Ekologiya sahəsində davamlı inkişaf prinsipləri tətbiq olunur
Bu gün Azərbaycanda
9 milli park,
11 dövlət təbiət
qoruğu, 24 dövlət təbiət
yasaqlığı var
Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi Azərbaycanda aparılan sosial-iqtisadi islahatların tərkib hissələrindən biridir. Müstəqilliyin bərpasından sonrakı illərdə ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranmış, təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində ardıcıl tədbirlər həyata keçirilmişdir.
Hazırda iqtisadi inkişafla bərabər ətraf mühitin sağlamlaşdırılması ümummilli lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Ölkənin sosial-iqtisadi həyatının bütün sahələrinin inkişafı ilə yanaşı, ətraf mühitin sağlamlaşdırılması məsələlərinə də göstərilən gündəlik qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində ölkədə ekoloji durum əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Keçmişdən miras qalmış ekoloji problemlərin aradan qaldırılması və səmərəli idarəetmə sisteminin təşkili də Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artmasına təkan vermişdir. İqtisadiyyatın sürətli inkişafı, o cümlədən milli neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi ekoloji problemlərin həll edilməsi üçün səmərəli imkanlar yaratmışdır.
İnsanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən səmərəli istifadə edilməsi ölkədə aparılan sosial islahatların mühüm tərkib hissələrindən biridir. Ölkə rəhbərliyinin ekologiya ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlaması ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük təkan verir, bu sahədə iri layihələr uğurla həyata keçirilir.
Keçən əsrin 90-cı illərinin ikinci yarısından başlayaraq əldə olunan sosial-iqtisadi inkişaf, dünya iqtisadiyyatına inteqrasiya sahəsində qazanılan nailiyyətlər göz qabağındadır. Müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir modeli yaranmış, makroiqtisadi sabitlik qorunub saxlanılmış və inkişafın dayanıqlığı təmin edilmişdir. Son illər əldə olunmuş nailiyyətlər dövlətin iqtisadi əsaslarını daha da möhkəmləndirərək qeyri-neft sektorunun, infrastruktur sahələrinin, regionların inkişafının sürətləndirilməsi, yoxsulluğun azaldılması, ekoloji təhlükəsizliyin təmin olunması və digər məsələlərin həlli istiqamətində daha təsirli tədbirlərin həyata keçirilməsi üçün imkanları genişləndirmişdir.
Uzun illər ərzində yaranmış ekoloji problemlər təhlil edilərək onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan milli və dövlət proqramları təsdiq olunmuş və onların icrasına başlanmışdır. Ölkədə mövcud olan qoruq və yasaqlıqların əraziləri genişləndirilmiş, milli parklar yaradılmış, ətraf mühitin qorunmasının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Bu proqramların əsas məqsədi ətraf mühitin mühafizəsinə yönəldilmiş dövlət əhəmiyyətli investisiya layihələrinin sistemli və səmərəli şəkildə həyata keçirilməsini təmin etməkdən ibarət olmuşdur. Ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının uğurla reallaşdırılması, mövcud ekoloji problemlərin daha səmərəli həlli məqsədilə müvafiq sərəncamların imzalanması bu sahənin ölkəmizdə prioritet əhəmiyyət kəsb etdiyini təsdiqləyir.
Təbii ehtiyatların istismar intensivliyi, Xəzər hövzəsinin Azərbaycan Respublikası üzrə ekoloji təhlükəsizliyinin təmin edilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi, aparılan işlərin tam ekoloji nəzarətdə saxlanılması, eyni zamanda ekoloji ekspertiza tələblərinin mövcud dünya standartlarına uyğun qurulması problemlərin azalması və bu sahədə əsaslı dönüşün yaranması ilə nəticələnmişdir. Bu baxımdan istehsal intensivliyi ilə müşayiət olunan və formalaşan tullantıların ətraf mühitdən təcrid edilməsi, onların utilizasiyası və idarə olunması xüsusi prinsipiallıq kəsb edir.
Ekoloji hüquq pozuntularına görə məsuliyyətin artırılması ekoloji nəzarət sahəsində iqtisadi tənzimlənmə mexanizminin qurulmasına gətirib çıxarmışdır. Ümumilikdə ekoloji vəziyyət, təbii ehtiyatlar, onların mühafizəsi və bərpası davamlı iqtisadi inkişafın ümumi konsepsiyasının tərkib hissəsinə çevrilmişdir. Xüsusilə qeyd etmək yerinə düşər ki, ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, məsələnin həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi bu gün də Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir.
Ölkənin iqtisadi inkişaf tempinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi çevik idarə edilən ekoloji siyasətin həyata keçirilməsi istiqamətində ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, aztullantılı texnologiyaların tətbiq edilməsi, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi prinsiplərini tətbiq edir. İqtisadiyyatın bütün sahələrinin inkişafı ilə bağlı ölkəmizdə mövcud olan ekoloji problemlərin həll edilməsi məqsədilə təmiz texnologiyaların tətbiqinə böyük üstünlük verilir.
Müasir dövrdə ətraf mühitin çirklənməsi, qlobal iqlim dəyişmələri bəşəriyyəti narahat edən əsas problemlərdəndir. Bunların həlli istiqamətində alimlər və mütəxəssislər müxtəlif fikirlər yürüdürlər ki, bunlardan da ən önəmlisi alternativ və bərpa olunan enerji mənbələrindən istifadədir. Ümumuyyətlə, nazirlik ekoloji problemlərin həllinə yönəlmiş tədbirlərin səmərəliyinin artırılması və operativ həll olunmasını təmin etmək, o cümlədən ətraf mühitin sağlamlaşdırılması məqsədilə ardıcıl işlər həyata keçirir. Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi milli və dövlət proqramlarında ekoloji mühitin sağlamlaşdırılması məqsədilə nəzərdə tutulan hədəflərin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. Buna uyğun olaraq, ətraf mühitin bütün trayektoriyasında, o cümlədən biomüxtəlifliyin mühafizəsi, meşələrin inkişafı, yaşıllıqların artırılması, su ehtiyatlarının davamlı idarə olunması sahəsində nəzərəçarpacaq nailiyyətlər əldə olunur. Ölkə rəhbəri tərəfindən təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı", "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" və digər proqramlarda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi buna əyani misaldır.
Həmin tədbirlər çərçivəsində arid sahələr və aşağı keyfiyyətli torpaqlarla əhatə olunmuş Bakı və Abşeron yarımadasının yaşıllaşdırılması ilə bağlı müasir metodlara əsaslanan irimiqyaslı yaşıllaşdırma layihələri həyata keçirilmiş, 3510 hektar ərazidə 3,6 milyon ağac əkilmiş, 9 min kilometrə yaxın müasir damcılı suvarma sistemi çəkilmişdir. Bunlardan əlavə, müxtəlif bölgələrdə 1750 hektar sahədə 1,1 milyon əsasən xaricdən gətirilmiş daha məhsuldar və davamlı zeytun tingləri əkilmişdir. Yeni salınan zeytun əkinlərinin sahəsi Azərbaycanda tarixən mövcud olmuş zeytun bağları qədərdir. Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üçün isə infrastruktur imkanları gündə 20 min kubmetr olan zavod və müasir tinglikdən ibarət kompleks istifadəyə verilmişdir. Eyni zamanda, əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatını yaxşılaşdırmaq məqsədilə 450 mindən çox əhali modul tipli sutəmizləyici qurğular vasitəsilə keyfiyyətli içməli su ilə təmin olunmuşdur.
Son illər ərzində meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçmiş və ümumi ölkə ərazisinin 11,4 faizindən 11,8 faizədək artmışdır. Bioloji müxtəlifliyin qorunub saxlanılması sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində isə xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildən başlayaraq təxminən 2 dəfə artırılaraq 893 min hektara çatdırılmışdır. Bu da ölkə ərazisinin 10,3 faizini təşkil edir. Hazırda ölkədə 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.
Yer təkinin geoloji öyrənilməsi işlərində də ciddi nəticələr əldə olunmuş, dağ-qazma və buruq-qazma avadanlıqları bazasının yeniləşdirilməsi, yeni texnika və texnologiyaların tətbiqi sayəsində geoloji-kəşfiyyat işlərinin iqtisadi səmərəliyinin artırılmasına nail olunmuşdur. Son 10 ildə 192 yataq və çoxsaylı təzahürlər, o cümlədən 12 filiz (bunlardan 8-i qızıl), 52 qeyri-filiz, 127 inşaat materialları və yeraltı şirin su yatağı kəşf edilərək qeydə alınmışdır. Hazırda yeni kəşf olunmuş yataqlar hesabına inşaat materiallarına və qeyri-filiz xammalına olan tələbat tam ödənilir. Son illər kəşf olunmuş yataqlar hesabına ölkənin qızıl ehtiyatları 2 dəfədən çox artmışdır.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın "Hərəmiz bir ağac əkək" devizi ilə keçirilən aksiyalarda da milyonlarla yeni ağac və kol əkilmişdir. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu istiqamətdə atdığı addımlar davamlıdır. Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşkil etdiyi layihələr ekoloji mühitin qorunmasına xidmət edir. IDEA-nın təşkilatçılığı ilə 2014-cü il martın 18-də I Azərbaycan Ətraf Mühit Forumu yüksək səviyyədə keçirilmişdir. 2014-cü il mayın 7-də IDEA İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə Heydər Əliyev Mərkəzində Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmişdir ki, bu da bəbir və digər pişikkimilərin mühafizəsi istiqamətində bilik və təcrübələrin bölüşdürülməsi, bu sahədə ən qabaqcıl və səmərəli vasitələrin tətbiqinin müzakirəsi məqsədini daşıyırdı.
Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq aləmdə də öz obyektiv qiymətini alır. Belə ki, nüfuzlu tədqiqat mərkəzləri olan ABŞ-ın Yel və Kolumbiya universitetləri tərəfindən 2012-ci ilin yanvar ayında açıqlanmış Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi (Environmental Performance Index) sənədində ətraf mühit sahəsində son 10 ildə baş vermiş müsbət dəyişikliklərin tempinə görə Azərbaycan 132 ölkə arasında 2-ci yeri tutmuşdur.
Hüseyn BAĞIROV,
ekologiya və təbii sərvətlər
naziri
Azərbaycan.-2014.- 5 iyun.- S.9.