AzərTAc-ın təşkilatçılığı ilə Dünya Xəbər Agentlikləri

Konqresi Şurasının Bakı iclası öz işinə başlamışdır

 

İyunun 2-də Bakıda, “Four Seasons” otelində AzərTAc-ın təşkilatçılığı ilə Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclası öz işinə başlamışdır.

İclas 2016-cı ildə AzərTAc-ın ev sahibliyi ilə keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq məqsədilə təşkil edilmişdir. Tədbirdə qlobal məkanda informasiya siyasətini müəyyənləşdirən xəbər agentlikləri alyanslarının, aparıcı informasiya qurumlarının rəhbərləri və nümayəndələri - Dünya Xəbər Agentlikləri Konqresinin sədri və Səudiyyə Ərəbistanı Krallığının Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn, AsiyaSakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti, Rusiyanın İTAR-TASS Agentliyinin baş direktoru Sergey Mixaylov, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti, Avstriya Xəbər Agentliyinin baş icraçı direktoru Piter Kropş, Dünya Xəbər Agentlikləri Konqresinin baş katibi Uffe Riis Sorensen, Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) baş katibi Fərid Əyyar, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibi Erik Naylen, Böyük Britaniyanın Press Association Agentliyinin baş icraçı direktoru Klayv Marşal, Türkiyənin Anadolu Agentliyinin baş direktoru Kamal Öztürk, Latın Amerikası Ölkələri İnformasiya Agentlikləri Birliyinin (ULAN) sədri, Argentinanın TELAM Agentliyinin institusional əlaqələrin inkişafı üzrə meneceri Jan Manuel Fonruj, Koreya Respublikasının Yonhap Agentliyinin biznes və beynəlxalq məsələlər üzrə müdiri Oh Jae-seok və başqaları iştirak edirlər.

Dünya Xəbər Agentlikləri Konqresinin baş katibi Uffe Riis Sorensen demişdir ki, Konqresin təməli İTAR-TASS tərəfindən qoyulmudur. O qeyd etmişdir ki, dünyanın nüfuzlu agentlikləri rəhbərlərinin ilk görüşü 2004-cü ildə Moskvada, sonra İspaniya, Argentina və Səudiyyə Ərəbistanında keçirilmişdir.

Uffe Riis Sorensen Dünya Xəbər Agentliklərinin IV Konqresinin yüksək səviyyədə keçirilməsinə görə Səudiyyə Ərəbistanına təşəkkür etmişdir. O, eyni zamanda, AzərTAc-ın növbəti Konqresə ev sahibliyi edəcəyinə görə şad olduğunu vurğulamışdır. Konqresin baş katibi Azərbaycanda da bu tədbirin yüksək səviyyədə keçiriləcəyinə əminliyini qeyd etmişdir.

AzərTAc-ın baş direktoru Aslan Aslanov tədbirin əhəmiyyətindən danışmış, Şuranın nizamnaməsinə əsasən Dünya Xəbər Agentliklərinin konqresləri arasındakı müddətdə onun ən azı iki iclasının keçirildiyini bildirmişdir. Qeyd edilmişdir ki, 2016-cı ildə Dünya Xəbər Agentliklərinin V Konqresi Bakıda olacaq və həmin tədbirdə bu nüfuzlu quruma sədrlik AzərTAc-a keçəcəkdir.

Baş direktor iclasın gündəliyində növbəti Konqresin keçiriləcəyi vaxtın, iştirakçıların tərkibinin, tematik çərçivələrin, məruzəçilərin və panel iclaslarının mövzularının müəyyənləşdirilməsi məsələlərinin yer aldığını bildirmişbu istiqamətdə müzakirələrin aparılacağını vurğulamışdır.

İclas işini davam etdirir.

 

Azərbaycan.-2014.- 3 iyun.- S.11.