Uşaqları Beynəlxalq Müdafiə
Günündə Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü ilə
Moskvadakı 157 nömrəli məktəbin şagirdləri Müasir Rusiya Tarixi Muzeyində keçirilmiş
tədbirdə iştirak etmişlər
Uşaqları
Beynəlxalq Müdafiə Günündə Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə Moskvadakı general Kərim Kərimov adına 157
nömrəli Azərbaycan etnomədəni komponentli məktəbin
şagirdləri Moskvadakı Müasir Rusiya Tarixi Dövlət
Mərkəzi Muzeyinin binasında keçirilmiş bayram tədbirində
iştirak etmişlər.
Heydər
Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi, Müasir
Rusiya Tarixi Dövlət Mərkəzi Muzeyi və Rusiya Mədəniyyət
Fondunun “Açıq tarix dərsi” Beynəlxalq Proqramlar
Müdiriyyəti tərəfindən təşkil edilmiş
bayram tədbirində Xilaskar İsa Məbədi Bazar
günü məktəbinin yetirmələri və Y.Nikulin
adına internat məktəbinin şagirdləri də
iştirak etmişlər.
Muzeyin
giriş qapısında uşaqları “Domisolka” Uşaq
Teatrının gənc artistləri və şən klounlar –
Rumyantsev (Karandaş) adına sirk məktəbinin şagirdləri
qarşılamışlar.
Beynəlxalq
Proqramlar Müdiriyyətinin direktoru, Rusiya Federasiyasının
Əməkdar İncəsənət Xadimi Tatyana Şumova və
Müasir Rusiya Tarixi Muzeyinin ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri Nikita Anikin tədbir
iştirakçılarını bu gözəl bayram –
Uşaqları Beynəlxalq Müdafiə Günü
münasibətilə təbrik etmişlər. Onlar qeyd
etmişlər ki, bu gün həm də Müasir Rusiya Tarixi
Dövlət Mərkəzi Muzeyinin və “Açıq tarix dərsi”
Beynəlxalq Proqramlar Müdiriyyətinin innovasiyalı təhsil
proqramına start verilmişdir. Proqramın əsas məqsədi
muzey ekspozisiyası bazasında uşaqları müasir tarixin
mühüm hadisələri və əlamətdar günləri
ilə tanış etməkdir. T.Şumova demişdir: “Builki
bayram bir qədər qeyri-adidir. Bu gün siz həm də yeni,
çox maraqlı bir proqramın - “Açıq tarix dərsi”
proqramının ilk iştirakçıları
olacaqsınız. Siz öz rəsmlərinizi və inşa
yazılarınızı layihənin təşkilatçılarına
göndərə bilərsiniz. Qalibləri prizlər və
maraqlı səfərlər gözləyir”. T.Şumova Beynəlxalq
Proqramlar Müdiriyyətinin uşaq layihələrinin dəstəklənməsinə
görə Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinə
və nümayəndəliyin rəhbəri Leyla Əliyevaya təşəkkürünü
bildirmişdir.
Uşaqlar
muzeyin zallarına tamaşa edəndən sonra muzeyin İngiltərə
klubunun kamera zalına dəvət edilmişlər. Burada
Akademik Musiqi Kollecinin uşaq musiqi məktəbinin şagirdləri
rus və xarici ölkə bəstəkarlarının əsərlərini
ifa etmişlər.
Bayram
şənliyinin iştirakçılarına tədbirin təşkilatçıları
adından hədiyyələr təqdim edilmişdir. Sonda Azərbaycan
şirniyyatı və çay süfrəsi
açılmışdır.
Fəridə Abdullayeva
AzərTAc-ın xüsusi
müxbiri
Moskva
Azərbaycan.-2014.- 3 iyun.- S.9.