Norveç Krallığının Baş naziri Erna Solberqdən

 

Hörmətli cənab Prezident,

Sizi təbrik edirəm. Azərbaycan xalqı və hökumətinə Bakıda 21-ci Beynəlxalq Xəzər NeftQaz Sərgisi və Konfransının təşkil edilməsinə görə minnətdarlığımı ifadə edirəm.

Xəzər regionunun dünya enerji bazarları üçün vacibliyi getdikcə artmaqdadır və Azərbaycan bu sahədə uzun illərdir ki, liderlik edir və həm istehsalçı, həm də ixracatçı ölkə kimi özünün etibarlı tərəfdaş olduğunu sübut edib.

Avropa və digər ölkələr üçün uzunmüddətli, etibarlı və sabit enerji təchizatçısı rolunu oynamaqda Norveçin və Azərbaycanın məqsədləri üst-üstə düşür.

20 il bundan əvvəl, 1994-cü ilin payızında Bakıda “Əsrin Müqaviləsi” imzalanmışdır. Bu, vacib və cəsarətli qərar olmuşdur. 2013-cü ilin dekabrında isə Avropaya istiqamətlənən “Cənub” qaz dəhlizinin həyata keçirilməsinə imkan verəcək “Şahdəniz-2” Yekun İnvestisiya Qərarı qəbul edilmişdir.

Statoil 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərir və yuxarıda sadalanan bütün mühüm qərarların qəbul olunmasında iştirak etmişdir. Məmnunam ki, Norveçin bir neçə şirkəti Azərbaycanın neftqaz sənayesinin inkişafında fəal iştirak etmişdir.

Mən, həmçinin müxtəlif ölkələrin və şirkətlərin birgə çalışdığı Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü çərçivəsində də Azərbaycan ilə əməkdaşlıqdan məmnunam.

Korporativ sosial məsuliyyətin əhəmiyyəti getdikcə artmaqdadır. Hökumətlər, özəl şirkətlər və vətəndaş cəmiyyətləri davamlı inkişafın və rifahın təmin edilməsində mühüm rola malikdir.

İki gündən sonra biz Azərbaycan və Norveç arasında diplomatik münasibətlərin yaranmasının 22 illiyini qeyd edəcəyik. Sizinlə əməkdaşlığımızın yeni onilliklərini gözləyirik.

 

Hörmətlə,

Erna Solberq

Norveç Krallığının Baş naziri

Azərbaycan.-2014.- 4 iyun.- S.1.