«O axşam, deyəsən,
şər qovuşanda...»
Yaşayan əfsanələr
Bu ağac parçası yanmayır özü,
Ancaq od-ocaqsız yandırır bizi.
Onun atəşinə od şan-şan olur,
Bu səsin oduna alışır su da.
Ağac
hər atəşə
alışan olur,
Bəs niyə
alışmır belə
bir oda?
Bəxtiyar Vahabzadə
Damcılı bulağın demədikləri
Onun haqqında danışanda,
nədənsə, bir
də mərhum şairimiz Əli Kərimin bu misraları yada düşür:
O axşam, deyəsən, şər qovuşanda
Damcılı bulaqda Habil çalırdı...
Neçə könüllərin sifarişilə...
Bu böyük sənətkarın
barmaqlarından qopan pıçıltını, nəğməni,
harayı bundan
yaxşı eşitmək
və bundan gözəl mənalandırmaq
mümkünmü? Yandırmaq və
yanan ürəklərə
su çiləmək
- bütün bunlar 87
yaşını qeyd edən Habil Kaman sənətinin möcüzələridir.
Onun ifasında xalq mahnıları, muğamlar, təsniflər
bir başqa rəngə, çalara
sahib olur... Xalq şairi Bəxtiyar Vahabzadə vaxtilə ustadın sənəti haqqında belə deyirdi: "Habil, əslində, xalq musiqi yaradıcılığının
ifaçısıdır. Lakin onun
ifasında "Habil çaları" da var. Bizi valeh edən
də budur. Çünki biz bu çalarları
Habilə qədər
heç bir kaman ifaçısında
görməmişik. O, sadəcə çalmır,
yaradır. Bəziləri kimi yaradıcılıqda
axtarışlarını eninə-uzununa
yox, dərin qatlara tuşlayan Habil düşündüyünə
görə bizi də düşündürməyi
bacarır. Düşündürməyən sənət sənət
deyil. Buna görə də biz Habilə çalğıçı,
yaxud ifaçı deyil, sənətkar deyirik".
Onun haqqında
dövri mətbuatda,
KİV-də gedən
materialları nəzərdən
keçirdikcə, illər
uzunu dəyişməyən
fikir, əqidə, məslək yolunun canlı şahidinə çevrilirsən. Söhbətlərinin
birində böyük
sənətkar kamanın
onun həyatında və taleyindəki rolu barədə özünəməxsus şəkildə
deyib: "...Bizim aramızda gizli, qırılmaz bağ var ki, hələ
onu heç kim görməyib.
Biz onunla bir-birimizi
başa düşür,
qəbul edirik. Onun nə dərdi oldu, mənə danışır, mənim
də nə dərdim oldu, ona deyirəm. Nə sözüm oldu, birinci kamanıma deyirəm, o da mənim sirrimi aləmə yayır".
Bəlkə elə buna görə
musiqiyə, yaradıcılığa
tamamilə başqa bir prizmadan baxır. "Musiqini
bu dünyada öyrənmirlər" deyəndə
onun səmimiliyinə
inanmamaq olmur: "Gərək onu o dünyadan gələrkən
özünlə gətirəsən.
Musiqi o dünyadan gəlmə sənətdir. Bu istedad körpəlikdən
verilən xəzinədir.
İnsan
böyüdükcə, o da
onunla birlikdə inkişaf edir. Əsl musiqi budur".
"...Qocaldıqca uşaqlığıma
qayıdıram"
Onun uşaqlığı
ağır illərə
təsadüf edir. 1927-ci il mayın 28-də Ağdaş rayonunun Üçqovaq kəndində
dünyaya gələndə,
baxmayaraq ki, atası Mustafa kişini, qardaşı Məhəmmədiyyəni
özü ilə aparacaq müharibə ab-havasından əsər-əlamət
yox idi. Ailədə 11 nəfər
- dörd oğlan, beş qız
olublar. "Mənim
sənət aləminə
gəlməyimdə iki
xeyirxahım olub.
Onlardan biri Əhməd Ağdamski, o birisi isə anamdır. Əhməd Ağdamski mənə sənətin nə olduğunu anlatdı, anam isə məndə
sənətə məhəbbət
yaratdı".Tale elə
gətirib ki, həmin illərdə məşhur xanəndə
və musiqi müəllimi Əhməd
Ağdamski Ağdaşa
köçüb və
onların evində kirayədə yaşayıb.
O, həmin illərdə
Ağdaşdakı musiqi
məktəbində müəllim
işləyirdi. İlk milli
operamızda qadın rolunun gözəl ifaçısı olan Əhməd Ağdamski həmçinin milli musiqimizin alovlu təbliğatçısı idi.
Daim onun yanına musiqiçilər toplaşar,
muğamlardan, təsniflərdən,
xalq mahnılarından
danışar, yeri gəldikcə tarda, kamançada müəyyən
hissəni, guşəni
ifa edərdilər.
Bütün bunlar balaca Habili birdəfəlik musiqiyə və gözəgörünməz bir
dünyaya bağladı.
Elə ona görə qardaşının ölüm
xəbəri gələndə
başqaları kimi ağlaya bilmədi. Götürüb kaman çaldı: "Sanki dərdimi
kamana deyirdim. Elə bil bütün anaların, bacıların
dərdi, kədəri
mənim kamançamın
simlərinə hopmuşdu.
Mənə elə gəlir ki, indi də kamanda
o qəmli sədalar,
o fəryadlar qalmaqdadır..."
Özündən kiçik bacı-qardaşları
- Rəxşəndə,
Səriyyə, Qabil, Tahir, Bəsirə çörək istəyirdilər.
Ailənin dolanacağı ondan
asılı idi. Ona görə həm oxuyur, həm də axşamlar N.B.Vəzirov adına
Ağdaş Dövlət
Dram Teatrında işləyir,
orada kamança çalırdı. Bu səbəbdən
bəzən uşaqlığından
danışmaq ona ağır gəlir: "Uşaqlığım elə
vaxta düşüb ki, heç o vaxta qayıtmaq istəmirəm... Uşaqlığım bir şey olmayıb.
Axırım hara qədər
gedəcək, bilmirəm,
amma gedir".
Habil Əliyev adına
uşaq musiqi məktəbi
Hazırda doğulub boya-başa
çatdığı Ağdaş
şəhərində onun adını daşıyan uşaq musiqi məktəbi fəaliyyət göstərir...
1937-ci ildə yaradılan
Ağdaş musiqi məktəbinin əvvəlki
binası müasir tələblərə uyğun
gəlmədiyindən Heydər
Əliyev Fondunun dəstəyi ilə yeni bina tikilərək 2009-cu il iyunun 20-də istifadəyə verilib. Üçmərtəbəli musiqi
məktəbində 40 sinif
otağı, 200 nəfərlik
konsert zalı var. Məktəbdə tar, kamança,
qarmon, piano və klarnet ixtisasları üzrə şöbələr
fəaliyyət göstərir.
Məktəbə Heydər
Əliyev Fondu tərəfindən musiqi alətləri, kitablar, tanınmış bəstəkarların
və musiqiçilərin
mahnıları yazılmış
disklər, onların fotoşəkilləri də
hədiyyə olunub:
"Həmişə, hər
yerdə çalışmışam
ki, məni yalnız adi çalğıçı kimi
dinləməsinlər. Muğamın xarakterinə uyğun hekayətə qulaq assınlar. Onlara elə gəlsin
ki, bu musiqili
ovqatı yaradan öz ürəyinin hekayətini söyləyir.
Bu səbəbdən də
həmişə gözümü
yumub ürəyimlə
tellərin ünsiyyətinə
çalışıram..." Bəlkə,
elə bu səbəbdən Habil Kamanın ifaları Azərbaycan musiqisinə başqa bir səs, səda, yeni bir mərhələ
gətirdi. Onun ifasında "Bayatı-Qacar",
"Bəstənigar", "Bayatı-Şiraz", "Bayatı-Kürd",
"Segah", "Zabul"
muğamları, xalq və bəstəkar mahnıları tamam başqa bir rəng aldı. Sonralar Asəf Zeynallı adına
musiqi məktəbində
oxumaq üçün
Bakıya gələn
Habilin qeyri-adi istedadı bəstəkar Süleyman Ələsgərovun
diqqətini çəkib.
O, burada Qurban Pirimovdan, Xan Şuşinskidən muğamın
sirlərini öyrənib.
O vaxtlar filarmoniyanın
direktoru olan Şəmsi Bədəlbəyli,
bədii rəhbər
Soltan Hacıbəyov,
Niyazi, Səid Rüstəmov onun ifasını dinlədikdən
sonra M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına dəvət
ediblər. Seyid Şuşinski, Həqiqət
Rzayeva, Xan Şuşinski, Zülfi Adıgözəlov, Mütəllim
Mütəllimov, Şövkət
Ələkbərova, Sara Qədimova,
Fatma Mehrəliyeva kimi sənətkarları müşayiət
etdikcə o, bir az da püxtələşdi,
sənəti daha da cilalandı. 1961-ci ildə
televiziyadakı ilk konserti
və orada ifa etdiyi "Segah" isə, sözün həqiqi mənasında, Habil Əliyevi hamıya tanıtdırdı.
Həmişə yaşayan mahnılar - "Layla",
"Vəfa", "İlk
məhəbbət"...
Ötən əsrin 50-ci illərindən
başlayaraq mahir kamança ustası kimi məşhurlaşan Habil Əliyev həm də gözəl bəstələrin
müəllifidir. Onun bəstələdiyi 15-dən çox mahnı indi də dillər
əzbəridir. Sənətsevərlər
arasında "Layla",
"Vəfa", "Şəhla
gözlüm", "İlk məhəbbət", "Ürəkdir
sevən səni",
"Güləsən gərək"
mahnılarını eşitməyən,
bilməyən çətin
tapılar. Hələ
sovet dövründə
dünyanın 30-dan artıq
ölkəsində konsertlər
verən Habil Kamanın sayəsində Azərbaycan muğamlarının
səsi Fransa, Polşa, Misir, Bolqarıstan, Monqolustan, Hindistan, Pakistan, Türkiyə,
İran, İsveç,
Hollandiya, Şotlandiya,
Əlcəzair, Tunis, İngiltərə,
İrlandiya, Yaponiya, Suriya, Mozambik, İtaliya, Almaniya, İsveçrə, Amerika
kimi ölkələrdən
gəlirdi...
Eyni zamanda, ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda onun Azərbaycan muğamlarından
və xalq mahnılarından ibarət
kompakt diskləri də buraxılıb.
Onu tanımayan və sevməyən yoxdur. O, Azərbaycanın Xalq artisti adına, "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb. Haqqında yazılan şeirlər, çəkilən filmlər, yapılan abidələr, büstlər çoxdur. Amma ümummilli liderin onun haqqında dediyi sözlər bu böyük sənətkarın həmişəlik yaddaşında qalacaq: "Bizim xalqımız kamançanı həmişə yüksək qiymətləndiribdir. Ulu babalarımızdan qalan musiqi alətimiz tar və kamançadır. Başqa sənətlərə çox adamlar gedə bilərlər. Hər adam mühəndis də, həkim də, müəllim də, tacir də ola bilər, amma tar, kamança çala bilməz. Hər adam kamança çala bilər, ancaq sənin kimi çala bilməz. Ona görə də sən bu sənəti seçməyinlə fəxr edə bilərsən. Biz də sənin kimi kamança çalan Habillə fəxr edirik".
Yerlə göy arasında
Bu gün dünya şöhrətli bəstəkar Firəngiz Əlizadənin görkəmli sənətkara həsr etdiyi "Habilsayağı" simfonik əsəri artıq dünyanın bir çox ölkəsində tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Sənət meydanına çıxdığı gündən musiqi mədəniyyətimizə sədaqətlə xidmət edən Habil Kaman Azərbaycan ifaçılıq sənətinə "Habil segahı" ilə yanaşı, gözəl övladlar da bəxş edib. Onların hamısı ailə qurub, nəvələri, nəticələri var.
Habil Əliyevin milli musiqi tariximizdə özünəməxsus yeri və yolu var. Bu yeri ona qazandıran heç kimlə müqayisə olunmayan istedadı və heç kimə bənzəməyən taleyidir. Bütün bunları isə yenə onun özündən yaxşı heç kim deyə bilməz: "Hər insanın özünün duyğusu, özünəməxsus dünyagörüşü var. Bəzən sənətdə elə şeylər görürəm ki, onu başqa musiqiçilər görmür. Mən hər şeyin əslini görə bilirəm - həyatın, dünyanın, yerdə baş verən hər şeyin. Hərdən mənə elə gəlir ki, artıq yerlə işim qurtarıb. İndi göydən öyrənmək istəyirəm. Yüksəklərə qalxmaq, orada baş verənləri görmək, öyrənmək istəyirəm. Yeni şeylər görmək istəyirəm".
Bəxtiyar QARACA,
Azərbaycan.-2014.- 5 iyun.- S.11.