Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilmişdir
İyunun
4-də Bakıda Azərbaycan-Rusiya biznes forumu
keçirilmişdir.
AzərTAc
xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi,
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi
Fondunun (AZPROMO) təşkilatçılığı ilə
keçirilən biznes forumda hər iki tərəfdən rəsmi
şəxslərlə yanaşı, qida, sənaye, energetika,
tikinti və digər sahələrdə fəaliyyət
göstərən 70-dən çox iş adamı iştirak
etmişdir.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov tədbir iştirakçılarına Azərbaycan iqtisadiyyatı barədə geniş məlumat vermişdir. Bildirilmişdir ki, uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişaf, makroiqtisadi sabitlik təmin edilmiş, əlverişli biznes və investisiya mühiti yaradılmışdır. Qazanılmış sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapmışdır.
Rüfət Məmmədov rusiyalı iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes mühiti və investisiya imkanlarından yararlanmağa, azərbaycanlı iş adamları ilə fəal əməkdaşlığa dəvət etmişdir.
Udmurtiya Respublikasının İxraca Dəstək
Mərkəzinin rəhbəri Valeriya Antonenko, Kaluqa vilayətinin
İxracyönümlü Kiçik
və Orta Biznes
Subyektlərinə Dəstəyin Koordinasiyası Mərkəzinin
rəhbəri Valentina Maltseva
iki ölkənin iqtisadi
əməkdaşlığının daha
da genişləndirilməsi üçün mövcud
potensialdan səmərəli istifadənin,
iş adamları arasında əlaqələrin
genişləndirilməsinin Azərbaycan-Rusiya iqtisadi-ticarət
əməkdaşlığının inkişafında əhəmiyyətini,
iqtisadi əlaqələrin inkişaf istiqamətlərini diqqətə
çatdırmışlar.
Tədbirdə Udmurtiya və Kaluqanın investisiya imkanlarına dair təqdimatlar dinlənilmişdir.
AZPROMO-nun nümayəndəsi Natiq Mədətov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına dair təqdimatla çıxış etmişdir.
Biznes forum
iş adamları arasında yeni əməkdaşlıq imkanlarının
müzakirə edildiyi ikitərəfli
görüşlərlə başa
çatmışdır.
Azərbaycan.-2014.- 5 iyun.- S.9.