Hansı ölkədə vətəndaşların bu qədər
razılıqla qarşıladıqları "ASAN xidmət" var? Niyə bəziləri
onun fəaliyyətini görmək istəmirlər?
***
Hazırda
dünyada baş verən ziddiyyətli proseslərlə
bağlı Azərbaycanın bu günü və
sabahı ilə
bağlı məlum olan məsələlər də var,
cavabı qaranlıq qalan suallar da!
Biz haradan
haraya gəldiyimizi unutmamalıyıq!
Müstəqillik
dövründə hansı
uğurlara imza atılıb, anarxiyadan sabitliyə,
totalitarizmdən demokratiyaya, sosializmdən bazar iqtisadiyyatı
münasibətlərinə, dərin iqtisadi böhrandan düşünülmüş,
sürətli və davamlı inkişafa necə
çatdığımızı, müharibənin birinci mərhələsini uduzmuş
ölkədən Cənubi Qafqazın ən güclü
dövlətinə necə
çevrildiyimizi hər bir Azərbaycan vətəndaşı
gözəl bilir. Bu inkişaf bir sıra beynəlxalq qurum, təşkilat
və bankların illik hesabatlarında da əksini tapıb.
Nəhayət,
Azərbaycana, onun paytaxtı Bakıya səfər edən hər
bir əcnəbi gözləri ilə görür!
Məlum
olmayanlar isə ikili standartların
nə zaman aradan
qaldırılacağı, BMT-nin
dörd məlum qətnaməsinin haçan icra
olunacağı, iyirmi il əvvəl yaranmış
ATƏT-in Minsk qrupunun nə vaxt
üzərinə
qoyulmuş vəzifəni icra
edəcəyi, beynəlxalq
hüququn gücdən
üstün tutulacağı vaxtın çatacağı
andır!
Xoşbəxtlikdən
Azərbaycan kimisə, yaxud nəyisə durub gözləmir,
kimdənsə kömək umsa da, hərəkətsiz
dayanıb arxayınlaşmır!
Çalışır
öz taleyini özü həll etsin!
Öz
problemlərini çözməklə özü məşğuldur!
Dövlət
xalqa güvənir!
İqtidar
monolit komanda kimi fəaliyyət göstərir!
Məqsəd
birdir: müstəqilliyi daim möhkəmləndirmək,
iqtisadiyyatı inkişaf etdirmək, xalqın rifahını
durmadan yüksəltmək!
Yol birdir:
Heydər Əliyev siyasi kursu!
Xalqın
inam və etibar ünvanı da vahiddir: Prezident İLHAM ƏLİYEV!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2014.- 3 iyun.- S.8.