Mədəni irsə qayğı tolerantlığın Azərbaycan modelinin tərkib hissəsidir

 

Heydər Əliyev Fondu bu irsin qorunmasına

 ölkəmizdən kənarda da öz töhfələrini verməkdədir

 

Müasir Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevi qəlblərdə yaşadan, xatirəsini əbədiləşdirən, bu böyük insanın adının hər zaman dərin ehtiramla anılmasına səbəb olan amillərdən birionun humanizm prinsiplərinə söykənən nəcib əməlləridir. Siyasi uzaqgörənliyi, müdrikliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi olan Heydər Əliyev öz xeyirxahlığı, sosial ədalət prinsiplərinə sadiqliyi, milli-mənəvi dəyərləri daim uca tutması, cəmiyyətin tərəqqisi naminə göstərdiyi titanik fəaliyyəti ilə yaddaşlarda əbədi iz qoyub.

Ümummilli liderin bu nəcib əməllərini davam etdirən, onun milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılayan, amallarını rəhbər tutaraq fəaliyyət göstərən, ümumbəşəri mədəniyyətə, sülhə öz töhfələrini verən Heydər Əliyev Fondu ölkəmizin dünya miqyasında daha geniş spektrdən tanınmasında, xalqımızın milli dəyərlərinin qorunmasında və təbliğində mühüm rol oynayır. Milli Məclisin deputatı, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi mədəni-ictimai tədbirlər xalqımızın, dövlətimizin inkişafına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına doğru istiqamətlənmişdir.

Heydər Əliyev Fondu ümummilli liderin ideyalarına sadiq qalaraq 10 ildir ki, bu istiqamətdə ardıcıl və məqsədyönlü işlər görür. Zəngin mədəni irsimizin dünyada tanıdılması, təhsil, səhiyyə və mədəniyyət sahəsində əhəmiyyətli layihələri gerçəkləşdirməklə fond qısa müddətdə tək Azərbaycan cəmiyyətinin deyil, dünyanın diqqətini çəkmiş, qarşıya qoyduğu məqsədlərin əhəmiyyətinə, miqyasına və sanbalına görə ölkəmizdə və regionda analoqu olmayan ictimai qurum olduğunu sübut etmişdir. Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli mərasimdə Mehriban Əliyeva deyib: "On il bundan əvvəl - 2004-cü il mayın 10-da Heydər Əliyev Fondu öz fəaliyyətinə başladı. Fond müasir Azərbaycan dövlətçiliyinin əsaslarını qoymuş, müstəqil Azərbaycanın siyasi, iqtisadi və mənəvi dirçəlişini təmin etmiş şəxsin adını daşıyır. Biz fəaliyyətimizin ilk günündən atdığımız addımlarla, gördüyümüz işlərlə bu yüksək ada layiq olmağa çalışmışıq. On il ərzində biz xeyli nailiyyətlər əldə etmişik. Bizim ən böyük nailiyyətimiz və uğurumuz Azərbaycan xalqının inamını və etimadını qazanmağımızdır. Bu, əvəzsiz bir mükafatdır".

Heydər Əliyev Fondunun layihələri çoxşaxəlidir. Fond tərəfindən icra olunan "Yeniləşən Azərbaycana yeni məktəb", "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Təhsilə dəstək", "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", "Xocalıya ədalət", "Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması", "Tolerantlığın ünvanı - Azərbaycan" kimi irimiqyaslı layihələr çərçivəsində görülən işlər və əldə olunan uğurlar Azərbaycanın ümumi inkişaf strategiyasına, sosialhumanitar siyasətə, o cümlədən ölkəmizin təbliğinə layiqli töhfələr verib.

Tolerantlıq məsələləri Heydər Əliyev Fondunun fəaliyyətində başlıca yer tutur. Bu da ondan irəli gəlir ki, ölkəmizdə tarixən formalaşmış tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl ənənəyə çevrilib. Heydər Əliyev Fondu isə fəaliyyəti ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına, ölkəmizdə formalaşmış gözəl ənənəyə töhfələrini verməkdədir. Uğurla həyata keçirilən "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində ölkəmizdəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılır. Bakıda yəhudi uşaqları üçün təhsil kompleksinin istifadəyə verilməsi, Fransa regionlarında kilsələrin, müqəddəs Roma katakombalarının bərpasında iştirakımız, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidənin ucaldılması da məhz ayrı-ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir.

Bu günlərdə İtaliyaya səfər edən Mehriban xanım Əliyevanın keçirdiyi görüşlər göstərdi ki, Heydər Əliyev Fondunun VatikandaRomada həyata keçirdiyi layihələr böyük minnətdarlıq və razılıqla qarşılanır. Xatırladaq ki, Heydər Əliyev Fondu ilə Romada Müqəddəs Taxt-Tac arasında 2012-ci ilin iyun ayında imzalanmış ikitərəfli sazişə əsasən Roma katakombalarının bərpası həyata keçirilir. Qədim xristian abidələri sırasında tarixi və memarlıq baxımından xüsusi yer tutan Müqəddəs MarçellinioPietro katakombaları hələ ki tam tədqiq edilməmişdir. Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakomba arasında məhz bu katakombalar xristian aləmi üçün ən mühüm abidələrdən hesab edilir. Aparılan bərpa işləri Roma bədii irsinin ən gözəl nümunələri olan katakombaların əhəmiyyətini daha da artırır. Bu layihənin icrası xristian aləminin müqəddəs abidələrinə müsəlman dünyasının töhfəsi kimi də qiymətləndirilir. Belə ki, müsəlman ölkəsində fəaliyyət göstərən Heydər Əliyev Fondunun xristian aləminin incəsənəti və mənəvi dəyərlərinə verdiyi bu töhfə Roma tarixində ilk hadisədir və bu da ölkəmizin dinlər və mədəniyyətlər arasında oynadığı tarixi roldan qaynaqlanır. İtaliya ictimaiyyəti tərəfindən fondun bu addımı dinlər və mədəniyyətlərarası dialoqun inkişafına verilən ən önəmli töhfələrdən biri kimi qiymətləndirilir.

Roma Papası Fransisk Heydər Əliyev Fondunun dəstəyi ilə Roma katakombalarının bərpasını yüksək qiymətləndirmişdir. İyunun 2-də Mehriban Əliyeva ilə görüşən Papa Fransisk Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti ilə bağlı məlumatlı olduğunu bildirmişdir. O, fond tərəfindən həyata keçirilən layihələrdə qurumun rəhbəri Mehriban Əliyevanın şəxsi təşəbbüsü və rolunu xüsusi vurğulayaraq bu münasibətlə Azərbaycanın birinci xanımını təbrik etmişdir. Vatikanın Azərbaycan ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirən Roma Papası Fransisk bu istiqamətdə Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi vurğulamışdır.

Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələrdən biriVatikan Apostol Kitabxanasında olan bir çox qədim və tarixi, o cümlədən Azərbaycana və regiona aid müxtəlif əlyazmaların bərpa olunmasıdır. Bu əlyazmalar Azərbaycan tarixinin daha dərindən araşdırılması istiqamətində olduqca nadir maddi sübutlardır. Ümumilikdə Vatikanın Apostol Kitabxanasında Azərbaycana aid 60 qədim əlyazma aşkar olunmuşdur. Bu sənədlər IX əsrdən XVIII əsrədək olan dövrü əhatə edən çox nadir əlyazmalardır. Onların arasında Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin və digər dünya şöhrətli Azərbaycan şair və mütəfəkkirlərinin nadir əlyazmaları, eləcə də indiyədək ölkəmizdə məlum olmayan bir çox orta əsr alimlərinin elmin müxtəlif sahələrinə aid qiymətli əsərləri var.

2014-cü ilin martından kitabxanada olan 3 mindən artıq nüsxənin rəqəmsallaşdırılmasına başlanılmışdır ki, bu prosesdə Heydər Əliyev Fondu da yaxından iştirak edir. Belə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Vatikan Apostol Kitabxanasının direktoru Jan Lui Bruqes iyunun 2-də "2015-2016-cı illərdə yeni əlyazmaların bərpa edilməsi və onların rəqəmsallaşdırılması"na dair yeni müqavilə imzalamışlar. Heydər Əliyev Fondunun qədim əlyazmaların bərpası işinə məmnunluqla dəstək verdiyini qeyd edən Azərbaycanın birinci xanımı qədim əlyazmaların ümumbəşəri dəyərlər olduğunu vurğulamışdır.

Heydər Əliyev Fondu Vatikan Muzeyində Zevsin heykəlinin bərpasına, o cümlədən "Sistina" zalında yenidənqurma işlərinin aparılmasına da dəstək verəcək. Bununla bağlı sazişlər Mehriban Əliyevanın Vatikana səfəri çərçivəsində Piyo-Klementino muzeyi ilə tanışlığı zamanı imzalanmışdır. Piyo-Klementino muzeyində antikintibah dövrünə aid dəyərli heykəltəraşlıq nümunələri qorunur. Belveder sarayında yerləşən bu muzey Vatikan muzeylər kompleksinə daxildir və eksponatlarının sayına, tarixi əhəmiyyətinə görə ümumbəşəri zənginliyi ilə seçilir. Əsas məqsədi qədim yunanRoma incəsənət əsərlərinin qorunması olan muzeyin yaradılmasında Roma papaları XIV Kliment və VI Piya mühüm rol oynamışlar. Muzeydə qorunan sənət əsərlərinin hər birinin ümumbəşəri dəyərə malik olduğunu bildirən Azərbaycanın birinci xanımı demişdir ki, rəhbərlik etdiyi fond Azərbaycanla yanaşı, dünyanın bir çox ölkəsində bəşəri əhəmiyyət daşıyan sənət nümunələrinin qorunmasında yaxından iştirak edir.

Tolerantlığın özünəməxsus modelini yaradan Azərbaycan hər bir yüksək mədəni irsi ümumbəşəri dəyər kimi qəbul edir. Çünki mədəni irsə qayğı tolerantlığın Azərbaycan modelinin tərkib hissəsidir. Vatikanda həyata keçirilən layihələr və bundan sonra görüləcək işlər göstərir ki, Heydər Əliyev Fondu bu irsin qorunmasına Azərbaycandan kənarda da öz töhfələrini verməkdədir.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 5 iyun.- S.7.