Azərbaycan Gənclərinin VII Forumu başa çatmışdır

 

İyunun 3-də Heydər Əliyev Sarayında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Gənclərinin VII Forumunun yekun iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, iclasda ötən forumdan keçən 3 il ərzində dövlət gənclər siyasətinin prioritet sahələrində qazanılmış uğurlardan danışılmış, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramından irəli gələn vəzifələr, Azərbaycan gəncliyinin aktual problemləri müzakirə olunmuş, təkliflər səsləndirilmişdir.

Yekun iclasında forumun qətnaməsi qəbul edilmişdir. Sənəddə vurğulanır ki, Azərbaycan dövləti gənclərin təhsil və sağlamlığı, inkişafı və yaradıcılığı, cəmiyyətdə və ictimai həyatda iştirakı üçün geniş imkanlar yaratmışdır. Son illərdə dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər və uğurlu  nəticələr əldə olunmuşdur. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı aparılmış, yeni formalardan istifadə edilmişdir.

Qətnamədə qeyd olunur ki, forum Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətini yeni mərhələdə gənclərin gələcək inkişafını əsaslandıran fəaliyyət kimi qiymətləndirir və dəstəkləyir. Bu sırada dövlət başçısının gənclərlə keçirdiyi görüşlər bütün cəmiyyətdə rəğbətlə qarşılanmışdır.

İclasda həmçinin forum iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti də qəbul edilmişdir.

Bununla da, iyunun 2-dən başlayan Azərbaycan Gənclərinin VII Forumu işini başa çatdırmışdır.

 

Azərbaycan.-2014.- 4 iyun.- S.5.