Bakıda XXI Beynəlxalq Xəzər neft və
qaz konfransı öz işinə başlamışdır
Bakı, 4 iyun (AzərTAc, Nihat Budaqov). İyunun 4-də
“JW Marriott Absheron Baku” otelində XXI Beynəlxalq Xəzər
neft və qaz (“Caspian Oil & Gas”) konfransı öz işinə
başlamışdır.
AzərTAc
xəbər verir ki, Xəzəryanı regionun energetika
sektorunun ən böyük tədbiri olan “Caspian Oil and Gas” sərgisi
çərçivəsində keçirilən konfransı
Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev və
“İTE Group Plc” şirkətinin baş müşaviri Endryu
Vud açmışlar.
“Avrasiyanın enerji təminatı təhlükəsizliyində
Azərbaycanın rolu” adlı plenar sessiyada məruzə ilə
çıxış edən energetika naziri N.Əliyev ölkəmizin
neft-qaz siyasətindən danışmış,
reallaşdırılan beynəlxalq layihələr barədə
məlumat vermişdir.
N.Əliyev
bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi
ilə 1994-cü il sentyabrın 20-də Bakıda beynəlxalq
neft şirkətləri konsorsiumu ilə imzalanmış “Azəri”,
“Çıraq”, “Günəşli” yataqlarının kəşfiyyatı
və işlənilməsi üzrə “Əsrin müqaviləsi”nin
20 illik yubileyi bu il təntənəli qeyd ediləcəkdir.
Builki konfransın da “Əsrin müqaviləsi”nin
20 illik yubileyinə həsr olunması olduqca əlamətdar
hadisədir. Bununla bağlı konfransda xüsusi iclas
keçiriləcək və bu iclasda iştirakçılar
“Əsrin müqaviləsi”nin tarixi, həyata
keçirilməsi və uğurları ilə tanış ola
biləcəklər.
Azərbaycanın təşəbbüsü ilə
reallaşan beynəlxalq layihələrdən danışan
energetika naziri Trans-Anadolu qaz boru kəmərinin (TANAP) əhəmiyyətini
vurğulayaraq, ölkəmizin regionun enerji mənzərəsini
dəyişəcək irimiqyaslı layihələri həyata
keçirmək iqtidarında olduğunu demişdir. Bildirmişdir
ki, Azərbaycan artıq özünün enerji təhlükəsizliyini
təmin etmişdir. Reallaşdırılmaqda
olan TANAP, TAP, “Şahdəniz-2” layihələri Avropanın
enerji təhlükəsizliyinin təmin olunmasında
mühüm rol oynayır.
Vurğulanmışdır ki, ulu öndər Heydər
Əliyev tərəfindən təməli qoyulmuş neft
strategiyası bu gün də uğurla davam etdirilir. Azərbaycanda
həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində
ölkədə makroiqtisadi sabitlik, davamlı və
dayanıqlı iqtisadi inkişaf təmin olunmuş, əlverişli
biznes və investisiya mühiti yaradılmışdır.
Sessiyada Litvanın energetika naziri Yaroslav Neveroviç
çıxış edərək, Azərbaycanın neft-qaz
ehtiyatlarının Avropanın enerji təhlükəsizliyindəki
əhəmiyyətindən danışmışdır.
Y.Neveroviç demişdir ki, Azərbaycan etibarlı tərəfdaşdır. Əminəm
ki, Azərbaycan ilə əməkdaşlığımız
enerji resurslarının, o cümlədən təbii qazın
nəqlində Avropa İttifaqındakı məqsədlərimizə
çatmaqda çox əhəmiyyətli olacaqdır.
Nazir Litva ilə Azərbaycan arasında uğurlu iqtisadi
münasibətlərin mövcudluğunu vurğulayaraq,
iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə
də energetika sahəsində əməkdaşlıq
üçün böyük imkanların olduğunu
bildirmişdir.
“Azərbaycanın beynəlxalq enerji bazarında
oynadığı rol bu gün xüsusilə önəmlidir”,
- deyən Böyük Britaniya parlamentinin üzvü, bu
ölkənin Baş nazirinin Azərbaycan, Qazaxıstan və
Türkmənistanda ticarət məsələləri üzrə
elçisi Çarlz Hendri ölkəmizin Avropanın enerji təchizatındakı
əhəmiyyətindən danışmışdır. O bildirmişdir ki,
etibarlı tərəfdaş olan Azərbaycanın son illər
enerji mənbəyi kimi dünyadakı strateji rolu getdikcə
artmaqdadır.
Qeyd edilmişdir ki, “Cənub” qaz dəhlizi Avropanın
“mavi yanacaq” bazarının şaxələndirilməsində
və enerji təhlükəsizliyinin artırılmasında əhəmiyyətli
rola malikdir. Bu, yeni nəslin əsas layihələrindən
biridir və böyük həcmdə sərmayələr
yatırılır. Ötən il
layihə üzrə əhəmiyyətli işlər
görülmüşdür. Keçən ilin iyununda
“Şahdəniz” Konsorsiumu Azərbaycan qazını Avropaya
çatdırmaq üçün Trans-Adriatik boru kəməri
(TAP) layihəsini seçmiş, dekabr ayında isə
Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının
imzalanması mərasimi keçirilmişdir.
Ç.Hendri demişdir ki, Azərbaycan Böyük
Britaniya üçün yalnız enerji sahəsində deyil,
digər sahələrdə də önəmli tərəfdaşdır. Biz sənaye
sektorlarının şaxələndirilməsində də
birgə çalışırıq. Bu
gün Azərbaycanda 300-dən artıq Britaniya şirkəti
təmsil olunur.
Konfransda ABŞ Dövlət Departamentinin Enerji
Resursları Bürosunun baş müşaviri Daniel Stayn
çıxış edərək bildirmişdir ki, Birləşmiş
Ştatlar Avropanın enerji təhlükəsizliyinin
etibarlı təminatında maraqlıdır. Azərbaycanın
da bu sahədə rolu gündən-günə artmaqdadır.
Ümumiyyətlə, Azərbaycanın önəmli
aktoru olduğu dünya enerji siyasətində şaxələndirməyə
və səmərəliliyə xüsusi önəm verilir.
Vurğulanmışdır ki, Azərbaycanın enerji
bazarına daxil olması ilə bu sektorda canlanma
yaranmışdır. “Şahdəniz-2” layihəsinin
inkişafı və “Abşeron” yatağının işlənilməsi
ilə əlaqədar yaranan uğurlu perspektivlər hamıya
bəllidir. ABŞ etibarlı enerji təchizatçısı
kimi neft-qaz infrastrukturunu şaxələndirən Azərbaycanın
enerji siyasətini dəstəkləyir. Azərbaycan
artıq qlobal enerji təchizatında önəmli rola malik
olduğunu təsdiq etmişdir.
“Cənub” qaz dəhlizinin ABŞ-ın xarici siyasətində
mühüm yer tutduğunu deyən amerikalı diplomat qeyd
etmişdir ki, bizim əsas məqsədimiz enerji infrastrukturunun
şaxələndirilməsi və tərəfdaş ölkələrimizin
enerji təhlükəsizliyinin təmin olunmasıdır. ABŞ qətiyyətlə
“Cənub” qaz dəhlizinin reallaşmasını
alqışlayır. Azərbaycan
ABŞ-ın etibarlı tərəfdaşıdır və
bizim hələ birgə həyata keçirəcəyimiz bir
çox layihələr vardır.
Bildirilmişdir ki, Azərbaycanda, Xəzər dənizi
hövzəsi ölkələrində verilən qərarlar
dünyanın müxtəlif yerlərindəki proseslərə
təsir edir.
Təchizatda, istehlakda olan dəyişikliklər
də bu regionla bağlıdır. ABŞ
Avropa İttifaqının enerji təhlükəsizliyindəki
maraqlarını bir daha ifadə edir və biz, ənənəvi
tərəfdaşlarımızdan olan Azərbaycan ilə
bazarın səmərəliliyi istiqamətində birgə fəaliyyət
göstərməkdə maraqlıyıq.
Türkiyənin
enerji və təbii ehtiyatlar nazirinin müavini Metin Kilci
bildirmişdir ki, Azərbaycan ilə Türkiyə əməkdaşlıq
əlaqələrini həm Bakı-Tbilisi-Ceyhan (BTC) əsas
ixrac boru kəməri, həm də Bakı-Tbilisi-Ərzurum
qaz kəməri vasitəsilə davam etdirirlər. BTC ilə 2 milyard barrel neft 2 min 500 tanker vasitəsilə
beynəlxalq bazarlara çıxarılmışdır.
Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə
isə Türkiyə “Şahdəniz” layihəsinin birinci mərhələsi
ilə nəql olunan qazın ən böyük
istehlakçısı olmuşdur.
Qeyd
edilmişdir ki, Azərbaycan ilə Türkiyə bu əməkdaşlığı
hazırda “Şahdəniz-2” və TANAP kimi layihələr
vasitəsilə də davam etdirirlər. Vurğulanmışdır
ki, TANAP layihəsi üzrə tikinti işlərinə 2015-ci
ildə başlanılacaq və Türkiyəyə ilk
qazın nəqli 2018-ci ilə nəzərdə tutulur. 2019-cu ildən etibarən isə təbii qaz Avropa
bazarlarına çıxarılacaqdır.
Bildirilmişdir ki, TANAP layihəsi üzrə mayın
30-da bir neçə saziş imzalanmışdır. Bu sazişlərə “TPAO”
(“Türkiyə Petrolleri Anonim Ortaklığı”) şirkəti
ilə “Total” şirkəti arasında alğı-satqı,
“Botaş” şirkəti və ARDNŞ arasında TANAP-ın
hissələrinin alğı-satqısı, “Botaş” və
TANAP arasında qaz daşınması müqavilələri və
Türkiyə ilə Azərbaycan arasında TANAP ilə
bağlı razılaşma protokolu daxildir. Bu
sazişlərin imzalanmasından sonra “TPAO” bp-dən sonra
“Şahdəniz” yatağında ikinci ən böyük səhmdar
olmuşdur. “Botaş” isə TANAP layihəsində
ARDNŞ-dən sonra ikinci səhmdar olacaqdır.
Vurğulanmışdır ki, Türkiyə ilə Azərbaycan
arasında münasibətlər təkcə boru kəmərləri
ilə məhdudlaşmır. Yeni İpək Yolunun
yaradılması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və
“Star” neft emalı zavodunun tikintisi bu əməkdaşlığın
bariz nümunələridir.
Sonra konfrans çərçivəsində “Əsrin
müqaviləsi”nin həyata keçirilməsində beynəlxalq
tərəfdaşlıq” mövzusuna həsr olunan ikinci plenar
sessiya keçirilmişdir.
Sessiyada məruzə ilə çıxış edən
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev qeyd etmişdir ki, bu
gün Azərbaycan sosial-iqtisadi inkişaf tempinə görə
dünyada öncül yerlərdədir. Ölkə həyatının
bütün sahələrində misilsiz yüksəliş
göz qabağındadır. Bu nailiyyətlərin təməli
isə 1994-cü il sentyabrın 20-də
qoyulmuşdur. İyirmi il əvvəl xalqımızın
ümummilli lideri Heydər Əliyev daxili və xarici
müqavimətlərə baxmayaraq, 11 transmilli neft şirkəti
ilə “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”,
“Çıraq” yataqlarının və “Günəşli”
yatağının dərinsulu hissəsinin birgə işlənilməsi
və hasilatın pay bölgüsü haqqında” Sazişin
imzalanmasına nail olmuşdur. Beləliklə,
dünya bazarına yeni mənbədən yüksək keyfiyyətli
əlavə neftin çıxarılması ilə Xəzər
dənizində beynəlxalq əməkdaşlığın
bünövrəsi qoyulmuşdur.
R.Abdullayev
qeyd etmişdir ki, sonrakı illərdə xarici tərəfdaşlarla
birgə fəaliyyət dövründə şaxələndirilmiş
neft-qaz kəmərləri sistemi yaradılmış, enerji
sektoruna 50 milyard dollardan artıq sərmayə
yatırılmış, yeni yataqlar, o cümlədən nəhəng
“Şahdəniz” qaz-kondensat yatağı, “Əşrəfi”,
“Qarabağ” yataqları, son illərdə “Abşeron”
yatağı, habelə ARDNŞ-in daxili qüvvələri
hesabına “Ümid” yatağı aşkar edilmişdir. Azərbaycan uzunmüddətli perspektiv
üçün öz enerji təhlükəsizliyini tam təmin
etmiş, region ölkələrindən Gürcüstan və
Türkiyənin enerji təhlükəsizliyində etibarlı
təchizatçı kimi mühüm rol almışdır.
Yeni neft strategiyası çərçivəsində
görülən işlər, qazanılan nailiyyətlər
ölkə iqtisadiyyatının etibarlı təməlini daha
da möhkəmləndirmiş, Azərbaycanın davamlı və
dayanıqlı iqtisadi inkişafının lokomotivinə
çevrilmişdir. Qeyri-neft sektoru güclənmiş,
ümumi daxili məhsulda onun xüsusi çəkisi
artmışdır.
Diqqətə
çatdırılmışdır ki, şirkətin
başlıca prioritetləri dənizdə və qurudakı
yataqlarda, xüsusilə “Azəri-Çıraq-Günəşli”
yataqlar blokunda hasilatın stabilliyinin mümkün qədər
uzun müddət saxlanılması və
artırılması, “Şahdəniz-2” layihəsi üzrə
hasilata başlanılması və qazın nəqli
üçün qarşıda duran vəzifələrin
operativ və yüksək keyfiyyətlə həyata
keçirilməsi, istismarda olan digər qaz yataqlarının
potensialından səmərəli istifadə etməklə,
yeni kəşf olunmuş yataqlarda və perspektiv strukturlarda
axtarış-kəşfiyyat işlərinin intensivləşdirilməsidir.
Həmçinin neft emalı və neft-kimya sənayesi müəssisələrinin
tələbata uyğun modernləşdirilməsi və yeni
Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi istismara buraxılanadək
ölkənin tələbatının ödənilməsi,
müasir neft-qaz emalı və kimya istehsalatı zəncirinin
yaradılması, xaricdəki investisiya layihələrinin davam
etdirilməsi və ölkə xaricində perspektivli hasilat və
kəşfiyyat əməliyyatlarında fəal iştirak etmək
də bu prioritetlərə daxildir.
Qeyd edilmişdir ki, ötən 20 ildə
qazanılmış ən mühüm nailiyyətlərdən
biri də Azərbaycanın təbii qaz ölkəsi kimi
dünyanın diqqət mərkəzinə gətirilməsidir. Avropa
İttifaqı ölkələrinin enerji təminatında
“Şahdəniz” layihəsinin ikinci mərhələsi
xüsusi aktuallıq kəsb edir. Dünyanın dəniz
akvatoriyalarında ən iri qaz-kondensat yataqlarından olan
“Şahdəniz” yatağının ehtiyatları 1,2 trilyon
kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmindədir.
İstismarda olan “Şahdəniz-1” mərhələsinin
hasilat gücü ildə 9 milyard kubmetr təbii qaz təşkil
edir. Yatağın işlənilməsinin
ikinci mərhələsi çərçivəsində
hasilatın ildə minimum 16 milyard kubmetrə
çatdırılması nəzərdə tutulmuşdur.
Bildirilmişdir ki, ARDNŞ xarici tərəfdaşları
ilə birlikdə yaxın və orta perspektivdə neft-qaz
hasilatının sabit saxlanılması və
artırılması məqsədilə digər yataq və
sahələrdə də məqsədyönlü işlərini
davam etdirir. Mövcud layihələr üzrə görülən
tədbirlər, eləcə də perspektiv strukturların
potensialı nikbin proqnozlar üçün əsas verir.
2015-ci ildə ölkə üzrə qaz hasilatını
laylara vurulan qaz istisna olunmaqla 20 milyard, 2025-ci ilədək isə
40 milyard kubmetrə çatdırmaq üçün
böyük imkanlar vardır.
Sessiyada
bp şirkətinin Azərbaycan, Gürcüstan və
Türkiyə üzrə regional vitse-prezidenti Pət Drohonun
“Əlamətdar 20 il”, TAP boru kəməri layihəsinin
icraçı direktoru Kjetil Tunglandın “TAP layihəsinin
planlaşdırılmasında realizasiyaya doğru”,
İranın Neft Nazirliyinin Avropa, Amerika və Xəzəryanı
ölkələr üzrə idarəsinin baş direktoru
Hüseyn İsmayili Şahmirzadinin “Enerji sektorunda
İranın əhəmiyyəti”, “Botaş” şirkətinin
baş direktorunun müavini Savaş Yanıkın “Enerji təhlükəsizliyi
və Türkiyənin rolu” mövzularında məruzələri
dinlənilmişdir.
Konfransın
növbəti sessiyaları isə “Xəzər regionundan neft və
qaz nəqlinin şaxələndirilməsi”, həmçinin
“Qazın qiyməti və uzunmüddətli müqavilələr:
mühüm neft-qaz layihələrinin davamlı
inkişafının təmini” mövzularına həsr olunmuşdur.
Sessiyalarda Xəzər qazının Avropa bazarlarına nəqlində Türkiyənin rolundan, boru kəmərləri sistemlərinin kompleks mühafizəsi üçün innovasiya texnologiyalarından, Xəzər regionundakı ehtiyatların nəqlinin şaxələndirilməsində Gürcüstanın rolundan, Azərbaycan qazı üçün bazarlar və onların dəyişməsindən, Trans-Xəzər kəməri ilə əlaqədar hüquqi məsələlərdən və digər mövzulardan danışılmışdır.
Çıxışlarda mühüm neft-qaz layihələrinin fəaliyyət dövrünün idarə olunması diqqətə çatdırılmış, Azərbaycanın reallaşdırdığı layihələrin Avropanın enerji təhlükəsizliyindəki mühüm əhəmiyyətindən bəhs olunmuşdur.
Sessiyalarda maraqlı fikir mübadiləsi aparılmış və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
İyunun 5-də konfrans işini davam etdirəcəkdir.
“Iteca Caspian” şirkəti tərəfindən təşkil olunan, 30-dan çox ölkədən 500-dən artıq nümayəndənin iştirak etdiyi konfransda müxtəlif ölkələri təmsil edən aparıcı neft-qaz mütəxəssisləri ilə təcrübə mübadiləsi və yeni işgüzar əlaqələr qurmaq imkanı yaradılmışdır.
Konfransın baş sponsoru Azərbaycan
Respublikası Dövlət Neft Şirkətidir.
Azərbaycan.-2014.- 5 iyun.- S.6.