Çeçenistan Respublikasında «İslam sülhquruculuq dinidir» mövzusunda VI eynəlxalq Sülhməramlı Forum keçirilmişdir

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Çeçenistan Respublikasında "İslam sülhquruculuq dinidir" mövzusunda keçirilmiş VI Beynəlxalq Sülhməramlı Forumda iştirak etmişdir.

Nümayəndə heyətinin tərkibində QMİ sədrinin birinci müavini Salman Musayev, Bakının və Azərbaycanın arxiyepiskopu Aleksandr İşşein və başqaları olmuşlar.

Mayın 30-da Forum iştirakçıları Tsentaroy kəndində Çeçenistan Respublikasının ilk Prezidenti, Rusiya qəhrəmanı Hacı Əhməd Kadırovun məzarını ziyarət etmişlər. Sonra onlar Qudermesdə şeyx Zeyda bin Sultan Əl-Nahayyan adına Hafizilər mədrəsəsində olmuşlar. Mədrəsənin ən gənc şagirdi müqəddəs Qurandan ayələr oxumuşdur. Sülhməramlı forumun iştirakçıları Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırovla birlikdə Arqun şəhərində Ayman Kadırova adına məsciddə cümə namazı qılmışlar.

Həmin gün paytaxt Qroznıda "İslam sülhquruculuq dinidir" mövzusunda VI Beynəlxalq Sülhməramlı Forum işə başlamışdır.

Forumu Ramzan Kadırovun oğlu - Çeçenistan Respublikasının ən gənc Quran bilicisi, müqəddəs kitabı əzbər bilən Adam Kadırov açmışdır.

Ramzan Kadırov tədbirdə çıxış edərək müsəlmanların müasir problemlərinə belə diqqət göstərdiklərinə görə bütün iştirakçılara minnətdarlığını bildirmişdir. O qeyd etmişdir ki, Rusiya əvvəlki kimi yenə də İslam dünyasının etibarlı dostu və tərəfdaşı olaraq qalır. Çeçenistan Prezidenti demişdir: "Bu forum bütün dünyaya göstərir ki, İslam xeyirxahlıq və quruculuq dinidir, ekstremizmterror anlayışları onun üçün qeyri-məqbul anlayışlardır. Forumun Rusiya ərazisində keçirilməsi çox rəmzi xarakter daşıyır. Prezident Vladimir Putin dəfələrlə demişdir ki, Rusiya Federasiyası həmişə İslamın ən ardıcıl, sadiq və möhkəm müdafiəçisi olmuşdur. Forumun Çeçenistanın ilk Prezidenti, Rusiya qəhrəmanı Əhməd Kadırovun xatirəsinə həsr olunması xüsusi əhəmiyyət kəsb edir. Hacı Əhməd İslamın mahiyyətini təhrif edənlərə qarşı barışmaz mübarizə elan etmişdir. Hazırda dünyanın bir çox ilahiyyatçıları onun yürütdüyü xəttin düzgün olduğunu təsdiq edirlər".

Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin çıxış edərək bildirmişdir ki, məhz İslam dəyərləri Çeçenistan Respublikası xalqının birləşməsi və regionun tərəqqisi üçün  bünövrə olmuşdur. R.Qaynutdin   qeyd etmişdir ki, İslamda mötədillik prinsiplərinin Rusiya ictimaiyyəti arasında geniş yayılması və maariflənmə forumda iştirak etmiş Küveyt vəqflər və islam işləri nazirinin birinci müavini Şeyx Adil əl-Fələhin adı ilə bağlıdır. R.Qaynutdin demişdir: "İslamın məhz orta yol seçməsi müxtəlif tələbatı və xüsusiyyətləri olan fərqli insanlar arasında harmoniyayadinc yanaşı yaşamağa kömək edir. Şübhəsiz, belə yanaşma dünyanın hər yerində sülhə və qarşılıqlı anlaşmaya nail olmağın yoludur".

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə forumun iştirakçılarına qardaş Azərbaycan xalqının və Prezident İlham Əliyevin səmimi salamlarını və xoş arzularını çatdırmışdır.

Şeyxülislam vurğulamışdır ki, Qafqazda sülh və əmin-amanlıq hər birimiz üçün həyati əhəmiyyətli məsələdir. Bu işdə region dövlətləri rəhbərlərinin tarazlaşdırılmış, xalqların mənafelərinə və istəklərinə cavab verən siyasi addımlar atması son dərəcə önəmlidir. Allahşükür Paşazadə demişdir ki, regionun inkişafına mane olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, beynəlxalq hüquq normaları əsasında həll edilməsi çox vacibdir.

Dövlət-din münasibətlərinin nizama salınması məsələsində dövlət rəhbərlərinin roluna toxunan şeyxülislam A.Paşazadə demişdir: "Şübhəsiz ki, cəmiyyətlərimizin mənəvi-əxlaqi sabitliyinin təmin edilməsi işində mühüm məqamlardan biri dövlət başçıları tərəfindən dövlət-din münasibətlərinin bacarıqla nizama salınması, dindarların ehtiyaclarına və istəklərinə onların diqqətlə yanaşması və qayğı göstərməsidir. Ulu Tanrıya şükürlər olsun ki, həm Rusiyada, həm də Azərbaycanda biz hamımız məhz belə münasibətin şahidiyik.

Rusiya dövləti rəhbərliyinin Rusiyanın ümumi rifahı və gələcəyi naminə müxtəlif millətlərin və dinlərin nümayəndələrinin sıx birləşməsinə xüsusi diqqət yetirməsi  bizə çox xoşdur. Təqdirəlayiqdir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ekstremizmə, radikalizmə qarşı mübarizədə Qafqaz müsəlmanlarının ruhani liderlərinin səylərini, İslam xadimlərinin mərdliyini həmişə xüsusi qeyd edir və yüksək qiymətləndirir".

Əhməd Kadırovun mənəvi müəllimi Şeyx Məhəmməd Sadıq  Yusuf bildirmişdir ki, Çeçenistanın indiki rəhbəri öz atasının yolunu layiqincə davam etdirir.

Forumun mövzusunun çox əhəmiyyətli olduğunu söyləyən Küveytin vəqflər və dini işlər nazirinin birinci müavini Adil əl-Fələh qeyd etmişdir ki, bu gün Rusiya müsəlmanlarının maariflənməsi üçün böyük səy göstərilir.

Rusiya Prezidentinin Daxili Siyasət İdarəsinin dini təşkilatlarla qarşılıqlı fəaliyyət departamentinin rəhbəri Yevgeni Yeryomin, İordaniyanın dini işlər naziri Xail Əbdüləziz Davud forumun təşkilatçılarına minnətdarlıqlarını bildirərək bu mövzunun çox aktual olduğunu qeyd etmişlər.

Mahaçqala və Qroznı arxiyepiskopu Varlaam bildirmişdir ki, regionun rəhbərliyi Çeçenistan torpağında bütün konfessiyaların nümayəndələrinin dinc yaşamaları üçün maksimum səy göstərmişdir.

İslam Mədəniyyəti, Elm və Təhsilinə Yardım Fondunun direktorunun müavini Əli Polosin demişdir: "Çeçenistan Respublikası İslamın norma və ənənələrindən uzaqlaşmadan, dünyəvi dövlətin qanunları ilə qarşıdurmaya girmədən inkişaf etməyin necə mümkün olduğuna misaldır. On beş il bundan əvvəl  çeçen xalqının mənəvi lideri əsl qəhrəmanlıq etdi - o, öz xalqına, əslində bütün Rusiya müsəlmanlarına İslamın sosial inkişafının yolunu göstərdi. Bu yol İslam normalarının və ənənələrinin dünyəvi dövlətin qanunları ilə qarşıdurmaya girməməsi yoludur. Əlbəttə, onlar müxtəlif olsalar da, bir-birinin səlahiyyətlərinə müdaxilə etmədən dinc yanaşı yaşaya bilərlər və yaşamalıdırlar. Belə harmonik qarşılıqlı münasibət yaratmaq çox  vacibdir. Biz bir çox ölkələrin timsalında bu harmoniyanın olmamasının onların həyatına necə ağır təsir göstərdiyini və qanlı sarsıntılara gətirib çıxardığını görürük".  O xatırlatmışdır ki, 2012-ci ilin mayında Qroznıda keçirilmiş beynəlxalq ilahiyyat konfransında Moskvada cihad, təkfir və xəlifət məsələləri ilə bağlı qəbul olunmuş bəyannamə təsdiq edilmişdir.

Çeçenistan müftisi Sultan Mirzəyev çıxışında ümidvar olduğunu bildirmişdir ki, bu gün İslamı terrorizmlə bağlayan insanlar bu dini dərk etməyən biliksiz insanlardır.

Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Şurasının sədri, müfti İsmayıl Berdiyev İslam haqqında yanlış anlayışın qarşısının alınması ilə bağlı regionda görülən işlərdən danışmışdır.

Misirin "Əl-Əzhar" İslam Universitetinin rektorunun müavini Məhəmməd Mahmud Haşim, Küveytin İslam Hüquqlarının Həyata Keçirilməsi üzrə Ali Komitəsinin sədri Xalid əl-Məzkur və başqaları forumda məruzələrlə çıxış etmişlər.

İslam dini üzrə 30-a yaxın alimin iştirak etdiyi VI Beynəlxalq Sülhməramlı Forum yekun qətnamənin qəbul edilməsi ilə başa çatmışdır. Qətnamə dünyəvi dövlətlərdə yaşayan müsəlmanların hüquq və imkanlarını əyani şəkildə izah edir. Sənəddə qeyd olunur ki, müsəlmanlar qabiliyyətləri və imkanları həddində dini vəzifələr daşıyırlar. Alimlər yekdilliklə bildirmişlər ki, bu, Quranda və sünnətdə olan bir çox dəlillərə əsaslanır.

İlahiyyatçılar, həmçinin belə bir fikirdə olduqlarını bildirmişlər ki, MDB-nin müsəlman ölkələri məşğələlər və praktik tədqiqatlar yolu ilə dünyəvi dövlətdə müsəlmanların hüquqlarını daha dərindən araşdırmalıdırlar.

Forumun iştirakçıları qeyd etmişlər ki, Çeçenistan Respublikasının ilk Prezidenti Hacı Əhməd Kadırovun yolu    müharibəyə son qoyulmasında, öz ölkəsinin dağılmaqdan qorunmasında onun tutduğu qəti mövqe "hüquqimkanlar" anlayışının düzgün qavranılması və tətbiq edilməsi formalarından biridir.

 

AzərTAc

Azərbaycan.-2014.- 3 iyun.- S.9.